Azərbaycan gömrükçüləri peşə bayramlarını qeyd etmişlər

 

Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) ötən ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilmişdir.

Azərbaycan gömrük xidmətinin keçdiyi şərəfli yoldanbu sahədə əldə olunmuş uğurlardan danışan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev peşə bayramı münasibətilə gömrük işçilərini təbrik etmişdir. Komitə sədri bildirmişdir ki, DGK 1992-ci il yanvarın 30-da yaradılmış və ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli Sərəncamı ilə yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan edilmişdir.

A.Əliyev vurğulamışdır ki, komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. Azərbaycan gömrüyü yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları sayəsində təşəkkül tapmağa başlamışdır. Gömrük xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində fəaliyyətini daha da təkmilləşdirir.

Hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin birinci müavini Səfər Mehdiyev bildirmişdir ki, Dövlət Gömrük Komitəsi 2013-cü ildə 1 milyard 383,2 milyon manat gömrük vergirüsumu toplayaraq illik büdcə proqnozuna 100,2 faiz əməl etmişdir.  Azərbaycan gömrüyü eyni zamanda iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkara çıxarılması və ləğv olunması üçün qətiyyətlə mübarizə aparmışdır. Qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olmuşdur ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar üstünlük təşkil edir. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt aşkar edilmiş, ümumilikdə 135 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunaraq dövriyyədən çıxarılmışdır. Bu faktlar üzrə şübhəli bilinən 152 nəfər barəsində qanuna müvafiq tədbirlər görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması, habelə "bir pəncərə" sisteminin tətbiq edilməsi mal və yüklərin dövriyyəsinin sürətlənməsinə, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına imkan verir. Nəticədə ölkənin sərhəd-buraxılış məntəqələrində həyata keçirilən nəzarət tədbirləri 20 dəqiqə ərzində tamamlanır.

Dövlət Gömrük Komitəsi ötən il beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü aparmışdır.

Daha sonra məruzə ətrafında çıxışlar olmuş, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışılmışdır. Komitənin 2014-cü il üçün planı təsdiq edilmiş, bir qrup gömrük əməkdaşına sertifikatlar, fəxri fərmanlar, xüsusi rütbələr, ordenmedallar verilmişdir.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 31 yanvar.- S.6.