Tarixin metafizikası

 

Azərbaycanda ictimai-siyasi təfəkkürün (və həyatın!) birinci növbədə milli müstəqilliyə (və dövlət müstəqilliyinə) əsaslanan  inkişafı müxtəlif sahələrdə  müasir ideyaların irəli sürülməsi ilə müşayiət olunur ki, bunlardan biri də tarixə indiyə qədər görünməmiş səviyyədə ümumiləşdirici, konseptual (fəlsəfi!) baxış ehtiyacının meydana çıxmasıdır. Akademik Ramiz Mehdiyevin ölkə  mətbuatında geniş  müzakirə olunan məqalələri bir daha göstərdi ki, biz Azərbaycan tarixinin nəinki mürəkkəb, izaha çətin gələn dövrləri, yaxud problemləri, hətta kifayət qədər aydın, haqqında ətraflı məlumatı  olduğumuz məsələləri barədə də mübahisə etməyə meyilliyik.  Hər şeydən əvvəl ona görə ki, tarixi "necə varsa, o cür yazmaq" (Heydər Əliyev) əvəzinə necə istəyiriksə, o cür yazmağa cəhd göstəririk. Akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri Şah İsmayıl Xətainin nümunəsində sübut (və nümayiş!) etdirdi ki, ikinci, üçüncüdördüncü dərəcəli məsələləri qabardıb əsas məsələni (əslində, tarixi hadisənin mahiyyətini) unutmaqla, yaxud ondan (mahiyyətdən) bilərəkdən və ya bilməyərəkdən imtina etməklə tarixdən düzgün nəticələr çıxarmaq mümkün deyil!

Doğrudur, Şah İsmayıl Xətai bir din, inam-etiqad başçısı olmuş, şiəliyi təbliğ edərək bütöv bir siyasi-ideoloji hərəkata çevirmişdir... Şah İsmayıl Xətai hərbçi-sərkərdə olmuş, müstəqil tayfaları xoşya zorla birləşdirmiş, çoxlu ərazilər fəth etmişdir...o da doğrudur ki, dövrün möhtəşəm türk dövləti olan Osmanlı imperiyasına qarşı dayanmış, hətta bu "mübarizə"də yad Qərb dövlətləri ilə sıx diplomatik əlaqələrə girməkdən də çəkinməmişdir...

Bütün bunlar olmuşdur...

Ancaq Azərbaycan tarixində Şah İsmayıl Xətai hadisəsinin (və dövrünün) mahiyyəti (fəlsəfəsi!) bunlardan ibarət deyil. Çünki bunlar, qeyd olunduğu kimi, ikinci, üçüncü, hətta dördüncü dərəcəli məsələlərdir.

Şah İsmayıl Xətainin Azərbaycan tarixində əsas missiyası ondan ibarət idi ki, bu dahi şəxsiyyət ilk dəfə Azərbaycan xalqının etnocoğrafi hüdudlarını müəyyənləşdirməklə onun bütöv, az və ya çox dərəcədə təmərküzləşmiş bir dövlət tərkibində yaşamasının, idarə olunmasının təcrübəsini verdi ki, həmin tarixi təcrübə olmasaydı, sonralar nəinki müstəqil Azərbaycan dövləti, hətta müstəqillik uğrunda milli mübarizə idealları da olmazdı!

Burada söhbət ondan getmir ki, Azərbaycan türklərinin (eləcə də bir sıra qeyri-türk mənşəli etnosların) ilk dəfə vahid bir dövlət tərkibində birləşməsi Allahın Şah İsmayıl Xətaiyə verdiyi xüsusi səlahiyyət idi... Əslində həmin səlahiyyət tarixin təbii gedişiylə Azərbaycan xalqına - Azərbaycan türklərinə verilmişdi, Şah İsmayıl Xətai (ümumən Səfəvilər!) isə bu ümummilli (və cahanşümul!) tarixi prosesin-hərəkatın önündə gedirdi... Odur ki, Şah İsmayıl Xətaini ikinci, üçüncü, dördüncü... dərəcəli "xidmətlər"inə görə qınamaq nəticə etibarilə Azərbaycan tarixinin ən mütərəqqi, proqressiv dövrlərindən (və şəxsiyyətlərindən) birini sadəcə anlamamaq deməkdir...

 

* * *

 

Tarixə fəlsəfi baxışın, yaxud tarixin metafizikasının düzgün anlaşılmasına mane olan əsas metodoloji səhvlər, fikrimizcə, aşağıdakı səbəblərdən irəli gəlir:

 

1) tarix təfəkkürünün məhdudluğu və ya elmi-metodoloji əsaslardan (akademizmdən) məhrumluğu;

 

2) etnik, milliya məhəlli təəssübkeşlik;

 

3) siyasi-ideoloji konyunkturlardan asılılıq.

 

Tarixi təfəkkürün məhdudluğu və ya elmi-metodoloji əsaslardan (akademizmdən) məhrumluğu ona gətirib çıxarır ki, tarixçi təsadüflərlə zərurət, hadisələrlə mahiyyət arasındakı çoxşaxəli münasibətləri düzgün müəyyənləşdirə bilmədiyindən ümumiləşdirmələrində ya səhvə yol verir, ya da heç bir ümumiləşdirmə apara bilmir. Bunun ən tipik nümunəsi kimi Azərbaycan tarixinin, necə deyərlər, monqol-tatar işğalı dövrünə dair araşdırmaları (əslində bu araşdırmaların yaratdığı ümumi təsəvvürü) misal göstərmək olar... Həmin dövrü tədqiq edən mütəxəssislərin çoxu monqol-tatar yürüşlərinin miqyasından, xronologiyasından və statistikasından geniş bəhs etsə də, dövrün tarixi-fəlsəfi məzmununu və ya metafizikasını aydın təsəvvür etməyə imkan verə biləcək aşağıdakı sualları demək olar ki, cavabsız qoymuşlar:

 

a) Monqol-tatarlar etnik mənşə etibarilə kim idilər, tarix səhnəsinə hansı missiya ilə çıxmışdılar və onları Azərbaycana, eləcə də həmhüdud regionlara gətirib çıxaran, qələbələrini təmin edən şərtlər nədən ibarət idi?

 

b) Monqol- tatarların gəlişi ilə Azərbaycan, eləcə də həmhüdud regionlarda iqtisadiyyat, ictimai münasibətlər (ilk növbədə idarəçilik texnologiyaları), sözün geniş mənasında mədəniyyət inkişaf etdi, yoxsa tənəzzülə uğradı?

 

c) Azərbaycan xalqının taleyində, əgər belə demək olarsa, monqol-tatar dövrü, ümumiyyətlə, müsbət, yaxud mənfi rol oynamışdır?

 

Əgər tarixçi məsələnin mahiyyətinə varmadan yalnız "mədəni səviyyəsi işğal etdikləri ölkənin səviyyəsindən aşağı olan monqol-tatarlar hər yeri xarabazara çevirdilər", yaxud "monqol-tatar zülmü xalqın ruhunu sıxırdı" və s. kimi populist ifadələr işlətməklə missiyasını bitmiş sayırsa, bununla kifayətlənmək (razılaşmaq) mümkün deyil. Hər şeydən əvvəl ona görə ki, monqol-tatarların etnik tərkibində türklər (türk mənşəli tayfalar) üstünlük təşkil edirdilər... Və monqol-tatar "işğalları" dövrü Azərbaycanın... türkləşməsinə, anadilli ədəbiyyatın, ümumən mədəniyyətin mövqeyinin güclənməsinə təsir göstərməyə bilməzdi... Dünya tarixində (və tarixşünaslığında) həm sərkərdəlik, həm də dövlət (imperiya) idarəçiliyi məharəti həmişə yüksək qiymətləndirilmiş Çingiz xanın (və onun xələflərinin) rolunu dəyərləndirərkən bizim tarixçilər çox hallarda məhz metodoloji məhdudluğa qapılmışlar. Nəzərə almamışlar ki, Azərbaycan orta əsrlərdə təcrid olunmuş bir məmləkət deyildi, türk dünyasının (və ümumən dünyanın) üzvi tərkib hissəsi idi.

Və nə qədər paradoksal olsa da, maraqlıdır ki, bəzi şovinist İran tarixçiləri Azərbaycan xalqının etnik mənşəyindən bəhs edərkən belə bir antiakademik nəticə çıxarırlar ki, guya Azərbaycanın türkləşməsi məhz monqol- tatar yürüşləri dövründən başlayır, guya Azərbaycan türklüyü "monqol-tatar tör-töküntülərindən" ibarətdir...

Azərbaycanda (və həmhüdud regionlarda) türk etnoslarının məskunlaşmasının, nəticə etibarilə türk mənşəli Azərbaycan xalqının min ildən çox davam edən formalaşma prosesinin dövrlərinin, mərhələlərinin geniş mənzərəsini düzgün təsəvvür etmədən, impulsivya eklektik mülahizələrlə qurulmuş tarix (tarixşünaslıq), əlbəttə, heç bir sağlam tənqidə dözməyəcəkdir. Və əgər tarixçi Azərbaycan xalqının şah əsəri, avtobioqrafiyası olan "Dədə Qorqud" eposunu lazımi səviyyədə Azərbaycan tarixşünaslığına daxil etməkdən şüurlu, yaxud şüursuz imtina edirsə, onda başqa hansı mənbəni daha mötəbər, etibarlı sayacaq?..

"Azərbaycan tarixi" çoxcildliklərini, eləcə də Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş monoqrafiyaları nəzərdən keçirsək görəcəyik ki, kifayət qədər görkəmli müəlliflər əsasən ərəb, fars, erməni, gürcü mənbələrinə istinad edərək Azərbaycan xalqının tarixi barədə elmi təsəvvür yaratmağa çalışdıqlarından ziddiyyətli məlumatlar verməkdən, mübahisələri həll etmək əvəzinə yeni-yeni problemlər yaratmaqdan o yana getməmişlər ki, bunun ən populyar (və populist!) nümunəsi Qafqaz Albaniyası məsələsidir... Əlbəttə, "Alban tarixi" müəllifinin - Movses Kaqankatvatsinin adının Musa Qalakəndli edilməsilə "Qafqaz Albaniyası problemi" həll olunmur. Əksinə, elmi konyunktura çevrilir...

Azya çox dərəcədə istənilən ciddi tarixçi bilir ki, tarixdə "Albaniya dövründən danışmaq qaranlığa daş atmaq kimi bir şeydir" (professor Tofiq Hacıyev). Bu isə o deməkdir ki, tarixi-coğrafi (hətta siyasi) anlayış olmaq etibarilə "Albaniya" barədəki elmi (akademik) təsəvvür aydın olmadığı üçün çoxlu (və mübahisəli!) faktlarla yüklənmiş bir metaforaya (fiksiyaya!) çevrilmişdir ki, onun ən məntiqli interpretasiyası da nəinki Azərbaycan, hətta əsasları elə əvvəldən konyunktur prinsiplərlə qoyulmuş Qafqaz tarixşünaslığına belə elmi heçvermir.

Tarixə (tarixşünaslığa) təsir edən mühüm metodoloji (fəlsəfi!) amillərdən birietnik, milliya məhəlli təəssübkeşlikdir ki, dünyanın ən nüfuzlu obyektiv tarixçiləri də bu "təhlükə"dən sığortalanmamışlar. Təbii ki, rus xalqının tarixini yazan rus tarixçisi mənsub olduğu etnosun müxtəlif dövrlərdəki uğurlarını qabartmağa, uğursuzluqlarının (qüsurlarının) üstundən adlamağa çalışacaqdır, yaxud qələbələrə etnosun iradəsi, ümummilli enerjinin, ruhun ifadəsi, məğlubiyyətlərə isə təsadüf və ya düşmənin aqressivliyi, qəfil hücumu, təpədən-dırnağa qədər silahlanması, daxildəki hakimiyyət çəkişmələri və s. ilə haqq qazandıracaqdır. Və heç kim şübhə etmir ki, XVII- XVIII və XIX əsrlər rusların qələbə, müxtəlif türkya Qafqaz xalqlarının məğlubiyyət tarixidir... Bu tarixi yazmaq bir rus tarixçisi üçün nə qədər asan, qürurvericidirsə, bir türk, yaxud Qafqaz tarixçisi üçün o qədər çətindir. Ən çətini isə odur ki, mövcud siyasi-ideoloji konyunkturun (tarixin metafizikasına təsir edən başqa bir mühüm amilin) təzyiqi ilə, məsələn, bir tatar, özbək və ya Azərbaycan tarixçisi sübut etməyə məcbur olacaq ki, əgər Rusiya imperiyası Mərkəzi Asiyanı, Qafqazı, yaxud Cənubi Qafqazı işğal (və ya ilhaq) etməsəydi, həmin regionların xalqları feodal-patriarxal həyatın əsirliyində əzilib məhv olacaqdılar.

beləliklə, başqa bir paradoks ortaya çıxır... Bir tərəfdən etnik, milli ya məhəlli təəssübkeşlik, digər tərəfdən isə siyasi-ideoloji konyunktur obyektiv görünmək üçün metodoloji (akademik) model-texnologiya axtarır... Arxiv sənədləri məhz bu tələblərlə seçilir. O mənbə ya sənəd tarixçinin işinə yaramırsa, ondan heç bir məsuliyyət hiss etmədən qeydsiz-şərtsiz imtina olunur.

vəziyyət o həddə çatır ki, tarixi mənbələrin, hadisələrin gözgörəsi "seleksiya"sı əsasında təsəvvürlərdə yaranmış kanonları sonralar - demokratik (az- çox obyektiv) interpretasiyalar dövründə dərhal aradan qaldırmaq çətin olur. Məsələn, bu günlərdə Azərbaycan mətbuatında xalq yazıçısı, professor Elçinin "Aqoniya, yoxsa təkamül?.." başlıqlı silsilə məqalələri, fikrimizcə, birinci növbədə tarixə "gecikmiş" milli elmi (fəlsəfi) baxışın paradokslarını əks etdirdi. Azərbaycan ədəbiyyatının, bütövlükdə mədəni-ictimai təfəkkürünün tarixi hərəkatı baxımından "yolunu azmış" XIX əsri modernist bir emosionallıqla "mənasız" dövr adlandıran gənc həmkarı Rüstəm Kamalı tənqid edən Elçinə geniş erudisiyası, tarixə münasibətdəki mükəmməl fəlsəfi təfəkkürü imkan vermədi ki, həmin tənqidi təkzib səviyyəsinə qaldırsın (yaxud endirsin)... Çünki böyük yazıçı ( mütəfəkkir) Elçin bilirdi ki, Rüstəm Kamal haradasa haqlıdır, lakin fikrini düzgün ifadə etməmiş ya ifrata varmışdır.

"Aqoniya, yoxsa təkamül?.."ünsə böyük əhəmiyyəti onda oldu ki, XIX əsri daha dərindən dərk etmək üçün geniş elmi-metodoloji (fəlsəfi!) meydan açdı...

Kiçik xalqların, yaxud dövlətlərin böyük xalqlar ya dövlətlər qarşısında öz tarixini daha da kiçiltməyə məcbur olması tarixşünaslığın orta əsrlərdən, hətta qədim dövrlərdən gələn ən böyük problemlərindən biridir.

Siyasi-ideoloji konyunktur tarixşünaslıqda bəzən komik bir həddə çatır. Məsələn, Cənubi Qafqazda kommunist- bolşevik hərəkatının tarixi barədə erməni, gürcü və azərbaycanlı müəlliflərin keçən əsrin 30-cu illərində nəşr olunmuş kitablarını, məqalələrini nəzərdən keçirsək, qəribə (gülünc!) bir vəziyyətlə qarşılaşarıq: erməni tarixçisi üçün Cənubi Qafqazda kommunist-bolşevik hərəkatının əsas lideri S.Şaumyan, gürcü tarixçisi üçün İ.Stalin, Azərbaycan tarixçisi üçünsə, müəyyən çəkingənliklə, M.Əzizbəyovdur... Əsas hadisələrsə Bakıda cərəyan edir...

Siyasi iradə tarixi özündən başlamaqda, "tarixəqədərki" sələfləri istədiyi kimi seçib "müəyyənləşdirməkdə" israrlıdır. Məsələn, qədim türk yazılarında hökmdar Bilgə xaqan deyir: "Yuxarıda mavi göy, aşağıda qonur Yer yarandıqda ikisinin arasında insan övladı yaranmışdı. İnsan övladının üzərində babalarım Bumın xaqan, İstemi xaqan hakim olmuşlar. Türk xalqını, dövlətini yaratmış, inkişaf etdirmişlər".

Demək olar ki, bütün mədəni, yaxud özünü dərk etməyə, tarixini yazmağa çalışan xalqlar üçün səciyyəvi olan bu fakt-misalı özümüzdən, daha doğrusu, babalarımızdan gətirdim ki, kimsə məni milli məhdudluqda ittiham etməsin... Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Türk hökmdarı dünyanın tarixini, fərqinə belə varmadan, I minilliyin ortalarından - dədə-babalarının hakimiyyətə gəldiyi dövrdən başlayır.

burada, təbii ki, siyasi iradənin diktə etdiyi güclü (və antitarixi!) bir konyunktur vardır. Lakin bu konyunktur sadəlövhlüyünə (!), xalqı əsarətdən xilas edib öz dövlətini qurmağa ruhlandırdığına görə tamamilə qəbulediləndir.

Elə xalqlar da vardır ki, tarixi təfəkkür (yaddaş!) konyunkturlarını mifoloji sadəlövhlükdən çıxarıb elə bir məkrli məzmun-mündərəcədə təqdim edirlər ki, milli mənəvi xəstəlik səviyyəsinə düşür; bunun ən "parlaq" təzahürü erməni tarixşünaslığıdır ki, elmi (akademik) tarixşünaslıq uzun illərdir həmin təzahürlə mübarizə aparır.

 

* * *

 

Tarixin fəlsəfəsi, yaxud metafizikası, göründüyü kimi, əslində çox mürəkkəb elmi, siyasi-ideoloji və mənəvi münasibətləri ehtiva edir. Mahiyyət isə mümkün qədər həqiqəti ortaya çıxarmaqdan ibarətdir. O həqiqəti ki, bütün hallarda proqressə, dünyanın bütövlüyünə və humanizmə xidmət edir.

 

 

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 31 yanvar.- S.6.