Leonid Slutski: Fəxr edirəm ki, Azərbaycan xalqının sadiq dostu

 olmuşam, indi də dostuyam və dostu olaraq qalacağam

 

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Moskvadakı səfirliyində mətbuat konfransı olub. Rusiyalı deputat mətbuat konfransında Ermənistan KİV-nin ona istinadən yaydıqları, guya bu yaxınlarda Yerevana səfəri zamanı çıxışında Azərbaycan haqqında dediyi sözləri uydurma adlandırıb.

L.Slutski deyib: “Mən Azərbaycan xalqının dostu olmuşam, indidostuyamdostu olaraq qalacağam. Məni Azərbaycan siyasətçilərinin və mədəniyyət xadimlərinin çoxu ilə neçə on ildir ki, sıx münasibətlər bağlayır”.

Deputat qeyd edib ki, Dövlət Dumasının  MDB işləri, Avrasiya inteqrasiyası və  soydaşlarla əlaqələr üzrə komitəsi Ermənistan parlamentinin  xarici əlaqələr daimi komissiyası ilə birgə iclas keçirmək üçün martın  28-29-da  tam tərkibdə Ermənistana səfər edib. Onun sözlərinə görə, gündəlikdə  üç sessiya nəzərdə tutulmuşdu: Avrasiya  iqtisadi inteqrasiyası və Ermənistanın Avrasiya İqtisadi İttifaqının işinə tam şəkildə qoşulması, miqrasiya siyasəti və “ermənilərin soyqırımı”nın 100 illiyi ilə bağlı problem. L.Slutski deyib: “Birgə iclasımızdan sonra mənə məlum oldu ki, Ermənistan mətbuatında bəzi məlumatlar gedib. Həmin məlumatlarda, yumşaq desək, mənə antiazərbaycan əhval-ruhiyyəli bir sıra tezislər şamil olunub. Məsələn, Ermənistanı təhrik etmək üçün Azərbaycanın sürətlə silahlanması haqqında sözlər mənə aid edilib. Ramil Səfərov ilə bağlı məlum vəziyyət ilə əlaqədar sözlər, özü də Ermənistanda işlədilən traktovkasında mənə şamil edilib.  Həmçinin guya Leonid Slutski Bakının, hətta Ankaranın Ermənistana münasibətdə azğın siyasəti, yaxud buna bənzər nəsə bəyan edib”.

Rusiyalı deputat bütün bunları onun Azərbaycandakı imicinə zərbə vuran “faktların çək-çevir edilməsi və açıq fantaziyalar” adlandırıb. O vurğulayıb ki, Azərbaycan XİN-in bu məsələ ilə bağlı sərt reaksiyanın səsləndiyi bəyanatını başa düşür.

L.Slutski bildirib ki, bununla belə, Rusiyadaçox çətin vəziyyətlərdə Azərbaycanın gerçək dostları olduqlarını sübuta yetirmiş” siyasətçilər var. O deyib: “Zənnimcə, yaxın vaxtlarda onların sayı artacaq. Ölkələrimizi çox sıx münasibətlər bağlayır və bu münasibətlər getdikcə daha da sıxlaşır. Mənə belə gəlir ki, Azərbaycanın dostları olduqlarını sübuta yetirmiş insanlara qiymət verərkən, onların bilavasitə öz nitqindən istifadə etmək lazımdır”.

L.Slutski xüsusi vurğulayıb ki, Yerevanda keçirilən mətbuat konfransında Ermənistan KİV-nin ona istinadən yaydıqları sözləri söyləməyib. O deyib: “Mən buna bənzər heç nə deməmişəm, Yerevandakı gündəliyimiz dəqiq idi. Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazda hər hansı münaqişə ilə bağlı incə mətləblərə gəldikdə isə aramızda məxfi surətdə müzakirə etdiyimiz hər hansı mövzu mətbuat konfransı üçün material deyil. Əgər bu, açıq məkana çıxırsa, deməli, burada müəyyən uydurmalar var”.

Dövlət Dumasının deputatı vurğulayıb: “Fəxr edirəm ki, Azərbaycan xalqının, onun postsovet məkanının ən istedadlı rəhbərlərindən biri olan Prezidentinin sadiq dostu olmuşam, indidostuyam və həmişə dostu olaraq qalacağam. Məhz İlham Heydər oğlu öz böyük atasının işini davam etdirərək, Azərbaycan iqtisadiyyatını enerji baxımından müstəqilləşdirib, Azərbaycanı inamla çiçəklənmə yolu ilə aparır”.

 

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2015.- 2 aprel.- S.2.