Ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı

 törətdikləri soyqırımı aktları ətraflı araşdırılır

 

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bu mənada AMEA-nın Şərqşünaslıq İnstitutunda görkəmli İran tarixçiləri Səməd Sərdariniya və Tohid Məlikzadə Dilməqaninin əsərlərinin fars dilindən tərcümə edilərək nəşr edilməsi təqdirəlayiqdir.

Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rusingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və Azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir. Həmin müəllifin digər “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin “siyasətçilərinin”, “tarixçi alimlərinin” yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınmışdır. Kitab institut tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran - Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və “məşəqqətlər görmüş millətə” hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməmişlər. Yeri gəlmişkən, görkəmli alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad etmişdir.

“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübuta yetirmişdir.

S.Sərdariniya kitabın “İrəvan Türkmənçay müqaviləsindən sonra” adlı bölməsində İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırmışdır. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş “Ermənistan tarixi” adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikasını təqdim etmişdir: “...bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olmuşdur”.

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim etmişdir:Kameralnoe opisanieadlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfərə qədər azaldı. Dörd il sonra, yəni, 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərə qədər azaldı. Lakin həmin 4 il müddətində, yəni, 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 25.151 nəfərdən 82.377 nəfərə qədər qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı”.

Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir. Kitab tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, “böyük Ermənistan” xülyası ilə yaşayanlarabu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmağa çalışanlara tutarlı cavabdır.

Digər İran müəllifi Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” adlı əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən istifadə etmişdir. Bundan başqa, xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid olan qəzet materiallarından da istifadə olunmuşdur. Kitab institut əməkdaşları tərəfindən farscadan tərcümə edilərək çap olunmuşdur.

İnstitutda icra olunan elmi-tədqiqat işlərindən “Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917-1919-cu illər)” adlı dissertasiya işini xüsusi qeyd etmək lazımdır. Əsərdə 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırımı aktları müfəssəl araşdırılır. Soyqırımının törədilməsində məqsəd isə aborigen əhalini məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə “böyük Ermənistan” üçün real şərait yaratmaq idi. Farsdilli mənbə və qaynaqlar əsasında hazırlanan tədqiqat işinin əsas hissəsini Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törətməsinin araşdırılıb təhlil olunması təşkil edir. 1918-ci ilin əvvəllərində başlanan və 6 ay davam edən soyqırımında Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinə qədər geniş bir ərazidə yerləşən UrmiyaSalmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırımına məruz qaldılar.

Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən soyqırımında insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımından sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında öz əksini tapıb. Həmin hesabata əsasən “I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur” (Rəhmətulla xan Mötəmidəlvüzəra. Urmiye dər moharebe-ye aləmsuz. Bekuşeş-e Kave Bəyat. Nəşr-e “Pəjuh-e Şiraze”, Tehran, 1379 (2000), s. 230, 585 s.).

İnstituta Cənubi Azərbaycanın tarixi, etnoqrafiyasi, mədəniyyəti, demoqrafiyası və s. ilə bağlı 79 adda son dərəcə əhəmiyyətli ədəbiyyat və xəritə daxil olmuşdur. Bu ədəbiyyatın ətraflı tədqiqi xalqımızın çoxəsrlik tarixi və mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Vüqar MƏMMƏDOV,

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı,

 filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 4 aprel.- S.6.