Bölgələrdən paytaxta layihəsi bu dəfə Qubaya həsr olundu

 

Mədəniyyət və Turizm Nazirliyinin Bölgələrdən paytaxta adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

 

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Quba rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.

 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından söz açıb. Bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Quba hər zaman milli mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irisin təbliğinə xüsusi önəm verib.

 

Nazir deyib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.

 

Nazir vurğulayıb ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının Bölgələrdən paytaxta adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və artıq onun icrasına start verilib. Layihə çərçivəsində Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək.

 

Bildirilib ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq.

 

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov son illər rayonda reallaşan layihələrdən, həyata keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açıb.

 

Natiq ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib. Bölgələrdən paytaxta adlı yeni layihə respublikamızın hər bir guşəsində olduğu kimi, Qubada da böyük ruh yüksəkliyi ilə qarşılanıb.

 

Sonra rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən rolik nümayiş olunub.

 

Gecədə rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.

 

Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.

 

Azərbaycan.-2015.- 7 aprel.- S.8.