Turizmin inkişaf etdirilməsinin aktuallığı daha da artıb

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında neftin qiymətinin aşağı düşməsi ilə bağlı bütün dünyada, o cümlədən ölkəmizdə müəyyən çətinliklərin yaranacağını və buna hazır olmağın vacibliyini xüsusi vurğulamışdır: İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Məhz bu rakursdan baxanda iqtisadiyyatın neft gəlirlərini əvəz edə bilən digər sahələrin perspektivlərini nəzərdən keçirmək aktuallaşır.

Meqoiqtisadiyyatda turizm biznesi yalnız sahibkarlara yox, dövlətin özünə də böyük gəlirlər qazanmağa imkan verir. Təsadüfi deyil ki, hazırda bir sıra ölkələrin ümumi daxili məhsulunun 50 faizindən çoxunu turizm xidmətlərindən gələn gəlirlər təşkil edir. Məsələn, bu rəqəm Makao kimi ada dövlətində 89,5, AntiquaBarbudada 75,8, Maldivdə 61,3, Baham adalarında 53,6 faizə bərabərdir. Dünyanın ümumi iqtisadiyyatında isə turizm sektorunun payı təxminən 35 faizdir.

Bu gün dünya bazarında turizmdən gələn gəlirlər təxminən neft gəlirlərinə bərabər tutulur. Belə çıxır ki, neft hasil edən ölkələrdə neft gəlirləri azaldıqca turizmin inkişafına daha çox diqqət yetiriləcək. Faktiki rəqəmlər də belə bir tendensiyanın güclənəcəyini istisna etmir. İndinin özündə dünya kapitalının 7 faizi turizmə sərf olunur. Bütünlükdə turizm sektorunda təxminən 140 milyon insan çalışır.

Turizmdən ən çox qazanan ölkə ABŞ-dır. Bu ölkə hər il turizmdən 110 milyard dollar qazanır. İldə 35 milyon turist Taym skveri, 31 milyon turist Las Veqası, 24 milyon turist isə Corc Vaşinqtonun abidəsini görməyə gəlir. İspaniya 61 milyard dollar illik qazancla ikinci yerdədir. 61 milyard İspaniyanın ümumi daxili məhsulunun 12 faizinə bərabərdir ümumiyyətlə, turizm ispan iqtisadiyyatının ən gəlirli sahəsidir. 56 milyard illik gəlirlə Fransa üçüncü yerdədir. 46 milyard dollarlıq gəlirlə İtaliya dördüncü yerdədir. Beşinci yerdə isə 41 milyard dollarla Çindir. Maraqlısı odur ki, hazırda hər il 50 milyon qonağı qarşılayan bu ölkəni 30 il əvvəl cəmi 250 min turist ziyarət edirdi.

Prezident İlham Əliyev qeyd etdiyimiz konfransdakı çıxışında turizmin ölkəmizdəki perspektivləri haqqında mövqeyini belə açıqlamışdır: Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli istirahət zonaları açılır. Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl hotel fəaliyyət göstərir. Mən üçünün açılışında olmuşam. Yeni hotellər tikilir gözəl bir turizm mərkəzidir. Qalaaltı müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki, bu il açılacaqdır. Qusar rayonunda yerləşən Şahdağ xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir. Digər bölgələrdə, cənub qərb bölgələrində turizm imkanları genişlənir.

Bütün bunlar təbii ki, hökumətin ölkəyə gələn neft gəlirlərini iqtisadiyyatın müxtəlif sahələrinə yönəldərkən turizmi diqqətdən kənarda qoymamasının nəticəsidir. Turizmlə bağlı reallaşdırılan layihələr ölkəmizin simasını büsbütün dəyişmiş Azərbaycan artıq dünyada yüz minlərlə insanın ziyarət etdiyi ölkəyə çevrilmişdir. Vaxtında infrastruktura, real sektora, o cümlədən turizmə qoyulan vəsaitlər öz bəhərini verməyə başlamışdır.

Turizm məqsədilə inşa edilən çoxsaylı istirahət mərkəzlərindən, mehmanxanalardan başqa, tarixi abidələr, müxtəlif iqlim qurşaqları, təbii sərvətlərimiz turistləri cəlb edir. Azərbaycan ərazisində Qurani-Kərimdə İncildə adları çəkilən müqəddəs yerlər var. Onlardan yalnız birini - Naxçıvan Muxtar Respublikasının ərazisindəki Gəmiqayanı xatırlayaq. Belə deyirlər, bura dünyanı su basarkən Nuh peyğəmbərin gəmisinin yan aldığı yerdir. İndi bu ərazidəki bütün adlar, qəbirlər bizim sirli keçmişimizə işıq salır. Gəmiqaya ziyarətgah kimi həmişə müsəlmanları xristianları özünə cəlb edib. Hələ çar Rusiyası dövründə buranı dünyanın hər yerindən ziyarət etməyə insanlar gələrdilər.

Bu gün provaslavlar ziyarətgah kimi İsraildə İsa Məsihlə bağlı olan yerləri - Tanrının Tabutu Məbədini, Yerusəlimin müqəddəs yerlərini, Qolqof dağını, katoliklər Vatikanı seçirlər. Müsəlmanlar Məkkəni, bütpərəstlər isə Şimali Hindistanın ərazisindəki qədim məbədləri ziyarət etməyə üstünlük verirlər. Bu baxımdan Azərbaycan ərazilərində Alban kilsələri, atəşpərəstliyə, bütpərəstliyə aid ziyarətgahlar da var.

Turizm xidmətinin keyfiyyətinin yeni səviyyəyə qaldırılması üçün Mədəniyyət Turizm Nazirliyi tərəfindən ciddi işlər görülür. Bu məqsədlə Bakıda regionlarda fəaliyyət göstərən turizm xidməti obyektlərində çalışanlar üçün mütəmadi olaraq Türkiyədən dəvət edilən mütəxəssislər servis, mehmanxana idarəçiliyi s. mövzularda tədris kursları təşkil edirlər. İxtisaslı kadrların hazırlanması, yeni turist marşrutlarının yaradılması istiqamətində addımlar atılır. Məsələn, XIX əsrin əvvəllərində Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında məskən salmış Azərbaycanın tarixində, mədəniyyətində dərin iz qoymuş almanların yaşadığı ərazilərə mədəni turizm marşrutunun açılması, onlara aid abidələrin bərpa olunması turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycanda alman yaşayış məskənləri adlı layihə həyata keçirilir. Gəmiqaya mədəni-turizm, Avropa Şurasının Kiyev Təşəbbüsü çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Aleksandr Düma Qafqazda Şərab Yolları adlı marşrutların layihəsi artıq hazırdır. Bunlardan əlavə, 2002-ci ildən rus ingilis dillərində Azerbaijan Review jurnalı nəşr edilir. Elə həmin ildən hər il Bakıda AİTF Beynəlxalq turizm sərgisi keçirilir.

İndi Bakının qonağı olanlar bir daha böyük məmnuniyyətlə Azərbaycana gələcəklərini deyirlər. Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə məsləhətçisi Bladimir Tolstoy, Moskvada 20-dən artıq qəzeti özündə birləşdirən holdinqin rəhbəri Yura Sarokin də belələrindəndir. Bakı Humanitar Forumunun iştirakçısı, İzvestiya qəzetinin keçmiş baş redaktoru Vitali Abramov da həyat yoldaşının ad gününü keçirmək üçün Azərbaycanı seçmişdi. Sən demə, ötən il Venetsiyadakı ad günləri maraqsız olubmuş. Şəhərdə daşqın olduğundan hər yeri su basmış və cütlüyün bayıra çıxmaq imkanları məhdudlaşıbmış.

Tələbəlik dostum Vitali də Azərbaycana aludə olan insanlardandır: Sizin ölkənin uğurları heyrətamizdir. Ən başlıcası neft səltənəti olmağınız görünür. Hər dəfə Bakıya gələndə ağlasığmaz yeniliklərin şahidi oluram. Başqa ölkədən gələn istənilən adam başa düşür ki, neft sərvətlərindən paytaxtınızın simasının dəyişilməsinə ciddi xərclər ayrılır. Dünyanın onlarca ölkəsində olmuşam. Neft səltənətlərini gəzmişəm. Lakin heç də hamısında qazanılan sərvətlərin insanların rifahı naminə bu dərəcədə səxavətlə xərcləndiyini görməmişəm. Sonra o, həyat yoldaşı Lida ilə Tbilisiyə yola düşdü. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasından yola saldıq. Gördükləri onları heyrətə gətirdi. Dedilər ki, Bakı aeroportu memar təxəyyülünün məhsulundan çox əfsanəvi nağılı xatırladır. Hava limanında xatirə şəkilləri də çəkdirdilər. Hər ikisi kövrəlmişdi, Bakıdan ayrıla bilmirdilər. Şəhərin gözəlliyinə, insanların qonaqpərvərliyinə və mehribanlığına aludə olmuşdular. Onları yola salandan sonra Tbilisiyə məktub yazıb iki Qafqaz paytaxtı haqqında rəylərini soruşduq. Dostum yazırdı: Bu iki şəhər tamamilə fərqlidir, onları müqayisə etmək çətindir. Lakin hər iki paytaxtın özünəməxsus siması, gözəllikləri mövcuddur. Biz hər iki şəhəri məmnuniyyətlə yenidən görmək istərdik.

Belələrinin sayı yüzlərlə, minlərlədir. Elə ölkəmizə gələn turistlərin sayının ilbəil artması da bunun nəticəsidir. Bəli, artıq Azərbaycan turizm məkanı kimi dünya üçün maraq kəsb edir. Ölkəmizə gəlmək istəyənlərin, Bakı bulvarında, Qəbələdə, Qusarda dincəlmək istəyənlərin sayı artır. Yayda Bakıda keçiriləcək ilk Avropa Oyunları da minlərlə turisti Bakı ilə, Azərbaycanla tanış edəcək, ölkəmizə heyran olanların sayını dəfələrlə artıracaq.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 7 aprel.- S.8.