İnsanların sağlamlığı hər şeydən qiymətlidir

 

7 aprel Ümumdünya Sağlamlıq Günüdür

 

1948-ci ilin məhz bu günündə - aprelin 7-də Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyinin - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılması dünya üzrə qlobal səhiyyə məsələlərinin müzakirəsi, tənzimlənməsi və həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Odur ki, Ümumdünya Səhiyyə Assambleyasının təşəbbüsü ilə 1950-ci ildən bütün dünyada hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.

İnsan dünyaya gələndən onun sağlamlıq qayğıları ön plana keçir. Sağlam bədən, sağlam düşüncə, sağlam ruh, sağlam həyat, sağlam cəmiyyət formalaşdırır. Elm, mədəniyyət, incəsənət, tarix, iqtisadiyyat və digər amillər məhz sağlam təfəkkürdən qaynaqlanaraq inkişaf edir. 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasında məqsəd beynəlxalq aləmdə bu amala, bu amilə xidmət etmək gündəmə gətirilib. Bu tarixi gündə Ümumdünya Səhiyyə Təşkilatında həlli vacib problemlər geniş müzakirəyə çıxarılmaqla, səhiyyə sahəsində beynəlxalq ictimaiyyəti narahat edən məsələlər diqqətə çatdırılır, onların həlli yolları üçün fikir mübadiləsi aparılır.

XXI əsrdə diqqət çəkən ən böyük sosial dəyişikliklərdən biri əhalinin yaşlanmasıdır. 2050-ci ilədək 80 və daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacaq. ÜST-nin Avropa üzrə Regional Ofisinin direktoru bildirib ki, Avropada ömrün artması böyük nailiyyətdir və biz uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olmalıyıq. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilmiş bu missiya hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son on ildə ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına və sağlamlığına xidmət edən onlarca yerliregional diaqnostika mərkəzləri, dünya standartlarına cavab verən xəstəxanalar, poliklinikalar, diaqnostika-sağlamlıq mərkəzləri, idman kompleksləri, istirahət-sağlamlıq yerləri və s. yaradılıb. Azərbaycanın iqtisadi qüdrəti artdıqca respublikada vətəndaşların sağlamlığının qorunub saxlanılması, həyat şəraitinin yaxşılaşdırılması üçün səhiyyəyə dövlət qayğısı da artır. Məsələn, ötən il ölkənin səhiyyəyə büdcə vəsaiti 725,6 milyon olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8 faizdən çoxdur. Son 10 il ərzində ümumilikdə 500-dən çox səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Bu da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrini yerinə yetirməkdə, respublikamızda yeni texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb mərkəzlərinin yaradılmasına imkan vermiş, habelə Azərbaycan səhiyyəsinin müasir standartlara uyğun inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə inteqrasiyasına zəmin yaratmışdır.

ÜST-nin qarşıya qoyduğu insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatlar Azərbaycanda uğurla reallaşmaqdadır. İnsan sağlamlığının qorunması, kütləvi qırğın törədən epidemiyaların qarşısının alınması, genofondun saflaşması üçün dünyanın bütün sivil dövlətlərində olduğu kimi, bizim ölkədə də ardıcıl olaraq mühüm tədbirlər keçirilmişdir. UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilən 18-ci sessiyasında ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində UNESCO bəyannamələrinin icrası kimi məsələlər müzakirə edilmiş, tibbin müasir vəziyyətinə, orqanların transplantasiyasına, plastik cərrahiyyənin perspektivlərinə, zərərli cəhətlərinə, onkoloji xəstəliklərin, QİÇS-in qlobal problemlərinə ətraflı yer verilmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırda tibbbiologiya sahələrində əsaslı keyfiyyət dəyişiklikləri baş verir, səhiyyədə etik normalara riayət edilməsi mühüm amilə çevrilir.

Ötən ilin sentyabr ayında bölgələrə səfəri zamanı Prezident İlham Əliyev İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edərkən demişdir: “İnsanların həyatı, onların sağlamlığı hər şeydən qiymətlidir, əzizdir”. Bəli, insanların sağlamlığına, sosial şəraitinin yaxşılaşmasına verilən dəyər ildən-ilə öz bəhrəsini verir. Ardıcıl və sistemli olaraq həyata keçirilən islahatlar nəticəsində ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş yer ayrılmışdır. Dövlət proqramı əsasında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmiş - yeni xəstəxanalar, poliklinikalar inşa edilmiş, əksər səhiyyə müəssisələri müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı öz əksini tapmışdır.

Əldə edilmiş uğurlu nəticələrdən biridemoqrafiktibbi statistik göstəricilərin yaxşılaşmasıdır. Son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalmış, təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə, Azərbaycan Avropa ölkələri sırasında irəliləmişdir: orta ömür 72,3 yaşdan 73,8 yaşadək yüksəlmişdir. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmış, ambulator-poliklinika müəssisələrinə müraciətlər 65 faiz çoxalmışdır. Azərbaycan dövləti vətəndaşların sağlamlığını, sosial rifahını nəzərə alaraq böyük maliyyə vəsaiti tələb edən layihələrin həyata keçirilməsinə də xüsusi önəm verir. Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdir: “Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır... Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir”.

Ölkə vətəndaşlarının sağlamlığına qayğı və diqqət baxımından Prezident İlham Əliyevin tapşırığına əsasən hər il fevral ayında ölkəmizin şəhər və rayonlarında bütün əhali (bir ay ərzində) dövlət hesabına müayinədən keçirilir. Hətta ixtisaslaşdırılmış səyyar həkim briqadaları təşkil olunur, səhiyyə ocaqlarına gələ bilmək imkanı olmayan müəyyən kateqoriyalı xəstələrin, əlillərin evlərinə getməklə müayinəsi təşkil edilir. Nəticədə xəstəliyindən xəbərsiz olan yüzlərlə insan stasionarpoliklinika şəraitində müalicəyə götürülür, bəziləri ixtisaslaşdırılmış mərkəzi xəstəxanalara, yeri gələndə xarici ölkələrə müayinəyə və müalicəyə göndərilir. Dünyada analoqu olmayan bu kampaniyadan minlərlə insan istifadə edir.

Əhalinin sağlamlığının təmin olunması həssaslığı ilə seçilən elə bir sosial amildir ki, cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bu baxımdan, ötən 10 ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr 2004-2013-cü illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır. Hazırda respublikamızda Heydər Əliyev Fondunun köməyi sayəsində şəkərli diabetlə xəstə olan uşaqların hamısı və xeyli sayda 2-ci tip insulin tələbli şəxslər şpris-qələmlə təmin olunmuşlar. Respublika Səhiyyə Nazirliyi diabetli uşaq və yeniyetmələrin müalicəsi üçün 90 pompa almışdır. Respublika Endokrinoloji Mərkəzdə insulinin yeridilməsi üçün kateter, insulinin saxlanması üçün rezervuar, batareyalar, lanset, qlyukometr və 20 qutu test-çubuqcuqların uşaqlara pulsuz verilməsi nəzərdə tutulub.

Bir sözlə, dünya üzrə qlobal səhiyyə məsələlərinin həllində son illər həyata keçirilən tədbirlər, ölkəmizdə reallaşdırılan sosialyönümlü siyasət insanların sağlamlığına və həyat şəraitinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bütün bunlar isə ən müxtəlif beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2015.- 7 aprel.- S.11.