Üzeyir bəyin yazdıqlarını niyə ixtisar və hətta redaktə ediblər?

 

Bu il sentyabrın 18-də milli iftixarımız Üzeyir bəyin anadan olmasının 130 illiyi tamam olur. Yubileyə az qalır. Zənnimcə, qarşıda duran ən başlıca məsələlərdən biri Üzeyir bəyin zəngin irsinin araşdırılması və nəşrinin, xüsusilə akademik nəşrinin təşkilidir. Məlumdur ki, hələ keçən əsrin 60-cı illərində bu sahədə çox ciddi işə başlandı. Nəzərdə tutulan 10 cilddən 4 cild işıq üzü gördü. Sonralar seçilmiş əsərlərinin bir cildi, 1918-1920-ci illərdə Azərbaycan qəzetində dərc olunmuş məqalələrinin böyük bir qismi ayrıca kitabça halında buraxıldı. Ən son Azərbaycan və rus dillərində Üzeyir Hacıbəyov ensiklopediyası nəşr olundu.

Bütün bunlar diqqətəlayiq hadisələrdir. Lakin görüləsi işlər də çoxdur. Yeni əsrdə gəncliyə Üzeyir bəyin əsərlərinin latın qrafikası ilə tam nəşrini çatdırmaq vəzifəsi durur. Həm də bu işi təkcə mövcud nəşrlərə əsaslanaraq görmək də məqbul sayıla bilməz. Həmin əsərlərin hər birini dərc və çap olunduğu məxəzlərlə dəqiq və dürüst yoxlamaq tələb olunur. üçün? 1968-ci ildə Üzeyir bəyin əsərlərinin 3-cü cildinə Tərtibçidən sərlövhəli ön sözdə qeyd olunurdu ki, dilimizin inkişaf tarixini düzgün müəyyən etmək və habelə Üzeyir Hacıbəyov kimi böyük publisistin dil, üslub, janr xüsusiyyətlərini saxlamaq məqsədilə yazılarına, demək olar ki, toxunulmamışdır. Çox yaxşı! Lakin 3-cü və 4-cü cildlərin sonunda verilmiş kommentariyalar göstərir ki, qeyd olunan prinsipə bir sıra hallarda əməl edilməmişdir. Məsələn, 3-cü cildə daxil edilmiş 161 yazıdan 22-də ixtisar və bəzi redaktə aparılmışdır. Bu barədəki qeydlərdə oxuyuruq: burada ixtisarla verilir, cüzi ixtisar edilmişdir, felyeton cüzi ixtisar və redaktə edilmişdir, burada ixtisarcüzi redaktə edilmişdirs. Maraqlıdır, nəyi ixtisar və nəyi redaktə ediblər? Bununla əlaqədar göstərilən əsərlərin bir qismini dərc olunduqları qəzet mətnlərilə yoxladıq. Ümumi qənaətim belədir ki, ixtisar və əlgəzdirmələr siyasi-ideoloji senzura ilə bağlı aparılıb. Məsələn, İrşad qəzetinin 1906-cı il 10 aprel tarixli 86-cı nömrəsində Üzeyir bəyin Ordan-burdan rubrikası altında Filankəs təxəllüsü ilə Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktubu dərc olunmuşdur. Bu məktub 3-cü cildin 54-55-ci səhifələrində verilib. Bu barədəki redaksiya qeydində oxuyuruq: Polis məmurlarının cəlladlığını ifşa edən bu felyeton... burada ixtisarla verilir.

Göstərim ki, bu məktubun Cavanşir uyezdində Gürcüstan! adlı birinci hissəsi ixtisara düşüb. İxtisar olunmuş hissə belədir: Cənab Əlixanovun Gürcüstanı təxrib etdikdə göstərdiyi şöhrət bəzi sahibi-hökumətləri qibtə məqamına gətirdi. Onlar dedilər: bizim də Əlixanov kimi şöhrət qazanmağa əfsadarımız (fəsadçımız - Ş.H.) vardır. Biz də istəsək, Qafqazın könül sevən yerini xarabaya döndərə biləriz!

Qibtəçilərdən bərk ürəyi aşlanan Cavanşir uyezd naçalniki Pivovarov həzrətləri idi (Bu sənəd Şuşa müsəlmanlarına yaxşı tanışdır. Bu cənabın bir fərzəndini (oğlunu - Ş.H.) də bir müsəlman yoxdur ki, tanımasın. Mərqum (adıçəkilən - Ş.H.) oğlan Rusiyada cəlladlıq edən kazaklardan bir dəstə götürüb erməni-müsəlman davasında Şuşa müsəlmanlarından intiqam aldı).

Cənab Pivovarov şöhrət xəyalına düşüb bunu qövldən felə (sözdən işə - Ş.H.) götürmək üçün fürsət axtarırdı. Gün keçdi, ay gəldi, fürsət yetişdi. Müsəlman qaçaqları Cavanşir uyezdində bir neçə nəfər rus cəlladını öldürdü.

Pivovarov həzrətləri bu əhvalatı eşidib şiri-jəyan (qəzəblənmiş şir - Ş.H.) kimi qızdı. Fürsəti fövt eləməz aqil məgər nadan ola (fürsəti əldən versə, aqil nadan olar - Ş.H.) deyib, pristav Şəfi bəyi özünə bələdçi götürüb kazaklar ilə bir yerdə düşdü uyezdin canına. Qabağına çıxan kəndi odladı, yol ilə keçən müsəlmanları öldürtdübir neçə müsəlmanı diri tutub verdi kazaklara: - Bunlar sizin olsun, nə istəyirsiniz eləyin! Hansı zülm ilə öldürəcəksiniz öldürün, faili-muxtarsınız (ixtiyar sahibisiniz - Ş.H.), - dedi. Kazaklar da filvaqe (həqiqətən - Ş.H.) cəllad olduqlarını ən aydın bir surətdə göstərdilər. İştə cənab Pivovarovun şöhrəti qafqazlılara faş (aşkar - Ş.H.) oldu.

Görürsünüz nəyi ixtisar ediblər!

Başqa bir misal: İrşad qəzetinin 1907-ci il 2 mart tarixli 37-ci nömrəsində Üzeyir bəyin Tazə xəbərlər sərlövhəli felyetonu dərc olunmuşdur (bax: Əsərlərinin 3-cü cildi, səh.163-164). Bununla əlaqədar qeydlərdə yazılıb: Felyeton cüzi ixtisar və redaktə edilmişdir.

Üzeyir bəy yazırdı: Hökumət Allahdan istəyir ki, Qarabağda, filanda yenə bir urus öldürsünlər ki, ekzekusiya qoymağa bəhanə olsun, çünki heç bilirsinizmi ki, bu cürə ekzekusiyaların xəzinəyə nə qədər nəfi (xeyri - Ş.H.) var!..

Bu cümlədə bircə söz dəyişdirilib: urus əvəzinə adam yazıblar. Beləcə, bütün mahiyyət təhrif olunub. Axı Qarabağda hakimlər üçün bir adam öldürülməsi ilə bir rusun öldürülməsi arasında çox böyük fərq var. Məgər bu, redaktədir? Bəs cüzi ixtisar edilən nə idi? Oxuyun: Qafqazda müsəlman pitrovları (qabaqda gedənlər - Ş.H.) aclıq məsələsilə köç məsələsinin həllini saxlayıbdırlar. Çəyirtkə məsələsi çatana kimi deyirlər ki, bunların hərəsinə ayrı-ayrı diqqət sərf eləməkdənsə üçünübir gündə qurtarmaq məsləhətdir.

Üzeyir bəy kimi qüdrətli bir düşüncə və qələm sahibinin, böyük vətənpərvər və mütəfəkkirin yazdıqlarına əl gəzdirmək çox böyük və bağışlanılmaz xətadır. Məqsədimiz günahkar axtarmaq deyil. Yeni nəşrlərdə bu cür xətaların, təhriflərin təkrarının qarşısını vaxtında almağın zəruriliyini nəzərə çatdırmaqdır. Zənnimcə, bu cür xətalara diqqəti cəlb etmək faydasız olmaz.

 

Şirməmməd HÜSEYNOV,

Professor

Azərbaycan.-2015.- 10 aprel.- S.11.