Naxçıvanda Daxili Qoşunların hərbi

hissəsinin yaradılmasının 20 illiyi qeyd olunub

 

Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilib, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb.

Dövlət himni səsləndirilib.

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik İlkin Əsədov mərasimdə çıxış edərək deyib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarını da əhatə edib. Bu qayğıdan bəhrələnən Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası ötən 20 ildə əsl təşkilatlanma yolu keçib. İstər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi sahəsində görülən işlər ardıcıl xarakter alıb. İlkin Əsədov Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının və xidmət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə şəxsi heyət adından minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda Daxili Qoşunların ilk hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək deyib: Tarix boyu hər bir xalq müstəqil olmaq, öz dövlətçiliyini yaratmaq istəyib. Lakin dövlət müstəqilliyi yaratmaq heçbütün xalqlara müyəssər olmayıb. Ona görə ki, müstəqillik üçün ilk növbədə güclü ordu yaradılmalıdır. Ordusu olmayan, ictimai təhlükəsizliyi, sabitliyi qorunmayan dövlət müstəqil ola bilməz. Bu gün Azərbaycan müstəqil dövlətdir. Ona görə ki, onun güclü ordusu var, ona görə ki, Azərbaycanda sabitlik var, əmin-amanlıq, ictimai təhlükəsizlik möhkəm şəkildə qorunur.

Ali Məclisin Sədri deyib: Azərbaycan xalqının milli sərvətinə çevrilən müstəqillik və onun qarantı olan ordu quruculuğu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi xidmətidir. Ordunun hər bir dövlətin müstəqilliyi üçün vacib şərtlərdən olduğunu daim diqqət mərkəzində saxlayan ulu öndərimiz deyirdi ki, “hər bir müstəqil dövlət müstəqil olmaq üçün bir neçə amillərə malik olmalıdır - onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu olmalıdır, daxili vəziyyəti qoruyan qüvvələri olmalıdır. Bunlar olmasa, müstəqil dövlət ola bilməz”. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra dövlət müstəqilliyimiz sarsılmaz xarakter aldı. Artıq bu dövrdən ölkəmizdə sabitliyin qorunmasının mühüm təminatçısı kimi Daxili İşlər Nazirliyinin, o cümlədən onun Daxili Qoşunlarının funksiya və vəzifələri dövlətin təhlükəsizlik prinsiplərinə əsasən formalaşdırıldı. 1994-cü il fevralın 8-də qəbul edilmişDaxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas vəzifələrini və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisi kimi görmək istəyən Ulu Öndərimiz deyirdi: “Gərək Daxili Qoşunlarda  yüksək vətənpərvərlik ruhu olsun. Gərək bizim Silahlı Qüvvələrimizdə Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun. Azərbaycanın güclü ordusu bu gün də, sabah da, yüz il bundan sonra da lazımdır. Bunun üçün planlı aparılmalı, peşəkar münasibət göstərilməlidir”.

Ali Məclisin Sədri deyib ki, ordu quruculuğuna münasibətdə Ümummilli Liderimizin irəli sürdüyü “planlı , peşəkar münasibət” siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər Daxili Qoşunların Naxçıvandakı hərbi hissəsinin fəaliyyətinin gücləndirilməsində də öz əksini tapmışdır. 20 il bundan əvvəl - 1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru böyük təşkilatlanma yolu keçmiş, inkişaf edərək alaya, 2014-cü ildə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.

Qeyd olunub ki, muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir. Ötən dövr ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılmış, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər”, - fikrini xatırladan Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının möhkəmlənməsində və inkişafında xidməti və əməyi olan şəxslərə təşəkkürünü bildirib, xidməti vəzifələrin yerinə yetirilməsində onlara uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında” 2015-ci il 11 mart tarixli sərəncamı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının zabiti, mayor Rəşadət Mamedov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Ali Məclisin Sədri “Hərbi xidmətlərə görə” medalının vəsiqəsini və döş nişanını təqdim edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, zabit-gizir ailələrinə yeni xidməti mənzillərin order və açarlarını təqdim ediblər.

Şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib, xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olub.

Hərbi qulluqçular silahtexnikalardan istifadə edərək verilən tapşırıqları məharətlə yerinə yetirdilər. Xüsusi təyinatlıların nümunəvi çıxışları bir daha şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığından və ruh yüksəkliyindən xəbər verirdi.

Mərasimdə ulu öndər Heydər Əliyevin “Bizim silahlı qüvvələrimiz, bizim ordumuz bizim sülhsevər siyasətimizlə yanaşı, hər dəqiqə, hər an Azərbaycan torpaqlarını qorumağa, işğal olunmuş torpaqların azad olunmasına hazır olmalıdır. Bizim ordumuz güclənəcək, müstəqil dövlətimiz daha da ucalara qalxacaq, Azərbaycan müstəqil dövlət kimi daim yaşayacaqdır. Yaşasın güclü, qüdrətli Azərbaycan əsgəri, Azərbaycan ordusu!”, - fikirləri səslənib, desantlar vertolyotdan Ümummilli Liderin portretini və Dövlət Bayrağını nümayiş etdiriblər.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xüsusi dəstələrinin təchizatı və xidməti döyüş fəaliyyətinin təşkili ilə maraqlanıb, avtomobildöyüş texnikalarına baxış olub.

Bildirilib ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazası müasir texnikaxüsusi təyinatlı vasitələrlə təchiz edilib. Bu da daxili intizam tədbirlərinin həyata keçirilməsində, ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Döyüş texnikaları və artilleriya qurğuları isə istənilən döyüş əməliyyatının yerinə yetirilməsində, o cümlədən düşmənin canlı qüvvəsinin, atəş vasitələrinin və zirehli texnikalarının məhv edilməsində istifadə olunur. Müasir radio-rabitə vasitələri döyüş tapşırıqları yerinə yetirilərkən bölmələr arasında əlaqənin qurulması və şəxsi heyətin istiqamətləndirilməsi zamanı tətbiq olunur.

Briqadaya 2 ədəd yeniHundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet təqdim olunub. Yeni verilən avtomobil və motosikletlərdən şəxsi heyətin daşınması, xəstə və yaralıların təcili təxliyəsi, bölmələrin çevik hərəkətinin təmin olunması zamanı istifadə ediləcək.

Ali Məclisin Sədri briqadanın yeməkxanasında olub, əsgərlərin qidalanması ilə maraqlanıb.

Sonra zabit-gizir ailələri üçün inşa olunan yeni xidməti-yaşayış binasının açılışı olub.

Yeni mənzillə təmin olunan hərbiçi ailələri adından minnətdarlıq edən Xublar Tarışova deyib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasi xətt bütün sahələri əhatə edib, insanların rahat yaşayışı təmin olunub. Bu gün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Artıq güclü ordumuz vardır. Hərbi qulluqçuların və onların ailələrinin sosial-məişət şəraiti ilbəil  yaxşılaşdırılır. Bu gün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi də bu sahədə görülən tədbirlərin daha bir nümunəsidir. İnsan amilinə xidmət edən bu işlər hərbiçi ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov yaşayış binasının açılışını bildirən lenti kəsiblər.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan binada 45 mənzil var. Mənzillərdə sakinlərin rahatlığı üçün lazımi şərait yaradılıb, mebel dəstləri və məişət avadanlıqları qoyulub. Hər bir mənzil fərdi istilik sistemi ilə təchiz edilib, daimi istisoyuq su təminatı yaradılıb. Binada sakinlərin gündəlik məişət tələbatının ödənilməsi məqsədilə də zəruri tədbirlər görülüb, zirzəmidə yeməkxana və çamaşırxana istifadəyə verilib. Həmçinin burada gənc zabitlər üçün 64 yerlik yataq otaqları da var.

Ali Məclisin Sədri baş leytenant Orxan Seyidovun yeni mənzilində olub.

Söhbət zamanı Orxan Seyidov və həyat yoldaşı Aişə Seyidova yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər. Qeyd olunub ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında hərbi qulluqçuların nümunəvi xidməti təşkil olunur, onların sosial problemləri həll edilir. Yeni mənzillərin təqdim olunması zabit-gizir ailələrinin böyük sevincinə səbəb olub. Dövlət qayğısını öz üzərində hiss edən valideynlər çalışacaqlar ki, gələcəkdə ölkəmiz, xalqımız üçün yararlı övladlar böyütsünlər.

Ailənin azyaşlı üzvü Gülay Seyidova ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.

Ali Məclisin Sədri zabit-gizir ailələrini yeni mənzillə təmin olunmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.

Binanın həyətində də abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 11 aprel.- S.7.