Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin

 daha da inkişafı üçün böyük potensial var

 

Çoxəsrlik tarix boyu xalqımızın keçdiyi inkişaf yolu müsəlman Şərqində gedən proseslərlə sıx bağlı olmuşdur. Bu baxımdan müasir dövrdə Azərbaycan dövlətinin müsəlman Şərqinə, eləcə də həmin arealda yerləşən ölkələrin respublikamıza marağı və diqqəti təbiidir. Bu gün Avropaya inteqrasiya ilə yanaşı, Şərq istiqamətinin də Azərbaycan xarici siyasət kursunun prioritetlərindən biri olması məhz bu səbəbdən irəli gəlir.

Azərbaycanın ortaq mənəvi dəyərləri bölüşdüyü müsəlman Şərqi ilə xalqımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa müvəffəq olması reallıqdır. Bu, islam ölkələri arasında da əməkdaşlığın genişlənməsinə təsirsiz ötüşmür. Ən əsası, Azərbaycanın müsəlman dünyasına yönəlik xarici siyasətinin uğurlu nəticəsi olaraq bu gün Səudiyyə Ərəbistanı, Pakistan kimi beynəlxalq münasibətlər sistemində öz çəkisi olan dövlətlər ölkəmizin bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı haqlı mövqeyini birmənalı dəstəkləyirlər.

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur. Diqqəti cəlb edən əsas məqam Şərq dövlətləri ilə əlaqələrin coğrafiyasının genişlənməsidir.

Hazırda Azərbaycanın yaxından əməkdaşlıq etdiyi müsəlman ölkələrindən biri də Səudiyyə Ərəbistanı Krallığıdır. Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı ilə bir sıra amillər bağlayır. İslamın müqəddəs yerlərinin Səudiyyə Ərəbistanında yerləşməsi, hər il minlərlə azərbaycanlının bu yerləri ziyarət etməsi iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Bu proses Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bu günə qədər davam edir. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Bu sahə üzrə Azərbaycanda dünya səviyyəli alimlər yetişib. Təsadüfi deyil ki, 1991-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Krallıq hazırda Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək maraq göstərir.

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əlaqələrin siyasi müstəvidə inkişafı üçün geniş zəmin yarandı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin bu ölkəyə səfəri ikitərəfli əlaqələrin bütün sahələrdə qurulmasının və inkişafının təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın aprelin 5-7-də Səudiyyə Ərəbistanı Krallığına etdikləri rəsmi səfərinin yekunları da göstərdi ki, iki ölkə arasında əlaqələr tarixən bağlı olduğumuz mənəvi dəyərlərdən, dostluqdan irəli gələrək inkişaf edir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Ər-Riyadda hava limanında İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qarşılanması Azərbaycan dövlətinə və onun rəhbərinə göstərilən böyük ehtiramın göstəricisi idi. Daha sonra keçirilən görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirildi. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladəritmə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Kral Salman bin Əbdüləziz Əl Səud münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini bəyan etməsi Azərbaycan dövlətinə beynəlxalq səviyyədə göstərilən mühüm siyasi dəstəkdir.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Zamil, neftminerallar naziri Əli Naimi, maliyyə naziri İbrahim Assaf və digər görüşləri onu deməyə əsas verir ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha geniş spektrdə davam etdirilməsi üçün əlverişli və güclü potensial mövcuddur. Zəngin proqramla yaddaqalan səfər çərçivəsində aparılmış danışıqlar bu potensialdan maksimum istifadə edilməsi baxımından əlverişli imkanlar açır. Aprelin 6-da Ciddədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşdə Prezident İlham Əliyev bu barədə deyib: “Biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik. Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadisiyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə, əminəm ki, səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək”.

Səudiyyə Ərəbistanına səfər zamanı Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri islam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində aprelin 7-də ailə üzvləri ilə Mədinə şəhərində Peyğəmbər məscidini də ziyarət edib. Bu, dövlət başçısının və ailə üzvlərinin mənəvi dəyərlərimizə ehtiramının və bağlılığının göstəricisi idi.

Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Prezident İlham Əliyev və ailə üzvləri üçün açıldı. Məhəmməd peyğəmbərin (s.ə.s.) dəfn olunduğu yerə də müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Prezident İlham Əliyevə olan yüksək münasibətin nəticəsi idi ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.-  14 aprel.- S. 2.