Görkəmli bəstəkar Nəriman Məmmədov son mənzilə yola salınıb

 

Aprelin 7-də tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nəriman Məmmədov son mənzilə yola salınıb.

Vida mərasimində tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəmsayağı bəzədilmiş böyük zalında postament üzərinə qoyulmuşdu.

Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda Nəriman Məmmədovun bəstələdiyi unudulmaz mahnılar, həmçinin həzin matəm musiqisi səslənirdi.

Nəriman Məmmədovun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, tələbələri, bənzərsiz musiqilərinin pərəstişkarları axın-axın Musiqi Akademiyasının binasına gəlir, görkəmli bəstəkara və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Nəriman Məmmədovun mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından, bəstələdiyi ölməz musiqilərdən, bir pedaqoq kimi zəhmətsevərliyindən və qoyub getdiyi zəngin irsdən söz açıb.

Bildirilib ki, Nəriman Məmmədovun milli musiqi mədəniyyətimizdə özünəməxsus yeri vardır. Onun yaradıcılığı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. Bəstəkarın müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq irsi çox zəngindir. O, 7 simfoniyanın, 2 baletin, 3 musiqili komediyanın, 2 müziklin, 7 instrumental konsertin, 3 oratoriyanın, 3 kantatanın, 25-dən artıq dram tamaşasına yazılmış musiqinin, 300-dən artıq mahnı və çoxlu sayda kamera-instrumental əsərlərin müəllifidir.

Nazir deyib ki, bəstəkarın böyük Azərbaycan şairi Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında yazılmış Humay baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə qoyularaq müəllifinə şöhrət gətirib.

Nəriman Məmmədovun musiqili-səhnə əsərlərindən Tofiq Bakıxanovla birgə yazdığı 3 musiqili komediyası Altı qızın biri Pəri, Qız görüşə tələsir və Məmmədəli kurorta gedir musiqili-komediyaları tamaşaçıların rəğbətini qazanıb.

Bəstəkarın yaradıcılığında instrumental musiqi müxtəlif janrlarla təmsil edilir. Onun xüsusilə proqram xarakterli simfoniyaları Hüseyn Cavidə həsr olunmuş IV simfoniyası, Xocalı faciəsinə həsr olunmuş VII simfoniyası və Fərhad və Şirin poeması diqqətəlayiqdir.

Ə.Qarayev deyib ki, Nəriman Məmmədovun instrumental konsertləri də musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Onun fortepiano ilə orkestr, skripka ilə orkestr, tar ilə orkestr üçün yazılmış konsertləri ifaçıların repertuarına daxil olmuş uğurlu əsərlərdir.

Bəstəkarın yaradıcılığında mahnı və romansların xüsusi yer tutduğunu söyləyən mədəniyyət və turizm naziri vurğulayıb ki, məhz bu səbəbdən onu haqlı olaraq lirik bəstəkar adlandırırlar. Bəstəkarın Xumar baxışlar, Kaş səni görməyəydim, Üzmə məni, Sənin eşqins. lirik mahnıları öz səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.

Diqqətə çatdırılıb ki, bəstəkarlıqla yanaşı Nəriman Məmmədov folklorşünaslıq sahəsində diqqətəlayiq xidmətləri olan musiqiçi kimi də tanınıb. Hələ tələbəlik illərindən başlayaraq N.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı kimi çalışıb. O, 40 ildən artıq klassik musiqi abidəmiz olan muğamların not yazısı və tədqiqi ilə məşğul olub. Müxtəlif illərdə Nəriman Məmmədovun nota saldığı ÇahargahRast vokal-instrumental muğamları, Bayatı-Şiraz və Şur instrumental muğamları Moskvanın Sovetski kompozitor nəşriyyatında, habelə Rast, Çahargah, Humayun, Segah-zabul, Şahnaz, Rahab instrumental muğamları Bakıda çapdan çıxıb. Bununla yanaşı N.Məmmədov professor Əhməd İsazadə ilə birlikdə iki hissədən ibarət Xalq mahnı və oyun havaları məcmuəsini də çap etdirib.

Bəstəkarın pedaqoji fəaliyyətinin də çox önəmli olduğunu söyləyən Əbülfəs Qarayev deyib ki, o, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 60-cı ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi çalışıb. Bəstəkar həmçinin Bakı Musiqi Akademiyasının Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının professoru kimi fəaliyyət göstərib.

Fəal musiqi xadimi kimi respublikanın mədəni həyatında yaxından iştirak edən Nəriman Məmmədovun əməyinin hər zaman yüksək qiymətlədirildiyini söyləyən natiq bildirib ki, ö, ölkənin ən yüksək fəxri adlarına layiq görülüb.

Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, şair-dramaturq Ramiq Muxtar və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək Nəriman Məmmədovun çoxşaxəli yaradıcılığından söz açıblar.

Bildirilib ki, bəstələdiyi musiqilər korifey sənətkarlarımız tərəfindən səsləndirilən Nəriman Məmmədovun musiqi xəzinəmizə bəxş etdiyi ölməz incilər öz müəllifinə əbədiyaşarlıq gətirməklə yanaşı, həm də hər zaman böyük sevgi və məhəbbətlə dinləniləcək.

Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu, professor Əli Əhmədov bəstəkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Vida mərasiminə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bir-birindən gözəl əsərləri ilə adını Azərbaycanın musiqi tarixinə həkk edən tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Nəriman Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Azərbayacan.- 2015.- 8 aprel.- S. 5.