Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 110 yaşını qeyd edir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 27 həmkarlar təşkilatını birləşdirir. Onlardan biri də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqıdır. Bu il təşkilatın 110 illiyi tamam olur. Aprelin 15-i isə Beynəlxalq Mədəniyyət Günüdür. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova bu iki əlamətdar tarixlə bağlı AZƏRTAC-a müsahibə verib.

Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan komitə sədri bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirdi. C.Səttarova respublikada mədəniyyət sahəsində qazanılan uğurlarda həmkarlar ittifaqının da xidmətinin az olmadığını vurğulayaraq dedi: “2015-ci il bizim təşkilat üçün önəmli ildir. Çünki 110 il az vaxt deyil. Hazırda mədəniyyət sahəsində çalışan, təşkilatımıza üzv olan işçilərin sayı 55 minə yaxındır. Ölkənin bütün şəhər və rayonlarında yerli komitələrimiz mövcuddur. Bu il Sabirabad, Şəki və İsmayıllı  rayon komitələri qazandıqları uğurlara görə mükafatlandırılacaq”.

Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan komitə sədri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışdı. Rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu dedi: “Mədəniyyət sahəsi ilə bağlı problemləri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasında müzakirə edirik. Şuranın tərkibinə postsovet məkanının əksər respublikaları daxildir. Bundan başqa, biz Beynəlxalq İctimai Xidmətlər Federasiyasının üzvüyük. Yeri gəlmişkən deyim ki, mən Avropa İctimai Xidmət İcraiyyə Komitəsinin üzvüyəm.  Eyni zamanda, biz Aktyorların Beynəlxalq Federasiyasına üzv olmuşuq. Bir neçə ay əvvəl Vyanada bu qurumun müzakirələrində iştirak etmişik. Bir neçə gün əvvəl isə Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunduq. Bu ilin iyun ayında nümayəndə heyətimiz ilk dəfə olaraq bu qurumun iclasında iştirak edəcək”.

Müsahibimiz əlavə etdi ki, Berlində keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında AHİK-in sədri Səttar Mehbalıyev vitse-prezident seçilib. Bu, o deməkdir ki, artıq səsimiz bu mötəbər qurumun kürsüsündən də eşidiləcək.

C.Səttarova diqqətə çatdırdı ki, paytaxtdaregionlarda idman komplekslərinin, mədəni-maarif mərkəzlərinin və digər sosial obyektlərin tikilib istifadəyə verilməsi ölkədə bütün sahələrə göstərilən diqqət və qayğının nəticəsidir. Bütün bu irimiqyaslı layihələrin həyata keçirilməsində Həmkarlar İttifaqı Konfederasiyasının da fəaliyyəti danılmazdır. Bu gün ölkədə gedən inkişaf dövlət başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqətindədir. Ölkədə irimiqyaslı layihələr həyata keçirilir ki, bu layihələrdə AHİK-inöz payı var. Sözsüz ki, bizim üzərimizə işçi qüvvəsini toplamaq, onları bu işlərə yönəltmək və dəstəkləmək kimi vəzifələr düşür”, - deyə komitə sədri qeyd etdi.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Müstəqil Dövlətlər Birliyi Məsləhət Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qadın məsələləri üzrə komissiyasının, Avropa İctimai Xidmət İcraiyyə Komitəsinin üzvü, AHİK-in gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin sədri olan C.Səttarova bu sahədə görülən işlər barədə də məlumat verdi: 

- Statistikaya görə, AHİK özündə 1 milyon 600 min nəfəri birləşdirir. Onların da 52 faizə yaxını qadındır. Gender problemləri ilə bağlı məsələlər uzun illərdir ki, AHİK-in gündəmindədir. Qadın həm ana, həm işçi, həm də həyat yoldaşıdır. Bütün bu istiqamətlərdə qadınların vəzifələri müəyyən olunur, onların əməyinə çox böyük önəm verilir, bu sahədə müxtəlif seminarlar, görüşlər keçirilir.

C.Səttarova ictimai işlərə marağın ona anası - tanınmış ictimai xadim, tibb elmləri doktoru, professor Zəhra Quliyevadan keçdiyini bildirdi: “Hər zaman onun tövsiyələri, həyatda göstərdiyi yol mənim üçün bir örnək olub. Anam deyərdi ki, insanları sevmək, onların qayğısına qalmaq, onlara kömək etmək lazımdır. Bu gün mən də nəyi bacarıramsa etməyə çalışıram”.

Xatırladaq ki, Beynəlxalq Mədəniyyət Günü 1935-ci il aprelin 15-də Vaşinqtonda təsis olunub. O vaxtdan etibarən bu gün dünyanın bir çox ölkəsində qeyd olunur. Bizöz növbəmizdə Cəmilə xanımı həm Beynəlxalq Mədəniyyət Günü, həm doğum günü, həm də rəhbəri olduğu qurumun yubileyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

 

 

Azərbaycan.-2015.-  15 aprel.- S.11.