Çanaqqala savaşından bəhs edən Son

məktub filmi Bakıda təqdim olunub

 

Aprelin 15-də 28 Cinema kinoteatrında Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş Son məktub filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Son məktub filminin təqdimat mərasiminin iştirakçılarına məktubunu oxuyub.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Prezidentin bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümüdür.

Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix boyunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.

Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsəri barədə ərsəyə gəlməsi prosesindən danışıblar. Akrtisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.

Sonra filmin nümayişi olub.

Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin HüseynovaBarbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. Kiçik qazi Fuat ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.

 

Azərbaycan.-2015.- 16 aprel.- S.2.