Zaqatalanı layiqincə tanıdaq

 

Zaqatala tarix və mədəniyyət abidələri ilə zəngindir. Respublika Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən rayon ərazisində dövlət tərəfindən qorunan 108 abidə qeydə alınıb. Bu abidələrin ən qədimi Pəri qalası, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalasıdır. GözbaraxQalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində Alban qalası və XVIII əsrə aid məscid, Kebelobada iki abidə (XIV əsr), Yuxarı Çardaxlarda Pəri qalası və digər abidələr də bu yerlərin qədimliyindən soraq verir.

Rayon mərkəzindəki Dədə Qorqud meydanı özünəməxsus tarixiliyi və gözəllikləri ilə diqqəti çəkir. El arasında Qaladüzü pilləkənləri adlanan 116 pilləkən də buradadır. 1946-cı ildə inşa edilmiş bu pilləkənlər düzə qalxan yolu xeyli qısaldır və memarlıq üslubu ilə hər kəsə zövq verir. Meydandakı Alban məbədi də gələn qonaqların böyük marağına səbəb olur.

2013-cü ildə burada Dədə Qorqud abidə kompleksi yaradılıb, ətrafda əsaslı təmir və yenidənqurma işləri görülüb. Onu da qeyd edək ki, Qaladüzü pilləkənlərinin tikintisinə ilk dəfə 1939-cu ildə başlanılıb. İkinci Dünya müharibəsi zamanı tikinti yarımçıq qalıb və bir də qələbədən sonra davam etdirilib. 2012-2013-cü illərdə pilləkənlərdə əsaslı təmir işləri aparılıb. Ölkə Prezidenti İlham Əliyev Zaqatalaya səfəri zamanı şəhərin yuxarı hissəsinə getmək üçün həmin pilləkənlərlə qalxıb və görülən işlərlə bağlı razılığını bildirib.

Pəri qalası Yuxarı Çardaxlar kəndindən şimal tərəfdə yerləşir. III-IV əsrlərə aid edilən bu abidə dağın zirvəsində iki otaqdan ibarətdir. Bura qalxmaq üçün vaxtilə pilləkənlər olsa da, sonralar həmin pilləkənlər yararsız hala düşüb. Hazırda Pəri qalasına qalxmaq çox çətindir.

1830-cu ildə inşa edilmiş Zaqatala qalası Tarix-mədəniyyət qoruğunda yerləşir. Bir zamanlar bu qalada Potyomkin zirehli gəmisinin üsyançıları məhbus kimi saxlanılıb. Divarlarının eni 1,5 metr olan qalanın 100-dən çox mazğalı - tüfəng atmaq üçün yeri olub. Qalanın içərisində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var. Qala 1984-cü ildə Tarix-mədəniyyət qoruğu elan edilib.

Cingözqala Zaqatala şəhərindən 7 km şimalda - Car kəndi ərazisindədir. Onun tikintisində çaydaşıdan, kirəcdən istifadə edilib. Qala 3 mərtəbədən ibarətdir və hər mərtəbədə mazğal var. Düşmən hücumundan müdafiə məqsədilə tikilmiş bu qalanın divarında və daş hasarında ərəb və farsca yazılmış kitabələr var. Bu qalanın əsaslı təmirinə ehtiyac var.

Zaqataladakı alban məbədləri öz zamanında əlçatmaz dağ yerlərində, keçilməz sıx meşəliklərdə tikilib. Bu məbədlər dini etiqad yeri olmaqla yanaşı, müdafiə üçün də istifadə olunub. Alban məbədlərinin ətrafı kirəc və çaydaşıdan tikilmiş qalın divarlarla hasarlanıb.

Zaqatala şəhərinin mərkəzindəki kilsə də belə xristian-alban məbədlərindən biridir. Əvvəllər bu məbədin ətrafı da hündür daş barı ilə əhatələnib. Hazırda həmin divarın daş qalıqları çox çətinliklə görünür. XIX əsr rus mənbələrində bu kilsənin ərazisi nəhəng Şərq çinarlarından ibarət keçilməz meşə kimi xarakterizə edilir. Həmin çinarların bir neçəsi alban kilsəsinin yerləşdiyi Meydan adlanan ərazidə indi də qalmaqdadır.

Qalalar, abidələr diyarı olan Zaqatalanın digər tarixi nümunələrindən də söz açmaq olar. Onu da qeyd edək ki, rayonda 20-dək xalqın və millətin nümayəndələri yaşayır. Əsrlər boyu mehriban birgəyaşayış rayondakı mədəni irsi zənginləşdirib, xalq sənətinin inkişafına güclü təkan verib. Avar, saxur, ingiloy və digər xalqların folklor, xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, maraqla qarşılanır. Xalq sənətkarlığı, dulusçuluq, misgərlik, toxuculuq, oyma kimi qədim sənət növləri davam etdirilir. Novruz bayramı günlərində folklorel sənətinin nümunələrini daha əhatəli təqdim etmək imkanları olur. Əsgər Məmmədovun (ağac üzərində oyma), Çiçək Rəcəbovanın (toxunma güllər), Gülüstan Məmmədovanın (rəsm əsərləri), Murad Muradovun (dulusçuluq nümunələri), Sədi Abdullayevin (dekorativ əl işləri) və digərlərinin sorağı rayon hüdudlarından uzaqlara yayılıb.

Hazırda rayonda Heydər Əliyev Mərkəzi, Heydər parkı, Akademik Zərifə Əliyeva adına park, Dədə Qorqud meydanı, 28 mədəniyyət evi, 30 klub, 3 muzey, 57 kitabxana, 1 incəsənət məktəbi, 11 turizm obyekti əhaliyə mədəni xidmət göstərir.

Zümrüd AĞAKİŞİYEVA,

Zaqatala rayon Mədəniyyət və turizm şöbəsinin müdiri

Azərbaycan.-2015.- 19 aprel.- S.7.