İzi də qalıb, sözü

 

Xalidə Hasilova-95

 

 

Əsərlərini sevə-sevə oxuduğumuz yazıçılardan biri Xalidə Hasilova idi. Zahirən də, daxilən də gözəl olan bu qadın hamının - istər oxucuların, istərsə də qələm yoldaşlarının sevimlisi idi. Azərbaycan qadınının ən gözəl keyfiyyətlərini özündə cəmləşdirən Xalidə xanım iyirmi ildən artıq “Azərbaycan qadını” jurnalının baş redaktoru olub. Jurnalın səhifələrini vərəqləmək kifayətdir ki, XX əsrdə Azərbaycan qadınlarının keçdiyi həyat yolu, onların ictimai həyatda, əmək meydanında, mədəniyyət aləmində qazandığı nailiyyətlərlə yaxından tanış olasan.

Azərbaycanın dilbər guşələrindən birində - Zaqatala şəhərində fəhlə ailəsində dünyaya göz açmışdı. Pedaqoji texnikumu bitirəndən sonra bir müddət öz rayonlarında - Qımır orta məktəbində müəllim işləmişdi. Sonra ali təhsil ardınca getmiş, Azərbaycan Dövlət Universitetinin (indi BDU) Filologiya fakültəsini bitirmişdi. Uzun müddət mətbuat sahəsində çalışmış, “Göyərçin” jurnalının baş redaktoru olmuşdu. Sonralar “Azərbaycan qadını” jurnalını ona etibar etmişdilər.

Xalidə Hasilova bədii yaradıcılığa keçən əsrin qırxıncı illərində başlamış, ədəbiyyata uşaq yazıçısı kimi gəlmişdi. İlk kitabı - “Kiçik hekayələr” 1950-ci ildə çapdan çıxdı. Sonralar bir-birinin ardınca “İlk məktub”, “Lalənin kitabı”, “İki yoldaş”, “Sular durulur”, “Ulduzlu papaq”, “Rəna evlərini axtarır”, “Dəniz çıraqları”, “Atlas yarpaqlar”, “Yaşıl ayna”, “Çilçıraq” kitabları nəşr olundu və yazıçı kimi şöhrət qazandı.

Uşaq ədəbiyyatı elə yaradıcılıq sahəsidir ki, burada müəllif mümkün qədər ideoloji təzyiqlərdən uzaq olmağa çalışır, uşaqlara vətəni, ata-ananı, məktəbi, elm və təhsili, təbiəti sevməyi təbliğ edir, xalqın qəhrəman oğullarını, qızlarını, nənə-babalarımızın müdrikliyini nümunə göstərir. Xalidə xanımın da hekayələrində o dövrün məktəb həyatı, uşaqların maraq dünyası, təbiət sevgisiinsan kimi ilk formalaşma prosesi öz əksini tapıb.

Əksər hekayələri məktəb həyatından bəhs edirdi. Bu mövzuda yazdığı hekayələrində şagirdlərin tərbiyəsi, əxlaqi keyfiyyətləri, dostluq münasibətləri və ilk növbədə biliyə yiyələnmələri ön plana çəkilirdi. Bu yazılarda müəllim obrazları da diqqətdən yayınmırdı. Qətiyyətlə demək olar ki, onun hekayə və povestlərində Azərbaycan müəllimlərinin bir sıra parlaq obrazları ilə qarşılaşırıq.

O, kənd həyatına yaxşı bələd idi, “Ucqar bir kənddə” və “Sular durulur” əsərlərində bunun şahidi oluruq. Kənd ziyalılarının taleyi onu daha çox düşündürürdü. Adıçəkilən əsərlərdə Xalidə xanım əsl kənd koloriti yaradır, təsvir etdiyi obrazların torpaqla, təbiətlə bağlılığını, yurdsevərliyi daha çox nəzərə çarpdırırdı.

Xalidə Hasilovanın nəsr əsərlərində gənclərin həyatı da öz əksini tapmış, nümunə göstərdiyi məktəbli qəhrəmanlarının sonrakı taleyinə biganə qalmamışdır. Məsələn, “Dəniz çıraqları” povestini götürək. Bu povestdə müəllif texniki peşə məktəbini bitirəndən sonra neft sahəsində çalışan gəncləri nümunə göstərir.

Yazıçı həmişə mənəvi-əxlaqi məna daşıyan mövzulara meyil edirdi. “Kaman”, “Çəhrayı rəng”, “Ana fəryadı” povestləri, “Onun taleyi”, “Sular durulur”, “Ucqar bir kənddə” romanları məhz bu səpkidədir. Təbii ki, o dövrə xas olan istehsalat motivləri, “sovet adamı” tipi onun yazılarında da əksini tapırdı, amma əsas odur ki, Xalidə xanım təqdim etdiyi qəhrəmanların mənəvi dünyasına maraq göstərir, işığı məhz bu səmtə yönəldirdi.

O, müharibənin ağrı-acılarının şahidi olmuş, o çətin illərdə Zaqatalada müəllim işləmişdi. “Kamanpovesti məhz o illərin məşəqqətli anlarını təsvir edir. Povestin qəhrəmanı Kələntər müəllim məktəb direktorudur. O, atalarının qara xəbərləri gələn uşaqların haldan-hala düşdüklərini görür, onları ovutmağa çalışır. Uşaqların evlərinə gedir, valideynləri ilə görüşür, cavan qız - Afərim müəllimə də onunla həmrəy olur. Müəllif belə bir ideya aşılayır ki, qara günlər insanları birləşdirir, hamı bir amal uğrunda mübarizə aparır. Təsvir olunan kənd amansız döyüşlər gedən savaş meydanlarından çox-çox uzaqdadır, amma bu kəndin hər bir sakininin içində də müharibə gedir. Bəziləri ümidsizdir, amma əksər insanlar qələbəyə inanırlar. Hamı o günü gözləyir!

Onun taleyi” romanında da müharibənin insan həyatına gətirdiyi ayrılıqlar-acılıqlar təsvir olunur. Müharibə illərində öz qızını itirən Məlahət ana illər boyu onun həsrətini çəkir və sonda ona qovuşur. Bu qovuşmaya qədər ananın çəkdiyi iztirablar çox təbii və inandırıcı səhnələrlə canlandırılır. Burada müharibədən sonra yetişən gəncliyin duyğu və düşüncələri də öz əksini tapıb.

Hekayələri janr bitkinliyi və yazıçının bu formaya mükəmməl yiyələnməsi baxımından öz bədii kamilliyi ilə diqqəti cəlb edir. Onlarda müəllifi mənəvi-əxlaqi məsələlər düşündürür. “İtirilmiş məhəbbət” hekayəsində Şəmsi vaxtilə sevdiyi qızı indi öz dostunun həyat yoldaşı kimi görürbundan sarsılır. Amma keçmişi qaytarmaq mümkün deyil. “Müğənni qız” hekayəsində isə sevdiyi qızı sənətindən ayırmaq istəyən və guya bu səbəbdən ondan imtina edən bir gəncin dar düşüncəsi tənqid hədəfinə çevrilir. Ümumiyyətlə, əsərlərində sevgi xəttini həmişə aparıcı xəttə çevirirdi. Onu gənclərin sevgidə dönüklüyü narahat edirdi, həmişə belə bir fikri vurğulayırdı ki, həyatda insanın mənəvi zənginliyi təmiz, saf sevgi ilə bağlıdır, necə deyərlər, “quş uçmaq üçün, insan sevgi üçün yaranmışdır”.

Xalidə Hasilova bədii tərcümə ilə də məşğul olurdu. Məşhur türk yazarı Əziz Nesinin uşaqlar üçün yazdığı hekayələrini “İndiki uşaqlar möcüzədir” kitabı kimi balaca oxuculara təqdim etməsi, T.Nosovdan, N.Tixonovdan etdiyi tərcümələr maraqla qarşılandı. İki pyesi - “Hamı doğmadır mənə” və “İnsan ömrü bir nəğmədir” tamaşaya qoyulmuşdu.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 19 aprel.- S.8.