İordaniya mətbuatında görkəmli şərqşünas alim

           Aida İmanquliyeva haqqında məqalə dərc olunub

 

 

“Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alimdir”. AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin İordaniyada çıxan gündəlik “Əl-Qad” qəzetində dərc olunmuş məqaləsi belə adlanır.

Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, pedaqoq Aida Nəsir qızı İmanquliyevaya həsr olunmuş məqalədə deyilir ki, ərəb dünyası bəşər mədəniyyətini misilsiz əsərlər ilə zənginləşdirib. Alimlər, tədqiqatçılar, tərcüməçilər olmadan bu əsərlər dünyanın intellektual-fəlsəfi məkanına çıxa bilməzdi. Odur ki, müasir ərəb dünyasının ömrünü zəngin ərəb mədəniyyətinin və ədəbiyyatının araşdırılmasına həsr etmiş, ərəb fəlsəfi fikrinin bütün dünyaya inteqrasiyasının başlanğıcını qoymuş alimlərin adlarını öyrənməsi ədalətli olardı.

Məqalədə deyilir: “XX əsr şərqşünaslığının tarixində Aida İmanquliyevanın adı müstəsna yer tutur. O, ərəb ədəbiyyatının tədqiqatçısı və Müqəddəs Qurani-Kərimin tərcüməçisi İqnati Kraçkovski (1883-1951-ci illər) və digər böyük alimlərlə bərabər, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı, mədəniyyəti ilə tanış edirdi”.

Xüsusi vurğulanır ki, istedadlı alimictimai xadim A.İmanquliyeva Azərbaycanın tarixində ilk qadın şərqşünas alim, filologiya elmləri doktoruprofessor, Azərbaycan şərqşünaslığında mühacir ərəb ədəbiyyatının ilk qadın tədqiqatçısı, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsini tutan ilk qadın olub. O, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin və Şərq Ədəbiyyatının Tədqiqi üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü olub. Azərbaycanlı alim bu qurumlar çərçivəsində ərəb mədəniyyətinin, ədəbiyyatının və filologiyasının öyrənilməsinə və təbliğinə böyük töhfə verib. Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi, elmi ictimaiyyətdə böyük nüfuz sahibi olan sanballı elm xadimi Aida xanım ərəb ədəbiyyatı və filologiyasının tarixi sahəsində araşdırmaların aktual məsələlərinə həsr olunmuş elmi konfranslardasimpoziumlarda Azərbaycanı təmsil edib.

Müəllif yazır ki, Azərbaycan alimi yeni ərəb ədəbiyyatı və ərəb ölkələrində mədəni İntibah tarixi sahəsində nüfuzlu mütəxəssis kimi artıq ötən əsrin 70-ci illərində öz əsərlərində yeni ərəb romantizminin fəlsəfi inkişafını işıqlandırıb, müasir ərəb ədəbiyyatının ən əhəmiyyətli cəhətini - humanizmi üzə çıxarıb. Məqalədə deyilir: “O, ötən əsrin 20-ci illərinin ərəb mühacir ədəbiyyatının müxtəlif aspektlərini əsaslı şəkildə öyrənərək, öz əsərlərində ənənəvi formalardan uzaqlaşma meyillərini, poeziyada romantizmin və nəsrdə tənqidi realizmin təsdiq edilməsini, habelə Şərq ilə Qərb mədəni ənənələrinin sintezini elmi cəhətdən əsaslandırmağa çalışıb ki, bu da ərəb dünyasında müasir fəlsəfi fikrin təbliğində böyük rol oynayıb”.

Məqalədə o da vurğulanır ki, Aida İmanquliyeva Şərq ilə Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olub. O özünün çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini, yaradıcı metodun inkişafını və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu da təkcə ərəb ədəbiyyatının deyil, həm də yeni Şərq ədəbiyyatlarının hamısının bu aspektdə təhlili üçün çox mühüm zəmin yaradır.

Məqalədə yeni ərəb poeziyası və nəsri tarixində bütöv bir dövrü müəyyən edən gənc ərəb yazıçılarının yaradıcılığını tədqiq edən professor A.İmanquliyevanın elmi maraqlar sahəsi ətraflı təsvir olunur. BunlarMixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyaları, habelə 70-dən çox elmi məqalə, o cümlədən “Ərəb filologiyası məsələləri”, ”Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarixmüasirlik”, “Yeni ərəb ədəbiyyatının formalaşmasında qarşılıqlı ədəbi əlaqələrin rolu” və s. məqalələrdir. A.İmanquliyeva Şərq ədəbiyyatı haqqında bir sıra kitab və məqalələrin elmi redaktorudur. O, böyük maarifçilikictimai fəaliyyət ilə məşğul olub, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından və filologiyasından dərs deyib, fəal şəkildə tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi ilə onlarca alim elmi həyata vəsiqə alıb.

Müəllif yazır: “Aida xanım İmanquliyevanın görkəmli ərəbşünas alim kimi böyük populyarlıq qazanmasına onun yüksək intellekti, gözəl xasiyyəti, bədii istedadı, məqsədyönlülüyü, sarsılmaz prinsipiallığı, elmi baxışlarını əsaslandırmaq bacarığı, habelə mükəmməl və nəcib aurası kömək edib. Onda insaniyyət, peşəkarlıq və qadın incəliyi harmonik birləşib”.

Məqalədə deyilir ki, Aida İmanquliyevanın dərin elmi təfəkkürü, dünyagörüşügeniş baxışları ona nəinki elmi ictimaiyyət, hətta sadə insanların arasında hörmət qazandırıb. Onun cazibəsini, səmimiliyini, xeyirxahlığını təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da çoxsaylı tələbələri, dostları, həmkarları qeyd edirlər. “Aida xanım İmanquliyeva təkcə elmə sonsuz sədaqətin deyil, həm də çətin vəziyyətə düşən adama kömək etməklə xeyirxahlığın əsl timsalı olub” – deyə müəllif yazır.

Məqalədə vurğulanır: “Müəllimlər, jurnalistlər arasında tərbiyə almış, məşhur kübar nəslin parlaq nümayəndəsi Aidə İmanquliyevanın qadın hərəkatı tarixində xüsusi yeri var. Onun hər iki qızı – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mili Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva analarının ideyalarının davamçılarıdır. Onlar Azərbaycanın mədəni və elmi irsinin dünya mədəni və elmi mühiti ilə qarşılıqlı əlaqələrinə və qarşılıqlı təsirlərinə nail olmaq məqsədilə onun qorunub saxlanmasına kömək göstərməyi davam etdirirlər”.

Müəllif diqqəti belə bir fakta da cəlb edir: 2006-cı ildə Heydər Əliyev Fondunun İSESCO ilə əməkdaşlığı çərçivəsində A.İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı ərəb dilinə tərcümə edilərək nəşr olunub. Burada alim üç qabaqcıl ərəb yazıçısının – Cübran Xəlil Cübran, Mixail Nuaymə və Əmin ər-Reyhanın timsalında müvafiq tarixi dövrün mənəvi və mədəni kontekstinin ensiklopediyasını, Şərq müdrikliyi ilə Qərb dəyərlərinin qovuşmasını, ərəb ruhunun əbədiyaşarlığını araşdıraraq üzə çıxarıb. Kitab ərəb alimləri, bir çox ölkələrin görkəmli şərqşünasları arasında böyük əks-səda doğurub. Onlar Aida xanımın çoxillik məhsuldar fəaliyyətinə yüksək qiymət veriblər. Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyəti tərəfindən təşkil olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-ədəbi əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunda, habelə AMEA tərəfindən təşkil olunmuş “Şərq xalqları ədəbiyyatı” beynəlxalq konfransında dünyanın bir çox ölkələrinin böyük alimləri yekdil fikirdə olublar ki, A.İmanquliyevanın çoxşaxəli elmi fəaliyyəti dünya mədəni nailiyyətləri xəzinəsinə əvəzsiz töhfə verib.

Məqalənin sonunda qeyd olunur ki, azərbaycanlı alim qısa, lakin mənalı ömrünü Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə həsr edərək, keçmiş və müasir dövrün dərin fəlsəfi təfəkkürü arasındakı gözəgörünməz əlaqələri üzə çıxarmağa cəhd edib. Aida xanımın intellektual irsi Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında münasibətlərin inkişafında bu günmühüm rol oynayır. Şübhəsiz ki, ona nəinki alim kimi parlaq nəticələr əldə etmək, həmöz xalqının qəlbində kamilliyin rəmzi kimi qalmaq müyəssər olub.

 

 

Azərbaycan.-2015.- 18 aprel.- S.8.