Yada düşür həmişə

 

Xanımana Əlibəyli-95

 

Onu ağlım kəsəndən uşaq yazıçısı kimi tanımışam. Orta məktəbin aşağı siniflərində oxuyanda dərsliklərdə şeirlərini əzbərləmişəm, kənd kitabxanasından “Dovşanın ad günü”, “Meşə həkimi”, “NovruzMurtuz”, “Yaz konserti”, “İşləməyən dişləməz”, “Uşaq mahnıları” kitablarını sevə-sevə oxumuşam. Bu kitablardakı şeir və hekayələr məni valeh etmişdi. Üzünü görmədiyim bu müəllif böyük dünyaya gedən yolda ilk bələdçilərimdən oldu. Elə o zaman hiss elədim ki, Xanımana Əlibəyli Azərbaycanda yaşayan hər bir uşağın qəlbinə belə hakim kəsilə bilər. Sonralar öz uşaqlarıma da Xanımana Əlibəylinin şeirlərini, hekayələrini oxutdurdum, indi nəvələrim oxuyur.

İllər keçdi, mən Xanımana Əlibəylinin yaradıcılığını izlədim, yeni kitabları ilə tanış oldum, hər dəfə də xəyalən uşaqlıq illərinə qayıtdım. Böyük rus tənqidçisi V.Q. Belinskinin bir fikrini xatırlayıram. O yazırdı ki: “Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır”. Yəni uşaqlar üçün yazanda onların dünyasına, maraq dairəsinə yaxşı bələd olmaq lazımdır, balacaları daim düşündürən suallara bədii söz dililə cavab vermək lazımdır. Bir sözlə, böyük dünyanın kiçik modelini onların üzünə açasan gərək...

Azərbaycanda uşaq yazıçısı kimi şöhrətlənən sənətkarlar az olmayıb. Bir neçə nəsil Abbas Səhhətin, Abdulla Şaiqin, Süleyman Sani Axundovun, daha sonralar Mir Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin, Mirvarid Dilbazinin, Teymur Elçinin, Əzizə Əhmədovanın, Hikmət Ziyanın, İlyas Tapdığın, Məstan Günərin şeirləri ilə böyüyüb, boya-başa çatıb. Mən  Xanımana Əlibəylini də  o ustadların sırasında görürəm.

Həqiqətən də balacalar üçün yazmaq böyüklər üçün yazmaqdan heçasan deyil.

Xanımana Əlibəyli ilk şeiri  çap olunan vaxtdan (1938) ömrünün son günlərinə qədər - nə az, nə çox - düz 70 il ancaq uşaqlar üçün yazıb-yaratmışdır. İyirmidən artıq kitabı çapdan çıxıb. Bu kitabların adlarını çəkmək yetər ki, onların mövzu dairəsi bəlli olsun: “Balaca həkim”, “Dovşanların günü”, “Meşə həkimi”, “Yaz konserti”, “ çəmən”, “Məni Günəşə at”. “Ləpələrin nağılı”, “Ulduzların nəğməsi”, “Qaçqın balalar” və s.

Xanımana Əlibəylinin “Dovşanın ad günü”, “Aycan” pyesləri Gənc Tamaşaçılar Teatrında, “Cinquş”, “Gözəllər gözəli” pyesləri isə Kukla Teatrında tamaşaya qoyulmuşdur. Deməli, o, bütün bədii yazılarını uşaqlara həsr etmişdir.

Xanımana Əlibəyli “Yol” adlı şeirində  yazır:

 

Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

Bir yol var ki, dünyada

Onu getmirsən hədər.

Həmişə düşür yada,-

Qoca olana qədər.

Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

Bu şeiri Xanımana Əlibəylinin bütün yaradıcılığı üçün bir bələdçi şeir hesab etmək olar. Yəni o, uşaqların bir-birindən maraqlı rəngarəng dünyasından yazıb, məktəb həyatını təsvir edib. Ancaq onun yaradıcılığını bu mövzularla məhdudlaşdırmaq olmaz, çünki o, müxtəlif yaşlı uşaqların hər birinin istək arzularına, onları düşündürən suallara cavab verməyə can atırdı. Uşaq dünyası isə körpənin dünyaya gələrkən ilk çığırtısından başlamış orta məktəb bitirənə qədər, yəni ilk gənclik dövrünə qədəm basana qədər böyük bir dövrü əhatə edir. Bu isə yazıçıdan istedad tələb edir.

Xanımana Əlibəylinin şeirləri çox sadə və anlaşıqlı idi, başqa cür mümkün deyil, çünki uşaqlarla elə dildə danışmaq lazımdır ki, o, səni başa düşsün. Hətta o dərəcədə sadə və anlaşıqlı ki, yazılan şeirləri əzbərləmək çətinlik törətməsin.

Xanımana Əlibəyli uşaqlara təbiəti sevməyi, ata-anaya hörmət etməyi, Vətənə vurulmağı təbliğ edirdi. Əgər onun uşaq şeirlərinin hamısını bir vurğuya gətirsək, yəni bu şeirlərin məna və mahiyyəti nədədir sualını vermiş olsaq, cavabı belə olar: sevgi və vətənpərvərlik. Təbiətə, ataya-anaya-müəllimə-məktəbə sevgi. Vətənə sevgi.

Xanımana Əlibəyli uşaqlar üçün kiçik poemalar da yazıb. “Dovşanın ad günü”, “Meşə həkimi”, “Bikə”, “NovruzMurtuz”, “Balaca rəssam”, “Mixək gülü”, “İşləməyən dişləməz”, “ çəmən”, “Mərcanqulu əfsanəsi”. Bu poemaların hər biri müəyyən süjetlə bağlıdır. Ya nağıllardan gələn motivləri süjetə daxil edir, ya da müasir həyatda baş verən hadisələr qələmə alınır. Xatırlayıram ki, Xanımana Əlibəyli ixtisasına görə həkim idi. Tibb İnstitutunu bitirmişdi. Sonralar ADU-nun filologiya fakültəsində də təhsil almışdı.

X.Əlibəyli haqq dünyasına qovuşub. Amma biz onu unutmuruq. Özümüz onun şeirləri ilə böyümüşük... Sənətkarın ölümsüzlüyü də elə bundadır, özü getsə də, əsərləri yaşayır!

 

Vaqif YUSİFLİ,

 filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 21 aprel.- S. 8.