Cümhuriyyət ordusunun qurucusu

 

Bu gün Azərbaycanın görkəmli hərbi xadimi, hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin anadan olmasının 150 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ keçən il noyabr ayının 20-də onun 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, XX əsrin əvvəllərindən etibarən irimiqyaslı əməliyyatların iştirakçısı olan görkəmli sərkərdə döyüş meydanlarındakı şücaəti və artilleriya nəzəriyyəsinə verdiyi yeniliklərlə hərb tarixinə parlaq səhifələr yazmışdır.

Əlağa Şıxlinski Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də ölkənin silahlı qüvvələrinin formalaşmasına misilsiz töhfələr vermişdir. Bu yazı görkəmli sərkərdənin əsasən həmin dövrdə gördüyü işlər barədədir.

Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əlağa Şıxlinski həmişə birincilər sırasında olmuşdur. O, 5 müharibənin şahidi, dördüncünün iştirakçısı idi: 1900-1901-ci illərdə Çin hərbi yürüşündə (tarixə “Boksyor üsyanı” kimi düşüb), 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il dünya müharibəsində, 1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda erməni daşnaklarına qarşı döyüşüb. Böyük Vətən müharibəsi illərində də general fəaliyyətini dayandırmamışdı. O, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdı. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Hərb elminin inqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli mənbə kimi ondan istifadə etməsin.

Görkəmli sərkərdə Əlağa Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olmuşdur. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bununla da o, milli Azərbaycan Ordusunun təməl daşını qoymuşdur. Bu barədə general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir:

“Tiflisə qayıtdıqda müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım... (Qərargah Tiflisdəki “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. İkimərtəbəli mülk indi də qalır. Bu sətirlərin müəllifi 1999-cu ilin aprel ayında Tbilisidə yaradıcılıq ezamiyyətində olanda həmin binanı axtarıb tapmışdır - Ş.N).

Dekabrın 31-də mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik”.

“Açıq söz” qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı:

“Yanvarın 3-də Mərkəzi Müsəlman Zaqafqaziya Komitəsinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təşkilatı haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün lazımi qədər könüllü cəm edilməsi Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinə həvalə edilmişdir. Nizami ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri verginin ləğv edilməsi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən dekret veriləcəkdir. Zaqafqaziya Komissarlığının qətnaməsinə əsasən dekabrın on doqquzunda beşinciyeddinci Qafqaziya nişançı firqələrindən ibarət olan altıncı ordu korpusunun Müsəlman Nizami ordusu ilə əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi qoşunlarının baş komandanı tərəfindən “Əmrnamə” verilmişdir. Həmin əsgər dəstələrini milliləşdirmək işlərinin nəzarəti general Əlağa Şıxlinskiyə həvalə edilmişdir.

General Şıxlinski öz vəzifəsinin icrasına başlamışdır”.

1918-ci il fevralın 20-də general Əlağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: “Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildirondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, Vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.

Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının maraqlarından üstün tutan adamların qiyməti çox deyilordu təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmayacaq”.

General Əlağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdir. Həmin şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsil naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak etmişlər.

Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də “Azərbaycan” qəzetində (rus dilində) yazırdı: “Ertəsi gün Bakıdan gəlmiş qonaqlar və demək olar, bütün şəhər əhalisi hərbi meydana yollandılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi. Ətrafda bayram əhval-ruhiyyəsi var idi.

Əlahiddə Azərbaycan korpusunun komandanı general Əlağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb salamlaşdı. General Əlağa Paşanın mehriban “salamına” birdən-birə 800 gəncin ağzından gurultulusalam” cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə başlandı.

1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əlağa Şıxlinskinin müstəsna rolu olmuşdur. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi təcrübəsindən gecə-gündüz istifadə edirdi. 70 ildən çox respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir” qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq edir. Milli Azərbaycan korpusunun komandiri general Əlağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Məlumat”ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı. General yazırdı: “Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım; layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilmişdir”.

Vəziyyətlə əlaqədar Əlağa Şıxlinski layihəsində təklif edir ki, vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv edilsin. Müharibə şəraitində bu, azlıq təşkil edir. “Əvəzində diviziyalar yaradılsın. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun”.

Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. May ayında ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi.

Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qonşuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri olmasını peşəkar hərbçi olan Əlağa Şıxlinski məsləhət bilmirdi. Ona görə də haqlı olaraq yazırdı: “Hərb naziri - əgər o, mülki şəxsdirsə - onda o özünün yanında səlahiyyətli şəxslərin çox kiçik sayından hərbi şura yaratmaq və qoşunların təlim və tərbiyəsinə bilavasitə nəzarət etmək üçün köməkçi təyin etməlidir.

Mətndən o da məlum olur ki, general Əlağa Şıxlinski layihəni artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndərmişdir.

“Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində) mənim layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilmişdir. Ehtimal olunurdu ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus komandiri şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqında heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç müzakirə edilməmişdir. Çünki Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb naziri təyin etməkdən imtina etmişdir”.

Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əlağa Şıxlinski hərb nazirinin müavini təyin edildi.

Hərb elmləri doktoru, polkovnik Mehman Süleymanov: “...Əlağa Şıxlinski Cümhuriyyət dövründə Səməd bəyin müavini olmaqla bərabər, həm də onun sağ əli idi. Səməd bəy Ə.Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, insani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Ə.Şıxlinskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu quruculuğunda da ondan geniş istifadə edilirdi. Ordu quruculuğu prosesinin elmi-praktik biliklər tələb edən məsələlərinin həlli əsasən Ə.Şıxlinskiyə həvalə edilirdi və həmin məsələlərin keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə olmazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu və vaxtilə rastlaşdığı bir çox hərbçilərdən fərqli olaraq o, Ə.Şıxlinski kimi bir hərbçi ilə birgə xidmət etməyi nəinki karyerasına təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilirdi ki, Ə.Şıxlinski bütünlükdə nazirliyin yükünü öz üzərinə götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da Səməd bəy nazir vəzifəsinin icrasını Ə.Şıxlinskiyə həvalə edərdi. Cümhuriyyət dövründə hərbi nazirin vəzifəsini digər generallar da icra etmişlər. Ancaq bu o zaman olurdu ki, həm Mehmandarov, həm də Ə.Şıxlinski xidməti ezamiyyətdə olurdular.

General Ə.Şıxlinskinin Cümhuriyyət ordusunun təşkilində çox böyük xidmətləri vardır. Onun komandanlığı altında yaradılmış Müsəlman korpusunun və Azərbaycan korpusunun tarixinə toxunmadan qeyd etmək lazımdır ki, ilk milli peşəkar hərbi məktəbin təşkili də əslində, Ə.Şıxlinskinin adı ilə bağlanmalıdır. Gəncədə açılan bu məktəbin - Milli hərbiyyə məktəbinin işə başlaması çox vaxt tarixi ədəbiyyatda türk hərbçilərinin fəaliyyəti ilə bağlanılır. Sözsüz ki, Milli hərbiyyə məktəbinin fəaliyyətə başlamasında, ilk milli hərbi kadrların hazırlanmasında türk hərbçilərinin böyük zəhmətini qiymətləndirməmək olmaz. Ancaq ədalət naminə o da bildirilməlidir ki, Milli hərbiyyə məktəbinin əsası Ə.Şıxlinski tərəfindən qoyulmuşdur. Bu məktəbin təşkili üçün Ə.Şıxlinski Müsəlman korpusunun komandiri kimi 1918-ci ilin əvvəllərində əmr vermişdi. Məktəb Bakıda açılmalı idi. Sonradan Bakıda hərbi şəraitin mürəkkəbləşməsi üzündən onun Gəncədə təşkili qərara alındı”.

 

Şəmistan NƏZİRLİ,

istefada olan polkovnik-leytenant, publicist

Azərbaycan.-2015.- 23 aprel.- S.6.