Əqli mülkiyyətin qorunması müstəsna əhəmiyyət kəsb edir

 

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

 

UNESCO Baş Assambleyasının 1995-ci il 15 noyabr tarixli qərarı ilə aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan olunmuşdur. Ölkəmizdə bu gün 1996-cı ildən qeyd edilir. Bununla bağlı hər il müxtəlif tədbirlər, konfrans və “dəyirmi masalar keçirilir, əqli mülkiyyətin və müəllif hüquqlarının qorunmasının vacibliyi ilə əlaqədar maarifləndirmə işi aparılır.

Müəllif hüququnun əqli mülkiyyətin qorunması və idarə edilməsi ilə iki beynəlxalq təşkilat - ÜƏMT və UNESCO məşğul olur. UNESCO-nun hər il iki mindən artıq adda nəşrləri olan, yeganə sayılan Beynəlxalq Tərcümələr Biblioqrafiyasını (100 ölkəni təmsil edən və müəllif haqqında, onun hansı əsəri, hansı dilə və kim tərəfindən tərcümə edilməsini işıqlandıran kataloq) aparır, Ümumdünya Müəlliflik Hüququ haqqında Konvensiyaya başçılıq edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülmüş, 1993-cü ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradılmışdır. Respublikamız 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olmaqla yanaşı, “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasını və “Müəllif hüququ haqqında” Ümumdünya Konvensiyasını ratifikasiya etmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”. Əsas Qanunda əksini tapmış bu müddəa üzrə hazırlanmış və 1996-cı il oktyabrın 8-də qüvvəyə minmiş “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun müəllif hüquqlarının, habelə əqli mülkiyyətin qorunmasının əsas prinsip və vasitələrini müəyyənləşdirir. Qanunun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yazılması ilə yaranır, müəllifin bütün həyatı boyu və ölümündən sonra (bəzi hallar istisna olmaqla) 70 il qüvvədə qalır. Bu, müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququ çərçivəsində həmçinin şəxsi (qeyri-əmlak) hüquqların qorunması; əsərin müəllifi kimi tanınmaq hüququ əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliyin aparılmasına qarşı çıxmaq hüququ nəzərdə tutulmuşdur. Onların qorunmasına zaman məhdudiyyəti qoyulmur.

Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılması adətən, vasitəçilərin - ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olur. Onların hüquqları isə əlaqəli hüquqlar kimi səciyyələndirilir. Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır. Bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır.

Ölkəmizdə yaradıcı insanların hüquqlarının qorunması və onların fəaliyyətinin stimullaşdırması sahəsində mühüm işlər görülmüşdür. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun qəbul edilməsi ilə Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələ başlanmışdır.

Respublikamızda müəllif-hüquq sisteminin inkişafı şərti olaraq dörd mərhələyə ayrılır. Birinci mərhələ - 1993-1996-cı illər müəllif-hüquq sisteminin yaradılması və təşəkkülü kimi səciyyələnir. Bu mərhələdə ölkə Konstitusiyasında müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunmuş, yaradıcılıq azadlığına tam təminat verilmişdir. Azərbaycan MDB çərçivəsində bu sahəyə aid müvafiq sazişlərə qoşulmuş, UNESCO-nun “Müəllif Hüququ haqqında Ümumdünya Konvensiyası”nda iştirakını davam etdirməsi barədə qərar qəbul etmiş, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvü olmuşdur.

İkinci mərhələdə 1997-2002-ci illərdə müəllif hüquqlarının qorunması, idarəçiliyi və müdafiəsi üzrə normativ hüquqi bazanın formalaşdırılması prosesi davam etdirilmiş, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” qanun (2002) və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tətbiqi ilə bağlı normativ sənədlər qəbul edilmişdir. Əsərlərin qeydiyyat sistemi yaradılmış, hüquq pozuntularının profilaktikası məqsədilə əqli mülkiyyət bazarının monitorinqinə başlanmış, milli müəllif-hüquq institutunun beynəlxalq sistemə inteqrasiyası sürətlənmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası “Ədəbi və bədii əsərlərin qorunması üzrə Bern Konvensiyası”na və “Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyaya qoşulmuş, müəllif hüquqları sahəsində bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olmuş, ÜƏMT çərçivəsində keçirilmiş Diplomatik Konfransın rəhbər orqanlarına seçilmişdir.

2003-2008-ci illəri əhatə edən üçüncü mərhələ - milli müəllif-hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu mərhələdə müəlliflik və digər əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi baza daha da təkmilləşdirilmiş, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” (2003) və “Məlumat toplularının hüquqi qorunması haqqında” (2004) yeni qanunlar qəbul edilmişdir. Bunlardan əlavə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin təmin edilməsi”, “Piratçılıqla mübarizə: müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi üsulları” ilə bağlı məqsədli proqramlar, həmçinin “Azərbaycanda əqli mülkiyyət sisteminin inkişaf konsepsiyası” da hazırlanmışdır.

Azərbaycanda əqli mülkiyyət sahəsində görülən işləri yüksək qiymətləndirən ÜƏMT rəhbərliyi 2006-cı ildə Azərbaycanda olmuş, ölkə rəhbəri tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası hökuməti ilə ÜƏMT arasında Əməkdaşlıq Proqramı imzalanmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası 2006-cı ildə UNESCO-nunQeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında Konvensiyası”na qoşulmuşdur. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin konvensiyanın həyata keçirilməsi üç dövlət strukturuna - Mədəniyyət və Turizm Nazirliyinə, Müəllif Hüquqları Agentliyinə və Milli Elmlər Akademiyasına tapşırılmışdır.

Dördüncü mərhələ 2009-cu ildən hazırkı dövrədək olan illəri əhatə edir - müasir rəqəmli çağırışlara cavab verən və biliklərə əsaslanan iqtisadiyyatda rəqəmsal müəllif-hüquq sisteminin formalaşdırılması dövrü kimi xarakterizə edilir.

Bu mərhələdə Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildən başlayaraq milli əqli mülkiyyət sahəsində bir sıra islahatlar həyata keçirilir. Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət sahəsinin inkişafının uzunmüddətli milli strategiyası hazırlanmış, əqli mülkiyyət sahəsi Azərbaycan dövlətinin “Azərbaycan 2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamət kimi qəbul edilmişdir.

Piratçılığa qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun (2012) qəbul edilmiş, Müəllif Hüquqları Agentliyinin tabeliyində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” yaradılmışdır. Azərbaycanın təşəbbüsü ilə mərkəzin nəzdində rəqəmli hüquqların on-line monitorinqi və lisenziyalaşdırma xidmətinin yaradılması ÜƏMT-nin rəhbərliyi və ekspertləri tərəfindən müsbət qarşılanmışdır.

Müəlliflərin müraciətlərinə baxılmasında operativliyi artırmaq üçün agentliyin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın işi gücləndirilmiş, 960 nömrəli “qaynar xətt” açılmış, daxil olan müraciətlər müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından araşdırılmışdır.

Azərbaycan nümayəndələri ÜƏMT-nin Baş Assambleyasının tədbirlərində, Folklor üzrə hökumətlərarası komitəsinin və daimi komitələrinin işində, konfranslarında, ÜƏMT-nin əqli mülkiyyət üzrə II Qlobal simpoziumunda iştirak etmişdir. “Müəllif hüququ üzrə” Azərbaycan nümayəndəsi ÜƏMT-nin MDB məkanından ilk dəfə olaraq assambleyanın sədri seçilmişdir. Keçən ilin may ayında ÜƏMT-nin baş direktoru doktor Frensis Qarri Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, ölkəmizin əqli mülkiyyət məsələlərinə yüksək qiymət vermiş, “Azərbaycan Respublikası hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Həmin sənədin icrası ilə əlaqədar Müəllif Hüquqları Agentliyi və Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən birgə 2014-2017-ci illər üzrə Fəaliyyət Planı hazırlanmışdır. Plana uyğun olaraq 2014-cü ilin dekabr ayında Müəllif Hüquqları Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlçatımlığının müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Ölkəmiz piratçılığa qarşı da beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun tətbiqi ilə əlaqədar agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrinə, “Nəşriyyat işi haqqında” qanunaagentliyin əsasnaməsinə müvafiq dəyişikliklər edilmiş, müəllif-hüquq pozuntularına dair sanksiyalar sərtləşdirilmişdir. Piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət orqanları ilə birgə aparılan ardıcıl tədbirlər müsbət nəticələr vermişdir: kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61 faizdən 30-a, audio-video məhsulları 90 faizdən 68-ə, proqram təminatı 96 faizdən 85-ə düşmüşdür. Ən vacibi isə müəlliflik hüququna əsaslanan kreativ sənayenin ÜDM-dəki payı 2,5 dəfə artmışdır.

Müəllif hüququnun məqsədi əsərlərin yaradılması və yayılması ilə bağlı olan bütün təşkilatlarla əməkdaşlıq etmək və yeni texnologiyalar vasitəsilə yaranan mədəni mübadilədən faydalanmaqdır. ÜƏMT-nin baş direktoru, doktor F.Qarrinin dediyi kimi: “Müəllif hüququnun məqsədi - biznesin korporativ maraqlarının həvəsləndirilməsində deyil, mədəni dinamizmə yardım etməkdədir.”

Bu mənada respublika Müəllif Hüquqları Agentliyi Azərbaycanın mədəni irsinin əsrlər boyu erməni plagiatçılığına məruz qalmasını həmişə diqqətdə saxlayır.

Tarixi saxtalaşdıraraq həqiqətlə yalanı qarışdıraraq oxucuları çaşdıran külli miqdarda kitablar, məqalələr çap etmək, çoxsaylı saytlar yaradaraq tariximizə və mədəniyyətimizə iftiralar, uydurmalar yapmaq ermənilərin peşəsidir. Hələ də çoxlu sayda erməni və ermənipərəstlərin sifarişi ilə yazılmış muzdlu xarici müəlliflərin “əsərləri” və qəzet-jurnal məqalələri dünyaya yalanlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Xalqımızın folklor nümunələrinin qorunması və mədəni irsimizə göz dikən ermənilərin plagiatçılıq fəaliyyətini ifşa etmək məqsədilə ötən ilin aprel ayında Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir. Erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” (müəllif Kamran İmanov) kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr edilərək dünya ictimaiyyətinə çatdırılmışdır. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV vasitəsi ilə erməni iddialarını ifşa edən çoxsaylı materiallar yayılmış, folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə ÜƏMT-yə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilmişdir.

Milli irsimizin ermənilər tərəfindən oğurlanması cəhdlərinin qarşısının alınması istiqamətində işlər davam etdirilir. Sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısının erməniləşdirilməsi və Sayat Novaya aid edilməsi cəhdinin qarşısı alınmışdır.

Məsələ ilə əlaqədar Müəllif Hüquqları Agentliyi Türkiyənin müvafiq dövlət qurumlarına müraciət göndərərək ermənilərin bu iddialarının əsassızlığını sübut edən dəlillər təqdim etmişdir. Agentliyin bununla bağlı şərhində qeyd olunmuşdur ki, Sayat Novanın yaradıcılığı ilə bağlı aparılan təhlil göstərir ki, onun əsərlərinin siyahısında “Çırpınırdın Qara dəniz” adlı şeirə rast gəlinməmişdir.

“Çırpınırdın Qara dəniz” şeirini 1914-cü ildə Əhməd Cavad Gəncə şəhərində yazmış, onun 1920-ci illərə qədər çıxmış kitablarına daxil edilmiş, 1918-ci ildə isə Üzeyir Hacıbəyli bu şeirə musiqi bəstələmiş, mahnı bir çox tədbirlərdə ifa edilmişdir. Mahnı müəlliflərinin sovet dönəmində pantürkçülükdə ittiham oluncağından ehtiyat edərək üzə çıxarmamışlar. Amma bu şeir-mahnı yarandığı gündən qardaş Türkiyə Cümhuriyyətinin radio və televiziyasında tez-tez səslənməkdədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu möhtəşəm şeir-mahnı 1993-cü il martın 10-da Bakıda, indiki Heydər Əliyev adına sarayda Əhməd Cavadın anadan olmasının 100 illik yubiley gecəsində səsləndirildi.

Erməni plagiatlığı ilə bağlı daha bir fakt: sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus “Sənə qurban” mahnısı Müəllif Hüquqları Agentliyinin əməkdaşlarının araşdırmaları nəticəsində məlum olmuşdur ki, A.Madadyanın ifa etdiyiGarun” (“Bahar”) mahnısının melodiyası ilə “Sənə qurban” mahnısının melodiyası üst-üstə düşür. Mahnının sözlərini M.Müşfiq 1937-ci ildə yazıb, mahnını ilk dəfə 1968-ci ildə Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ifa edib. 1978-ci il iyunun 10-da Müəllif Hüquqları Agentliyində (o zaman Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublika şöbəsi adlanırdı) bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı qeydiyyata alınıb. Faktla bağlı müvafiq tədbirlər görülmüşdür.

Yerli KİV və yayım kanalları vasitəsi ilə ermənilər tərəfindən mütəmadi olaraq erməni nümunələri kimi qələmə verilən və ya ifa edilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri və dastanlarımız, o cümlədən “Dədə Qorqud” qəhrəmanlıq dastanı, milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimizin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə beynəlxalq ictimaiyyətə və lazımi təşkilatlara məlumat verilmişdir. Erməni plagiatını ifşa edən materiallar, xüsusən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat materialları xarici ölkələrdə geniş yayılır və Azərbaycanın zəngin mədəni irsinin erməni plagiatına məruz qalması beynəlxalq təşkilatlara çatdırılır.

Hazırda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçirilir. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin edilir. Bu isə deməyə əsas verir ki, Azərbaycanda müəlliflik və onunla bağlı əlaqəli hüquqların, habelə əqli mülkiyyətin qorunması sahəsində ardıcıl və sistemli şəkildə işlər aparılır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2015.- 23 aprel.- S.7.