95 yaşlı veteran

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

Bəşəriyyət üçün böyük faciələrə səbəb olan Böyük Vətən müharibəsi on milyonlarla insanın məhv edilməsi, mədəniyyət ocaqlarının dağıdılması, yaşayış məskənlərinin Yer üzündən silinməsi ilə yadda qalmışdır. Bu döyüşlərdə azərbaycanlılar da yaxından iştirak etmişlər. Onlardan biri də Astaranın Şiəkəran kəndindən olan  1920-ci il təvəllüdlü Mirməhəmməd Əliyevdir. 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumunu bitirən Mirməhəmməd Əsxənakəran kəndində müəllim kimi fəaliyyətə başlayır. Uşaqlara təhsil verməyi qarşısına məqsəd qoyan bu gəncin arzularına  müharibə sədd çəkir. Elə ilk günlərdə o, hərbi komissarlığa gələrək vətənə borcunu yerinə yetirmək istədiyini bildirir.

- Mən düşündüm ki, torpağın ağır günündə hamı bir olmalıdır - deyə Mirməhəmməd baba o dövrü belə xatırlayır. Səhər xəbər verildi ki, almanlar sərhədlərimizi keçərək müharibəyə başlayıblar. Hamını evə buraxdılar. Mən kəndimizə gəldim. Rəhmətlik atam üzümə baxıb soruşdu ki, fikrin nədir? Mən sakitcə: “Döyüşə gedəcəm” - dedim. Kəndimizin ağır seyidi sayılan atam əllərini kürəyimə çəkib “Get oğlum, Allah səni qorusun” - dedi.

Könüllü olaraq cəbhəyə yollanan Mirməhəmməd öncə Ermənistanın Dilican bölgəsinə gəlir. Burada kəşfiyyat bölməsində təlimlər keçirilir, onları tapşırıqların yerinə yetirilməsinə hazırlayırlar. Təlim-məşqlərdə fərqləndiyinə görə ona rütbə də verirlər.

- Bilirsiniz, çətinlik görməyən insan üçün həmin məşqlərdə iştirak etmək doğrudan da, bir vahimə yaradırdı - deyə Mirməhəmməd baba söhbətinə davam edir. Mən elə uşaqlıqdan çətinliklərlə üzləşdiyimə görə, o təlimlər məni sındıra bilmədi. İki ay ərzində bizə kəşfiyyat üçün lazım olan hər şeyi demək olar ki, öyrətdilər.

Yenidən Bakıya qayıdır və bir müddət bəzi zavodların köçürülməsində iştirak edir. 1941-ci il dekabrın son günlərində onları vaqonlara mindirib Novorossiyskə yola salırlar. 1942-ci ilin ilk günü Krıma doğru yol alırlar. Kerçə yaxınlaşan iki gəmini almanlar batırırlar. Mirməhəmməd baba həmin anları belə xatırlayır:

- Gecənin qaranlığında göz-gözü görmürdü. Hamımız döşəməyə uzanıb atılan fişənglərin necə ətrafı işıqlandırdığını müşahidə edirdik. Arabir pulemyot şaqqıltısı eşidilirdi. Düşmənlə üzbəüz döyüşüb ölmək başqa, gəmidə mərmidən suda batmaq özgə şeydir.

Kerçdən başlayaraq döyüşlərdə iştirak edən Mirməhəmməd Ukraynanın, Belorusiyanın düşməndən azad olunmasında iştirak edir. Yandırılmış şəhərləri adladıqca içində müharibəyə nifrət oyanır.

- Mən dava-dalaşı sevməyən adamam - bildirir. Dəhşətlər gətirən müharibəni Allah heç kimə göstərməsin. Çünki insan həyatı quruca daşdan da ucuz olur, sanki şeytan qəlblərə hakim kəsilir.

1944-cü ildə Mirməhəmməd hərbi sanitar divizionuna dəyişdirilir. Həmin ili keçmiş SSRİ sərhədlərini adlayan ordu Avropanı faşist xuntasından azad etməyə başlayır. Qələbə gününü Berlində qarşılayır.

1945-ci ilin iyununda Mirməhəmmədi Mancuriyaya göndərirlər. Yaponiya ilə döyüşlərdə yaxından iştirak edir. Bir qədər sonra Yaponiya da məğlub olur.

1947-ci ilin ortalarınadək dağılmış şəhərlərin bərpasında iştirak edən Mirməhəmməd vətənə gəlir. Azərbaycan Tibb Universitetinə daxil olaraq təhsilini davam etdirir. Bir qədər Lənkəranda işlədikdən sonra Qarakalpaq Muxtar Respublikasına işləməyə göndərilir. 1953-cü ildə Özbəkistana gedirorada böyük bir zavoda rəhbər təyin edilir. Az bir zaman kəsiyində dağılmış müəssisəni ayağa qaldırır. Mirməhəmməd eyni zamanda Səmərqənd Sənaye Texnikumunu da bitirir.

Nəhayət, 1980-ci ildə Mirməhəmməd Əliyev Bakıya qayıdır.

Özü Özbəkistanda yaşasa da, övladları vətənə gələrək burada işləyirdilər. Üç qız və iki oğul atası olan Əliyevlər ailəsində hamı ali təhsil almışdı. 1989-cu ildə Yasamal rayonunda yaşayan oğlunun yanına biryolluq köçən Mirməhəmməd o zamandan bəri Azərbaycandan ayrılmır.

Mirməhəmməd Əliyevin sinəsini orden medallar bəzəyir. 1942-ci ildən bəri aldığı bütün mükafatları qoruyur. Bunlar mənə verilən qiymətdir” - deyir.

- Bizə çox qayğı ilə yanaşırlar. Prezident İlham Əliyevin fərmanı ilə hər il verilən müavinətlər, evlərimizin təmirinə ayrılan vəsaitlər biz veteranların ürəyincədir. Eyni zamanda, bu yaşımızda belə qayğı bizə yeni ruh verir. İnsan qayğı görəndə yaşamaq arzusu daha da artır.

95 yaşı bu günlərdə tamam olan müharibə veteranı M.Əliyev görüşümüzün sonunda dedi:

- Bu gün torpaqlarımızın 20 faizdən çoxu işğal altındadır. Biz bütün dövrlərdə qonşulardan üstün olmuşuq. İstər qəhrəmanlıqda, istərsə döyüşkənlikdə bizə qalib gələn ola bilməz. Bunu Böyük Vətən müharibəsində xalqımız sübuta yetirib. İqtisadiyyatımız güclənir, dünya ölkələrinin yanında nüfuzumuz artır. Qalır bircə torpaqlarımızın azad olması. Təki Allah bizə ikinci qələbə gününü yaşatsın.             

Ömrünün 95-ci baharını yaşayan Mirməhəmməd baba əmindir ki, tezliklə Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad edəcəkdir. O gün isə uzaqda deyil.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 28 aprel.- S.11.