Azərbaycan Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

 

Prezident İlham Əliyevin

çıxışı

 

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Əvvəlcə xanım həmsədr Vike-Freyberqaya ölkəmiz, bizim etməyə çalışdığımız işlər, nisbətən qısa müddətdə əldə edə bildiklərimiz haqqında xoş sözlərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məşhur siyasətçilərin, dövlət və ictimai xadimlərin, hakimiyyətdə olan, o cümlədən sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi belə bir mötəbər tədbiri qısa vaxtda təşkil etmək iqtidarında olan dünya səviyyəli beynəlxalq təsisata çevrilməsi işində möhtəşəm nailiyyətlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, dünyada nadir bir hadisədir. Biz prezidentlər olaraq bir çox beynəlxalq tədbirlərdə iştirak etmişik. Hesab edirəm ki, Bakı Forumunun dünyanın siyasi xəritəsində məxsusi yeri var. Bu Forum intellektualların, təcrübəli siyasətçilərin, öz ölkələrinə və xalqlarına ləyaqətlə xidmət etmiş və xidmət etməkdə olan insanların, təcrübəyə və biliyə malik insanların toplantısıdır.

Bu gün sürətlə dəyişən dünyada bəzən hadisələrə qısa müddət ərzində tez reaksiya vermək tələb olunduqda mütəxəssis biliyi, biliklər, reallıqların dərk edilməsi bəlkə də heç vaxt olmadığı kimi bir zərurətə çevrilib. Bakıda ötəndəfəki görüşümüzdən bəri baxın görün, dünyada nə qədər hadisələr baş verib. Bu hadisələrin əksəriyyəti yumşaq desək, narahatlıq doğurur. Bu hadisələrin əksəriyyəti gərginliyin artmasına, toqquşmalara, qan tökülməsinə, insan hüquqlarının tapdalanmasına, beynəlxalq səviyyədə tanınan sərhədlərin pozulmasına gətirib çıxarır. Bu, çox məyusedicidir. Belə ki, biz dünyanın heç də istəmədiyimiz istiqamətdə irəlilədiyini müşahidə edirik. Dünyanın müxtəlif yerlərində qarşıdurmalar, yeni toqquşma əraziləri və müharibələri görürük. Beləliklə, buradakı müzakirələr, açıq müzakirələr, planetimizin inkişafı üçün mühüm qərarlar verən şəxslərə tövsiyələr çox dəyərli və əhəmiyyətlidir.

Mən xanım həmsədrə və doktor Serageldinə onların möhtəşəm fəaliyyətinə və töhfəsinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox mötəbər və əhəmiyyətli beynəlxalq təsisatdır.

Mən burada bütün həmkarlarımı və dostlarımı da salamlamaq istəyirəm. Bu gün aramızda olan insanların çoxu ilə biz prezident olaraq sıx çalışmışıq. Mən Bakıdakı, təmsil etdiyiniz ölkələrdəki görüşləri xatırlayıram. Biz bir yerdə olanda aramızda çox səmimi və dostluq münasibətləri formalaşmışdır. İndi isə sizlərin artıq ayrı statusda olduğunuz, mənim isə əvvəlki statusda olduğum halda biz hələ də bu dostluq münasibətlərimizi davam etdiririk və mən sizi bu gün Bakıda görməyimə çox şadam.

Bakı həqiqətən də müxtəlif növ tədbirlərin keçiriləcəyi bir məkana çevrilir. Ənənəvi xarakter daşıyan Mədəniyyətlərarası Dialoq Forumu may ayında Bakıda üçüncü dəfə keçiriləcək. Mədəni müxtəliflik və multikulturalizm məsələlərinin müzakirə olunduğu Humanitar Forum bu ilin payızında beşinci dəfə keçiriləcək. Nizami Gəncəvi Forumunun artıq dünya xəritəsində öz yeri var. Həmçinin iqtisadi gündəmə aid tədbirlər keçirilir. Əlbəttə ki, bu gün enerji və təhlükəsizlik məsələləri müəyyən dərəcədə Bakıdan ünvanlanır. Bakıda qəbul edilən qərarlar qitəmizin gələcək enerji siyasətinə və enerji təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir.

Bu il iki aydan da az müddət sonra biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hələ iki gün əvvəl Oyunların məşəlinin alovlandırılması ilə bağlı möhtəşəm bir mərasim təşkil edilmişdi. Xoşbəxtlikdən, bizim məşəli alovlandırmaq üçünyerimiz var. Azərbaycan sivilizasiyaların və müxtəlif dinlərin mövcud olduğu qədim məkandır. Azərbaycanın tarixi abidələrindən biri olan Atəşgah alov–zərdüştlük məbədidir. Mərasim orada təşkil olundu və məşəlin bütün ölkə miqyasında səyahətinə start verildi. İki il sonra - 2017-ci ildə biz bütün müsəlman ölkələrindən idmançıların dəvət ediləcəyi İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, iki il müddətində, Bakıda, bir şəhərdə Avropa Oyunları və İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da Azərbaycanın əsl mahiyyətidir. Bu, bizim tariximiz, mədəniyyətimiz, ənənələrimizdir. Bizim dərin ənənəvi köklərimiz var. Biz müsəlman dünyasının bir hissəsiyik, eyni zamanda, bizim üzərimizdə həmişə güclü Avropa təsiri olub. Bu gün bizim siyasətimizə və fəaliyyətimizə nəzər yetirsəniz görəcəksiziniz ki, bizim xarici siyasətimizin prioritetlərindən biriAvropa ilə yaxından əməkdaşlıq etməkdir. Azərbaycan Sülh Tərəfdaşlıq Formatının bir üzvü kimi bu əlaqələrin inkişafına da töhfə verir.

Bu gün qonaqlarımız arasında Avropa, Asiya, Latin Amerikası və müsəlman ölkələrindən məşhur siyasətçilər, dövlət xadimləri var. Bizim hamımızı sülh, əməkdaşlıq, yəqinlik, ləyaqət, insan hüquqları və demokratiya ideyaları birləşdirir. Bunlar bizi birləşdirir. Bir çox ölkələrin nümayəndələrinin bu gün Bakıda bizimlə olması çox sevindiriciqürurverici haldır. Biz əməkdaşlığa, inkişafa töhfə vermək və bütün tərəflərə bir daha hamımızın sülh və əməkdaşlıq içində yaşamağın, bir-birimizlə mübarizə aparmamağın, bir-birimizə hücum etməməyin və zorakılığa son qoymağın gərək olduğunu bildirən ismarıcı göndərmək üçün işimizin öhdəsindən gəlirik. Çünki təəssüflər olsun ki, zorakılıq artmaqdadır. Azərbaycan sabit inkişafa malik olan ölkədir. Azərbaycan müasir və gənc ölkədir, lakin eyni zamanda, iqtisadisiyasi cəhətdən müəyyən vəsaitlərə və potensiala malikdir. Biz sülh, əməkdaşlıq və inkişafı gücləndirmək üçün öz səylərimizdən, potensialımızdan istifadə edirik.

Fürsətdən istifadə edərək sizi Avropa Oyunlarının açılış mərasiminə dəvət etmək istəyirəm. Oyunlar Avropada ilk dəfə keçiriləcək, bu da bir az qəribədir. Belə ki, Olimpiya Oyunları Avropada, Yunanıstanda başlayıb və Baron de Kuberten tərəfindən Avropada bərpa olunmasına baxmayaraq, Avropanın heç zaman öz oyunları olmayıb. Avropa Olimpiya Komitəsi tərəfindən bu Oyunların müsəlman əhalisi olan bir ölkədə - Azərbaycanda təşkil edilməsi qərarı müasir tarixin ən müdrik qərarlarındandır. Bu, tolerantlığın, əməkdaşlığın və bizə hörmətin göstəricisidir. Biz də qonaqlarımızın iyun ayının xoş günlərində Bakıda özlərini rahat hiss etmələri üçün əlimizdən gələni edirik.

Bir daha xoş gəlmisiniz! Mən sizə və ölkələrinizə ən xoş arzularımı çatdırıram!