Sumqayıt sosial-iqtisadi inkişafın və modern sənayeləşmənin keyfiyyətcə daha sürətli mərhələsinə qədəm qoyur

 

Qərbin son dayanacağı, Şərqin başlanğıcı sayılan Azərbaycan qlobal böhran şəraitində uğurlu inkişaf tempini qoruyub saxlamaqla Avropanı heyrətləndirməkdə davam edir. Dünyanın qlobal güc mərkəzlərinin maraq toqquşması zəminində neftin qiymətində müşahidə olunan kəskin enmə əksər region ölkələrini resessiya, defolt, devalvasiya kimi neqativ iqtisadi proseslərlə üz-üzə qoysa da, Azərbaycanın böyük uzaqgörənliklə düşünülmüş “Milli inkişaf modeli” zərərli təsirlərə əzmkar müqavimət göstərir.

Əksər region və Avropa ölkələrindən fərqli olaraq böhranın yeni dalğası Azərbaycanda istər zəruri infrastruktur layihələrinin həyata keçirilməsinə, istərsə də hökumətin sosial öhdəliklərini yerinə yetirməsinə hansısa çətinlik yaratmır. Dövlətin konkret hədəfləri olan çevik və sistemli iqtisadi şaxələndirmə siyasəti - ələlxüsus qeyri-neft sektorunun aparıcı sahələri olan sənaye və kənd təsərrüfatına göstərilən yüksək qayğı böhrana qarşı etibarlı sipər rolunu oynayır.

 

Dəqiq və konkret hədəflərə doğru

 

Nazirər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında söylənən fikirlər, təkliflər, həmçinin müvafiq hesabatlar Azərbaycan hökumətinin kifayət qədər rasional antiböhran paketinə malik olduğunu təsdiqləyir. Ötən dövrün iqtisadi qiymətləndirilməsi deməyə əsas verir ki, hökumətin iqtisadi sabitliyin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldur. Bu gün Azərbaycan qlobal iqitsadi böhranın mənəvi təsirlərinə ən az məruz qalan dövlətlərdən biridir. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən isə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılır. Qazanılan uğurlu nəticələr fonunda milli inkişaf modelinin mənfi təsirlərə müqavimət qabiliyyəti bir daha təsdiqini tapır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirər Kabinetinin son iclasındakı dərin məzmunlu nitqində əldə olunan makroiqtisadi uğurları yüksək dəyərləndirərək demişdir: “Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır. Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə, bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik”.

Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləmişdir ki, dövlət başçısının yüksək erudisiya və kreativliklə müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasında qeyri-neft sektorunun, kənd təsərrüfatı və sənayenin inkişafı xüsusi yer alır. Respublikamıza son 12 ildə uğurla rəhbərlik edən cənab İlham Əliyev ötən müddətdə milli mənafelərə əsaslanan rasional siyasət yeritmiş, xalqın inam və etimad bəslədiyi fenomen liderə çevrilmişdir. Bu zaman kəsiyində keçilmiş böyük inkişaf yolunun uğurları dövlət başçısının çoxşaxəli siyasətində xalqa layiqli xidmət məramının daim ön planda dayandığını təsdiqləmişdir. Möhtərəm Prezident İlham Əliyevin siyasi baxışlarında novatorçuluq, islahatçılıq, liberalizm, yüksək humanizm xətti diqqəti xüsusi çəkir. Müasir cəmiyyətlərdə iqtisadi və demokratik inkişafın başlıca təminatçısı rolunu oynayan bu keyfiyyətlər Azərbaycana da böyük uğurlar gətirir.

 

Tarixi ənənələr bərpa olunur

 

Azərbaycanın uğurlu sosial-inkişaf konsepsiyasında hər bir bölgənin - rayon və şəhərin tarixi məşğulluq ənənələrinin bərpası qırmızı xətlə keçir. Xəzərin sahilində yerləşən, əməksevər insanlarının sayəsində daim tərəqqi edən, yaşının azlığına baxmayaraq zəngin ənənər formalaşdıran Sumqayıt şəhəri də Cənubi Qafqazın iri sənaye mərkəzlərindən biri kimi keçmiş şöhrətini bərpa etməkdədir.

Tarixə qısaca ekskurs edərək bildirək ki, II Dünya müharibəsindən yeni çıxmış, iqtisadiyyatı sarsılmış sovet Azərbaycanında belə bir sənaye şəhərinin salınması obyektiv reallıqlarla şərtlənirdi. Sumqayıtın şəhər kimi salınması bir tərəfdən respublikanın zəngin sənaye-xammal potensialının səmərəli realizəsi, digər tərəfdən yeni istehsal müəssisələrinin açılması yolu ilə işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması zərurətindən irəli gəlmişdir.

Təməli 1949-cu il noyabrın 22-də qoyulan Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması isə məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərinə təsadüf edir. 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyevin “kiçik Azərbaycan” adlandırdığı Sumqayıta müntəzəm baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimlərində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.

Xüsusi vurğulamaq istərdim ki, ötən əsrin 90-cı illərində SSRİ-nin məlum səbəblər üzündən dağılması, tarixi təsərrüfat və ticarət əlaqələrinin qırılması Sumqayıtın onsuz da köhnələrək ömrünü başa vurmaqda olan çoxsaylı istehsal müəssisələrini böhranlı vəziyyətə salmış, onların böyük əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdılar. Təəssüflə demək lazımdır ki, həmin dövrdə hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr Sumqayıtın sənaye şəhəri kimi inkişafının artıq perspektivsiz olduğunu bildirir, onun inkişafına laqeydliklə yanaşırdılar. Həmin dövrdə Sumqayıtın düşdüyü acı sosial-iqtisadi vəziyyətdən istifadə edən qüvvələr bu yanlış fikirlərini ictimaiyyətə sırımağa çalışırdılar.

Ümumilikdə, 1990-1993-cü illərdə acınacaqlı iqtisadi və siyasi vəziyyətdə olan Vətənimiz Azərbaycan kimi, Sumqayıt şəhərinin də üzləşdiyi böhranlı vəziyyətdən çıxması ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Məhz ümummilli liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıt şəhərinin yeni ictimai-iqtisadi münasibətlər sisteminin diktə etdiyi bazar reallıqlarına adaptasiyası sürətlənmişdir. Respublikanın iqtisadi cəhətdən çətin vəziyyətdə olmasına baxmayaraq Heydər Əliyevin Sumqayıtın sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başlamışdır.

 

Lider qətiyyəti ilə gerçəkləşən xəyallar

 

Son 12 ildə xalq qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı Sumqayıtla bağlı planların icrasına yüksək həssaslıqla, diqqətlə yanaşır. Möhtərəm Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərini şərtləndirən, onu xalqın sevimlisinə çevirən ən mühüm keyfiyyət də məhz dilindən səslənən hər bir sözə sadiq olması, qol qoyduğu hər bir planı hökmən gerçəkləşdirməsidir. Açıq demək lazımdır ki, bir çoxu üçün xəyal görünən, dumanlı təsir bağışlayan layihələr məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində - əzmlə, inadla, fədakarlıqla həyata keçirilir.

Ötən dövrdə məhz ölkə rəhbərinin siyasi iradəsilə respublikamızda bir sıra vacib, qlobal layihələr uğurla gerçəkləşdirilmişdir. Ən ümumi şəkildə ifadə etsək, Qubanın Xınalıq kimi uzaq kəndinə müasir yolun çəkilməsi, sovetlər birliyi dövründə mavi yanacağa həsrət olan ən ucqar yaşayış məskənlərimiz olan Lerik və Yardımlının dağ kəndlərinə qazın verilməsi, Azərbaycanın kosmik peyki olan ölkələr sırasında yer alması, respublikamızın Avropanın əsas enerji təchizatçılarından birinə çevrilməsi, ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi ən ali quruma sədrlik etməsi, çadır düşərgələrinin tamamilə ləğvi, bütün şəhərlərin, rayonların abadlaşdırılması və digər bu kimi saysız-hesabsız nailiyyətlər verilən sözün kəsərinin, lider qətiyyətinin, novator idarəçiliyin parlaq təcəssümüdür.

Sumqayıt şəhərinin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. 2011-ci ilin iyulunda Sumqayıtda səfərdə olarkən cənab İlham Əliyev bununla bağlı demişdir: “Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq”.

Fəaliyyətində hər bir azərbaycanlının mənafeyini əsas tutaraq hökuməti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyevin mənə yüksək etimad göstərərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən söylədiyi fikirləri də hər zaman böyük məsuliyyətlə xatırlayıram: “Sumqayıt vaxtilə sənaye mərkəzi kimi yaranıb və inkişaf edib, böyük sənaye şəhəri olub. Gələcəkdə də bu, belə olacaq. Biz Sumqayıtın sənaye imkanlarını inkişaf etdirərək, bu şəhərin şöhrətini özünə qaytarmalıyıq. Mən Sumqayıtın əvvəlcə bölgədə, sonra isə dünya miqyasında böyük sənaye mərkəzi kimi perspektivlərini çox aydın görürəm. Bunun necə baş verəcəyini görəcəksən. Biz bu işlərin artıq təcrübədə həyata keçirilməsinin şahidi oluruq. Şəhər sənayesi ən yeni, müasir texnologiyalar tətbiq edilməklə dinamik inkişaf edir”. Prezidentin rəhbərliyi altında artıq uzun illərdir işləyən bir adam kimi deyə bilərəm ki, əgər cənab İlham Əliyev hər hansı sözü deyirsə, deməli, belə də olacaq. Dövlət başçısının çoxşaxəli fəaliyyətinin uğurlarının əsasında dərin elmi biliklər, yüksək intellekt, zəngin təcrübə, uzaqgörənlik və praqmatik siyasət dayanır.

 

Müasir və kreativ şəhərçilik standartları

 

Şübhəsiz, Sumqayıt şəhərinin qarşıya qoyduğu hədəflərə doğru uğurla irəliləməsi dövlət başçısının yüksək diqqət və qayğısının nəticəsidir. Bəli, möhtərəm Prezidentimizin Azərbaycanla, xalqımızın sabahı ilə bağlı çoxlu arzuları, möhtəşəm planları və bütün bunları həyata keçirəcək qətiyyəti və müdrikliyi var! Və bu arzular içərisində Sumqayıtla bağlı xoş niyyətlər, nurlu məramlar qəlbimizi dağa döndərir. Hesab edirəm ki, bu gün Prezident İlham Əliyev, əslində, “Yeni Sumqayıt” ideyasının təşəbbüskarı və yaradıcısıdır.

Təkcə onu demək kifayətdir ki, möhtərəm Prezident son 4 ildə 8 dəfə Sumqayıtda olmuşdur. Şübhəsiz, bu səfərlər, sadəcə, protokol xarakteri daşımayıb, Sumqayıtla bağlı strateji planların, layihələrin reallaşdırılmasına əməli dəstək olub. Dövlət başçısı bu səfərlər zamanı Sumqayıtda çoxsaylı obyektlərin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir, yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir.

Tərəqqi və inkişafa təkan verən dövlət proqramları çərçivəsində xüsusən də son illərdə Sumqayıtda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret və məqsədyönlü xarakter almışdır. Dövlət başçısının tapşırıq və göstərişləri əsasında çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırılmış, şəhərin inkişaf və tərəqqisinə xidmət edən mühüm layihələrin icrasına başlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələri uğurla həyata keçirməsi, zəruri maliyyə vəsaitləri ayırması qısa zamanda görülən işlərin səmərəli nəticələr verməsinə, yeniliklərin hər bir şəhər sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaratmışdır.

Dinamik inkişaf, tərəqqi, abadlıq və quruculuq Sumqayıtda artıq qabarıq hiss olunur. Xüsusən də son illərdə Sumqayıt şəhəri böyük abadlıq-quruculuq meydanına çevrilmiş, sənaye potensialını yüksək sürətlə bərpa etməyə başlamışdır.

Bir vacib məqamı da qeyd edim ki, bu gün Bakı şəhəri ən yüksək səviyyədə inkişaf edir, abadlaşır, müasirləşir. Əvvəllər yeni, novator nailiyyətləri görmək, təcrübə toplamaq üçün xaricə gedirdik, indi isə artıq Bakını görmək kifayət edir. Böyük qürur duyuruq ki, möhtərəm Prezidentimiz tək ölkəmizin şəhər və rayonlarının deyil, ümumiyyətlə, digər xarici dövlətlərin yaşayış məskənlərinin də nümunə götürəcəyi, şəhərsalmada öyrənəcəyi mükəmməl bir model yarada bilib.

Ölkə rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək şəhərdə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması olmuşdur. Təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılmışdır. Ötən illərdə şəhərə dəvət olunmuş bir neçə qrup yüksək ixtisaslı memarların iştirakı ilə ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış, Heydər Əliyev Mərkəzi yaradılmışdır. Xeyli miqdarda dekorativ kol və bitkilər əkilmiş, mərkəzi küçələrin və prospektlərin siması müasir dövrün tələblərinə uyğun dəyişdirilmişdir. Sıxlıq yaratmaqla günün tələblərinə cavab verməyən, şəhərin estetik görünüşünə xələl gətirən müxtəlif ölçülü köşk və quraşdırma obyektləri müasirləşdirilmiş, küçələrdə abadlıq işləri aparılmışdır. Bir maraqlı faktı da qeyd etmək istərdim ki, Sumqayıtın abadlaşma və quruculuğunda istifadə olunan tikinti materiallarının bir çoxu məhz şəhərin özündə istehsal olunur.

Abadlıq-quruculuq tədbirləri çərçivəsində, həmçinin Bayraq meydanı yaradılmış; “Paralimpiya və Olimpiya” idman kompleksləri istifadəyə verilmiş; Əlillərin bərpa mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası tikilmiş; 300 çarpayılıq Sumqayıt Şəhər Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş; Cümə məscidi, Sumqayıtın tarixi muzeyi əsaslı təmir edilmiş; “Asan xidmət” mərkəzi yaradılmış; 1660 şagird yerlik 5 məktəb binası, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin tədris korpusu tikilmiş; 5714 şagird yerlik 6 məktəb binası və 1 saylı uşaq-gənclər idman məktəbi əsaslı təmir edilmişdir. Hazırda 3 məktəb binasında, habelə “Kimyaçılar” Mədəniyyət Sarayının əsaslı təmiri davam etdirilir. 3 uşaq bağçası - körpələr evi əsaslı təmir edilmiş, yeni 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, 1 uşaq bağçası sökülərək yenidən tikilmişdir. Şəhərin 6-cı və 17-ci mikrorayonlarında müasir tipli 2 körpələr evi-uşaq bağçası tikilir.

 

Sakinlərin sosial rifahı naminə

 

Sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, insanların istirahəti üçün yüksək şəraitin yaradılması aparılan abadıq-quruculuq, yenidənqurma işlərinin əsas qayəsini təşkil edir. Həyata keçirilən inkişafyönümlü layihələr şəhərin iqtisadi cəhətdən tərəqqisinə, sakinlərin maddi rifah halının yüksəlməsinə də müsbət təsirini göstərir. Şəhərin inkişafına, gələcək perspektivlərinə olan inam Sumqayıta sərmayə qoyuluşlarının həcminə də müsbət təsir göstərir.

Müqayisə üçün bildirək ki, əgər son 10 il ərzində Sumqayıta 1,2 milyard manat həcmində sərmayə qoyulubsa, təkcə son 6 ay ərzində bu rəqəm 1,3 milyard manat təşkil etmişdir. Başqa sözlə, son 6 ayın göstəricisi əvvəlki 10 ildən daha yüksək olmuşdur!

Son 5 ildə bütün maliyyə mənbələri hesabına şəhərə investisiya qoyuluşları 4 dəfə, tikinti-quraşdırma işlərinin həcmi isə 5 dəfədən çox artmışdır. Bu faktlar bir daha göstərir ki, Sumqayıtı daha böyük yüksəliş, daha misilsiz tərəqqi gözləyir.

Ümumilikdə, son 5 il ərzində ümumi daxili məhsul istehsalı 2 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 1,4 dəfə və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,6 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə, büdcə xərcləri 1,8 dəfə artmışdır. Əhalinin real sayı 400 mini keçmişdir. Sahibkarlıq subyektlərinin sayı 3 dəfə, o cümlədən fərdi sahibkarların sayı 6 dəfə artmışdır.

Əgər son illərə qədər əhalini narahat edən ən ciddi sosial problemlərdən biri işsizlik idisə, artıq bu problem də tamamilə aradan qalxmaqdadır. Ötən 5 ildə hamısı daimi olmaqla 20 mindən çox yeni iş yeri açılmışdır. Ümumilikdə, son 10 ildə Sumqayıt şəhərində 60 minə yaxın iş yerləri açılmışdır. Hazırda şəhərdə işsizliyin səviyyəsi 5 faiz civarındadır.

Bu gün şəhərdə insanların işləməsi, onların faydalı məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar mövcuddur. İnsanların yaşamağa, çalışmağa motivasiyası var. Yeni parkların salınması, asudə vaxtın səmərəli təşkili bu məqsədlərə xidmət edir. Sumqayıtda mədəni-kütləvi tədbirlər ənənəvi hal alıb. Müxtəlif əlamətdar günlərdə, bayramlarda yüksək kreativliklə təşkil olunan tədbirlər sakinlərin böyük marağına səbəb olmaqla onların sosial fəallığını artırır. Hər il keçirilən məktəblilərin hərbi paradı, böyük xonça və paxlavanın təqdim olunduğu Novruz şənliklərində, kitab bayramlarında, şəhər günü tədbirlərində on minlərlə şəhər sakini iştirak edir. Belə tədbirlər insanları bir-birinə daha da yaxınlaşdırır, öz şəhərini, vətənini sevdirir, vətənpərvərlik tərbiyəsində önəmli rol oynayır. Statistik göstəricilər də Sumqayıt şəhərində insanların sosial rifahının yüksəldiyinə dəlalət edir. Belə ki, son 1 il yarımda şəhərin 7 min nəfərdən artıq sakini yeni avtomobil alıb. Çoxsaylı hündürmərtəbəli binaların, mülklərin inşası, mənzillərin alınması da bu inkişaf və tərəqqinin bariz göstəricisidir.

Sumqayıtda uzun illər ekoloji problemlər hökm sürmüşdür. Bu problemlərin bir qismi isə son illərdə uğurla aradan qaldırılır. Əvvəlki illərdə şəhərin çirkab sularının 80 faizə qədəri birbaşa dənizə, çimərliyə axıdılır, Xəzərin kütləvi çirklənməsi baş verirdi. Bu barədə ölkə başçısına məlumat verildikdən dərhal sonra operativ tədbirlər görülmüşdür. “Azərsu” ASC-yə təxirəsalınmaz tapşırıqlar verilmiş, qısa müddətdə sutəmizləyici qurğular, avadanlıqlar gətirilmiş, müvafiq obyektlər qurulmuşdur. İndi şəhərin çirkab suları 100 faiz təmizləndikdən sonra dənizə axıdılır. Bu, ölkə başçısının Sumqayıta və sumqayıtlıların sağlamlığına həssas münasibətinin daha bir əyani nümunəsi olmuşdur.

Əlbəttə, bir yazıda Sumqayıtın son illər ərzində qazandığı uğurları canlandırmaq çətindir. Uğurla yanaşı, şəhərin bəzi problemləri də var və onların həlli istiqamətində zəruri tədbirlər görülür. Nə qədər qəribə səslənsə də, bu problemlərin bir qismi şəhərin son illərdəki dinamik inkişafının nəticəsi kimi meydana çıxmışdır. Məsələn, avtomobillərin sayının artması üzündən artıq şəhərin giriş-çıxış hissəsində, mərkəzi küçələrdə tıxac problemi yaranır. Və yaxud da şəhərin böyük sənaye mərkəzinə çevrilməsi digər bölgələrdən buraya miqrasiya prosesini sürətləndirmişdir. Bu isə şəhərin mənzil-kommunal təsərrüfatında və digər sahələrdə adekvat tədbirlərin görülməsini obyektiv zərurətə çevirir.

 

Modern sənaye mərkəzi

 

Sumqayıt şəhərində son illərdə sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə bağlıdır. Bu zərurət, ilk növbədə, Azərbaycanın hələ sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. 2014-cü ilin respublikamızda “Sənaye ili” elan edilməsi ilə Azərbaycanda sənayeləşmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Şübhəsiz, Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hesab edirik ki, inkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır.

Ölkəmizdə dövlətin mükəmməl idarə edilməsi sistemi yaradılıb. Mərkəz tərəfindən sənayenin inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü iş aparılır. Biz icra hakimiyyətində bəzən yeni açılan müəssisələr istifadəyə veriləndə yalnız qeydiyyata alırıq. Bu, hüquqi dövlətdə yaşadığımızı və hər bir strukturun öz funksiyalarını həyata keçirdiyini nümayiş etdirir. Sumqayıtda istər sosial-iqtisadi inkişaf, istərsə də sənayeləşmə ilə bağlı bütün proseslər olduqca çevik və innovativ metodlarla həllini tapır. Həyata keçirilən layihələrdə ləngimələr, süni maneələr, bürokratik amillər yoxdur. Şəhərimiz bütün layihələrə, planlara, təşəbbüslərə açıqdır və bu da sahibkarlığın bütün müasir təşkilati-hüquqi formalarının inkişafına geniş imkanlar yaradır.

Şəhlərimizin mikrorayonlarında, məhəllələrində vətəndaşlarla mütəmadi olaraq keçirdiyimiz səyyar görüşlərdə təşkil etdiyimiz “Açıq mikrofon” tədbirləri sakinlərimizin dövlətin qayğısına, cənab Prezidentin birbaşa diqqətinə böyük minnətdarlıqla yanaşdıqlarını göstərir. İnsanlar ölkə rəhbərliyinin fəaliyyətini səmimi şəkildə dəstəkləyir, Heydər Əliyev kursunun ölkəmizin inkişafının alternativsiz təminatçısı olduğunu söyləyirlər. Bu görüşlərdə vətəndaşlarımız yalnız minnətdarlıqlarını, yaxud da hansısa çətinliklərini dilə gətirmirlər, həm də şəhərimizin inkişafı ilə bağlı təkliflərini, niyyətlərini də söyləyirlər.

Ümumiyyətlə, hazırda Sumqayıtda möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfin bu mərhələlərlə reallaşdırılması istiqamətində tədbirlər görülür: 1) Azərbaycanın ən güclü sənaye şəhərlərindən birinin tarixi şöhrəti özünə qaytarılmışdır; 2) Sumqayıt “Cənubi Qafqazın ən modern sənaye mərkəzlərindən” biri kimi özünü təsdiqləmişdir; 3) Sumqayıtı “Avropanın ən güclü sənaye mərkəzlərindən birinə çevirmək” planının tətbiqinə başlanılmışdır.

Dövlət başçısı hələ 2013-cü il oktyabrın 4-də Sumqayıta səfəri zamanı şəhərin yaxın illərdə nəinki Cənubi Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye mərkəzlərindən birinə çevriləcəyini vurğulamışdır: “Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır”.

Sumqayıt Texnologiyalar Parkının, habelə Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür. Sumqayıt Texnologiyalar parkında 14 zavod, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Azgüntex Zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları zavodları; Bismak qida-sənaye kompleksi; tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam-qida” Aqrar-Sənaye Kompleksi; “Azərsun” Holdinqin kağız və karton emalı və yağ istehsalı fabrikləri; Gilan” Tekstil Parkı nəzində mis emalı zavodu; tikiş fabriki; beton boru və beton döşəmə daşı istehsal edən müəssisə və s. inşa edilmişdir. Hazırda burada 5 zavodun, “Gilan” Tekstil Parkında 5 fabrikin və Sumqayıt Kimya Sənaye Parkında peşə tədris məktəbinin inşası davam etdirilir.

Karbamid istehsalı zavodunun təməli qoyulmuş, “SOCAR Polymer” MMC-nin polipropilen və polietilen istehsal olunacaq zavodlarının inşasına başlanılmışdır. Bu zavodların inşasına ümumilikdə 2 milyard manatdan çox investisiya qoyulması gözlənilir və 2017-ci ilin sonunda tikinti-quraşdırma işlərinin başa çatdırlıması nəzərdə tutulur.

Hazırda Sumqayıtda əvvəlki dövrlər üçün xarakterik olmayan məhsul və avadanlıqlar (un məmulatları, elektrotexnika, tekstil, maşınqayırma, plastik məmulatlar, əlvan metal və s.) istehsal olunur. Sənayenin inkişafı ilə əlaqədar bizə bacarıqlı, yeni nəsil texnologiyalar mənimsəmiş müasir təfəkkürlü işçilər tələb olunur. Bu baxımdan da texniki peşə məktəblərinin fəaliyyətinə xüsusi əhəmiyyət veririk. Köhnə məktəblərin bazasında daha modern, müasir məktəblər təşkil olunur, yaxud yenilərinin fəaliyyətə başlamaları təmin edilir.

 

Uğur salnaməsinin müəllifi

 

Liderlərin, böyük şəxsiyyətlərin tarixdə rolu haqqında bir tarixçi kimi, istərsə də vətəndaş olaraq daim düşünmüşəm. Bəzən belə fikirlər səslənir ki, tarixdə əvəzedilməz şəxsiyyət yoxdur. Amma tarixi dövrləri doğru-dürüst təhlil edəndə, onun ən dərin qatlarını öyrənəndə görürsən ki, müəyyən insanlar həqiqətən, əvəzolunmaz olur. Bu sırada unudulmaz Heydər Əliyev ilk yada düşən şəxsiyyətdir.

Bu gün cənab İlham Əliyev də artıq əvəzedilməz lider kimi tarixə öz imzasını həkk etdirib. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmiz MDB məkanında iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran ilk dövlət olub və dünyaya “İnkişafın Azərbaycan modeli” kimi ən mükəmməl yüksəliş, tərəqqi strategiyası bəxş edib. Son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. Bu dövrdə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub, valyuta ehtiyatları 1,8 milyard dollardan 50 milyard dollarlıq səviyyəyə keçib. Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb. İşsizlik və yoxsulluq 5 faizə düşüb. 64 min müəssisə yaradılıb, 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Regionlarda 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi, məcburi köçkünlər üçün 84 qəsəbə tikilib.

Tarixi məntiq və nizam kontekstində tam əminliklə söyləmək olar ki, müasiri olduğumuz dövr Azərbaycan tarixinə mövcudluğunun ən möhtəşəm mərhələsi kimi düşəcək. Bəli, indiyədək heç bir zamanda bu qədər böyük inkişaf və bu qədər böyük quruculuq görməmişik! Dövlətimiz bu qədər qüdrətli, müstəqilliyimiz bu qədər möhkəm olmayıb! Avropa Oyunlarının ilk dəfə olaraq məhz Azərbaycanda keçirilməsi isə hər birimizin qürur mənbəyi olmuşdur. Bunun ən mühüm məqamı odur ki, ümumilikdə ölkəmiz bu möhtəşəm idman tədbirinin mükəmməl təcrübəsini, təşkilati prosedurunu yaradacaq. Bəli, artıq Azərbaycan beynəlxalq tədbirlərdə öz standartlarını uğurla tətbiq edir və bu, öyrənilir.

Bütün bunlar şübhəsiz, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun və cənab İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Quruculuq, təşəbbüskarlıq, novatorluq və ən əsası, vətənpərvərlik Azərbaycan Prezidentinin təkcə fəaliyyətinin əsas, məramını deyil, ümumilikdə onu şəxsiyyət kimi misilsizliyini səciyyələndirən vacib amillərdir!

Əminliklə deyə bilərik ki, möhtərəm rəhbərimiz Azərbaycanın müasir tarixində, o cümlədən bu tarixin kiçik parçası olan Sumqayıtın salnaməsində daim qurucu lider, qurucu Prezident kimi qalacaqdır!

 

Eldar ƏZİZOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan.-2015.- 30 aprel.-  S.7.