Milli mətbuatımızın böyük dostu

 

Müəllifin fikrincə, müsəlman əhalinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl bəy ora getməsin. Hara qədəm qoyurdusa, orada izi qalırdı: yeni məktəbin, maarif müəssisəsinin, xeyriyyə cəmiyyətinin, ədəbi məclisin... əsası qoyulurdu. İ.Qaspıralı H.Zərdabini həmişə minnətdarlıq hissi ilə xatırlayır, onu müsəlman ictimai və maarif işlərində ilk pioner sayırdı. Müsəlman həyatının bütün sahələrində müşahidə edilən canlanmaları unudulmaz İ.Qaspıralının məhsuldar fəaliyyətinin nəticəsi hesab edən Ə.M.Topçubaşov məqaləsini belə bitirir: “İsmayıl bəy Qaspıralı kimi bir insanın itkisi müsəlmanlar üçün böyükdür, onların kədərini anlamaq olar. Ancaq təsəlli verən odur ki, onun xidmət etdiyi müsəlmanların hər biri mərhumun təzə məzarı üzərində söyləyir: “Sağ ol, İsmayıl bəy, sən öz xalqının maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!”

Əlimərdan bəy Topçubaşov Bakıdan “Tərcüman”a göndərdiyi teleqramda yazırdı ki, vəfasız əcəl müsəlmanların yolunu nurlandıran çırağı söndürdü, tək “Tərcüman” yox, bütün Rusiya müsəlmanları yetim qaldı. Zaqafqaziya müftisi Qayıbov Baxçasaraya ünvanladığı teleqramda İ.Qaspıralının bütün ömrü boyu müsəlmanların mədəni tərəqqisinə qəhrəmanə çalışdığını vurğulayır. M.Ə.Rəsulzadə Bakıdan yazırdı: “Turanın əmsalsız mədəni qəhrəmanı və Rusiya müsəlmanları ustadının matəm dəstəsi arxasında ağlayıb gedənlərə mən də göz yaşları ilə qoşuluram”.

Xalqımızın böyük oğlu Nəriman Nərimanov da uzun illər boyu İ.Qaspıralı ilə əlaqə saxlamış, əməkdaşlıq etmişdir. O, “Tərcüman”ın 10 illik yubileyi münasibətilə İsmayıl bəyə təbrik məktubu göndərmiş, 1903-cü ildə tələbə ikən Baxçasaraya gələrək İ.Qaspıralını ziyarət etmişdir. İ.Qaspıralı vəfat edəndə - 1914-cü ildə “Bəsirət” qəzetində N.Nərimanov “Baxçasarayda imtahan meydanı” adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz verdiyini kədərlə bildirərək yazırdı ki, İ.Qaspıralının adı əbədiləşdirilməli, onun haqqında kitab yazılmalı, xatirəsinə abidə ucaldılmalıdır.

Türk dünyasının böyük ideoloqu Əhməd bəy Ağaoğlu ilə İ.Qaspıralı münasibətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında fikir mübadiləsi aparmış, Peterburq və İstanbulda dəfələrlə görüşmüş, “Türk ocağı” cəmiyyəti və “Türk yurdu” jurnalı ilə də əməkdaşlıq etmişlər. Təbii ki, İ.Qaspıralının vəfatı Əhməd bəyi də bərk sarsıtmışdı və bu duyğularını o, “Türk yurdu”nda dərc etdirdiyi (1914-cü il, ¹ 12) nekroloqda oxucularla bölüşmüşdür. Ə.Ağaoğlunun dərin hüzn və kədərlə qələmə aldığı, göz yaşları içərisində yazdığı “Artıq əsilli-nəcabətli çöhrədən əbədiyyən məhrum olduq” sözləri adamın yadına istər-istəməz tatar teoloqu Musa Bikiyevin 1914-cü ildə qələmə aldığı “Mülahizə” adlı əsərdəki sətirləri salır: “Mən, əlbəttə, heç nə fikirləşmədən həyatımı onun yerinə qurban verər və onun yerinə qəbrə uzanardım. Əgər mənim bu böyük hörmət etdiyim müəllimimi ayağa qaldırmaq mümkün olsa idi, mən ondan, heç olmazsa, hələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim”.

Qayıdaq Ə.Ağaoğlunun yazdıqlarına. O qeyd edir ki, İ.Qaspıralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm, əslində, milli şüur və mənəvi vəhdətini duymuş olur. Bu qayeyə çatmaq üçün İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və bunun üçün ən müəssir-təsirli amil kimi mətbuatla məktəbə müraciət etdi. Məktəb və mətbuat: budur türklüyü qurtaracaq iki silah! Mərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi. Bəy ailəsi ilə həm mühərrir, həm mürəttib, həm də müvəzirlik-poçtalyonluq vəzifələrini ifa edirdi. Qəzetini oxutdurmaq üçün İsmayıl bəy dəfələrlə Krımdan Qafqaza, Türküstana, Buxaraya, Kazana, Orenburqa səfər edərək qapı-qapı dolaşmaq məcburiyyətində idi. “Tərcüman” damla-damla axırdı və hər damlası hər yerdə yavaş-yavaş təzə, gözəl çiçəklər yetişdirirdi. “Tərcüman”ın lisanı Kazandan Qafqaza, Krımdan Türküstana qədər anlaşılırdı. Bu, böyük bir məharətdir. Bununla mərhum düsturunun birinci bəndini icra etmiş olurdu. Türklər hər yerdə bir-birini anlamağa başlayırdı.

“İqbal” qəzetinin 28 sentyabr 1914-cü il tarixli 749-cu nömrəsində Firidun bəy Köçərlinin “İsmayıl bəy Qaspıralı” adlı yazısı da eyni hisslərlə qələmə alınmış və o dərəcədə də təsirlidir. İ.Qaspıralını “Diriliyimizin mayası və millətimizin ruh mənzili” adlandıran F.Köçərli onun ölümünə heç cür inanmırdı.

Bakıda buraxılan  digər mətbu orqanlar da İ.Qaspıralının vəfatını milli matəm kimi qeyd etmişlər.

Sovet hakimiyyəti illərində İ.Qaspıralı irsi və şəxsiyyətinə rejim və kommunist ideologiyası qatı düşmən kəsilmişdi. Şovinist Katkov, missionerlər Pobedonostnov, Ostroumov, İlminski, Maşanov, çar senzuraları, türk-islam əleyhdarı olan çox sayda qəzetlər, İsmayıl bəyi “kafir” adlandıran müsəlman din xadimləri, ona “xəyalpərəst” deyə hücum edən bəzi üzdəniraq ziyalılarımız diri, canlı İ.Qaspıralı üçün real, ciddi təhlükə olsa da, qarşısıalınmaz deyildilər. Qaspıralı onları susdururdu. Daha qəddarı, zalımı Qaspıralı ruhundan, ideyasından təşvişə düşən, əndişələnən, elə buna görə də onu tarixin səhifəsindən silməyi qərara alan sovet quruluşu və bolşevik ideologiyası idi. Təsadüfi deyil ki, sovet hakimiyyəti hər vəchlə İ.Qaspıralını “pantürkist”, “panislamist” adı ilə yaddaşlardan silməyə, unutdurmağa çalışırdı.

 

Mühacirət mətbuatı İ.Qaspıralı haqqında

 

Təsadüfi deyil ki, İsmayıl Qaspıralı irsi sovet dönəmində inkar, rədd ediləndə, sovet rejim və ideologiyasının düşməni elan olunanda Azərbaycanın istiqlalı uğrunda xarici ölkələrdə ideoloji mücadilə aparan mühacirlər İ.Qaspıralını tədqiq, təqdir və təbliğ edir, eyni zamanda “qırmızı güllələrdən”, bolşeviklərin qərəzli fikirlərindən, amansız hücum, böhtan və iftiralarından qoruyurdular. Azərbaycan mühacirət mətbuatı nümunələri fikirlərimizə ciddi əsasdır.

Mətbuat tarixində əbədi və parlaq iz qoymuş “Azərbaycan yurd bilgisi” jurnalının 1932, 1933 və 1934-cü illərdə ayda bir, ildə 12 nömrəsi, 1937-ci ildə cəmi bir olmaqla toplam 37 nömrəsi işıq üzü görmüşdür. Azərbaycan dilində, latın əlifbası ilə İstanbulda buraxılan məcmuənin müdiri dünya şöhrətli türkoloq, professor, doktor Əhməd Cəfəroğlu idi. O, jurnalın ətrafına azərbaycanlı mühacirlərlə yanaşı, digər türk xalqlarının tanınmış mütəxəssislərini, eləcə də əcnəbi türkoloqlarını toplamışdır.

Azərbaycan xalqının böyük dostu, Krım istiqlal mücadiləsi tarixinin liderlərindən olan, Krım Xalq Cümhuriyyətinin hərbi və xarici işlər naziri, mahir publisist Krımlı Cəfər Seyidəhməd (1889 - Yalta, 1960 - İstanbul) jurnalın 1933-cü il yanvar tarixli 13-cü nömrəsində dərc etdirdiyi “Dil məsələsi və bolşeviklər” adlı məqaləsi kommunist mühərrir Alimcan İbrahimovun Krımın Ağ məscid şəhərində nəşr olunan “Yeni dünya” qəzetinin 1932-ci il 4 oktyabr tarixli 253-cü nömrəsində dərc edilmiş “Ədəbi Oktyabr” məqaləsində irəli sürülən müddəaların, mülahizələrin əsassızlığına, qərəzliyinə və onların tənqidinə həsr olunmuşdur.

Türklər üçün ortaq ədəbi dilin yaradılması lazımdırmı və mümkündürmü, ümumiyyətlə, bu problemin ortaya atılmasının əsasları varmı? “Ümumi ədəbi dil cərəyanını irticaçı bir hərəkat” adlandıran və bu ideyaya, onu irəli sürənlərə sərt şəkildə etiraz edən Alimcan İbrahimovun mövqeyini Cəfər Seyidəhməd tutarlı, elmi-tarixi dəlillərlə alt-üst edir. Məqalənin sonunda Cəfər Seyidəhməd bu nəticəyə gəlir: çarlıq ölmüş, fəqət rus imperializmi qızıl rəngə boyanaraq, daha qorxunc və daha qəti bir şəkildə köhnə yolu ilə gedir və türk dillərini təməlindən yıxmaqla məşğuldur.

Göründüyü kimi, müəllif sovetlərin dil, əlifba siyasətini ifşa etmək üçün İsmayıl Qaspıralının ölməz irsi və ideyasından məharətlə bəhrələnmiş və istəyinə nail olmuşdur. Məqalədə hazırda sovet rejimi və ideologiyasının türk xalqlarının dili, əlifbası, xüsusilə müştərək dil ideyasının üzərinə amansızcasına hücuma keçdiyi qeyd olunsa da, İ.Qaspıralı ideyasının daha canlı, daha perspektivli və həmişəyaşar olduğu qabarıq vurğulanır.

“Azərbaycan yurd bilgisi” böyük xalq xadimi İ.Qaspıralının nəşr etdiyi “Tərcüman” qəzetinin 50 yaşı münasibətilə xeyli material dərc etmişdir. “Dil guşəsi” adlı redaksiya məqaləsində (¹ 15, mart 1933) oxuyuruq: “Hələ İsmayıl bəy Qaspıralının 1881-ci ildən etibarən “türk dili birliyi” sahəsindəki müanidanə (inadcıl - T.A.) çalışması və yazması rusları tamamilə çaşdırmışdı. Mahut missioner və müstəşrik (şərqşünas - T.A.) İlminskinin proqramına uyğun təsis edilmək istənilən ibtidai türk-rus məktəblərinə qarşı İsmayıl bəyin türkçü planı rus missionerləri arasında təlaşı artırmışdır. Nəticədə 1919-cu ildə “Kazan rus missionerləri qurultayı” İsmayıl bəyi həqiqi bir rus düşməni və rus əleyhdarı olduğunu rəsmən elan etmişdir”.

Professor, doktor Fuad Köprülüzadənin, Cəfər Seyidəhməd Krımlının, Xəlil Xasməmmədlinin, professor, doktor Əhməd Cəfəroğlunun, Həsən Abdullaoğlunun “Azərbaycan yurd bilgisi” jurnalının 1933-cü il aprel tarixli 16-cı nömrəsində dərc olunmuş məqalələri qaspıralışünaslığın dəyərli materiallarındandır.

Tanınmış türkoloq Fuad Köprülüzadə “İsmayıl bəy Qaspıralı” adlı  məqaləsində  yazır ki, son 40 il ərzində çar Rusiyası daxilində yaşayan milyonlarla türkün milli və mədəni intibahında ən böyük vəzifələri İ.Qaspıralı yerinə yetirmiş, bütün həyatını bu işə həsr edərək minlərcə maneəyə baxmayaraq, müvəffəqiyyətlə irəliləmişdir. Türklərin son 50 illik milli intibah tarixini yazacaq salnaməçi öz əsərində ona böyük yer ayırmaq məcburiyyətindədir.

İ.Qaspıralının həyat və yaradıcılığı ilə oxucunu tanış edən F.Köprülüzadə onun bir çox maddi və mənəvi müşkilatı dəf edərək, 1883-cü ilin aprelindən buraxdığı “Tərcüman” qəzetinin yalnız Krımda deyil, Kazan, Qafqaz, Türküstan, Çin Türküstanı, Serbiyada, Rumıniyada, Bolqarıstanda, Osmanlı imperatorluğunda, bir sözlə, bütün türk məmləkətlərində böyük əks-səda doğurduğunu yazır, eyni zamanda İ.Qaspıralının yeni üsullu məktəb açmaq, qadın hüququnu qorumaq, qadınların təhsilə cəlb olunmasını təmin etmək istiqamətindəki xidmətlərini vurğulayır və məqaləsini belə bitirir: “Bütün həyatını türklüyün yüksəlməsinə sərf edən bu böyük adam Türk xalqının əbədi şükranlarına layiqdir”.

Cəfər Seyidəhməd Krımlı öz məqaləsində İ.Qaspıralını yalnız türk aləminin deyil, bütün islam dünyasının yetişdirdiyi öndər şəxsiyyətlərindən biri hesab edir və onu “türk millətinin tarixi bir cərəyan, yarada bilmədiyi, hər tərəfin qorxunc bir qaranlıqda çapaladığı bir dövrdə məfkurə eşqindən qüvvət və ilham alaraq parlayan və həqiqi bir fecir - işıq müjdələyən varlığa” bənzədir. Müəllif yazır ki, yaşadığı mühitin fikri və ruhi hürriyyətini təmin etmək məqsədilə ortaya atılan və ruhundakı ilahi gücün böyüklüyündən cəsarət alan İ.Qaspıralı təkbaşına islam dünyasının tarixində dönüş etməyə və heç olmazsa bu sahədə bir başlanğıc və sağlam bir cığır açmağa atılmışdı.

“Qaspıralının idealı, məfkurəsi nə idi?” Cəfər Seyidəhməd Krımlı bu sualı cavablandırarkən yazır ki, onun məqsədi islamın Qərb mədəniyyəti və siyasəti önündə düşdüyü ağır vəziyyətdən, islam dünyasının mübtəla olduğu dərdlərə çarə axtarmaqdan ibarət idi. İ.Qaspıralı islamçılığı, panislamistliyi, milliyyətçiliyi rədd etmədiyi kimi, onun millətçiliyi də islamçılığa müxalif deyildi. Krımlı yazırdı: “Qaspıralı milliyyətçi, türkçü idi. “Dildə, fikirdə, işdə birlik” düsturu Qaspıralının həyatını həsr etdiyi bayrağın - “Tərcüman”ın başına təsadüfən qonmamışdı”.

İstedadlı publisist Cəfər Seyidəhməd Krımlı İ.Qaspıralı ideya və əməllərinin mənbəyini, məramını, gücünü məhəbbət və məharətlə, inandırıcı, obrazlı, eyni zamanda tarixi faktlara istinad edərək təsvir, təqdim edir. Müəllifin uzaqgörənliklə yazdığı fikirləri bu gün tarix təsdiq etmişdir: “Çar Rusiyası Qaspıralını yıxa bilməmişdi, bolşevizm tufanı da onun millətin qəlbində buraxdığı böyük sevgi və minnət izini silə bilməyəcəkdir. Gələcək nəsillər hər halda bütün türk qəbilələrinin hürr ocaqlarında müqəddəs milli yolda yorulmamış, satılmamış, dönməmiş olan Qaspıralıya layiq müəssisələr açacaq və heykəllər ucaldacaqlar”.

Məqalədə C.Krımlı İ.Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” ideyasının həyata keçirilməsi üçün ilk addımın da özü tərəfindən atıldığını xüsusi vurğulayır: “Dil”dəki işi bütün türk dünyasında anlaşılan sadə, tərkibsiz və kifayət qədər az ərəb, fars kəlmələrindən istifadə edən “Tərcüman”ın dilini yaratmaq oldu. İ.Qaspıralı hər bir sözü sadələşdirmək, dili yad kəlmələrdən xilas etmək uğrunda mücadilə aparırdı.

Moskva Universiteti Hüquq fakültəsinin məzunu, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədlinin (1875 - Gəncə, 1947 - İstanbul) “İsmayıl bəy Qaspıralıya aid bir xatirə” adlı yazısı da maraq doğurur. Müəllif İ.Qaspıralı ilə Moskva Universitetində görüşünü, bu təmasdan aldığı unudulmaz təəssüratı, sonrakı əlaqə və əməkdaşlığı ilə bağlı xatirələrini məhəbbətlə qələmə almışdır. Xəlil bəy Xasməmmədli xatirəsinin sonunda “bu böyük və əzmkar türk milli qəhrəmanının” - İsmayıl Qaspıralının fikir və düşüncələrinin öz əhəmiyyətini itirmədiyi və bugünün həll edəcəyi məsələlər sırasında durduğunu vurğulayır.

Türkologiyanın parlaq simalarından biri, professor, “Azərbaycan yurd bilgisi” jurnalının naşiri və redaktoru Əhməd Cəfəroğlu (1899 - Gəncə, 1975 - İstanbul) “İsmayıl bəy Qaspıralı” adlı məqaləsini mərhumun məşhur misraları ilə başlayır:

 

“Mən doğuldum Avcı köydə

Min səkkiz yüz əlli birdə.

Məkanımdır Baxçasaray,

Qəbrim kim bilir nərədə”, -

 

deyən İsmayıl bəy haqlı olaraq qəbrinin yerini təyin edə bilməmişdir. Bu gün cismən ana qucağı Krımda istirahət edən bu əsl türk övladı mənəvi məzarını, ruhunu otuz beş ildən çox cani-dillə çalışdığı türk ellərinin, uluslarının qəlbində tapmışdır. O, böyük dühası, enerjisi, qayəsi ilə kiçik Krıma sığmamış, gündən-günə krımlılıqdan çıxaraq türk ellərinin mənəvi həyatına əl uzatmış, Krımı Azərbaycandan, Türküstanı İdil-Uraldan, Çin türkünü İstanbul türkündən ayırmamış, birisini o birindən üstün tutmamış, ulu baba kimi hamısına babalıq etmişdir”. Əhməd Cəfəroğlu “İsmayıl bəyi Azərbaycana çox yaxın bir sima” adlandırmış, Zərdabi ilə sıx ülfəti onun Azərbaycana daha isti tellərlə bağlandığını qeyd etmişdir.

“Azərbaycan yurd bilgisi” jurnalında İsmayıl bəy Qaspıralı haqqında materiallar sırasında Həsən Abdullaoğlu Krımlının məqaləsi həm böyüklüyü, həm məzmunu, həm də İsmayıl Qaspıralı - Azərbaycan əlaqəsinə geniş yer verməsi ilə diqqəti çəkir. “Ümumtürklərin böyük bir ustadı, qiymətli müəllimi”, “çox mümtaz və ali bir mövqeyə sahib”, “dahi” kimi kəlmələrlə İsmayıl Qaspıralını tərif edən H.A.Krımlı yazır ki, o, bir tərəfdən qəzeti ilə Rusiya istilasına məhkum türklərin siyasi, iqtisadi, ictimai dərdlərinə dərman axtarır, digər tərəfdənsə türk və islam dünyasını dolaşaraq hər yerdə məktəb açır, elm və ürfan yaymaqla məşğul olurdu. Müəllif İsmayıl bəyin ucsuz-bucaqsız türk ellərində, hətta Hindistanda da yeni üsullu məktəblər açması, “Tərcüman” qəzeti, digər fəaliyyəti barədə geniş bəhs edir.

1932-1934-cü illərdə Berlində Məhəmməd Əmin Rəsulzadənin baş redaktorluğu ilə buraxılan “İstiqlal” qəzeti də İ.Qaspıralı şəxsiyyətini əziz tutur, irsini yüksək dəyərləndirirdi. İ.Qaspıralı türkçülüyə, onun mənşəyinə, məramına, panturanizmə, pantürkizmə, panislamizmə və bu cərəyanların mahiyyətinə, ortaq türk dili, əlifba məsələlərinə dair ayrı-ayrı yazılarda xatırlanır, onun ideyaları, əməlləri barədə yeri gəldikcə danışılır, eyni zamanda böyük xalq xadiminə ayrıca məqalələr də həsr olunurdu.

Qeyd edək ki, “İstiqlal” Türkiyədə, Azərbaycanda türk dili, tarixi ilə bağlı müxtəlif tədbirləri - qurultay, konfrans və simpoziumları diqqətlə izləyir, materiallarını təhlil edir, dəyərləndirirdi. 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakıda keçirilən Birinci Beynəlxalq Türkoloji qurultayı, 1932-ci ilin iyun ayında Ankarada keçirilən tarix müəllim və müdərrislərinin (din tarixi alimlərinin ) konqresi, sentyabrda İstanbulda keçirilən dil qurultayı uzun müddət mətbuatın diqqət mərkəzində olmuş, müzakirə edilmişdir. Ümumiyyətlə, 1920-30-cu illərdə Türkiyədə dövlətin dil və əlifba sahəsindəki siyasəti gündəlikdən düşmürdü. “İstiqlal” da bu taleyüklü problemlərə dair müntəzəm materiallar dərc edirdi. Qəzetin 1932-ci il 15 oktyabr tarixli 17-ci və 1 noyabr tarixli 18-ci nömrələrində Mirzə Bala Məmmədzadənin “Dildə birlik” adlı irihəcmli məqaləsi həm türk dilinin inkişaf tarixini izləmək, həm çar və sovet Rusiyasının ortaq türk dilinə qarşı mübarizə metodlarını öyrənmək, həm Azərbaycan mətbuatı nümunələrinin dil sahəsindəki fəaliyyətini qiymətləndirmək, həm də İsmayıl Qaspıralının ortaq dil yaratmaq kimi tarixi təşəbbüsünün türkçülüyün inkişafına təsirini dəyərləndirmək nöqteyi-nəzərindən diqqəti çəkir.

İstedadlı publisist Mirzə Bala dil qurultayının türklərin dil və mədəni birliyini nümayiş etdirən böyük bir tarixi hadisə kimi tarixə düşəcəyini qeyd edir və ta qədimdən türk dilinin inkişafı ilə bağlı təşəbbüslərə qısaca nəzər salır və İ.Qaspıralının ortaq türk dili yaratmaq sahəsindəki tarixi xidmətlərini xüsusi vurğulayır. O yazır: “...Krımdan yeni bir səs yüksəlirdi: “Dildə, fikirdə, işdə birlik”. Bu səs türk millətinin orta əsr həyatına “əlvida” deməyə və milli oyanış dövrünə girməyə bir işarət idi. İsmayıl bəyin bu səsi illərcə “Tərcüman”ın şüarını təşkil etdi. Bu səs türk dünyasının hər tərəfində hərarətlə qarşılandı. Bu səsin əks-sədası Xəzər sahillərində və Altay ətəklərində eşidildi. Fəqət buna qarşı o zaman iki qüvvə çıxmışdı: Rusiya və Osmanlı səltənəti!”

“İstiqlal”ın 1933-cü il 15 aprel tarixli 32-ci nömrəsində “Tərcüman”ın 50 illik yubileyi münasibətilə Məhəmməd Əmin Rəsulzadənin irihəcmli “Ortaqlı bir ildönümü” adlı məqaləsi dərc edilmişdir. Müəllif mətbuatın cəmiyyət həyatına təsirinə, milli oyanışdakı yeri və roluna dair İ.Qaspıralının “qəzet nəşrini mənimsəmiş bir millət gec-tez öz varlığını onu inkar edənlərə göstərəcək və haqqını tanıdacaqdır” kəlamını xatırladır, fəxarətlə bildirir ki, Rusiya müsəlmanları arasında ilk qəzeti Həsən bəy Zərdabi buraxmışdır: “Milli oyanış toxumlarının ilk “Əkinçi”si azərbaycanlıdır. Məlikzadə Həsən bəy mərhumun  1875-ci ildə başlamış ikən, davamına müvəffəq olmadığı bu böyük işi sonra - 1883-cü ildə krımlı İsmayıl bəy Qaspıralı mərhum yeniləmiş və onu çox böyük bir müvəffəqiyyətlə bacarmışdır. “Əkinçi”nin türk torpaqlarına səpdiyi fikir vergili “Tərcüman”ın tükənməz əməyi ilə “bərəkətli bir əkin halına gəldi” və milli oyanış axınının getdikcə dərinləşən və dərinləşdikcə qüvvətlənən bir ideologiya kimi formalaşdı”.

“İ.Qaspıralının “yaşayış uğrunda mübarizədə yenilməmək üçün elm lazımdır” fikrini onun özü qədər yayan başqa birisi olmamışdır” qənaətində olan istedadlı publisist Məhəmməd Əmin Rəsulzadə göstərir ki, “Tərcüman”ın yiyəsi sadəcə bu fikri yaymaqla qalmamışdır, türkcə oxumağı, yazmağı asanlaşdırmaq üçün “üsuli-cədid” hərəkatını uğurla həyata keçirmişdir. O dövrdə “cədidçi”lərin lideri İsmayıl bəy, orqanları da “Tərcüman” idi” deyə yazan müəllif İ.Qaspıralının “yaydığı yeniliklər arasında sadələşdirilmiş ortaq türk dili” ideyasının olduğunu xüsusi vurğulayır: “Bir türkcə ki, türk ellərinin bütün oxumuşları tərəfindən anlaşılırdı”.

İ.Qaspıralı Avropa xalqlarının həyat, təfəkkür tərzinə, orada baş verən ictimai-siyasi proseslərə, milli-siyasi hərəkat və cərəyanlara, o cümlədən pangermanizm, panitalyanizm kimi milli ideologiyalara bələd idi və onların mahiyyətini dərindən mənimsəyərək pantürkizmin mədəni əsaslarını hazırlayırdı. “Dildə, fikirdə, işdə birlik” şüarı bu ideyanın - türklüyün mayasını, nüvəsini təşkil edirdi. M.Ə.Rəsulzadə İ.Qaspıralının fikir və əməllərinin hədəfinin dəqiq ünvanını və niyyətini göstərirdi: “Qoca rus imperiyasının ruslaşdırma siyasətinə qarşı müvəffəqiyyətlə çıxa bilmək üçün müxtəlif şivələrdə danışan türk ellərini ortaq türkcə danışan bir millət halında görmək qədər təbii bir arzu ola bilməzdi!”

Müəllif İ.Qaspıralını “böyük adam”, “böyük müəllim” deyə xarakterizə edir, onu bütün türklərin övladı, “Tərcüman”ı bütün türklərin qəzeti, bu bayramın - “Tərcüman”ın nəşri gününü də ortaqlı bir gün hesab edir. O, məqaləni Krımlı mücahidlərə müraciətlə bitirir: “...“Tərcüman” sizin olduğu qədər, bilirsiniz ki, bizimdir də, bütün türklərindir, xüsusilə əsir türklərindir. Vətənləri düşmən əlində çeynənən bizlər, təəssüf ki, bu böyük əsərə layiq olduğu hörməti təmin edə bilmirik. Fəqət çıxış yolu var: sıralarımızı sıxlaşdıraq, mücadiləmizi tənzim edək, qüvvətləndirək. Bax “Tərcüman”a və böyük İsmayıl bəyə layiq ən dəyərli, ən münasib xatirə bu olar!”

“İstiqlal”ın elə həmin nömrəsində Mirzə Bala Məmmədzadənin “V.Nuhoğlu” imzası ilə “Tərcüman” adlı məqaləsi dərc edilmişdir. Yazı dərin məzmunu, zəngin fikirləri, maraqlı kompozisiyası ilə yanaşı, obrazlı, oynaq, canlı, təsirli dili ilə də diqqəti çəkir. Aprel ayının acı və dadlı hadisələrlə, tarixi günlərlə zəngin olduğunu qeyd edən müəllif “Tərcüman”ın da həmin ay işıq üzü gördüyünü yazır: “Bu, ilk türk qəzeti deyildi. Ondan əvvəl Azərbaycanda “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi türkcə qəzetlər çıxmışdır. Fəqət İsmayıl bəyin “Tərcüman”ı ilk dəfə olaraq türklük problemini, türklüyün mədəni bütünlüyünü açıq bildirməklə aktiv türkçülüyün əsasını qoymuşdu”.

Krım Xalq Cümhuriyyətinin qurucularından biri, istedadlı publisist Cəfər Seyidəhməd Krımlı qəzetin Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə həsr etdiyi 28 may 1933-cü il tarixli 35-ci nömrəsində dərc etdirdiyi “Azərbaycan istiqlalı” adlı yazısını Şərqdə, türk-islam tarixində ilk demokratik respublikanın təşəkkülünün əhəmiyyətini diqqətə çatdırmaqla başlayır: “Bu tarixi hadisənin Qafqaz millətlərinə, bütün türklərə, bütün Rusiyadan ayrılmış və ayrılmaq istəyən millətlərə, bütün məhkumların və məzlumların xilasını istəyən səmimi məfkurəçilərə və nəhayət, haqq və təkamül tarixinə təsiri nə qədər sevincli və ümidli olmuşdu...”

Azərbaycanın istiqlalı uğrunda mücadilə tarixinə nəzər salan müəllif keçmişdən ibrət dərsi almağın vacibliyini qeyd edir və azərbaycanlılara qarşı daim düşmən mövqe tutan ermənilərin məkrli niyyətlərinə işarə vuraraq yazır: “Xaricdən bizləri gəlib qurtaracaqlarını gözləmək və ya onlara yaxşı görünmək üçün dondan-dona girmək (ermənilərin Qafqaz Konfederasiyası ideyasını rədd etmələrinə işarədir - T.A.) bugünün həqiqi siyasi vəziyyətini anlamamaq deməkdir. Təəssüf, ermənilər hələ də həqiqətə yaxından baxmırlar. 1895-ci ildə İsmayıl Qaspıralı “erməni məsələsi”nə dair yazdığı məqalədə ermənilərin satqın hərəkətinin öz mənfəətlərinə də zərbə olacağını bildirərək, Anadolunun təslimi məsələsində xarici təşviqlərə çox qapılmamalarını... bir çox dəlillərlə səmimiyyətlə tövsiyə etmişdi”. Nankor ermənilər xəyanətin, arxadan zərbənin cəzasını çəkdilər, lakin nəticə çıxarmadılar. Cəfər Seyidəhməd Krımlı yazır ki, “müsyö Zarevant” (erməni yazar - T.A.) heç bir əsas olmadan İsmayıl Qaspıralını pantürkizmdə ittiham etməklə məşğuldur. Müəllif ermənilərin satqın mövqeyini Qafqaz xalqlarının istiqlal mücadiləsinə zərbə hesab edir və eyni zamanda Türkiyəyə qarşı ermənilərin düşmən baxışlarının hələ də dəyişmədiyini vurğulayır. O yazır: “Ermənilər “biz rus siyasəti əlində alət olmağı istiqlaldan üstün tuturuq” desələr, daha məntiqli və səmimi olardılar”.

Göründüyü kimi, “İstiqlal” müraciət etdiyi mövzuların daha məzmunlu, sanballı, tutarlı olması üçün dahi İ.Qaspıralının irsindən yerli-yerində və məharətlə istifadə etmişdir. Mühacirət mətbuatı tarixində özünəməxsus yeri və xidməti olan “İstiqlal” həmişəyaşar ideyaları ilə türk-islam tarixinə parlaq səhifələr yazmış İ.Qaspıralı şəxsiyyətini, yaradıcılığını təqdir, təbliğ etməklə sələflərinin yolunu davam etdirmiş, xələflərinə sağlam yol göstərmişdir. Sələflər kimi (“Yeni Qafqasiya”, “Azəri-türk”, “Odlu yurd”, “Bildiriş” və s.), xələflər də, o cümlədən  Əhməd Qaracanın təbirincə desək, Azərbaycan haqqında bir ensiklopediya  olan “Azərbaycan” (Ankarada 1952-ci ildən nəşr olunur)  jurnalı da  İsmayıl Qaspıralı irsi və şəxsiyyətinə dair müntəzəm materiallar dərc etmişlər. İstedadlı publisist  Mirzə Bala M.Ə.Rəsulzadənin 70 illiyi münasibətilə qələmə aldığı məqalədə (¹10-11, yanvar-fevral 1954), İsmayıl bəyi də qədirbilənliklə xatırlamış, “Qadınlara hürriyyət” adlı yazısında  isə “Tərcüman”ın  qadın azadlığı ilə bağlı yazılarına istinad etmişdir. Ümumiyyətlə, İ.Qaspıralının həyat və yaradıcılığı  mühacirət mətbuatının müraciət etdiyi daimi mövzulardan  olmuşdur.

 

 (Əvvəli var)

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 5.