Rafael AĞAYEV: “İdman bioqrafiyamda ən uğurlu il 2015-ci il oldu”

 

“Doğma vətənimdə çempion olmaq indiyə qədər qazandığım qələbələrin ən dəyərlisi oldu. Şükürlər olsun ki, dövlətimizin, xalqımızın, idmansevərlərin etimadını doğrulda bildim. Vətənimin bayrağını qaldırıb anamın arzusuna və öz istəyimə qovuşdum”.

I Avropa Oyunlarının qalibi, karete üzrə əməkdar idman ustası Rafael Ağayev çempionluq təəssüratlarını bizimlə bölüşərkən belə dedi.

Möcüzəli idman təntənəsindən zəfər günlərinə...

İlk növbədə qeyd edək ki, ölkəmizdə keçirilən I Avropa Oyunlarının möhtəşəm keçəcəyi hələ Oyunlara hazırlığın yüksək səviyyədə təşkil olması ilə hər kəsi təəccübləndirirdi. Yeni arenalar, müasir avadanlıqlarla təchiz edilmış idman kompleksləri və digər qurğuların istifadəyə verilməsi, təbii ki, öncə həmvətənlərimizin, idmansevərlərin sevincinə səbəb oldu. Bakıda “Atəşgah” məbədindən alovlanan Olimpiya məşəlinin Azərbaycanın bütün diyarlarını qarış-qarış gəzməsi isə bu sevincə yeni çalarlar qatdı. Belə bir uğurlu başlanğıc dünya ictimaiyyətinin də diqqətindən yan keçmədi: Azərbaycanda idmanın inkişafı ilə tanış olub, bu sahədə qazanılan nailiyyətlərdən ağızdolusu danışdılar. Möcüzələrlə dolu açılış mərasimi baş tutana qədər Avropa Olimpiya Komitəsi qısa müddətdə belə hazırlığı rekord göstərici kimi qiymətləndirdi. Mötəbər idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi və dünya idman federasiyaları Azərbaycanın idman sahəsində çox böyük uğurlara imza atmasını dəfələrlə vurğuladılar. İyulun 12-də isə son dərəcə möhtəşəm, sözün həqiqi mənasında füsunkar, ecazkar açılış mərasimi görüb-eşidən hər kəsi heyrətləndirdi.

Beləcə, tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarına start verildi. Rəngarəng idman yarışları, çempionlarımızın əzmli mübarizəsi və qələbələri bir-birini əvəz etdi. Qeyd etdiyimiz kimi, möcüzəli anlar, qürur dolu hisslər həmvətənlərimizi, dostlarımızı sevindirib, düşmənlərimizə dərs oldu. 50 ölkənin bayraqları arasında ən uca zirvədə dayanan Azərbaycan bayrağı himnimizin sədaları altında dalğalandıqca ürəyimiz dağa döndü, qürurlanıb şadlandıq.

Əlbəttə, bu hissləri, sevinc dolu dəqiqələri bizlərə bəxş edən idmançılarımızın uğurlu çıxışları və əzmlə mübarizə aparması oldu. 20 idman növü üzrə keçirilən yarışlarda karateçilərimiz də fərqlənməyi bacardılar. Onların uğurlu çıxışları azarkeşləri daha da coşdurdu. İki gün müddətində - idman ayının 13-14-də Bakı Kristal Zalında güclərini sınayan karateçilərimizin medal uğrunda fərdi kumite üzrə 10, fərdi kata üzrə isə 2 yarışı keçirildi. Mübarizəyə qatılan 12 idmançımızdan 6-sı medalla mükafatlandırıldı və sevindirici haldır ki, bunlardan 4 idmançımız I yerin sahibi oldu, bayrağımızı qaldırıb, himnimizi səsləndirdi (2 idmançımız isə bürünc medalla kifayətləndi). Öz qələbəsi ilə hamını sevindirib, I Avropa Oyunlarının qalibləri sırasına adını yazdıran belə karateçilərimizdən biri də Rafael Ağayevdir.

Çempionun zəfər xronologiyası

Bəlkə də ilk baxışdan qəribə səslənəcək, ancaq həqiqətən Rafael Ağayevin idman bioqrafiyasına nəzər saldıqda heç bir mübaliğə olmadan onun qələbələrini tarixi xronologiyaya bənzətmək olar. 23 illik idman həyatında yüzlərlə yarışmanın iştirakçısı, müxtəlif turnirlərin, dünya, Avropa çempionatlarının və digər beynəlxalq yarışların qalibi olub. O, karate üzrə bütün səviyyələrdə qızıl medal alıb, həm də təkrarən...

R.Ağayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub və orada yerləşən 21 nömrəli orta məktəbdə təhsil alıb. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib və 2007-2008-ci illərdə həqiqi hərbi xidmət keçib. İdmana marağı yeniyetməlik dövründən yaranıb və bu maraq onun həyatının ayrılmaz hissəsinə çevrilib. Əvvəlcə futbola meyil etsə də, 7 yaşından karate ilə məşğul olmağa başlayıb və karate müəllimi Rafael Məmmədov gələcək çempiona idmanın sirlərini, ilkin vərdişlərini aşılayıb. 9 yaşından etibarən gənc idmançı əməkdar idman xadimi Füzuli Musayevin rəhbərliyi altında “Dinamo” İdman Cəmiyyətində məşqlərini davam etdirib.

R.Ağayev idmana ilk marağının yaranmasında atası Mahir Ağayevin və qardaşlarının idmanla məşğul olmalarının güclü təsir etdiyini deyir: “Atam vaxtilə futbolçu olub, məndən böyük olan qardaşlarımdan biri cüdo, digəri isə boksla məşğul olurdu. Onlar həvəskar olsalar da, gənclik illərində müəyyən nailiyyətlər də qazanmışdılar. Sözsüz ki, belə bir aura məndə idmana sonsuz məhəbbət yaratdı. Həm də uşaqlıqda dəcəl olmağım, mübarizə aparmağa, vuruşmağa olan həvəsim, eyni zamanda döyüşçü və kino-aktyoru Brus Linin filmlərinin azarkeşi olmağım karateyə gəlişimdə ciddi rol oynadı. Özümü onunla müqayisə edirdim, onun kimi döyüşməyə, cəld olmağa can atırdım. Beləcə, bu həvəs məni qanadlandırıb bugünkü zirvəyə gətirib çatdırdı”.

İlk uğurunu 9 yaşında qazanan Rafael 1997-ci ildə, yəni 12 yaşında milli komandaya təklif alır və orada məşqlərə başlayır. Çox keçmir ki, o, komandaya ən çox qələbə gətirən idmançılardan biri olur. Dəfələrlə ölkəmizdə keçirilən turnirlərin, ölkədaxili yarışların qalibi olan gənc idmançı beynəlxalq arenada ilk qələbəsini 16 yaşında qazanır - gənclər arasında Avropa çempionatının birincisi olur. Bunun ardınca idmançının uğurları bir-birini əvəz edir, hər yola salınan il onun qələbələri ilə yaddaşına hopur. 16, 17 və 18 yaşlarında gənclər arasında, ondan sonrakı dövrlərdə isə böyüklər arasında müxtəlif beynəlxalq çempionatların qalibi olur. Beləliklə, 1997-ci ildən 2015-ci ilə qədər 4 dəfə dünya, 12 dəfə Avropa çempionatının qızıl mükafatçısı olur. Tampere, Tokio, Belqrad, Moskva, Tenerife, Bratislava, Tallinn, Zaqreb, Afina, Budapeşt, Kali, Palembanq, Sankt-Peterburq və digər şəhərlərdə keçirilən Avropa və dünya çempionatlarında, Dünya Oyunlarında, İslam Oyunlarında, Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün birinci pilləsində qərarlaşaraq Azərbaycan bayrağını ən uca zirvədə dalğalandırır.

23 illik idman təcrübəsi olan Rafaeli bu gün dünyanın idman ictimaiyyəti tanıyır. Karate idmanı ilə onun adı qoşa çəkilir. Rafael gənclərə nümunə göstərilir. İndi o, Azərbaycanın gələcək Rafaellərini yetişdirir. Hətta onu xarici ölkələrə də bu idman növü üzrə dərs demək üçün seminarlara dəvət edirlər.

R.Ağayev “Bakı-2015”də kumite yarışlarında 75 kq çəki dərəcəsində mübarizə apardı və final mərhələsində italiyalı karateçi Luici Busanı məğlub edərək həyatının ən vacib qələbəsinə imza atdı. İdmançımızın karyerasında qazandığı nailiyyətlərin çox olmasına baxmayaraq, o, ən dəyərli mükafatını da elə bu qələbə ilə əldə etdiyini deyir: “2015-ci il idman bioqrafiyamda ən uğurlu il oldu. Yarış başlamazdan əvvəl başa düşdüm ki, xalqımızın, azarkeşlərin, Prezidentimizin etimadını doğrultmağın zamanıdır. Digər tərəfdən, bu qələbəni mənim üçün əlamətdar edən xüsusi bir cəhət də o oldu ki, yarışdan ay yarım qabaq anam ən böyük arzusunun məni Avropa Oyunlarının qalibi kimi görməyi olduğunu demişdi. İdmanda uduzmaq və udmaq əsas şərt olsa da, bu yarışda sanki uduzmaq haqqımı itirmişdim, ancaq qalib gəlmək, qələbə çalmaq haqqında düşünürdüm və elə də oldu. Bu qələbəyə görə çox xoşbəxtəm. Həm də ona görə xoşbəxtəm ki, cənab Prezident digər çempionlarla bərabər, mənim də qələbəmi yüksək qiymətləndirib “Şöhrət” ordeni ilə təltif etdi.

Həddən artıq ciddi məsuliyyət hiss edirdim, öz ölkəmdə, doğma azarkeşlərin gözü qarşısında və dünya səviyyəli bir yarışda qalib gəlmək, bayrağı ucalara qaldırmaq tamamilə başqa hissdir. Xüsusilə final çıxışımda cənab Prezident İlham Əliyevin iştirak etməsi məni qələbəyə ruhlandırdı və daha da əzmlə mübarizə aparmağa başladım. Bu mənada final görüşüm mənim üçün xüsusilə yaddaqalan oldu”.

Çempionumuz onu da bildirdi ki, indiyə qədər ölkəmizdə keçirilən beynəlxalq yarışların heç biri onu belə həyəcanlandırmamışdı. O deyir ki, Avropa Oyunlarının Bakıda keçirilməsi, dünyanın ayrı-ayrı ölkələrində görüşdüyü rəqibləri burada qarşılamaq son dərəcə məsuliyyətli idi. Həm də bu yarışa Avropanın karate üzrə ən güclü idmançıları qatılmışdı. Beləliklə, R.Ağayev təəssüratlarının, sevincinin hədsiz olduğunu unutmur: “Dünyaya, Avropaya əsl idman bayramı nümayiş etdirdik, milyonlarla insanı heyrətləndirdik və güclü olduğumuzu bir daha sübut etdik. Məncə, hər bir azərbaycanlı idmançının qələbəsi bütövlükdə Azərbaycanın, xalqımızın qələbəsidir və biz bunu bacardıq”.

Sözsüz ki, bu qalibiyyətlərin mərkəzində, çempionun dediyi kimi, güclü iradə, əzm, zəhmət və tükənməyən idman sevgisi durur. Onu da qeyd edək ki, R.Ağayev

I Avropa Oyunlarında finalda görüşdüyü italiyalı idmançı Luici Busan ilə indiyə qədər müxtəlif turnirlərdə, dünya və Avropa çempionatlarında 9 dəfə görüşüb və onun 7-də qalib gəlib. O, dünyada, karate aləmində ən güclü rəqibinin də bu idmançı olduğunu deyir.

Taekvondo Federasiyasının birinci vitse-prezidenti, əməkdar idman xadimi, Rafael Ağayevin məşqçisi Füzuli Musayev də yetirməsi ilə fəxr edir, onun uğurları haqqında qürurla danışır. Hələ 9 yaşında ikən onun rəhbərliyi altında məşqlərə başladığı zaman yeniyetmə idmançının güclü potensiala malik olduğunu hiss edir: “Rafaeli valideyni mənim yanıma gətirəndə, sözün düzü, baxdım ki, karatenin ilkin vərdişlərini öyrənsə də, fiziki cəhətdən çox da güclü görünməyən bir uşaqdır. Mənim isə güclü tələbələrim var idi. O, qısa zamanda onlarla qaynayıb-qarışdı, gündən-günə inkişaf etməyə başladı. Özümdən asılı olmadan mən Rafaelə həddən artıq diqqət edirdim, ona əlavə vaxt ayırırdım. Tez bir zamanda Rafaelin yaxşı tərbiyəsinin və istedadının şahidi oldum. Qrup şəklində onlara dərs deyirdim, digərlərinə baxanda o, hər bir fəndi, göstərişi tez qavrayırdı. Həm də məşqlərdə xüsusi həvəslə iştirak edirdi, bilmədiyi fəndin üstündən keçməzdi, həmin fəndi təkrar soruşub tam mənimsəyənə qədər əl çəkməzdi. Beləcə, o, böyük sürətlə inkişaf etdi və fəxrimiz oldu”.

F.Musayev deyir ki, ilk məşqlərdən çox keçmədi ki, Rafael yarışlarda özünü göstərməyə başladı. Məğlubiyyət nə idi, bilməzdi. Hətta bir neçə çempionatda özündən 2-3 yaş böyüklərlə vuruşub qalib gəldi, fərqli-fərqli qələbələr qazandı.

Biz də idmançılarımızı təbrik edib, onların hər birinə yeni-yeni uğurlar arzu edirik. Müstəqil Azərbaycan dövlətində idmanın sürətli inkişafı, ölkə başçısının bu sahəyə və idmançılara ayırdığı xüsusi diqqət uğurlarımızı daha da artıracaq. I Avropa Oyunlarında olduğu kimi, bundan sonra da ölkəmizdə belə möhtəşəm idman təntənəsinin və idmançılarımızın qələbələrinin şahidi olacağıq. Azərbaycan bayrağı himnimizin musiqi sədaları altında daim zirvədə dalğalanacaq.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 6 avqust.- S. 4.