Uca dağlar başında

 

Yay fəslini məzuniyyətlər dövrü də adlandırırlar. İndi əsl turizm, səyahətlər vaxtıdır. Hamı sərin yerlərə, səfalı guşələrə can atır. Belə cənnətməkan bölgələrdən biri də Gədəbəy rayonudur.

Bu yerləri əsl qartallar məskəninə bənzədirlər. Zirvələrin çoxluğuna görə belə deyirlər. Məsələn, Qoşabulaq dağı dəniz səviyyəsindən 3549 metr hündürlükdə yerləşir. Yalçın qayalar, gen dərələr, məxməri meşələr göz oxşayır. Qayğıkeş insan əlləri ilə bu yerlər daha da gözəlləşir, tanınmaz olur.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar iqtisadiyyat sürətlə inkişaf edir, əhalinin gün-güzəranı getdikcə yaxşılaşır, abadlıq-quruculuq işləri geniş miqyas alır. Cari ilin altı ayına yekun vurularkən, həmişə olduğu kimi, son vaxtlarda hər sahədə bir sıra dəyərli işlər görüldüyü qeyd edildi. İstər icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun məruzəsində, istər ayrı-ayrı çıxış edənlərin, o cümlədən Milli Məclisin deputatları Rafiq Məmmədhəsənovun və Sevinc Hüseynovanın çıxışlarında bu barədə ətraflı söhbət açıldı. Son vaxtlarda rayonda görülən işlər, Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələr ətraflı təhlil edildi.

Qeyd olundu ki, dövlət proqramlarının icrası ilə bağlı son illərdə rayonun siması kökündən dəyişib. Bir sıra işlər görülüb. Çolpan çayı üzərində üçtağlı körpü salınıb, Fındıqlı körpüsü və digər keçidlər bərpa olunub. Avtovağzal kompleksi, şahmat məktəbi, Yaşıl teatr, Aşıq musiqi məktəbi və başqa obyektlər tikilib. Elə bu yaxınlarda İsalı kəndində orta məktəb, rayon mərkəzində uşaq bağçası istifadəyə verilib. Moruqlu kəndində məktəb binasının inşası davam edir. Gədəbəy-Novosaratovka-Qaravəllilər yolu inşa olunur. 110 kilovoltluq elektrik xətti çəkilir. Mərkəzi rayon xəstəxanası, mədəniyyət evi və digər obyektlər əsaslı təmir olunur.

Gədəbəy ulu tarixi olan qədim diyardır. Bu yerlər Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tarixə düşüb. Gədəbəy təkcə zəngin sərvəti və təbii mənzərələri ilə seçilmir. Uca dağlar mərd, mübariz insanların məskənidir. Bu insanlar doğma torpaqlarını həmişə nankor qonşulardan mərdliklə qoruyublar.

Gədəbəy sənətkarları, təbii gözəlliyi və yeraltı sərvəti ilə də tanınır. Rayonda olan hər xoş yenilik fərəh doğurur. İndi turizm mövsümü olduğu üçün daha çox bu sahədə görülən işlərlə maraqlanırıq.

Mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov təzə açılan marşrutlardan, qonaqlar üçün yaradılan şəraitdən, tarixi abidələr və görməli yerlər barədə nəfis şəkildə çap olunmuş reklam-məlumat materiallarından söz açdı. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramının icrası ilə əlaqədar Mədəniyyət evində turist marşrutlarına düşən abidələr barədə məlumat lövhələri və sxemlər nümayiş olunur. Yazıçı-publisist Etibar Nadiroğlunun “Gədəbəy abidələri” kitabı kütləvi tirajla nəşr olunub. Qalakənd sakini öz evində zəngin muzey yaradıb. Deyir ki, rayonda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Son illərdə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 90-dək yeni abidə, o cümlədən zağa-sığnaq, qalaça, qədim qəbiristanlıq, məbəd, üstü təsvirli daşlar, qoç heykəlləri və s. aşkar edilmişdir. Koroğlu qalası, Cənnət qala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Turistlər Söyüdlü kəndinə də böyük həvəslə gedirlər. Dünya əhəmiyyətli Böyük Qalaça abidəsi burada yerləşir. Əslində bu, nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib.

Söyüdlünün digər bir “möcüzə”si Qız qalasıdır. O da yüksək qayalığın başında, mənzərəli, füsunkar sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim şəhəri xatırladır.

Turist marşrutlarından biri Böyük Qaramurad kəndinə aparır. Buradakı Zəngli qala da tarixi əhəmiyyətə malikdir. Qədim alban məbədidir. Əsrlərin qovğalarına dözərək bugünümüzə qədər gəlib çıxıb.

1864-cü ildə bu yerlərə alman əsilli Volter və Verner Simens qardaşları gəlib misəritmə zavodu inşa ediblər. 1892-ci ildə Dəllər-Çənlibel neft kəməri çəkilib.

Dağların qoynunda elektroliz zavodu da yaradılıb. Bir qədər sonra 84 kilometr uzunluğunda teleqraf xətti çəkilib. Gədəbəy-Qalakənd dəmir yolu istifadəyə verilib. Qalakənd çayının üstündə hidroelektrik stansiyası tikilib.

Tədricən dağlar başında Avropa tipli yaşayış məntəqələri meydana gəlirdi. Yeni şəhərcikdə küçələr salınır, su və kanalizasiya xətləri çəkilirdi.

Bütün bunlar yaxın-uzaq ellərdən gələn turistləri çox maraqlandırır. Qonaqlar həm də bilmək istəyirlər ki, Gədəbəyin bu tarixi sərvətinin taleyi necə oldu. Turistlərə məlumat verilir ki, müstəqillik bərpa ediləndən sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elin sərvətinin xalqın istifadəsinə verilməsi üçün beynəlxalq Mədən Əməliyyat Şirkəti yaradıldı və Prezident İlham Əliyevin səyi ilə Gədəbəydə qızıl zavodu işə salındı. Hazırda Gədəbəyin qızılı “Ayrum-brendi” adı ilə dünya bazarına çıxarılır.

Gədəbəylilər təklif edirlər ki, tarixi ərazidə fəaliyyət göstərmiş binaların bazasında beynəlxalq turizm mərkəzi yaradılsın. Belə bir faydalı iş dağlar diyarına olan marağı daha da artırar, turizmin miqyasını genişləndirərdi. İndiki halda kifayət qədər marşrut və yetkin baza və xidmət sistemi olmadığına görə bu yerlərə fərdi halda istirahətə gələnlərin sayı çoxdur. Onlar adətən çox da münasib olmayan fərdi evlərdə gecələməli olurlar.

Uca dağlar başına maraq və axın isə çox böyükdür. Slavyanka kənd sakini Səlim Qurbanov deyir ki, hər bir qəsəbə və kəndə hər il yay mövsümündə onlarca ailə gəlir. Gədəbəyin qəribə təbiəti, əsrarəngiz gözəlliyi var. Yüzdən artıq kənd məxməri dağlara, məhsuldar dərələrə, düzlərə səpələnib. Ağ görkəmli, qırmızı örtüklü evlərin hər biri sanki istirahət ocağıdır, uzaqdan diqqəti cəlb edir. Hər yana da abad yollar uzanır. Müxtəlif markalı müasir avtomaşınlar yollardan əskik olmur.

Həyətlərdən burula-burula tüstü qalxır. Neçə yandan təndir çörəyinin, quzu kababının ətri gəlir.

Kartof bu yerlərin əvəzsiz sərvəti, saz isə hər evin, hər ailənin zinətidir. Qısası, bu yerləri bir dəfə görən ömrü boyu unutmaz. Keçən əsrin 90-cı illərinin burulğanında iş üçün başqa yerlərə gedənlər də qayıdıb gəlir, doğma torpağa, dədə-baba yurdlarına hayan çıxırlar.

Sistemli surətdə evlər bərpa olunur. Harada yaşamağından, işləməyindən asılı olmayaraq, hər bir gədəbəyli ata ocağını yaşadır, müntəzəm surətdə ziyarət edir. Xarxar kənd sakini Rafael Babayev Rusiyada sürücü işləyirdi. Bir oğlu, bir qızı var. İkisi də Peterburq Daxili İşlər Nazirliyinin universitetində oxuyurdu. Rafaelin özünə müvafiq işi də var idi, yaşayışı da. Elə ki uşaqlar məktəbi bitirdilər, yığışıb vətənə gəldi. Dağın döşündə ikimərtəbəli ev tikdi. Uşaqları da işləyir, özü də.

Rayonun çox yerində ata-baba yurduna, doğma ocağa bu cür sədaqətin, torpağa sonsuz məhəbbətin şahidi olduq. Vaxtilə statistika idarəsində işləmiş Cəlal Xıdırov yerlərdəki vəziyyətə yaxşı bələddir. Deyir ki, son illərdə təkcə Slavyanka kəndində ata-baba yurduna qayıdanlar

40-a yaxın ev tikiblər. Söyüdlüdə 21 ailə yeni mənzilə köçüb. Poladlı, Dağyurd, Düz Rəsullu kəndlərində də xeyli adam yaxın-uzaq ellərdən qayıdıb. Ümumən son bir neçə il ərzində gələnlərin hesabına Gədəbəy rayonunda 200-ə yaxın yaraşıqlı ev tikilib. Yerlərdə həyat şəraiti, gün-güzəran yaxşılaşdıqca dağlar diyarında yurd-yuva salanların da sayı artır. İstirahət, səyahət mövsümü ilə əlaqədar olaraq gələnlərin sayı isə minlərlədir.

Yarımilliyin yekunları və qarşıda duran vəzifələr müzakirə edilərkən rayon icra hakimiyyətinin başçısı abadlıq, təmizlik və səliqə-sahmanın, nümunəvi kənd uğrunda hərəkatın genişlənməsinin vacibliyini xüsusi vurğuladı. İcra nümayəndələrinə, bələdiyyə fəallarına, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının işçilərinə bir vəzifə olaraq tapşırıldı ki, yerlərdə səliqə-sahmana, qonaqların qarşılanmasına, xidmətin təşkilinə, təbliğat, məlumat işlərinə xüsusi fikir versinlər. Bütün bunlar həm yerli sakinlərin məişət şəraitinin, gün-güzəranının yaxşılaşması ilə yanaşı, həm də turizmin inkişafı üçün çox vacibdir.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 7 avqust.- S. 3.