MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində növbəti treninq

 

Avqustun 18-də Gəncədəki “RAMADA plaza” hotelində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsinə həsr edilmiş maarifləndirmə treninqi keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikamızın qərb bölgəsində yerləşən şəhər rayonlardakı 22 dairə seçki komissiyasının məsul şəxslərinin iştirakı ilə keçirilən treninqdə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov Avropa İttifaqının eksperti Kristofer Şildz iki qurum arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışıblar. Çıxışlarda Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən treninqlərin aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində xüsusi rol oynadığı qeyd olunub. Treninqdə parlament seçkilərində namizədlərin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi qeydə alınması prosedurları ilə bağlı təqdimatlar edilib. Habelə əyani vasitələrdən istifadə edilməklə mövzuya dair ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

 

Azərbaycan.- 2015.- 19 avqust.- S. 3.