Bəşəri dəyərlər naminə

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal təşəbbüslər Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ünvanı kimi tanınmasına mühüm töhfə verib

Xalqların tarixən formalaşmış düşüncə sistemini, milli-mənəvi dəyərlərini müəyyən hallarda ciddi təhdidlərə, ideya avtoritarizminə məruz qoyan qloballaşma prosesi suveren dövlətlər arasındakı sədləri də dağıdır, bəzən cəmiyyətdaxili sosial münasibətləri fərqli dünyagörüşü çərçivəsinə salaraq məhdudlaşdırır. Mədəniyyət və ənənələrin öncüllüyünü nisbətən arxa plana keçirən bu proses eyni zamanda milli identiklikdən uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi sistemindən, habelə mentalitetindən asılı olmayaraq cəmiyyətləri zorən qərbləşdirməyə sövq edir.

XXI yüzillikdə dünyada əks proses olaraq milli özünəməxsusluğun, mental-əxlaqi xüsusiyyətlərin qorunub saxlanılması, kütləvi mədəniyyət stereotiplərindən qaçma meyillərinin güclənməsi də təsadüfi deyildir. Başqa sözlə, müasir dövrdə sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini də aktual məsələlərdən birinə çevirmişdir. Lakin ilk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi vacib fenomen dəyəri - tolerantlığı sarsıdır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qoruma instinkti, yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır.

Bu neqativ tendensiya müasir dünyanın sivil inkişaf rəhninin məhz tolerantlıq və multikulturalizm kimi əsrlər boyu təşəkkül və tərəqqi yolu keçərək cilalanan, ümdə birgəyaşayış prinsiplərinə çevrilən ali dəyərlərlə bağlılığını daha da zəruriləşdirir. Tolerantlıq bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas dəyərdir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə dözümlü münasibət bəsləmək tolerantlığın fəlsəfəsini təşkil edir. Tolerantlığın tam bərqərar olduğu cəmiyyətlərdə həm də insan azadlığının bütün kriteriyaları təmin edilir, burada insanlar nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, ətrafdakı şəxslərin mənəvi-dini-sosial müxtəlifliyinə dözümlü yanaşmaq mədəniyyəti nümayiş etdirir.

Məhz dözümlü yanaşma sayəsində də cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqton hesab edir ki, tolerantlıq bir dəyər normativi olaraq kompromisin legitimliyini, həmçinin sosial və siyasi qruplar arasında mövcud fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.

Tolerantlıq düşüncəsi hər bir xalqın inkişaf yolundan, dünyagörüşündən, habelə yerləşdiyi coğrafi məkandan asılı olaraq inkişaf edir. Bu mənada, Azərbaycanda tolerantlıq düşüncəsinin tarixi xalqımızın və bu coğrafi məkanda dövlətlərin formalaşma mərhələləri ilə bilavasitə bağlıdır. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar birgə yaşamış, uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə daha da möhkəmlənmişdir.

Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərində respublikada obyektiv və subyektiv amillərlə əlaqədar etnik-milli tolerantlıq sahəsində müəyyən problemlərin baş qaldırdığını açıq etiraf etməliyik. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə vəziyyət sabitləşmiş, vicdan azadlığı yüksək səviyyədə təmin olunmuş, tolerantlığın gücləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır - deyən ümummilli lider ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızda ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə münbit imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti son 12 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir.

Son illər ölkə başçısının diqqət və qayğısı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da təkmilləşdirilmiş, habelə milli təhlükəsizlik maraqları önə çəkilərək dövlət qeydiyyatından keçmiş dini icmaların dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsinə başlanılmışdır.

Ümumilikdə, dövlət başçısı İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illər Bibiheybət, Təzəpir, Əjdərbəy və digər məscidlər əsaslı təmir olunmuş, Cənubi Qafqazda ən böyük məscid olan Heydər məscidi inşa edilərək istifadəyə verilmişdir.

Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da son 11 ildə digər sahələrdəki nailiyyətləri ilə yanaşı, bütün dünyada tolerantlıq və multikulturalizmin də mükəmməl örnəyini yaratmaqdadır.

Yaxşı məlumdur ki, Heydər Əliyev Fondunun başlıca məramlarından biri ulu öndərin mənəvi irsinin, ideyalarının öyrənilməsi və təbliğidir. Bu məqsəd həm də Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirilə bilər: fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Heydər Əliyev elə bir lider olub ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirib. Heydər Əliyev şəxsiyyətini təbliğ etmək, eyni dərəcədə, Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın öz liderinə olan rəğbət və ehtiramından ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Mübaliğəsiz demək olar ki, Heydər Əliyev Fondu Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, qlobal miqyasda həyata keçirən ilk ictimai təşkilatdır. Qısa müddət ərzində mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən fond Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan multikultural layihələri ilə dünyada tanınmışdır. Heydər Əliyev Fondu mədəniyyət diplomatiyasını Azərbaycan mədəniyyətinin geniş təbliği, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin təhsil müəssisələri, QHT-ləri, digər fond və təşkilatları ilə əməkdaşlığın inkişafı, beynəlxalq konfranslar və seminarların təşkili, elmi və təhsil mübadilələrinin reallaşdırılması və digər bu kimi səmərəli yollarla həyata keçirir.

Ölkədə tolerantlıq düşüncəsinin inkişafında da fondun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca dünya qeyri-maddi mədəni irs siyahısına salınmış, ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilmişdir.

Ötən 11 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu qurumların savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin məhz Bakıda keçirilməsi buna əyani sübutdur.

Azərbaycanın tarixi ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyasının hələ 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş XIII konfransı respublikamızın sivilizasiyalararası dialoq mərkəzinə çevrildiyini nümayiş etdirmişdir. Latın mənşəli görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən Mehriban xanım Əliyeva demişdir: Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. Həqiqətən də, əsrlər boyu Böyük İpək Yolu üstündə yerləşən ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır. Bu, bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır.

Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir. Hələ 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə Bakıda keçirilən Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yöndə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Ümumiyyətlə, son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Bu məsələ BMT, UNESCO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün dialoqun qaçılmaz olduğu göstərilmişdir. Lakin ən önəmli məsələ sivilizasiyalararası dedikdə, hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda islam və xristian sivilizasiyalarından gedir. Bu gün qarşıda dayanan ən mühüm məsələ isə bu iki sivilizasiya arasında dialoq mühiti yaratmaq, onlara aid ən mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir.

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi, qədim İpək yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz, sadəcə olaraq, iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.

Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının məqsədyönlü fəaliyyəti əsasında respublikamız sivilizasiyalararası dialoq təşəbbüslərinin mərkəzinə çevrilmişdir. Məhz bu fəaliyyət sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Şərqlə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz dünyanın hər iki qütbünün dəyərlərini əks etdirən incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrilmişdir. Bakı İslam mədəniyyətinin paytaxtı-2009 mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bir daha bütün dünyada tanıtmış, islam ölkələrinin yaxından iştirak etdikləri bu tədbirlər İSESCO tərəfindən yüksək qiymətləndirilmişdir.

2008-ci ilin 10 iyununda Bakıda Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrə toxunarkən demişdir: Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər? Əlamətdar haldır ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Şərqin və Qərbin sülh və şəfqət elçisi Mehriban xanım, sadəcə, sual etməklə kifayətlənmir; o özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atır. O, dünyanın 10-a yaxın ölkəsinin birinci xanımlarının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi adlı beynəlxalq konfransın həm təşəbbüsçüsü, həm də təşkilatçısı olmuşdur. Dünyanın iki önəmli təşkilatı, UNESCO və İSESCO-nu da bu böyük tədbirə cəlb edərək dünyamızın gələcəyi üçün ən önəmli məsələ olan mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsinin vacibliyini və əldə edilə biləcək nailiyyətləri bir platforma kimi ortaya qoymuşdur. Qonaqlar Azərbaycanın türkmənşəli və müsəlman ölkəsi kimi mədəniyyətlər və sivilizasiyalararası dialoqla bağlı gördüyü mühüm işlərlə tanış olmaqla yanaşı, Bakının Qərblə müsəlman dünyası arasında önəmli bir qapı kimi oynaya biləcəyi böyük rolu xüsusi vurğulamışlar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu il iyunun 29-30-da Bakıda keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu forumu da bütün dünyada sivilizasiyalar arasında dialoqa öz dəyərli töhfələri ilə yadda qalmışdır.

Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir. Məlumdur ki, maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda onun kamil insanın formalaşmasındakı rolu haqqında söhbət açmaq olar.

Cəmiyyət həyatında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Ruhun sağlamlığı isə təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə təhsil strategiyasında öz əksini tapır. Son dövrlərdə Azərbaycanda məktəblərə dövlət qayğısının artması da bu baxımdan kifayət qədər qanunauyğun tendensiyadır. Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan Prezident İlham Əliyevin quruculuq fəaliyyəti ölkənin birinci xanımının mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bütün bunlar da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.

Heydər Əliyev Fondunun fəaliyyətində sivilizasiyalar arasında ən mühüm problemlərdən biri olan multikulturalizm məsələsi önəmli yerlərdən birini tutur. Son illərin ən funksional terminlərindən olan multikulturalizm anlayış baxımından, əslində, qədimlərə gedir. Bu ifadənin mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək məramı da var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır.

Dünyanın çoxmillətli dövlətlərindən olan Azərbaycan da hər bir azərbaycanlının vətənidir. Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaratmışdır. Etnik azlıqlara da tam bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Son illərdə Bakıda keçirilmiş Bakı beynəlxalq humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobalmiqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.

Ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu Tolerantlığın ünvanı - Azərbaycan layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamanda Or-Avner Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir. 2006-cı ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsindəki Möhsün Səlim məscidi əsaslı təmir edilmiş, Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuş, Buzovna qəsəbəsindəki Cümə məscidində də yenidənqurma işləri uğurla başa çatdırılmışdır.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanmışdır. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. İlkin əməkdaşlıq çərçivəsində fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, eyni zamanda, məbədin fasadında keramik panno yerləşdirilmişdir. Fond bu kimi tədbirləri ardıcıl olaraq davam etdirməkdədir.

Ümumiyyətlə, tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən zərərçəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl mədəniyyət layihəsinə imza atır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də həyata keçirdiyi çoxşaxəli fəaliyyətində mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirir. Buna nümunə olaraq, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə Moskvada Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu kitabının çapdan çıxması məhz Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. Fəaliyyət coğrafiyasını daim genişləndirən qurumun təmsilçiləri, eyni zamanda, Leyla xanımın rəhbəri olduğu Rusiya Azərbaycanlıları Gənclər Təşkilatında təmsil olunan azərbaycanlı gənclər klubları eyni missiyanı Moskva ilə yanaşı, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da uğurla yerinə yetirməkdədirlər.

2012-ci il noyabrın 8-də Leyla xanım Əliyevanın təşəbbüsü ilə Londonda keçirilən Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli mövzusunda konfrans Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə daha bir sanballı töhfə olmuşdur.

Heydər Əliyev Fondu sonrakı dövrlərdə də Azərbaycanın dünyada təbliğ edilməsi məqsədilə müxtəlif tədbirlər keçirib. Fondun Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri adlı layihəsi çərçivəsində Avropanın bir çox dövlətlərində sərgilər keçirilib. Sərgilərdə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub.

Azərbaycan: ənənədən müasirliyə mövzusunda keçirilən sərgilərdə isə arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunmuş pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilib.

Bütün bu tədbirlər, layihələr, təşəbbüslər, ümumilikdə isə həyata keçirilən məqsədyönlü siyasət nəticə etibarilə ölkəmizdəki ictimai-siyasi durumun daha da möhkəmlənməsini təmin edir. Bu amil bölgəmizdə, islam dünyasında milli, dini, məzhəb zəminində baş verən münaqişələr, hər gün onlarla insanın terror qurbanına çevrilməsi kimi acı reallıq fonunda daha mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz, respublikamızı da bu gərginlik məngənəsinə çəkməyə cəhd edən, bunun üçün sistemli fəaliyyət göstərən qlobal şəbəkələr var və onların bu təşəbbüslərini mütəmadi hiss edir, görürük. Amma bütün bu cəhdlər nəticə etibarilə iflasa uğrayır, saxta təbliğat, radikal qaragüruh özünə geniş elektorat tapa bilmir. Dövlətin həyata keçirdiyi pereventiv tədbirlər, düzgün maarifçilik işi real nəticələr verir. Prezident İlham Əliyev ötən ay müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimindəki çıxışında bu mövzuya xüsusi diqqət ayıraraq, ölkəmizdəki milli və dini zəmindəki durumu düzgün təhlil etmişdir: Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil... Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Budur normal həyat tərzi, budur normal siyasət... Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.

Azərbaycanın dünyada tolerant və multikultural məkan kimi tanıdılmasında ölkəmizdə keçirilmiş qlobal musiqi, mədəniyyət və idman tədbirlərinin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Hələ 3 il əvvəl Eurovision-2012 kimi musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan bu ilin iyun ayında daha bir mötəbər idman tədbirinə - Bakı-2015 I Avropa Oyunlarına uğurla yekun vurmuş, bütün dünya Azərbaycanın necə tolerant bir ölkə olduğunun bir daha əyani şahidi olmuşdur.

Azərbaycan həmin günlərdə ümumən Avropanın ictimai fikrinin favoritinə çevrilməyi bacarmışdır. Sülh, əmin-amanlıq şəraitində keçən bu oyunlar respublikamızın 24 illk müstəqillik tarixində keçdiyi əzəmətli inkişaf yoluna parlaq işıq salmışdır. Beynəlxalq ictimaiyyət heyranlıq ovqatında Bakı şəhərinin bölgənin sabitlik və intibah paytaxtı olduğunun, respublikamızın qısa zamanda ciddi uğurlara imza atdığının əyani şahidinə çevrilmişdir. Azərbaycan xalqının yüksək qonaqpərvərliyə, qədim mədəniyyətə, ecazkar musiqiyə, zəngin incəsənətə malik polietnik məkan olduğu, bu multikultural cəmiyyətdə ən müxtəlif xalqların tolerantlıq şəraitində dinc yanaşı yaşadıqları bir daha təsdiqini tapmışdır. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər. Yüksək komanda işinə, Vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkə başçısı tərəfindən Heydər Əliyev ordeni ilə təltif olunması da bu əzmkar fəaliyyətə verilən adekvat qiymət olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib əməllərinə görə layiq görüldüyü çoxsaylı beynəlxalq mükafatlar, fəxri adlar, təltiflər ümumən Azərbaycan qadınına verilən yüksək qiymətdir. Dünyanın əksər nüfuzlu mətbu orqanlarında fondun reallaşdırdığı layihələrlə bağlı tez-tez dərc olunan və böyük əks-səda doğuran materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir.

Bu qürurverici faktlar bütün xalqımızı, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərini sevindirir. Partiyamızın sədr müavini, həmçinin təşkilatımızın ən fəal və xalq etimadı qazanmış deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti həm də cəmiyyətdə YAP-ın nüfuzunun yüksəlməsinə geniş miqyasda töhfə verir. Ulu öndərimizin siyasi əmanəti olan və bu gün möhtərəm Prezident İlham Əliyevin layiqli liderliyi ilə Qafqazın ən güclü siyasi təşkilatına çevrilmiş YAP-ın qarşıdakı parlament seçkilərində də növbəti dəfə siyasi zəfər qazanmasında, fikrimcə, həm də Mehriban xanım Əliyevanın ictimaiyyət arasında inam və etimad ünvanı kimi qəbul olunmasının böyük payı olacaq.

Bir mühüm məqamı da qeyd edim ki, tolerantlıq və multikulturalizm xalqımızın çoxəsrlik ənənələrinin tərənnümü olduğu kimi, müasir dövrümüzdə həm də siyasi fəaliyyət müstəvisində də geniş intişar tapıb. Bu, ölkə siyasətinin flaqman təşkilatı olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində daha aydın nəzərə çarpır. Belə ki, 1992-ci ilin noyabrında obyektiv tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası ilk gündən ümumazərbaycan partiyasına çevrilmiş, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları, fərqli dinlərin təmsilçilərini vahid maraqlar - Azərbaycançılıq ideyası ətrafında birləşdirmiş, tolerantlığı və multikulturalizmi daim təşviq etmişdir. Təsadüfi deyil ki, müxtəlif xalqların və dinlərin təmsilçiləri YAP-ın üzvləri kimi cəmiyyət həyatında özlərini fəal realizə etməklə yanaşı, yerli özünüidarəetmə orqanlarında, parlamentdə, yüksək dövlət vəzifələrində layiqincə təmsil olunurlar.

YAP-ın proqramında da ümumi vətənçilik, tolerantlıq və multikulturalizm prinsipi xüsusi yer tutur: Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz Vətəni, doğma yurdu hesab edir. Partiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunmasını hamı üçün ümumi Vətən hesab olunan və xalqımızın dövlətçilik hissələrini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə bağlayır.

Bu gün bəşəri miqyasda tolerant dəyərlərə münasibət həmçinin hər bir ölkənin demokratik və sivil məramlara, habelə xalqların birgəyaşayış normalarına münasibətinin bariz təcəssümünə çevrilmişdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan məhz bu dəyərlərə sadiqlik baxımından əksər ölkələr üçün örnəyə çevrilmiş, ümumən isə Cənubi Qafqazdan başlayıb Avrasiya arealınadək uzanan böyük bir məkanda sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasının təşəbbüskarı olmuşdur. Ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Heydər Əliyev Fondu da Azərbaycanın bütün dünyada tolerantlıq və multikulturalizm ünvanı kimi tanınması prosesində yaxından iştirak edir. Azərbaycanın mükəmməl nümunəsində mütərəqqi dünya artıq onu da yaxşı dərk etməyə başlayır ki, ancaq silahların danışdığı - güclünün daim haqlı hesab edildiyi dövr tədricən başqalarının ideya və dəyərlərinə hörmətlə yanaşma, qarşılıqlı anlaşma və dialoqla əvəzlənməlidir.

Əslində, bu, bəşəriyyətin alternativi olmayan tərəqqi yoludur.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini

 

Azərbaycan.- 2015.- 21 avqust.- S.3.