Səfalı müalicə və istirahət məkanları

 

Ölkəmizdə insanların sağlamlığının qorunması və istirahətlərinin daha yaxşı təşkili üçün sanatoriya-kurort müəssisələri fəaliyyətlərini ildən-ilə genişləndirir

 

Cəmiyyətin aparıcı tərkib hissəsi olan Azərbaycan həmkarlar ittifaqları yarandığı gündən ictimai həyatda öz fəallığı ilə fərqlənir. Əməkçilərin sağlamlığının qorunması və istirahətinin təşkili qurum tərəfindən dövrün tələblərinə uyğun şəkildə qurulur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət vermiş və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır.

Bu gün həmin yaradılan şərait və diqqətin nəticələri göz qabağındadır. Ulu öndərin təşəbbüsü ilə ötən əsrin sonlarından Xəzərin qərb sahilləri kurort zonasına çevrilmiş, habelə həmin ərazilərdə müxtəlif yönlü sağlamlıq ocaqları yaradılmışdır.

Turizmin inkişafı Azərbaycanda xüsusi əhəmiyyət kəsb edir, bu, bir tərəfdən iqtisadiyyatda alternativ sahələrin inkişafı, digər tərəfdən dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin açılması deməkdir.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında demişdir: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir”.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kurortları Dövlət Proqramı” haqqında 27 fevral 2007-ci il tarixli sərəncamı ölkədəki sanatoriya-kurort şəbəkəsinin müasir tələblərə uyğun inkişafı üçün böyük imkanlar açmışdır.

Ölkə başçısının yeritdiyi sosial siyasətə uyğun olaraq Azərbaycan həmkarlar ittifaqları yeni-yeni sanatoriya-kurort müəssisələrinin, müasir turist bazalarının tikilməsi, mövcud sağlamlıq ocaqlarının təkmilləşdirilməsi, abadlaşdırılması istiqamətində xeyli iş görmüşdür.

Son üç il ərzində sanatoriya-kurort və istirahət ocaqlarında 150 mindən çox əməkçi və onların ailə üzvlərinin istirahəti təşkil edilmişdir. 15 min nəfərdən çox işçiyə yollayışlar pulsuz verilmişdir. Sanatoriya-kurort və istirahət müəssisələrində 86 min nəfərə yaxın pasiyentin, onların ailə üzvlərinin müalicə və istirahəti həmkarlar ittifaqları təşkilatlarının daxili imkanları hesabına təmin olunmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirinin artması nəticəsində respublikanın şəfa ocaqlarında müalicə almaq arzusunda olanların da sayı ilbəil artmışdır. 2014-cü ildə 67 min nəfərdən artıq əməkçi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilmişdir ki, bu da 2011-ci illə müqayisədə təqribən 2 dəfə çoxdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin tabeliyində olan strukturlar xəstələrin qəbulu baxımından imkanlarından tam istifadə edə bilmirlər. 1989-cu ildən etibarən respublikanın düşdüyü ağır müharibə vəziyyəti nəticəsində “Kurort” Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəymişdir. “Şuşa”, “İstisu” sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Cəmiyyətin xidmətində olan sanatoriyaların çarpayı fondunun yalnız 20%-dən istifadə edilir. Hazırda çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Lakin buna baxmayaraq, sanatoriya-kurort müəssisələri şəbəkəsinin inkişafı, sanatoriyalarda müalicə profilinin genişləndirilməsi, işçilərin, həmçinin onların ailə üzvlərinin müalicəsini və istirahətini təşkil etmə imkanlarını artırmaq, bu sağlamlıq ocaqlarına yollayışların bahalaşmaması üçün tədbirlər görülmüşdür.

Səhmdar cəmiyyətin strukturuna səkkiz sanatoriya daxildir.

“Bilgəh” kardioloji sanatoriyası yerləşdiyi coğrafi ərazisinə və müalicəvi əhəmiyyətinə görə diqqətçəkən sağlamlıq ocaqlarındandır. Son illərdə bu məkanda aparılan yenidənqurma, əsaslı təmir işləri ona marağı daha da artırıb. Sanatoriyanın ərazisindəki müxtəlif yataq korpuslarında, kotteclərində və qazanxana təsərrüfatında əsaslı təmir-tikinti işləri aparılmışdır. Həm korpusların, həm də ərazinin ildən-ilə müasirləşməsi müalicəyə gələnlərə sağlamlıqla yanaşı yüksək zövq də bəxş edir. Açıq havada tennis kortu, trenajorlar, idman meydançaları quraşdırılmışdır. Burada əsasən ürək-damar sistemi xəstəlikləri müalicə olunur, tibb personalının əksəriyyəti böyük təcrübəyə və yüksək peşəkarlığa malikdir.

“Abşeron” artıq respublika əhalisi arasında imici formalaşmış sanatoriyalardandır. Bu sağlamlıq ocağının əsası 1962-ci ildə qoyulub. Ötən yarım əsrdən çox müddətdə minlərlə insan burada sağlamlığını bərpa edib, fəal həyata qayıdıb. 180 çarpayılıq tutumu olan sanatoriyada mədə yaraları, qastrit, 12 barmaq bağırsaq yaraları, xoraları, yoğun bağırsağın iltihabı müalicə olunur. Artıq ötən ildən sanatoriyada müalicəvi vanna şöbəsi fəaliyyətə başlamışdır. Sanatoriyanın müalicəvi profilinə uyğun olaraq yeni su qalereyası tikilmişdir. Xəstələrin xidmətində 7 həkim, 105 nəfər digər işçi durur.

Məlum olduğu kimi, “Günəşli” sanatoriyasında əsasən nevroloji xəstəliklər, nevrozların müxtəlif formaları müalicə olunur. Müalicə zamanı həm bakterioloji, həm iqlim, həm də fizioterapiya müalicəsindən istifadə edilir. Son dövrlərdə sanatoriyanın yataq, müalicə korpuslarında, qida bloku və ərazisində əsaslı təmir işləri aparılmış, müasir tələblərə cavab verən yeni yataq, otaqları istifadəyə verilmişdir. Əvvəlki illərdən fərqli olaraq, müalicə arsenalının genişləndirilməsinə də diqqət yetirilmişdir.

Sanatoriyada yeni sualtı dartma hovuzu müalicəvi kabinet yaradılmış və hal-hazırda fəaliyyət göstərir.

Təbii müalicə üsulu kimi yod-brom vannaları daha populyar və səmərəlidir. Xəstəliklərin dərəcəsinə, növünə uyğun olaraq burada ondan çox müalicə üsulu tətbiq olunur. Gələcəkdə burada daha təkmil və müasir diaqnostik müalicə aparatlarının alınıb quraşdırılması nəzərdə tutulub.

Mərdəkandakı “Qaranquş” sanatoriyasının ərazisi böyük olmasa da, ora çox gözəldir. Sanatoriya fəaliyyətə 18 çarpayı ilə başlayaraq qısa müddətdə özünü doğrultmuşdur. Hazırda 3 korpus istifadədədir. Ərazidə əsaslı təmir və yenidənqurma işləri aparılmış, nəticədə 36 çarpayıdan ibarət müasir tələblərə cavab verən yataq korpusu istifadəyə verilmiş, yeni idman sağlamlıq kompleksi inşa edilmiş, müasir idman qurğuları quraşdırılmışdır. Sanatoriyada mədə-bağırsaq xəstəliklərinin müalicəsi ilə yanaşı, oynaq, əsəb sistemi, nevroloji xəstəliklərin də profilaktoriyası aparılır. İstirahət edənlər təşkilatımıza ünvanladıqları məktublarda yollayışların əhalinin bütün təbəqəsinin maliyyə imkanı daxilində olduğunu razılıqla qeyd edirlər.

Hazırda Cəmiyyətin tabeliyindəki “Şıx” sanatoriyasında müasir standartlara uyğun əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılır.

“Bilgəh”, “Abşeron”, “Qaranquş” və “Şıx” sanatoriyalarının ərazilərinə qaz xətləri çəkilmişdir. Sanatoriyaları fasiləsiz istiliklə təmin etmək üçün ərazilərdən keçən yeraltı magistral istilik xətləri tamamilə dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. “Bilgəh”, “Abşeron”, “Qaranquş” sanatoriyalarında yeni mini-qazanlar quraşdırılmışdır ki, bu da sağlamlıq ocaqlarının isti və soyuq su ilə fasiləsiz təmin olunmasına imkan yaradacaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Turizm və Ekskursiyalar Şurası müstəqillik dövründə öz səmərəli fəaliyyətini daha da artırmışdır.1992-1993-cü illərdə Qarabağda Ermənistanın işğalçı siyasəti nəticəsində Şuranın bir sıra turist-ekskursiya obyekti fəaliyyətini dayandırmağa məcbur oldu. Amma 1994-1995-ci illərdə Turizm və Ekskursiyalar Şurası AHİK-in bilavasitə dəstəyinə arxalanaraq fəaliyyətini yenidən qurmağa və işində əsaslı dönüş yaratmağa nail oldu. 1996-cı ildən başlayaraq, uzun fasilədən sonra, respublika əməkçiləri üzv olduqları həmkarlar ittifaqlarından güzəştli şərtlərlə aldıqları yollayışlarla Nabrandakı “Xəzər” və “Dostluq” turist bazalarında ailəvi istirahət etmək şansı qazandılar. Şuranın nəzdində olan turist bazalarına yollayışlar AHİK-in üzv təşkilatları olan respublika sahə həmkarlar ittifaqları tərəfindən işçilərə 85 faiz güzəştli şərtlərlə paylanılır.

AHİK-in maliyyə dəstəyi və köməyi ilə “Xəzər” turist bazasında hər biri 12 nəfərlik olmaqla cəmi 60 yerlik hər cür şəraitə malik kotteclər tikilmiş və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bütün kotteclərə yeni elektrik xətləri çəkilmiş, kanalizasiya sistemi quraşdırılmış və digər əsaslı işlər görülmüşdür. Turistlərin qəbulu və mənalı istirahəti üçün lazımi şərait yaradılmışdır.

Turizm və Ekskursiyalar Şurasının tabeliyində olan turist bazalarında hər il orta hesabla 3000 nəfərə yaxın əməkçi və onların ailə üzvləri dincəlir.

Son illərdə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin tabeliyində olan sağlamlıq ocaqlarının mövsümi fəaliyyətinin təmin olunması və mənalı istirahət şəraitinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra tədbirlər həyata keçirilmişdir. Qax rayonunda fəaliyyət göstərən “Şəfa” pansionatının əsas özəlliyi zəif minerallaşmış, hidrokarbonatlı, kalsiumlu təbii “Qax” mineral suyudur. Uroloji su ilə müalicə, fizioterapiya kabinetləri və kliniki-diaqnostik laboratoriya istirahət edənlərin xidmətindədir. Orada əsasən ürək-qan-damar, sümük-oynaq-əsəb, periferik sinir sistemi, mədə-bağırsaq və maddələr mübadiləsinin pozulması xəstəlikləri müalicə olunur. Pansionatın əsas binasında yenidənqurma işləri nəticəsində lüks şəraitli nömrələr yaradılmış və bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təmin olunmuşdur.

Digər təsərrüfat subyekti olan “Şahdağ” istirahət evində də son illər xeyli yenidənqurma və təmir işləri yerinə yetirilərək müvafiq şəraitin yaradılması təmin olunmuşdur. Ötən illər ərzində istirahət evində yeni yeməkxana binası tikilib istifadəyə verilmiş, 15 kottecdən 12-də yenidənqurma işləri yerinə yetirilərək lüks şəraitlər yaradılmış və bütün nömrələr televizor və soyuducularla təmin olunmuşdur.

“Kolxozlararasısağlamlıq” Respublika Birliyinin istirahət ocaqlarında hər mövsümdə 1500 nəfərdən artıq işçi və onların ailə üzvləri dincəlir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daim balansında olan bütün müalicə və istirahət ocaqlarının təmirinə, abadlaşdırılmasına, tibbi və sair avadanlıqlarla təchizatına yetərincə vəsait ayırır. Tibbi personalın peşəkarlığının artırılması daim diqqət mərkəzindədir.

Azərbaycan həmkarlar ittifaqları işçilərin istirahətinin təşkili üçün sosial sığorta vəsaiti hesabına hər il təqribən 14 milyon manatdan artıq vəsait xərcləyir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahəti nəzərə alınmaqla, bu rəqəm 22,5 milyon manata yaxın olmuşdur.

Rabitə İşçiləri Müstəqil HİRK, Aviasiya İşçiləri HİRK, Neft-Qaz Sənayesi İşçiləri HİRK, Dəmiryolçuların Müstəqil HİRK və bir çox başqa sahələrdə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilən hissəsini təsərrüfat orqanlarının üzərinə götürməsinə və ya bu məqsədlə müdiriyyət tərəfindən vəsait ayrılmasına nail olunmuşdur.

Azərbaycan həmkarlar ittifaqları üzvlərinin sağlamlığına, istirahətinə önəm verdiyi kimi, onların uşaqlarının da yay istirahətlərinin təşkilini diqqətdə saxlayır. Belə ki, 2014-cü ilin yekunlarına görə, 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilmişdir. Bundan 2750 nəfər uşağın sağlamlıq düşərgəsində sağlamlaşdırılması təmin olunmuşdur.

Son illər AHİK-in üzv təşkilatları öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında ittifaq üzvlərinin səmərəli dincəlmələri üçün var qüvvələrini sərf edirlər.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-ə məxsus “Ülfət” istirahət mərkəzi Xaçmaz rayonunun Seyidli kəndi ərazisində yerləşir. Mərkəzin inşasına 2007-ci ildə başlanmış və 2010-cu ildə başa çatmışdır. Ümumi sahəsi 4,4 hektardır. Həmin ərazinin bir hektarında müxtəlif meyvə və dekorativ ağaclar əkilmiş, qalan ərazidə isə bina, idman qurğuları və uşaq əyləncə yerləri inşa edilmişdir. Hazırda 3 ədəd ikimərtəbəli korpus və 7 ədəd birmərtəbəli kottec turistlərin istifadəsindədir. Yeməkxanada 250 nəfər birdəfəlik nahar edə bilər. Böyüklər və uşaqlar üçün hovuz, fitnes, bar, diskoteka, 30 yerlik avtodayanacaq, bilyard stolları, tennis kortu istirahət edənlərin istifadəsindədir. Sahədə çalışan həmkarlar ittifaqı üzvlərinə yollayışlar güzəştli qiymətlə, 1 nəfərə 1 gün üçün 9 manat 40 qəpik olmaqla verilir.

2008-ci ildən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Lokomotiv” istirahət mərkəzi istifadəyə verilmişdir. Hər il yay mövsümündə bu mərkəzdə 1500 nəfər dəmiryolçu və onların ailə üzvləri istirahət edir. İstirahət mərkəzində 5 korpus, hovuz, futbol, voleybol, stolüstü tennis, bilyard, trenajor zalı və uşaq meydançası fəaliyyət göstərir.

2015-ci ilin 6 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə dəmiryolçulara sanatoriya və istirahət evlərinə 91 min manat məbləğində 130 ədəd, o cümlədən 3200 manat məbləğində 5 ədəd pulsuz yollayış verilmişdir.

Təhsil İşçiləri Azad HİRK tərəfindən Xaçmaz rayonunun Nabran istirahət zonasında müasir tələblərə cavab verən “Təhsil” İstirahət Mərkəzi tikilərək 2013-cü ilin iyul ayında istifadəyə verilmişdir. İstirahət ocağının yerləşdiyi əraziyə üçmərtəbəli korpus, kotteclər, yeməkxana, idman zalı, açıq və qapalı üzgüçülük hovuzu, konfrans zalı, müxtəlif oyun meydançaları və digər tikililər daxildir. İstirahət kompleksində eyni vaxtda 260 nəfərdən artıq həmkarlar ittifaqı üzvünün istirahəti nəzərdə tutulmuşdur. İstirahət kompleksinin yerləşdiyi ərazi təbiət baxımından da zəngindir. Dörd bir tərəfdən meşə massivi ilə əhatə olunmuş istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması bura istirahətə gələnlərdə xoş ovqat yaradır. Mərkəzdə iki il ərzində 2661 nəfərin istirahəti təmin edilmişdir. 2015-ci ildə isə 1400 nəfərə yaxın ittifaq üzvünün istirahətinin təmin edilməsi nəzərdə tutulmuşdur.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi sahədə çalışan həmkarlar ittifaqı üzvlərinin yay istirahətlərini Xaçmazın Nabran qəsəbəsində, dəniz kənarındakı istirahət zonasında təşkil edir. Bu istirahət zonası 1962-ci ildən “Poçt rabitəsi” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərmiş və 1997-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyinin sərəncamı ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin balansına verilmişdir. 2000-ci ildə Respublika Komitəsinin vəsaiti hesabına müasir tələblərə cavab verən ikimərtəbəli 2, 4 nəfərlik 9 daş ev, mətbəx və inzibati bina tikilmişdir. Bu evlərdə eyni vaxtda 51 nəfərin istirahəti nəzərdə tutulmuşdur. 2013-cü ildə istirahət zonası yenidən əsaslı təmir olunmuş, bütün təhlükəsizlik və sanitar-gigiyena qaydalarına əməl edilməsi ciddi nəzarətə götürülmüş, yaşayış binaları isti və soyuq su ilə təchiz olunmuş, minifutbol, voleybol, basketbol meydançaları yaradılmışdır.

Nabran istirahət zonasında rabitəçilərin dincəlmə müddəti 10 gündür. Mövsümün sonuna kimi burada dincəlmək üçün 450-500 həmkarlar ittifaqı üzvünə dəyərinin 50 faizi Respublika Komitəsinin vəsaiti hesabına ödənilməklə yollayışlar verilir.

Səhiyyə və Elektroenergetika və Elektrotexnika Sənayesi İşçilərinin HİRK-i də sahə işçilərinin istirahət və müalicələrinin yüksək səviyyədə təşkili üçün istirahət ocaqlarında müvafiq sənədləşdirmə işləri aparır.

Kurort-sanatoriya şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı atılan rasional addımlar, o cümlədən ölkə başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” ölkədə kurort işi ilə bağlı ənənəvi siyasətin davamıdır.

Ölkədə yaradılan sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından son dərəcə zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir. Hər il həmkarlar ittifaqlarının yollayışları ilə minlərlə vətəndaş öz sağlamlığını bərpa edir. Görülən işlər kurort və sanatoriyalara üz tutan vətəndaşlarımızın sağlamlıqlarının qorunmasına və mühafizəsinə xidmət edir.

1 milyon 600 min nəfəri özündə birləşdirən, böyük güc və nüfuz sahibi olan Azərbaycan həmkarlar ittifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Bu səylərə verilən xüsusi qiyməti qeyd etmək lazımdır.

Azərbaycan həmkarlar ittifaqlarının işçilərin sağlamlıqlarının qorunması, onların istirahət və müalicələrinin təmin edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə 30 nəfər həmkarlar ittifaqı fəalının respublikanın orden, medal və fəxri adları ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar ölkə başçısının respublika həmkarlar ittifaqlarının bu sahədəki fəaliyyətinə verdiyi ən yaxşı qiymətdir.

Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində hökumətlə sıx əməkdaşlıq etməsi dövlət tərəfindən Azərbaycan həmkarlar ittifaqlarına göstərilən inam və etimadın bariz nümunəsidir.

Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin edilməsi, ölkəmizdə azad və demokratik cəmiyyətin qurulmasıdır. Ölkədə vətəndaşların mənafeyinə hesablanmış sosialyönümlü islahatlar da hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

 

Səttar MEHBALIYEV,

AHİK-in sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2015.- 21 avqust.- S. 4.