General Cəmşid xan Naxçıvanski

 

Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o, ilk növbədə öz Milli Ordusu, milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm.

İyirmi beş il öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq iyirmi beş il keçəndən sonra özüm də yüksək qiymətləndirirəm.

Heydər ƏLİYEV

 

Hər şeyin ilki gözəl və yaddaqalan olur. İlk müəllim, ilk general, ilk kosmonavt, ilk məhəbbət... Bunlar ilk övlad qədər şirin və əzizdir. Hərb tariximizin zabit heyətindən söz düşəndə general Cəmşid xan Naxçıvanski adına hərbi liseyin məzunlarını yada salmaqdan qürur duyuruq.

1918-ci ilin iyun ayında məşhur sərkərdə Əliağa Şıxlinski Gəncədə Milli yunkerlər məktəbinin əsasını qoymuşdu. Totalitar rejimin məngənəsində ikinci dəfə belə bir məktəbin 1971-ci ildə yaradılması Heydər Əliyevə qismət oldu. Əlbəttə, o dövrün acı ab-havasını udanlar yaxşı bilirlər ki, həmin illərdə milli zabit heyətinin yetişdirilməsi üçün nəinki məktəb açmaq, hətta bu barədə fikirləşmək belə böyük cəsarət və risk tələb edirdi. Bütün zamanlarda xalqını düşünən Heydər Əliyev haqlı olaraq millətimizin sonsuz məhəbbətinə layiq şəxsiyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 120 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olunan görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid xan Naxçıvanski qədim Naxçıvanda Kəngərli nəslindən olan axırıncı generaldır.

Onun general babaları Ehsan xan, Kəlbəli xan, Hüseyn xan və İsmayıl xan qoca yaşlarında öz əcəlləri ilə vəfat ediblər. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi. Onun da 26 ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud xan və Kəlbəli xan İranda şah qvardiyasında xidmət edirdilər. Guya Cəmşid xanın başçılıq etdiyi “casus təxribatçı dəstəsi” onlarla sıx əlaqə saxlayırdı. Azərbaycanda şura hökuməti qurulanda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana getmişdi. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə almışdılar. Lakin otuzuncu illərdə şahənşah onlara inamını itirdi. Səbəbi qardaşları Cəmşid xan Naxçıvanskinin Qırmızı orduda briqada komandiri olması idi. Vaxtilə onların ata-babaları rus qoşunlarının tərkibində İran ordusuna qarşı vuruşmuşdular. Ona görə də şah onları güllələtdirdi. Bu tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs edildi. Həmin il avqustun 26-da güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda qətlə yetirilmişdi. Onda C.Naxçıvanski Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın Ümumi taktika kafedrasının rəisi kimi yüksək vəzifədə işləyirdi.

1938-ci il avqustun 12-də “Sovet hökumətinin qatı düşməni, müqəssir” Cəmşid xan Naxçıvanskiyə olunan ittihamnamədən:

- “Azərbaycan Milli Mərkəzi” adlanan Azərbaycan antisovet millətçi təşkilatın fəal iştirakçısıdır. O, təşkilata Qarayev tərəfindən cəlb olunmuşdur.

- Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, Azərbaycanda hərbi üsyan planını şəxsən özü hazırlamışdır.

- İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbəli xanla əlaqə saxlamışdır. Ona Azərbaycanda üsyan başlayarkən mühacirlərdən ibarət hərbi dəstələr göndərmək tapşırığı vermişdir.

- 1931-ci ildə həbsdən azad olunduqdan sonra (Cəmşid xanı antisovet millətçi təşkilatın fəal üzvü kimi birinci dəfə 1931-ci il fevralın 22-də Zaqafqaziya Baş Siyasi İdarəsinin xüsusi şöbəsi Tiflisdə həbs etmişdi - Ş.N.) Moskvaya gələrək Qarayevlə yenidən əlaqə yaratmışdır. “Azərbaycan Milli Mərkəzi”ndə antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak etmişdir.

- Antisovet hərbçilərlə əlaqə saxlamış, onlara “Azərbaycan Milli Mərkəzi”nə kömək göstərəcəyi barədə razılıq vermişdir.

- 1921-ci ildən 1926-cı ilə kimi casusluqla məşğul olmuş, “Az.Pambıq”ın keçmiş sədri Məmməd Hacıyev vasitəsilə qardaşı Kəlbəli xana ordu barəsində tam məxfi məlumatlar vermişdir”.

Bu ittihamlardan 14 gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı məhkəmə iclası keçirdi. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və üç nəfərin şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə iclası saat 12.50-də general Cəmşid xan Naxçıvanskiyə ölüm hökmü oxudu. Sonra ona son söz deməyi təklif etdilər. Döyülüb ağır yaralar almış Cəmşid xan şər və iftira dolu ölüm hökmü kəsiləndən sonra vida sözünü deməyi qüruruna sığışdırmadı. Həmin gecə onu Moskvada güllələdilər...

* * *

“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik etməkdən boyun qaçırdı: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə baxaram?” Həbs barədə orderlə qara “EM-1”-də gələnlərdən biri pillələri tələsik qalxdı. Qapını açan ev sahibinə hövlnak dedi: “Qiymətli nəyiniz varsa, gizləyin”. Qırmızı ordunun xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula, mala qətiyyən tamah salmayan bir insan idi.

Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam”, - dedi.

O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın (“Nedelya” qəzeti, ¹ 17, 1988-ci il).

Repressiya illərində haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil Əliyev, Seyfulla Mehdiyev, Qalib bəy Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ qalan müasirlərdən general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların ailə üzvlərinin xatirələrini dinləyəndə məlum olur ki, bu igid komandirlərin fəaliyyətində yeni quruluşa qarşı haradasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr yoxdur. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə niyə min bir əziyyət çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı “təmizləmə” maşınında niyə məhv ediblər?

Suallar, suallar... Onlara cavab tapmaq çətindir.

Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. Mülkləri uçurdular ki, ağalardan, xanlardan qalıb. Məscidləri bağlayıb allahsızlar ittifaqı yaratdılar. Oğulları həbs edib öldürdülər ki, nəsli bəy olub, xan olub, Müsavat hökumətinə qulluq edib.

Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da o vaxt çox adi bir hala çevrilən müdhiş cəzanın qurbanı oldu. Döyməklə, saatlarla ayaq üstə ac-susuz saxlamaqla Cəmşid xanı əydilər. Məcbur etdilər ki, yalançı-iftiraçı kağızlara qol çəksin.

Onu da qeyd etmək lazımdır ki, Cəmşid xanın dindirilmə “protokol”unda söhbət 1921-1930-cu illərə aiddir. O illərdə “protokol”da adıçəkilən adamlar sovet hakimiyyəti əleyhinə əks fəaliyyət göstərə bilməzdilər. Əliheydər Qarayev, Cingiz İldırım, Qəzənfər Musabəyov, Həmid Sultanov və başqaları bolşevik hökumətinə sidq-ürəkdən xidmət edir və bu yeni hökumətə qəlbdən inanırdılar.

Bu yalan iftiraları 1938-ci ildə Cəmşid xanın boynuna qoymaqda məqsəd Azərbaycanın bir qrup yüksək rütbəli zabit və ziyalısını onun əli ilə məhv etmək idi.

Həbs olunmuş Cəmşid xan

Cəfərqulu xan oğlu Naxçıvanskinin dindirilmə

P R O T O K O L U-ndan

1938-ci il 12 avqust tarixində Cəmşid xan Cəfər xan oğlu Naxçıvanski, 1895-ci il təvəllüdlü, Naxçıvan şəhərində doğulub, milliyyətcə azərbaycanlı, SSRİ vətəndaşıdır, bitərəfdir, xan ailəsində doğulub, çar ordusunda podpolkovnik rütbəsində olub, Müsavat ordusunda alaya komandanlıq edib. 1930-cu ildə XDSİ orqanları tərəfindən həbs olunub. Həbsə qədər Frunze adına Akademiyanın Taktika kafedrasının müəllimi, Müsavat dönəmində briqada komandiri olub.

Sual: 1930-cu ildə Siz XDSİ orqanları tərəfindən həbs olunmuşdunuz. Danışın, siz nəyə görə həbs olunmuşdunuz?

Cavab: 1930-cu ildə Azərbaycan diviziyasının komandiri olarkən XDSİ orqanları tərəfindən həbs edilmişdim, bir neçə ay istintaq altında saxlanılmış, sonra isə azad edilmişdim.

Guya antisovet Azərbaycan millətçi təşkilatının iştirakçısı olduğum haqda mənə qarşı ittihamlar irəli sürülmüşdü.

Sual: Siz o zaman özünüzün antisovet işinizi etiraf etdiniz?

Cavab: Xeyr, çünki mən heç bir antisovet Azərbaycan millətçi təşkilatının üzvü olmamışam.

Sual: Siz Müsavat ordusunda hansı vəzifədə xidmət etmisiniz?

Cavab: Mən Müsavat ordusunda onun təşkilinin başlanğıcından 1920-ci ilədək süvari alayın komandiri vəzifəsində xidmət etmişəm. 1920-ci ildə mən sovet hakimiyyətinin tərəfinə keçdim.

Sual: İstintaq sizi antisovet Azərbaycan millətçi təşkilatının fəal iştirakçısı kimi ifşa edən kifayət qədər yoxlanılmış materiallara malikdir. İnadkarlığı buraxmanızı və özünüzün cinayətkar fəaliyyətiniz haqqında danışmağınızı tələb edirik.

Cavab: Bundan sonra da inadkarlıq etməyi mənasız sayıram, çünki istintaqın məni ifşa edən kifayət qədər materiallara malik olduğunu görürəm. Mən, həqiqətən də “Azərbaycan Milli Mərkəzi” (AMM) adlı antisovet Azərbaycan millətçi təşkilatının üzvüyəm.

Sual: “Azərbaycan Milli Mərkəzi”nə kim tərəfindən, nə vaxt və hansı şəraitdə cəlb olunmusunuz?

Cavab: “Azərbaycan Milli Mərkəzi”nə mən 1924-cü ildə Azərbaycan K(b)P MK-nın keçmiş katibi Qarayev tərəfindən cəlb olunmuşam. Düzəliş edərək deməliyəm ki, Qarayev tərəfindən mənə təsir edilməsi xeyli əvvəl başlanmışdı. 1921-ci ilin sentyabrında Qarayev Azərbaycanın hərbi işlər xalq komissarı təyin ediləndən sonra o məni yanına çağırdı və Azərbaycan diviziyasına komandanlığı qəbul etməyi təklif etdi (buna qədər mən Azərbaycan hərbi məktəbinin təsərrüfat müdiri vəzifəsində işləyirdim). Mən imtina etməyə çalışdım, Qarayev məni hədələdi və mən diviziyanı qəbul etdim.

Bu vəzifəyə qədəm qoyduqda mən Qarayev tərəfindən böyük dəstəklə qarşılandım və onun mənə qarşı münasibəti çox diqqətli idi. Bu cür yaxşı münasibətlə o, məni ələ aldı və mən ona sadiq adam oldum.

Söhbətlərdə Qarayev həmişə keçmiş xan və müsavatçı olmağımla vəziyyətimin möhkəm olmadığını təlqin etməyə çalışırdı.

1924-cü ildə söhbətlərin birində o, mənə bildirdi ki, “Azərbaycan Milli Mərkəzi” adını daşıyan antisovet millətçi təşkilatı mövcuddur, ona daxil olmağı təklif etdi. Buna da mən öz razılığımı verdim.

Sual: “Azərbaycan Milli Mərkəzi”nin məqsədləri konkret olaraq nədə ifadə olunurdu?

Cavab: “Azərbaycan Milli Mərkəzi” sovet hakimiyyətinin devrilməsi, Azərbaycanın Sovet İttifaqından ayrılması və Azərbaycanda başda milli burjua hökuməti olmaqla, kapitalist ictimai quruluşunun bərpa olunmasını qarşısına əsas məqsəd qoyurdu.

Sual: Bu düşmən, antisovet məqsədin hansı üsulla həyata keçirilməsi düşünülürdü?

Cavab: Silahlı üsyan yolu ilə.

Sual: Bunun üçün nə edilmişdi?

Cavab: Silahlı üsyanın hazırlanması üçün “Azərbaycan Milli Mərkəzi” tərəfindən böyük iş görülmüşdü, üsyana hazırlıq işinə başçılıq edən və üsyan zamanı ona rəhbərlik edəcək Hərbi Mərkəz yaradılmışdı.

Sual: Bu Hərbi Mərkəzə kim daxil idi?

Cavab: Hərbi Mərkəzin heyətinə Çingiz İldırım, mən - Naxçıvanski və Qalib bəy Vəkilov daxil idi.

Sual: Silahlı üsyanın hazırlanması üçün “Azərbaycan Milli Mərkəzi”nin və Hərbi Mərkəzin gördüyü iş haqqında ifadə verməyinizə davam edin.

Cavab: Hərbi Mərkəz öz iclaslarından birində silahlı üsyanın planını işləyib hazırladı. Bu iclas Çingiz İldırımın, Ordubadskinin, mənim - Naxçıvanskinin, Q.Vəkilovun da orada olduğu, Çingiz İldırımın mənzilində baş verirdi. Silahlı üsyanın hazırlanması planı haqqında məlumatı mən - Naxçıvanski hazırlayırdım. Silahlı üsyanın planı aşağıdakılardan ibarət idi:

Silahlı üsyan SSRİ-nin Qərbdə və ya Şərqdə aparacağı müharibənin başlanğıcı ilə eyni vaxtda başlamalı idi. Məlum idi ki, müharibənin başlanması ilə ikinci Stepin diviziyası Azərbaycandan gedirdi. Azərbaycanda Azərbaycan atıcı diviziyasından başqa, Azneftin mədənlərini və Xəzər donanmasını qoruyan DSİ-nin iyirmi dördüncü alayı da qalırdı.

Şəhərin tutulması planına əsasən, ilk növbədə AzDSİ-nin 24-cü alayını tərksilah etmək və dövlət idarələrini, poçtu və teleqrafı ələ keçirmək nəzərdə tutulurdu.

Bu məqsədlərin yerinə yetirilməsi üçün Hərbi Mərkəzin sərəncamında Azdiviziyanın iki atıcı alayı, artilleriya alayı, istehkamçı bölüyü, rabitə batalyonu və süvari eskadronu var idi. Əgər say tərkibi mənasında hər şey az və ya çox dərəcədə yaxşı idisə, sosial və milli tərkib etibarilə heç də hər şey yaxşı deyildi. Azdiviziyanın 3-cü Bakı alayının 50 faizdən çoxu ruslardan və 60-70 faizdən də artığı fəhlələrdən ibarət idi. Diviziyanın başqa hissələrində də həmçinin fəhlələrin və qeyri-türk milliyyətli əsgərlərin faizi çox idi. Buna görə də rus əsilli Qızıl ordu əsgərlərinin azaldılması hesabına diviziyanın türk heyətini artırmaq ən vacib məsələ hesab olunurdu.

Buna görə də mənə tapşırılmış olan komandir kadrların seçilməsi məsələsi əsas kimi qarşıda dururdu. Bu məsələni həll etmək mümkün oldu.

Artilleriya alayının başında keçmiş Müsavat və çar ordusu zabiti Novruzov dururdu, alayın qərargahının rəisi Müsavat və çar ordusunun keçmiş zabiti Şahtaxtinski, köməkçisi isə zabit Dagirov idi.

Digər alaylarda da dördüncü Azərbaycan alayının komandiri, keçmiş Müsavat zabiti İsmayılov, birinci atıcı alayın qərargah rəisi Mirzəyev, süvari eskadronunun komandiri Abdullabəyov kimi etibarlı şəxslər var idi.

Bu məsələdən başqa əhalidə silahın toplanması və əhalinin özünün üsyana hazırlaşdırılması məsələsi də nəzərdə tutulurdu.

Sual: Hərbi Mərkəz bu məsələni həll etməyi necə bacardı?

Cavab: Hərbi Mərkəz bu məsələnin öhdəsindən belə bir şəkildə gəldi: Azərbaycanda silahın olmadığı ev yox idi. Bu silah 1917-1920-ci illər dövründən qalmışdı. Bu silahlar “öz mülkiyyətini quldurlardan qorumaq üçün lazımdır” bəhanəsi ilə 1930-cu ilə qədər əhalidən yığılmamışdı.

Osoaviaxim xətti ilə və Qarayevin təşəbbüsü ilə tək Bakının deyil, həm də Azərbaycan rayonlarının əhalisinin üsyana hazırlanması üzrə böyük iş aparılmışdı. Bu məqsədlə Bakı şəhərində “fəhlə təşkilatları” pərdəsi altında “fəhlə batalyonları” təşkil olunmuşdu. Bu batalyonların sayını mən dəqiq xatırlamıram, ancaq hər halda, bu rəqəm kifayət qədər böyük idi. Silahlar bu batalyonların döyüşçülərinin əlində idi. Silahın qeydiyyatı pis idi və onun böyük miqdarda oğurlanması baş verirdi.

Azərbaycanın rayonlarında silahlı dəstələrin yaradılması işi, başlıca olaraq, kütlələrin sovet hakimiyyəti əleyhinə təşviq edilməsi xətti ilə gedirdi. Türk əhalisinin aşağı mədəni səviyyəsi, həmçinin “Azərbaycan Mərkəzi”nin işçilərinin kolxoz quruculuğunda yaratdığı bəzi ifratçılıqlar da nəzərə alınırdı. Əhalinin silahla təmin olunması Osoaviaxim hesabına aparılırdı. Hərbi əmlakı daşıyan əsgəri nəqliyyata hücum edilərək silah və sursatın aparıldığı hallar olurdu. Bu dəstələrin yerlərdəki say vəziyyəti haqqında mənə heç nə məlum deyil, hər halda onların da sayı həmçinin Bakının özündəki qədər çox idi.

Sual: Sovet hakimiyyətinin devrilməsində siz əksinqilabın ancaq daxili qüvvələrinə ümid edirdiniz?

Cavab: Azərbaycanda sovet hakimiyyətinin devrilməsinin təşkilində “Azərbaycan Milli Mərkəzi” öz qüvvələrindən əlavə, İran tərəfindən ediləcək köməyə də ümid edirdi. Bu kömək ilk növbədə İran ərazisində Azərbaycan mühacirlərindən təşkil olunmuş dəstələrdən ibarət olmalı idi. Bu dəstələrin formalaşdırılması İran hökuməti tərəfindən Kəlbəli xan Naxçıvanskiyə - mənim qardaşıma həvalə edilmişdi. Demək lazımdır ki, bütün mühacirət İran hökuməti tərəfindən sərhədyanı ərazidə məskunlaşdırılırdı. Silah onlardan nəinki alınmırdı, həm də əksinə, əhalinin tam silahlandırılması üçün tədbirlər görülürdü. Beləliklə, sərhəddə istənilən dəqiqə onu keçməyə hazır olan, daimi döyüş hazırlıqlı, olduqca böyük döyüş bacarığına malik dəstələr var idi. Bu dəstələrin məqsədi sərhədi keçdikdən sonra müəyyən məntəqələrə yönələrək üsyançıların onların ətrafında birləşəcəyi özək rolunu oynamaq idi. Buna görə də bu mühacir dəstələri ərazi əlamətinə görə formalaşdırılırdı. Bu köməkdən əlavə, “Azərbaycan Milli Mərkəzi” İran hökuməti ilə, lazım gəldikdə nizami qoşunlarla da yardım edilməsi barədə danışıqlar aparırdı. Ancaq bu danışıqlar mənim xəbərim olmadan aparılırdı.

Sual: İranla konkret olaraq kimin vasitəsilə əlaqə saxlanılırdı?

Cavab: İran hökumətinə meyillənmənin mövcudluğu mənə Firuz bəy Ordubadskidən məlum idi. Danışıqları konkret olaraq kimin apardığı mənə məlum deyil. Mən şəxsən ancaq Kəlbəli xanla əlaqə saxlayırdım. Bu əlaqə xidməti işlərinə görə tez-tez İrana gedən “Azərpambıq”ın keçmiş sədri Hacıyev vasitəsilə saxlanılırdı. Əlaqə hücum olacağı halda birgə fəaliyyətin işlənib hazırlanması üçün lazım idi. Kəlbəli xan, mən yuxarıda göstərdiyim kimi, Azərbaycan mühacirləri arasında çox tanınmışdı və onlardan müharibə vaxtı Azərbaycan ərazisinə ötürülməli olacaq dəstələr formalaşdırmalı idi. Bu dəstələr ətrafında üsyançıların qruplaşa biləcəkləri özək olmalı idi.

Sual: İstintaqa məlumdur ki, “Azərbaycan Milli Mərkəzi” Azərbaycanın bir sıra rayonlarında silahlı antisovet çıxışları həyata keçirmişdir. Bu məsələ haqqında sizə məlum olanların hamısını danışmanızı tələb edirik.

Cavab: Mən yuxarıda göstərdiyim kimi, AMM Azərbaycanın rayonlarında üsyanların hazırlanması üzrə olduqca böyük iş aparırdı. Hazırlıq əhalidə olan gizlədilmiş silahın onlardan alınmaması, rayonların Osoaviaxim silahları ilə təmin edilməsindən ibarət idi. Həmçinin quldurların geniş şəkildə amnistiya edilməsi (leqal vəziyyətə keçirilməsi) işi də aparılırdı, hərçənd bu tədbir özünü doğrultmadı. Bir qayda olaraq, fürsət düşən kimi amnistiya olunmuş quldurlar yenidən silaha əl atırdılar. Silahlı üsyanın, mən göstərdiyim kimi, Qərbdə və ya Şərqdə aparılacaq müharibə dövründə başlanması düşünülürdü. Ancaq müharibənin başlanması uzadıldığından AMM 1930-cu ilin əvvəlində silahlı üsyana başlamağı qərara aldı.

Üsyanın yatırılması üçün rus qoşunları Bakıdan çıxarıldığı halda Bakının özündə də üsyana ucqar rayonlardan başlamaq qərara alınmışdı.

Bu üsyanlar kifayət qədər nizamlı şəkildə deyil, böyük fasilələrlə başlamışdı ki, buna görə də tez bir zamanda yatırıldı. Silahlı üsyanlar Naxçıvanda, Qarabağda, Zaqatalada, Nuxada və Ağdaşda baş verirdi. Şəxsən mən bu üsyanlara rəhbərlikdə iştirak etmirdim.

Sual: “Azərbaycan Milli Mərkəzi”nin iştirakçısı kimi özünüzün sonrakı cinayətkar fəaliyyətiniz haqqında danışın.

Cavab: Azərbaycanın yuxarıda göstərilən rayonlarındakı uğursuz silahlı çıxışlardan sonra bizim fəaliyyətimiz XDSİ orqanları tərəfindən aşkar edildi və AMM-in iştirakçılarının çoxu, mən də həmçinin həbs olundum. Bir neçə aylıq həbsdən sonra mən azad edildim, orduya bərpa olundum və 1931-ci ildə Frunze adına Akademiyada təhsil almaq üçün Moskvaya gəldim. Bu andan başlayaraq mənim bütün antisovet fəaliyyətim dayandı. Çünki mən Moskvada yaşayırdım və “Azərbaycan Milli Mərkəzi”nin iştirakçıları ilə heç bir əlaqə saxlamırdım.

Sual: Yalandır! Siz bütün dövr ərzində Qarayevlə əlaqə saxlayır və antisovet fəaliyyəti aparmaqda davam edirdiniz.

Cavab: Bəli, həqiqətən mən Qarayevlə əlaqə saxlayırdım. Mənim onunla tamamilə təsadüfi xarakterli bir neçə görüşüm olub. Ancaq hər hansı bir antisovet fəaliyyəti aparmamışam. Bunu mən qətiyyətlə inkar edirəm.

Sual: Naxçıvanski, sizə təklif edirik ki, öz fəlsəfi mühakimələrinizi qurtarasınız. 1931-ci ildən həbs gününə qədər sizin Moskvadakı fəaliyyətiniz bizə yaxşı məlumdur. Özünüzün 1931-ci ildən indiyədək olan dövrdə antisovet fəaliyyətinizə dair ifadələrinizə başlayın.

Cavab: Həbsdən azad edildikdən və Moskvaya gəldikdən sonra mən 1931-ci ildə yenidən öz əksinqilabi fəaliyyətimə başladım. Məni bu işə 1930-cu ildən Moskvada işləyən AK(b)P MK-nın keçmiş katibi Əliheydər Qarayev cəlb etmişdi.

Əliheydər Qarayevlə mənim görüşüm 1931-ci ilin qışında, biz Azdiviziyanın siyasi bölməsinin keçmiş rəisi Ələkbərovun dəfnində görüşdükdə onun məni dəvət etdiyi mənzilində baş verdi.

Söhbətin təfərrüatları yadımda deyil, ancaq onun məqsədi məni öz əksinqilabi fəaliyyətimi davam etdirməyim üçün dilə tutmaqdan ibarət idi. Qarayev göstərirdi ki, hazırda mövcud olan “Azərbaycan Milli Mərkəzi” güclü təşkilatdır və bu təşkilatın nəzərdə tutduğu iş etibarlıdır.

Sual: Azərbaycan millətçi təşkilatının iştirakçıları olan şəxslərdən kimin adını Qarayev sizə dedi?

Cavab: Qarayev mənə bu soyadları: Ruhulla Axundovu, Mirzə Davud Hüseynovu, Qəzənfər Musabəyovu, Hüseyn Rəhmanovu, Dadaş Bünyadzadəni, Həmid Sultanovu, Həbib Cəbiyevi, Axundzadəni, Əfəndiyevi, Talıblını və digərlərini dedi.

Sual: Sizin millətçi təşkilatınız hansı əksinqilabi qruplarla blok yaratmışdı?

Cavab: 1931-ci ildə Qarayevdən mənə məlum oldu ki, “Azərbaycan Milli Mərkəzi” sağ trotskiçi mərkəzlə əlaqədədir.

Sual: “Azərbaycan Milli Mərkəzi”nin sağ trotskiçi mərkəzlə əlaqəsi nədən ibarət idi?

Cavab: “Azərbaycan Milli Mərkəzi”n sağtrotskiçi mərkəzlə əlaqəsi haqqında məni məlumatlandırdıqda Qarayev göstərdi ki, danışıqlar sağ trotskiçi mərkəzin nümayəndələri Buxarin və Rıkovla Qarayev, Ruhulla Axundov və Mirzə Davud Hüseynov tərəfindən aparılırdı. Bu danışıqlar zamanı birgə iş haqqında razılaşmaya nail olundu. Bu birgə iş partiya və hökumətlə əlbir mübarizədən, Azərbaycanın Sovet İttifaqından ayrılmasına razılıq verilməsindən ibarət olmalı idi. AMM-in partiya və hökumətlə birgə mübarizə üzrə işdəki rolu xalq təsərrüfatının bütün sahələrində (əsasən neft təsərrüfatında) ziyankarlığın təşkilindən və Azərbaycanda üsyanın hazırlanmasından ibarət idi.

Bu mərkəzlər arasında əlaqəni 1930-cu ildən daimi olaraq Moskvada yaşayan Qarayev həyata keçirirdi.

Sual: Onunla görüşdükdə Qarayev sizi daha nə haqqında məlumatlandırdı?

Cavab: Elə bu söhbət əsnasında Qarayev məni “Azərbaycan Milli Mərkəzi”nin Azərbaycandakı sovet hakimiyyətinin devrilməsindən, burjua-demokratik quruluşun bərqərar edilməsindən və Azərbaycanın Sovet İttifaqından ayrılmasından ibarət olan proqram haqqında məlumatlandırdı. Bu məqsədin həmsərhəd dövlətlərdən biri ilə aparılacaq müharibə ilə eyni vaxtda başlayacaq silahlı üsyanın köməyi ilə həyata keçirilməsi düşünülürdü. Həm də təkcə Azərbaycandan təcrid edilmiş halda deyil, Gürcüstan və Ermənistanla birlikdə çıxışların olması düşünülürdü.

Sual: “Azərbaycan Milli Mərkəzi”nin Gürcüstan və Ermənistanın millətçi təşkilatları ilə razılaşması nə vaxt və məhz kimin vasitəsilə həyata keçirilmişdir?

Cavab: Bu danışıqların başlanması 1931-ci ilə təsadüf edir.

Silahlı üsyanın təşkili üçün AMM Azərbaycan diviziyasının, həmçinin arasında müvafiq iş aparılan yerli əhalinin qüvvələrinə malik idi. Qarayevin sözlərinə görə, Ermənistan və Gürcüstanda da, həmçinin orduda böyük iş aparılırdı və Qarayev deyirdi ki, bu respublikalardakı milli diviziyalar silahlı üsyanın təşkili zamanı əsas aparıcı qüvvə olacaqlar. Bu respublikalarda tam istinad yerli əhalinin silahlı çıxışlarına edilirdi. Milli mərkəzlərə Gürcüstanda Eliava Oraxelaşvili, Ermənistanda isə Ter-Qabrielyan rəhbərlik edirdi. Yerli əhali arasında aparılan iş sovet hakimiyyəti əleyhinə müvafiq təşviqatdan, kəndin ən nüfuzlu şəxslərinin, rayon komitə katiblərinin və rayon icra komitələri sədrlərinin cəlb edilmələrindən ibarət idi. Əhalinin əllərində çoxlu sayda silahın saxlanılması və orduya çağırılmamalı olan şəxslərin (qolçomaq uşaqlarının və s.) böyük faizinin ordu Osoaviaxim vasitəsilə hərbi təlim almasını da bu işə aid etmək lazımdır.

Sual: “Azərbaycan Milli Mərkəzi”ndəki rolunuz barədə danışın.

Cavab: Ya 1932-ci ilin sonunda, ya da 1933-cü ilin əvvəlində, Qarayevin mənzilində “Azərbaycan Milli Mərkəzi”ndə mənim işimin konkret olaraq nə ilə ifadə olunduğunu bildirən söhbətimiz oldu. Bu söhbətdə Qarayev göstərdi ki, AMM Buxarin vasitəsilə Hərbi Mərkəzlə əlaqə yaratdı və “Azərbaycan Milli Mərkəzi”nin nümayəndələri (Qarayev, Axundov, Hüseynov) o mərkəzin nümayəndələri ilə (marşal Mixail Tuxaçevski və ordu komandanı Avqust Korkla) danışıqlar aparırdılar.

AMM-in Hərbi Mərkəzlə razılaşması Hərbi Mərkəzin Azərbaycandakı silahlı üsyana hər vəchlə kömək etməsindən ibarət olmalı idi. Bu, konkret olaraq, silahlı üsyanın yatırılması üçün göndəriləcək qoşunların gecikdirilməsi və rus hərbi hissələrinin Azərbaycandan çıxarılması ilə ifadə olunmalı idi.

Qarayev buradaca göstərdi ki, “Azərbaycan Milli Mərkəzi”nin və Hərbi Mərkəzin nümayəndəsi kimi mən Korkla əlaqə saxlamalı olacağam.

 

(ardı var)

Şəmistan NƏZİRLİ,

istefada olan polkovnik-leytenant

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 11.