Beynəlxalq seminarda kitabxana və təhsil müəssisələrinin müəllif hüquqları müzakirə edilir

 

Noyabrın 30-da Bakıda “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə keçirdiyi tədbirdə DƏMT-in məsul şəxsləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, ABŞ və digər ölkələrdən əqli mülkiyyət üzrə ekspertlər iştirak edirlər.

Seminarda çıxış edən MHA-nın sədri Kamran İmanov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, iki günlük seminarın məqsədi arxivlər, kitabxanalar, təhsil müəssisələri üçün müəllif hüquqları ilə bağlı istisnalar və məhdudiyyətlər üzrə təcrübələri müzakirə etmək, DƏMT-ə üzv  dövlətlər tərəfindən bu məsələ ilə bağlı beynəlxalq müqavilə hazırlanması işinə dəstək verməkdir.

DƏMT-in keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin müdiri xanım Saule Tlevlessova müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayıb, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən danışıb.

Daha sonra yerli və beynəlxalq ekspertlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

K.İmanov  “Müəllif-hüquq islahatı: istisnalar və məhdudiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. MHA-nın sədri seminarın Bakıda keçirilməsini Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının təzahürü və bunun beynəlxalq strukturlar tərəfindən etirafı, gələcək nailiyyətlərə dəstək verməsi kimi dəyərləndirib.

 Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulanPrezident İlham Əliyevin düşünülmüş davamlı siyasətinin nəticəsi olaraq Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlər sırasında qəbul edilib. Bu sistemin dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var. Əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin unikal sənədin altı bəndində əqli mülkiyyət sistemi qarşısında qoyulmuş mühüm vəzifələr əksini tapıb.

K.İmanov bildirib ki, əlifba və çap sözünün, müəllifliyin və müəlliflik hüququnun, əlyazma və kitabların, daş kitabələrin və kitabxanaların tarixi əslində bəşəriyyətin tarixidir və Azərbaycan bunların zəngin nümunələri ilə səciyyələnir. Zaman keçdikcə yazıların ibtidai-təbii-anonim forması müəlliflik şəxsiyyəti ilə əvəz olunmağa başlayıb, şifahi xalq yaradıcılığı, folklor nümunələrinin yazıya alınması ilə yanaşı, öz müəlliflərinin adlarını qoruyub saxlayan əsərlər də meydana çıxıb. Azərbaycanlı müəlliflər - ozan-aşıqlar öz müəllifliklərini əbədiləşdirməyin bütün Şərqə yayılan orijinal şəxsi hüquqların qorunması formasını tapıblar və yaradıcının əsl adı və ya təxəllüsü şerin - nəğmənin son beyti olan “tapşırma”ya salınıb.

Beləliklə, Prezident İlham Əliyevin dediyi kimi, “Ölkəmiz qədim dövrdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

Məruzədə vurğulanıb ki, Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyasının (IFLA) məlumatına əsasən, hazırda dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir (440 mini Avropada), burada 800 mindən çox insan çalışır (o cümlədən 330 mini Avropada) və kitabxanaların saxlanmasına 8,7 trilyon ABŞ dollarından çox vəsait xərclənir. Kitabxanalar həqiqi mənada ən dəyərli informasiya mənbəyinə çevrilib, burada 20 milyarddan çox kitab, 1,5 milyard mikrofilm və 10 milyarddan çox dövri nəşr vahidi saxlanılır (onların 16 milyard qorunan vahidi Avropadadır), abonentlərin sayı təqribən 2,5 milyarddır (Avropada - 1,8 milyard) və ildə sifarişlərlə bağlı 1,5 trilyon əməliyyat aparılır.

Prezident İlham Əliyev Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində deyib: “...hər bir cəmiyyətin gücü onun dinimilli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənə lazımdır, eyni zamanda dövlət siyasəti lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”. Azərbaycan dövlətinin və xüsusən Heydər Əliyev Fondunun fəaliyyətində bu məsələlər başlıca yer tutur.

K.İmanov  bildirib ki, Azərbaycanda multikulturalizm qədim diyarımızda tarixən yaşayan bütün insanlar tərəfindən dəstəklənən ənənə və həyat tərzidir. Bu ölkədə yaşayan bütün xalqlar Azərbaycan millətinin tərkibinə daxildir və onların hamısı azərbaycanlılardır.

Noyabrın 26-da Bakıda ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında Prezident  İlham Əliyevin dediyi kimi, “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var... multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilik, diskriminasiya, islamofobiya və ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz...”.

Daha sonra DƏMT-in hüquq bölməsinin məsləhətçisi Rafael Ferraz VazquezinKitabxanalar və müəllif hüququnun beynəlxalq hüquqi çərçivəsi”, əqli mülkiyyət üzrə beynəlxalq ekspert Baljid Dashdelegin “Müəllif hüququkitabxanalar: cari mövzular”, ABŞ-ın Kolumbiya Universitetinin professoru Kennet Kruzanın “Kitabxanalar və arxivlər üçün müəllif hüququna istisnalar və məhdudiyyətlər üzrə araşdırma” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq seminar işini dekabrın 1-də davam etdirəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 1 dekabr.- S. 6.