Müşfiq sevgisinə görə cəzalandırılan şair

 

Repressiya qurbanları

 

Gülhüseyn Hüseynoğlunu universitet tələbəsi olanda tanımışam. Haqqında çox eşitmişdim, yazılarını oxumuşdum. Onu haqlı olaraq mənsur şeirin ustadı sayırdılar. Zəif vücudlu, həssas bir insan idi. “Azərbaycan ədəbiyyatı”ndan dərs deyirdi. Hər dəfə Mikayıl Müşfiqdən danışanda gözləri yaşarardı, gizli-gizli kövrələrdi. Sən demə, Müşfiqin tədqiqatçısı kimi çox təqiblərə məruz qalıb. Hələ aspiranturada oxuduğu illərdə onu təhsildən yarımçıq ayırıblar. Nə az, nə çox - düz 25 illik həbs cəzasına məhkum ediblər. Dözümü, prinsipiallığı ilə hər şeyə qalib gəlib. Uzun mübarizədən sonra, 1956-cı ildə bəraət qazanıb, özüçox çətinliklə. Deyirdi ki, Stalinin hökmlü dövrü olsaydı, məni Sibirdə çürüdərdilər. Təkcə ona görə ki, Müşfiqdən yazırdım. Onun itib-batan əsərlərini üzə çıxarırdım, toplayıb çap etdirirdim. O vaxtlar Müşfiqi qatı xalq düşməni sayırdılar, hətta adının çəkilməsinə ciddi qadağa qoymuşdular.

Gülhüseyn müəllim, nədənsə, o illərin əzablarından, çəkdiyi məşəqqətlərdən az danışardı. Bircə onu deyərdi ki, Cavid əfəndinin, Əhməd Cavadın, Mikayıl Müşfiqin haqsız cəzaları ilə müqayisədə bir az özümüzə təsəlli tapardıq. Axı o vaxtlar ədalətin şah sütunlarını bilərəkdən və qəsdən məhv edirdilər. Sibir sürgünündə, Qazaxıstan səhralarında min bir əzab, əziyyət verir, əqidə fədailərini zindanlarda çürüdürdülər. O dözümlü kişilərin səsi-sorağı xeyli uzaqlardan gəlsə də, cəzalarının sonu görünmürdü.

O vaxtlar əqidə adamlarını məhv etmək ədalətli məhkəmə tələb etmirdi. Hər şeyi qısaca sorğu-sual, iki üç şahidin üzə durması həll edirdi. Gülhüseyn müəllim demişkən, üç-dörd çuğulun sözü böyük dahilərin məhvinə əsas verirdi. Cəsusluqla məşğul olan istedadsızlar asan yol seçir, dövrün dəyərli adamlarını ağır cəzalara məhkum etdirirdilər. 1937-ci ildən üzü bəri - Stalin hakimiyyətinin sonuna qədər saxta təqiblərlə üzləşən adamların sayı çox oldu. Gecə qəfil döyülən qapıları səksəkə və vahimə ilə açırdılar. Çox vaxt bu gedişlərin sonu aydınlığa qovuşmurdu, bir ömrün faciəsi başlayırdı. Özü də belə seçilən adamların yeddi arxa dönənini mühakimə edirdilər. Ciddi əsasları olmadan şər və böhtan yolu ilə dinləmələrdən, sorğudan keçirirdilər. Cəzalar o qədər sərt olurdu ki, geriyə dönüş müşkülə çevrilirdi.

Belə hədəflərdən biri olan Gülhüseyn Hüseynoğlu təhsilini tamamlaya bilmədi, hər şey yarımçıq qaldı. Onda bədii yaradıcılığa yeni başlamışdı. Mənsur şeirləri, hekayələri mətbuatda tez-tez çap olunurdu. Hələ ilk kitabın sevincini yaşamamışdı. Ən böyük günahı Müşfiqdən yazmağı idi. Özü deyirdi ki, həbs olunmaya da bilərdi. Bircə şərtlə: gərək əqidəmi dəyişəydim. Hər şeyi təzədən başlamalıydım. Onların diktə etdiyi kimi. Onda cavab vermişdim ki, bacarmaram. Elə o bir kəlmə sözə görə mənim əzablı günlərim başladı. Haraları görmədim, ilahi! Tələbələr Gülhüseyn müəllimi o illərin sərt sınaqları ilə bağlı sorğu-suala tuturdular. Amma çəkdiyi əzablardan, məşəqqətlərdən danışmağı sevməzdi. Deyirdi ki, o illər arxada qaldı. İtirdiyimiz mənəvi dəyərləri çəkiyə, ölçüyə gətirə bilməzdik. Əgər Müşfiq geriyə dönməyəcəksə, Cavid əfəndi çəliyə söykənib mənalı-mənalı baxmayacaqsa, o illərdən danışmağa dəyməz. O dahilərə, istedadlara qıymaq Allahın dərgahında ən böyük günah sayılırdı. Daxili yanğısını, o illərin qadağalarına üsyanını Mikayıl Müşfiq öz misralarında əridirdi. Elə bil o şeirlər ağrıların, əzabların əlacı olurdu.

1956-cı ildən sonra Gülhüseyn Hüseynoğlunun ikinci həyatı başlayır. Artıq Stalinin şəxsiyyətə pərəstiş dövrü geridə qalmışdı. Amma o illərin zədələri, köndələn zərbələri səngimirdi. Ədəbiyyatın təzələnmə dövrü başlayırdı. 1960-cı illərin yeni nəsil sətiraltı deyimləri, eyham və işarələri ilə gizli-gizli boy atırdılar. Onda Gülhüseyn HüseynoğluAna” hekayəsini, “Mücrü” mənsur şeirini yazmaqla sübut etdi ki, o, öz ədəbi nəslinin istedadlı nümunəsidir. İlk uğurları Gülhüseyn Hüseynoğlunun qarşısında yeni mərhələ açdı. O nədən yazırdısa, heç vaxt, heç vədə əqidəsini dəyişmirdi. Müşfiqin haqqında yarımçıq qalan monoqrafiyasını tamamladı, şairin arxiv şeirlərini üzə çıxardı, külliyyatını toplayıb çap olunmasına ciddi təşəbbüs göstərdi. Bir daha sübut etdi ki, onu heç bir repressiya maşını yolundan döndərə bilməz. Gülhüseyn müəllim Müşfiqdən doyumsuz xatirələr danışardı. Deyərdi ki, yaşımın ahıl çağında Müşfiqlə bağlı bir xatirə yazısı oxudum. Şair Ağasəfa “Azərbaycan” jurnalında yazmışdı ki, doğulduğu kənddə Müşfiqdən bir xatirə qalıb - özünün əkdiyi qoşa çinar ağacı. Dərhal o kəndə yollandım, o qoşa çinarları arayıb axtardım. Elə bildim ki, Müşfiqin görüşünə gedirəm. O çinar ağaclarının kölgəsində oturub ötən illərə qayıtdım, dönə-dönə Müşfiqi xatırladım. Bəlkə də 1937-ci ildə o qoşa çinar ağacından xəbər tutan olsaydı, fidanları yerindəcə məhv edərdilər. Onda Müşfiqin bir kəlmə sözü də zəlzələ yaradırdı, ən adi yadigarları da...

Sərt qanunlardan, qadağalardan xilas olan bu ağaclar o qədər böyümüşdü ki, həndəvərinə sığışmırdı.

Hər dəfə Gülhüseyn müəllimi ciddi sorğu-suala tutanda özü haqqında bircə kəlmə də deməzdi, mövzunu dəyişərdi. Ya Müşfiqdən danışardı, ya da Cavid əfəndidən. Deyərdi ki, belə dahilərin yanında bizim şairliyimiz o qədər də gözə görünmür. Birdeyirdi ki, mən Müşfiqin beş-on itkin misrasını arxivlərdən tapıb bir araya gətirmişəmsə, elə bil öz ömrümü uzatmışam.

Gülhüseyn müəllimlə sonuncu görüşümüzü də xatırlayıram, ölümündən bir qədər əvvəl universitetdə üz-üzə gəldik, xeyli qocalmışdı. Özü demişkən, çəliksiz gəzib-dolaşa bilmirdi. Əvvəl əhvalı yaxşı idi. Deyirdi ki, o çətin illərin repressiya dövrünün nisgili bir qədər əriyib. Nə yaxşı ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə o illərdə repressiya qurbanı olan şairlərin, yazıçıların əsərləri tam külliyyatı ilə çap olunur, yeni nəslə çatdırılır. Buna o qədər sevinirəm ki...

Heç olmasa belə xeyirxahlıq 1937-ci illərin zədələrinə, zərbələrinə məlhəm oldu, dahilər himayəsiz qalmadı. Bunu Gülhüseyn Hüseynoğlu ölümündən bir qədər əvvəl demişdi. Demişdi ki, daha ölsəm də, bir nisgilim qalmayıb. Ruhun şad olsun. Allah sənə rəhmət etsin, Gülhüseyn müəllim!

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan. - 2015.- 9 dekabr.- S.7.