Gəncədə “Avropa gənclər paytaxtı” parkı salınır

 

Gələn il üçün Avropa gənclər paytaxtı seçilən Gəncə şəhərində bu   əlamətdar hadisə ilə bağlı müxtəlif  istirahət  guşələri yaradılır, sosial-mədəni  obyektlər istifadəyə verilir. Hazırda tikinti-quraşdırma işləri aparılan “Avropa gənclər paytaxtı” adını daşıyacaq yeni park öz gözəlliyi ilə həm gənclərin sevimli yerinə çevriləcək, həm də müasir üslubu ilə şəhərsalma memarlığına yeni töhfə olacaq.

Yeni park üçün şəhərin mərkəzində - Nizami və Əziz Əliyev prospektlərinin kəsişməsində sahə ayrılıb. Vaxtilə avtovağzalın fəaliyyət  göstərdiyi 1,8 hektar ərazi  tamamilə yenidən qurulur. Lazımsız, səliqəsiz tikililər sökülür, necə gəldi əkilmiş ağaclar çıxarılaraq səliqə ilə yeniləri basdırılır.

2016-cı il Avropa gənclər paytaxtı seçilən Gəncədə Avropanın ən nüfuzlu beynəlxalq gənclər tədbirləri keçiriləcək. Yeni park isə Avropada gənclər paytaxtı adını daşıyacaq ilk park olacaq.

Yeni park tamamilə yaşıllığa bürünəcək. Burada oturacaqlar qoyulacaq, əhalinin,  asudə vaxtının səmərəli keçməsi üçün hər cür şərait yaradılacaq. Parkın mərkəzində hündürlüyü 5 metr olacaq “Gənclik qanadları” adlı abidə ucaldılacaq. Avropa gənclər paytaxtını simvolizə edən bu memarlıq nümunəsi dünyanın müxtəlif ölkələrindən qədim şəhərə gələn gəncləri sülhə, əmin-amanlığa səsləyəcək.

Hazırda ərazidə yaşıllıq salınır, gül-çiçək əkilir, səkilərə dekorativ plitələr  düzülür. Bütün bu işlərdə gənclər də fəal iştirak edirlər.

Gəncədə sayca 25-ci olan yeni park ilin sonunadək  əhalinin və şəhərin qonaqlarının istifadəsinə veriləcək.

 

Əli SƏLİMOV,

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S. 10.