Yaddaqalan mədəni tədbirlər silsiləsi

 

Yaxud ənənəvilikdən müasirliyədək keçilən yol

 

Zəngin və qədim mədəniyyətə, eləcə də tolerantlıq ənənələrinə söykənən müstəqil Azərbaycan dövləti inkişaf sürətinə görə yalnız Avropa məkanında deyil, dünya ölkələri içərisində də ön sıralardadır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət milli hədəflərə hesablanmaqla doğru istiqamətdə olduğunu artıq çoxdan təsdiqləyib. Məhz həmin mədəniyyət siyasətinin nəticəsidir ki, respublikanın paytaxtı Bakı son illər bir sıra beynəlxalq konfransfestivallara evsahibliyi etməkdədir. Müxtəlif sənət sahələrini əhatə edən belə tədbirlər, təbii ki, keçirildiyi məkan barədə də iştirakçılarda zəngin təəssürat yaradır. Bu mənada silsilə xarakterli beynəlxalq tədbirlər ölkəmizin nəinki yerləşdiyi Cənubi Qafqazda, yaxud Avropa məkanında, hətta dünya arenasında belə geniş təbliğində mühüm amillərdən sayılır.

Ölkəmizin mədəniyyət sahəsindəki inkişaf, təbii ki, özünü müxtəlif formalarda göstərir. Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda fəaliyyət göstərən 25 dövlət teatrının, eləcə də 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət sarayının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik Heydər Əliyev mərkəzlərinin işgüzar həyatı müşahidə olunur.

Keçirilən beynəlxalq musiqi, incəsənət festivalları dünyada geniş əks-səda doğurmaqdadır. Mədəniyyətimizin daha geniş auditoriyalarda təbliğinə xidmət edən möhtəşəm tədbirlərin, genişmiqyaslı layihələrin yüksək səviyyədə hazırlanmasında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Çünki fondun təşəbbüsləri və layihələri ilə gerçəkləşən tədbirlər ölkəmizin ümumi mədəniyyət mənzərəsinin ən önəmli hissəsidir.

Mədəniyyət sahəsində əldə edilən uğur və nailiyyətləri xarakterizə edərkən deməliyik ki, regionlarda xalq yaradıcılığı festivalları keçirilməklə yanaşı, bir çox şəhərlərimiz müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçiliblər. Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Əfsanələr Paytaxtı”, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən “Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Sənətkarlıq Paytaxtı” elan olunublar. 2015-ci ilbu sıradan istisna olunmur. Məhz 2015-ci ildə Şamaxı “Ədəbiyyat Paytaxtı”, QaxMilli Mətbəx Paytaxtı” elan ediliblər. Bu da, əlbəttə, regionlarda yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və inkişafına yeni şərait yaradılması deməkdir. Daha mühüm məsələlərdən biri də “Bölgələrdən paytaxta” adlı mədəniyyət layihəsinə start verilməsidir. Həmin layihə çərçivəsində Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki və Şəmkirin mədəniyyət kollektivlərinin paytaxtın ən nüfuzlu salonlarında göstərdiyi konsert proqramları böyük marağa səbəb olub.

2015-ci ilyaddaqalan mədəniyyət hadisələri ilə zəngin oldu. İlboyu Azərbaycanda keçirilən beynəlxalq konfrans və festivalların sırasına möhtəşəmliyi ilə seçilən daha bir tədbir də yazıldı ki, bu da idmanla mədəniyyəti sintezləşdirən, dövlətimizin inkişafını, xalqımızın isə zəngin milli-mənəvi sərvətə malik olmasını təsdiq edən “Bakı-2015” I Avropa Oyunlarıdır. Möhtəşəm idman layihəsi olmaqla yanaşı, I Avropa Oyunları əcnəbi turistlərin də bildirdikləri kimi, xalqımızın sülhpərvər, tolerant, qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərməyə yaradılan fürsət də hesab edildi.

2015-ci il ölkəmizin evsahibliyi etdiyi beynəlxalq incəsənət layihələri əsasında reallaşan festivallarla da tarixə yazıldı. Azərbaycan musiqisinin dünya miqyasında, möhtəşəm salonlarda səslənməsi qürur doğuran faktlardandır. İl ərzində sənətçilərimizin xarici ölkələrdəki beynəlxalq festivallarda iştirakı, qastrol səfərləri və solo konsertləri musiqimizin yüksək səviyyədə təbliğinə töhfələr verib. Müxtəlif xarici ölkələrdə təşkil olunan Azərbaycan mədəniyyəti günləri zəngin mədəni irsimizin, incəsənətimizin təqdimatı, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2015-ci ilin aprelində ilk dəfə olaraq Cənubi Amerikada, Braziliyanın Rio-de-Janeyro şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirilib. Bununla belə, dünyanın ən mötəbər incəsənət sərgisi olan Venesiya Biennalesində ənənəvi olaraq ölkəmiz fəal təmsil olunur. Builki 56-cı Venesiya Biennalesində də Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb.

Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı, Bakıda təşkil olunan VIII Beynəlxalq Rostropoviç Festivalı, həmçinin 18-28 sentyabr tarixində gerçəkləşən VII Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən olan musiqi kollektivlərini, ifaçıları, solist və dirijorları, musiqişünasları yenidən bir araya gətirdi. Təbii ki, ənənəvi beynəlxalq tədbirlərdən biri də növbəti dəfə oktyabr ayında olan Bakı Beynəlxalq Caz Festivalıdır.

Unutmayaq ki, milli kinomuzun təbliği də diqqət mərkəzində saxlanıb, yeni ekran əsərləri müxtəlif ölkələrdə keçirilən beynəlxalq kinofestivallarda uğurla nümayiş etdirilib. İlin əvvəlindən “Nabat”, “Axınla aşağı”, “Çölçü” bədii və “Lahıc” sənədli filmləri ayrı-ayrı festivallarda mükafatlar qazanıb.

Qədim və milli ənənəyə malik Azərbaycan teatrı son iki ildə dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak edib. Teatrlarımızın inkişafı genişlənən beynəlxalq təcrübə mübadiləsində də özünü göstərir və müsbət nəticələr verir.

Son illər respublikamızda kitab nəşri, kitabxana işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra uğurlar əldə edilib. Ölkə başçısının sərəncamları ilə hər il görkəmli mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir. Beynəlxalq sərgilərdə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Azərbaycan kitabı uğurla təmsil olunur. MDB-ninDövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsində 2015-ci ildə də Azərbaycan kitabı böyük uğur qazanıb, müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb. 2015-ci il sentyabrın 16-18-də Bakıda keçirilən IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, ənənəyə uyğun olaraq, müxtəlif ölkələrdən nəşriyyatlar, poliqrafiya şirkətləri, kitabxanalar, eləcə də bu sahə ilə bağlı olan digər qurumlar bir araya gətirildilər. Budəfəki sərgidə Türkiyə, Rusiya, İran, Misir, BosniyaHerseqovina, Belarus, Yunanıstan, bir sözlə, 30-dək müvafiq təşkilat iştirak edib. Eyni zamanda yüzə yaxın yerli nəşriyyat, poliqrafiya müəssisəsi və başqa strukturların geniş oxucu kütləsi üçün çap məhsulları burada sərgilənib.

Beynəlxalq tədbirlərdən söz açmışkən turizm sahəsində ölkəmizin evsahibliyi etdiyi ənənəvi AİTF-in sərgisini xatırlatmaq yerinə düşərdi. Aprel ayında keçirilən XIV Beynəlxalq Azərbaycan Turizm və Səyahətlər Sərgisinə (AİTF-2015) 42 ölkədən 371 şirkət qatılıb. Sərgidə ölkəmizin turizm potensialının təbliği məqsədilə bölgələrimizin pavilyonları quraşdırılıb. Bunlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçirilən sərgilərdə də fəal iştirak edir. Fond tərəfindən bu ilin sentyabrında Paris şəhərində, məşhur Luvr muzeyinin qarşısındakı meydanda ikinci dəfə “Azərbaycan şəhərciyi”nin keçirilməsi mühüm mədəniyyət hadisələrindəndir.

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrasına uyğun mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafı və zəruri islahatların həyata keçirilməsi məqsədilə bir sıra proqram sənədlər hazırlanıb. “2020-ci ilədək Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Nəşriyyat-poliqrafiya işininkitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”, “Kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bunlara misal ola bilər.

Dünyanın sürətlə dəyişən hadisələrini əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək o qədər də asan deyil. Bunun səbəbi isə milli, mədəni, ideolojidini ziddiyyətlərin gündən-günə artmasıdır. Nəticədə yaranmış münaqişələr dəhşətli sonluğa gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir.

Zəngin qeyri-maddi mədəni irs min illər boyu formalaşan xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edir. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması isə nəticə etibarilə ölkəmizin təbliğində və beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması da dövlət başçısının daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır. Həmçinin ölkə rəhbərinin sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da mədəni irsə qayğının göstəricisidir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına və qorunub saxlanmasına ayırdığı diqqət mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl parlaq nümunəsi hesab olunur. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalq sənətkarlığının inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması, folklor yaradıcılığının təbliği və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələr çox geniş məkanda rezonans doğurmaqdadır.

2015-ci il zəngin mədəni irsimizin dünyada təbliği istiqamətində müxtəlif tədbirlərlə, əlamətdar nailiyyətlərlə yadda qalacaq. Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivalları, sənətkarlıq yarmarkaları, diyarşünaslıq mövzusunda “dəyirmi masalar, konfranslar, digər tədbirlər təşkil olunur. Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi artıq bir sıra bölgələrimizdə həyata keçirilərək müsbət nəticəsini verməkdədir.

Bəşəriyyət tarixində izi qalan, ağrı-acıları yaşanan saysız-hesabsız müharibələrin dünyanı qana çalxadığı dövrlərdə mədəniyyət və incəsənətə daha çox diqqət ayrılması təsadüfi ola bilməz. Mədəniyyət siyasətini günümüzün ən güclü silahı adlandıranlar səhv etməyiblər. Silahların darmadağın etdiyi dünyanı mədəniyyət qoruyub bərpa edib. Buna görə də xalqlar və dövlətlər arasında mədəni əlaqələrin yaradılması və inkişafı vacib faktora çevrilib. Tariximizin qədim izlərini özündə qoruyub saxlayan da məhz mədəniyyət abidələri olub. Müdrik filosoflar heç də ötəri yerə deməyiblər ki: keçmiş də, gələcək də tarixlə mədəniyyətindir...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 18 dekabr.- S. 5.