Ən böyük sərvət

 

Elimizin yurd yerləri ulu tarixin şanlı səhifələrindən xəbər verir. Məşhur İpək yolunun üstündə yerləşən Goran torpağı qədim abidələrlə, kurqanlarla, mağaralarla, məbədlərlə zəngindir. Neçə min il bundan əvvəl bu müqəddəs yurd yerini necə də gözəl seçiblər! Torpaq təkcə yeraltı-yerüstü sərvətləri ilə yox, öncə nəcib, xeyirxah adət-ənənələri, mərd, mübariz insanları ilə tanınır. Goranboyun bol bərəkətli, şanlı-şöhrətli yurd yerlərindən biri də Qızılhacılı qəsəbəsidir.

Bu adı gözəl, özü gözəl yaşayış yeri Goran torpağının ən iri yaşayış məskənlərindən biri sayılır. Goranboy-Tərtər yolunun üstündə yerləşir. Yolun sağında, solunda bir-birindən yaraşıqlı binalar, fərdi evlər cərgələnir, bağlı-bağatlı həyətlər göz oxşayır. Əhalisinin sayı 10 min nəfərə çatır. Tarixi qədim, ənənəsi zəngindir. Yerli sakinlər qəsəbənin adını qaraqoyunluların Hacalı tayfası ilə bağlayırlar. Bu, oğuzların geniş yayılmış tayfalarından biri sayılır.

Qızılhacılının şərəfli keçmişi, iftixarlı bugünü, mərd, mətin insanları var. Milli istiqlal uğrunda mübarizədə onlar həmişə öz sözlərini deyiblər - XIX əsrin sonlarında da, XX yüzilliyin əvvəllərində də. Ən ağır günlərdə qəsəbədən perikən, köçüb gedən olmamışdır. Bütün Goranboy camaatı kimi, qızılhacılılar da nankor ermənilərə mərdliklə sinə gəriblər. Bir qarış torpaq belə düşmənə verilməyib. Əksinə, Gülüstan-Ağcakənd bölgəsi namərdlərin caynağından xilas edilib. Bu işdə Qızılhacılının mərd oğullarının da öz sözləri, hünərləri olub.

Vətənin ağır günündə Qızılhacılı qəsəbəsinin qeyrətli oğulları ön sıralarda gediblər. O qanlı-qadalı günlərdə 18 nəfər şəhid veriblər. Üç nəfər Milli Qəhrəman adına layiq görülüb. Onlardan biri Kazımağa Kərimovdur. Qubadlı rayonunda anadan olub. Mətbuatda çalışırmış. Namərd qonşular Qubadlını işğal edəndə ailəsi ilə birlikdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə köçüb. Elə ilk gündən özünümüdafiə batalyonuna yazılıb. Hünərinə, səriştəsinə görə batalyon komandirinin müavini təyin olunub. Erkəc, Mənəşli, Qaraçinar, Şəfəq əməliyyatlarında və başqa döyüşlərdə fəal iştirak edib. Meşəli ərazisində düşmən gülləsinə tuş gəlib. Döyüş dostları onu Bakıya çatdırsalar da, xilas etmək mümkün olmayıb. 1992-ci il iyun ayının 15-də dünyasını dəyişib. Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Aradan 7 gün keçəndən sonra ona Prezidentin sərəncamı ilə Milli Qəhrəman adı verilib. Kazımağa Kərimov jurnalist həmkarlarına şərəf gətirən ilk Milli Qəhrəman sayılır.

Onun iki döyüş dostunun taleyi də bir-birinə bənzəyir. Yunis Əliyev və Fikrət Hacıyev Qızılhacılı qəsəbəsinin yetirmələridir, əvvəl texniki peşə məktəbində təhsil alıb, sonra isə könüllü surətdə yeni yaradılan özünümüdafiə dəstəsinə yazılıblar. Hər ikisi Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsində fəal iştirak edib və qısa müddət ərzində döyüş yoldaşlarının böyük hörmətini qazanıb.

4 may 1992-ci il... Goranboy rayonunun Tap Qaraqoyunlunun qarşısında olan Talış kəndində yerləşən ermənilərin mövqeləri dağıdıldı. Ertəsi gün, yəni mayın 5-də “Yaltaxıl” əməliyyatı zamanı, qeyri-bərabər döyüşdə hər iki mərd oğlumuz şəhidlik zirvəsinə ucaldı.

1992-ci ilin iyun ayının 7-də eyni gündə Yunis Əliyevə və Fikrət Hacıyevə Prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Taleyin oxşarlığına bir baxın. Onlar eyni vaxtda döyüşə yollandılar. Eyni mövqelərdə, eyni mərdliklə vuruşdular. Hər ikisi eyni gündə şəhid oldu (Yunis Əliyevin cəsədi bir neçə döyüş dostunun cəsədi ilə 43 gündən sonra Talış kəndi azad ediləndə tapıldı).

Fikrət Hacıyevin 27, Yunis Əliyevin 33 yaşı var idi.

Qəsəbə əhli qədirbiləndir, qəhrəman oğulların xatirəsini daim əziz tutur. Qəsəbənin mərkəzindəki mədəniyyət evi Kazımağa Kərimovun, 3 saylı uşaq bağçası Yunis Əliyevin, qonşu Ballıqaya kənd məktəbi Fikrət Hacıyevin adını daşıyır. 2 saylı məktəbin həyətində şəhidlərin şərəfinə abidə ucaldılıb. Məktəblərdə, mədəniyyət ocaqlarında sərgilər, xatirə guşələri düzəldilib.

Təkcə Milli qəhrəmanlar yox, Qızılhacılının hər sahədə yetirmələri respublikanın hər yerində tanınır. Təbii gözəllik, tarixi zənginlik öz yerində. Əbəs demirlər ki, ən böyük sərvət hünərli, qeyrətli insanlardır.

Məmmədovlar ailəsindən üç nəfər professor olub. Tibb elmləri doktoru Sədrəddin Kərimov, fizika-riyaziyyat elmləri doktoru Tofiq Kərimov fizika-riyaziyyat elmləri doktoru Elmira Kərimova bu yerlərin adını ucaldırlar. Professor Arif Məmmədov tanınmış arxeoloqdur. Neçə vaxtdır Gəncəbasarın tarixini araşdırır, qədim memarlıq abidələri, yaşayış yerləri, kurqanları, körpüləri, məscidləri, məbədləri barədə dəyərli tədqiqat işləri aparır. Bu yerlərdən ucalan insanlar harada yaşasalar, işdə çalışsalar da daim Qızılhacılının təəssübünü çəkir, onun qayğıları ilə yaşayır, imkan daxilində ata-baba ocağına kömək eləməyə çalışırlar. Öz vəsaiti hesabına artezian quyusu qazdıran, qazın çəkilişinə kömək edən, küçələri, körpüləri sahmana salan adamı Alim Hüseynov kimi.

Qızılhacılı qızılhacılılar həyatın çox sahəsində birinci olmağa, öndə getməyə çalışırlar. Rayonda ilk şadlıq sarayı - “OzanQızılhacılıda açılıb. Bütövlükdə respublika üzrə ilk modern kitabxana-mədəniyyət mərkəzi Qızılhacılıda fəaliyyət göstərir. Milli memarlığın gözəl nümunəsi olan Qızılhacılı məscidi bu yerlərin ən qədim inam, etiqad məbədlərindən sayılır.

Qızılhacılının işgüzar, əməksevər camaatı var. Bir zaman pambıqçılıqda ad çıxarmışdı. Torpaq öz əsl sahibinə veriləndən bəri hamı daha böyük həvəslə əkin-biçinlə, maldarlıqla məşğuldur. Qəsəbə bələdiyyəsinin sədri Məzahir Allahverdiyev deyir ki, hər il 1200 hektar sahədə taxıl əkilir. Yonca, tərəvəz yetişdirilir. Mal-qaranın sayı 2 min başdan çoxdur. Ərzaq problemi Qızılhacılı üçün əsla narahatlıq yaratmır. Qəsəbə özünü çörəklə təmin edir.

Gəlir, qazanc artdıqca abadlıq-quruculuq işləri geniş vüsət alır. Son vaxtlar mədəniyyət evinin binası əsaslı təmir olunub. 2 saylı məktəbə gedən yola asfalt döşənib. N.Məmmədov adına küçə yenidən qurulub. Qəsəbənin işıq, qaz, su problemləri, demək olar, həll edilib. Qəsəbədaxili küçələr abadlaşdırılıb, səkilər düzəldilib, ağaclar əkilib. Qızılhacılı əsl mədəni yaşayış mərkəzinə çevrilib.

Hər dövrün öz xüsusiyyəti var. Həmsöhbətim Məzahir Allahverdiyev deyir ki, neçə il bundan əvvəl ehtiyac üzündən ölkədən kənara gedənlər yavaş-yavaş geri qayıdırlar. Məhz onların gəlişi ilə neçə-neçə ev tikilib, yol salınıb, yaşayış məskənləri yaradılıb.

Yeni il ərəfəsində Qızılhacılıda olduq. Hər yerdə bayram süfrəsi, hər evdə gur işıqlar, hər yanda sevinc, şadlıq, mahnı, musiqi... İşığınız gur, süfrəniz bərəkətli, ömrünüz firavan olsun. Bu birlik, bu mehribanlıq, inam-etiqad ki el arasında var, Qızılhacılının qızıl günləri hələ irəlidədir.

Əhməd İSAYEV,

 

Azərbaycan. - 2015.- 20 dekabr.- S.7.