Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi təntənə ilə qeyd olunub

 

Dekabrın 21-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, tibb ictimaiyyətinin nümayəndələri və digər konfrans iştirakçıları Fəxri xiyabana gələrək gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə əklil qoyulub. Dövlət xadimi, səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üstünə gül dəstələri düzülüb.

ADHTİ-nin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin ADHTİ-nin kollektivinə təbrik məktubunu oxuyub.

Sonra instititun 80 illik yubileyi ilə əlaqədar Ukrayna Milli Akademiyasının prezidenti, akademik Boris Paton, P.L.Şupik adına Ukrayna Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının rektoru, akademik Yuri Voronenkî, Qazaxıstan Davamlı Tibb Təhsili Universiteti idarəçiliyinin sədri, professor Qalımjan Toğizbayev, Qomel Tibb Universitetinin nevrologiya və neyrocərrahiyyə kafedrasının müdiri, professor Valentina Latışeva, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyasının rektoru, professor Mixail Gerasimenko və başqaları tərəfindən göndərilmiş təbrik məktubları oxunub.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev yubiley münasibətilə institutun əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd olunub ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizin səhiyyə sistemində olduğu kimi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da böyük yenidənqurma və abadlıq işlərinin aparılıb, burada təhsil müasir tələblər səviyyəsində qurulub. Buna görə bütün səhiyyə işçiləri adından Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Prezident İlham Əliyevin ADHTİ-nin əməkdaşlarının “Tərəqqi” medalı və fəxri adlarla təltif edilməsi haqqında sərəncamları diqqətə çatdırıldıqdan sonra həmin mükafatlar nazir O.Şirəliyev tərəfindən sahiblərinə təqdim olunub. Həmçinin institutun bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.

ADHTİ-nin rektoru, professor Nazim Qasımov institut əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırıb. Rektor bildirib ki, ölkə səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Azərbaycanın demək olar ki, bütün həkimləri, o cümlədən bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşmaya ixtisasartırma kursları keçərək öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə isə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institiut inkişaf edərək keçmiş Sovetlər İttifaqının tanınmış ali təhsil ocağına çevrilib.

Qeyd olunub ki, bu elm müəssisəsində aparılmış tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınıb, təbabət tarixinə şanlı səhifələr kimi daxil olub. İnstitut 80 illik yubileyi ərəfəsində ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb xidmətinin göstərilməsinə çalışır. ADHTİ dünyanın nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalayıb.

Sonra xariciyerli tibb təhsili müəssisələrinin rəhbərləri çıxış edərək ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institut kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə, həmçinin institutun tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Sonra ADHTİ-nin alimləri apardıqları elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı çıxış ediblər. “İri oynaqların endoprotezlənməsi”, ”Azərbaycanda foniatrik xidmətin təşkili”, ”Tüpürcək daşı xəstəliyi”, ”Birincili motor afaziyası” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S.6.