Ziyalılıq məsuliyyəti

 

Teymur Əhmədovun zahiri əlamətlərini təsəvvürə gətirdikdə ilk baxışda son dərəcə sakit, mülayim, boy-buxununa görə o qədər də diqqəti cəlb etməyən, asta hərəkətli və mülayim, xoşsifət bir şəxsin obrazı canlanır. Ancaq onun elmi-ədəbi portreti haqqında düşünəndə mənzərə tamamilə dəyişir. İnanılmaz dərəcədə zəhmətkeş, inadkar, təşəbbüskar, sözün yerini və dəyərini bilən, araşdırmalarda mahiyyətin üzə çıxmasına çalışan, mülahizələri, qənaətləri faktlara, məntiqə söykənən, şəxsi qənaətlərini inadla müdafiə edən, cəsarətli, əqidəsində ardıcıl bir ziyalı ilə qarşılaşırsan. Həm də fəaliyyət sahəsi çox geniş olan bir ziyalı ilə. O həm tədqiqatçı-alimdir, həm elm təşkilatçısıdır, həm publisistdir, həm tərtibatçıdır, həm də... nasirdir, şairdir. Bu zəhmətkeş elm fədaisinin indiyə kimi qırxa yaxın monoqrafiya və müxtəlif səpkili kitabları, yüzlərlə elmi-kütləvi, publisist yazıları, otuz adda elmi-ədəbi kütləvi, ictimai-siyasi nəşrləri oxuculara təqdim olunmuşdur. Elmi kadrların hazırlanmasında, monoqrafik tədqiqatların redaktəsində Teymur müəllimin əməyi səmərəliliyi və məhsuldarlığı ilə seçilir.

T.Əhmədovun demokratik mətbuatımızın inkişafı sahəsindəki xidmətləri həqiqətən də təqdirəlayiqdir. “Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Yeni fikir”, “Hikmət” kimi qəzetlərin baş redaktoru, “Elturan” jurnalının məsul redaktoru olmuş, hazırda “Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru kimi fəaliyyətini davam etdirir. “Kim kimdir” və “Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabları həm elmi-ədəbi ictimaiyyət, həm də geniş oxucu kütləsi üçün son dərəcə faydalı mənbədir.

Tədqiq etdiyi mövzu ilə bağlı elmi ədəbiyyatda, arxivlərdə, xatirə ədəbiyyatında mövcud olan bütün faktları tədqiqata cəlb etmək peşəkarlığı onun alimlik cəsarətinin mənbəyini təşkil edir. İmperiya dövründə Nəriman Nərimanovun “millətçi”, “antibolşevikkimi qələmə verərək onun milli şüura təsir imkanlarının qarşısını almaq məqsədilə ictimai-siyasi fikir tariximizdə unutdurulmağa çalışıldığı bir dövrdə alimin “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Nəriman Nərimanovun yaradıcılıq yolu” adlı monoqrafiyaları əsl ziyalılıq əxlaqının, cəsarətin, vətəndaşlıq təəssübkeşliyinin ən yaxşı örnəyi olmuşdur.

Dağlıq Qarabağla bağlı bütün siyasi proseslərin içərisində olan Teymur Əhmədovun erməni separatizmionun havadarlarının ifşasına həsr edilmiş irili-xırdalı yazıları onun ictimai həyatımızdakı fəallığının göstəricilərindən biridir.

Bütün bu qeydlərdən sonra Teymur müəllimin elmi, publisistik, ədəbi fəaliyyətini bütövlükdə dəyərləndirmiş olsaq, əminliklə deyə bilərik ki, bu görkəmli elm xadiminin “gərgin elmi araşdırmalarının bəhrəsi olan əsərləri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai fikrinin inkişafı və zənginləşməsində mühüm rol oynamışdır”. Təsadüfi deyildir ki, o, respublikamızın tanınmış elm, ədəbiyyat xadimləri tərəfindən “yorulmaz tədqiqatçı”, “cəsarətli publisist”, “iztirablı-bəhrəli ömür sahibi”, “iki əsrin salnaməçisi”, “ruhən təmiz adamkimi qiymətləndirilmişdir.

Qeyd edək ki, zamanında başlanan onun gələcək uğurlarının təminatıdır. Zamanın siyasi-ideoloji diktəsinə vaxtında cavab vermək, günün nəbzini tutmaq müxtəlif aspektli yaradıcılığın əsas şərtidir.

Filologiya elmləri doktoru, professor T.Əhmədovun baş redaktorluğu ilə nəşrə başlayan “Vətən səsi” qəzeti də məhz zamanın tələblərinə, cəmiyyətin təxirəsalınmaz ehtiyaclarına cavab verdiyi üçün mətbuat tariximizin unudulmaz hadisəsi kimi yadda qalmışdır. Qəzetin amalı ölkəmizin son dərəcə təhlükəli bir vaxtında təcavüzə, xəyanətə, milli varlığımıza və milli oyanışımıza qəsd edildiyi zamanda cəsarətlə mübarizəyə qoşuldu, o dövrün digər vətənpərvər mətbuat orqanları ilə bir sırada xalqı milli birliyə səslədi, təcavüzkarlığın xəbis mahiyyətini ifşa edən yazılar dərc etdi. O dövrün nüfuzlu vətənpərvər ziyalılarını öz ətrafına toplayan qəzetin dərc etdiyi yazılar həm siyasi kəskinliyi, həm də vətənpərvərlik ruhu ilə seçilirdi. Bu baxımdan baş redaktorun qəzetdə çap olunan məqalələri xüsusilə maraq doğururdu.

Qəzetin ilk nömrəsi 1990-cı il aprel ayının 18-də “Azərbaycanın birliyisuverenliyidevizi ilə buraxılmışdı. Otuz min tirajla buraxılan qəzet həmin gün satılıb qurtarmışdı. Qəzetin ilk nömrəsində “Redaktordan” başlıqlı yazıda yeni nəşrin və onun baş redaktorunun məramı aşağıdakı sözlərlə ifadə edilmişdi: “Vətən səsi”nin simasını Azərbaycanın taleyi müəyyən edir. “Vətən səsi” bütöv Azərbaycanın, milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın səsi, sözü və havadarı olacaqdır. O, əməli fəaliyyətində milli-demokratik mətbuatın mütərəqqi ənənələrinə, həmyaşıdlarının cəsarətinə arxalanmaqla yanaşı, sələflərinə ləyaqətli varis olmağa çalışacaqdır”. Göründüyü kimi, qəzetin və onun baş redaktorunun məramı son dərəcə ciddiciddi olduğu qədər də aktual idi. “Vətən səsi” qısa bir vaxtda milyonlarla oxucu rəğbəti qazandı, qaçqınların, köçkünlərin ümid yerinə çevrildi. Haqqın, ədalətin, Vətəni müdafiənin tribunası oldu. Həm də qəzet belə bir mövqeyi ilk nömrələrindən nümayiş etdirdi. Elə buna görə də ilk nömrəsi 30 min tirajla çıxan qəzetin ikinci nömrəsi 60 min tiraj oldu. Daha sonralar isə onun tirajı 70 mini keçdi.

Son dərəcə gərgin siyasi mübarizə şəraitində “Vətən səsi” və onun baş redaktorunun fəaliyyəti imperiya maraqları və onun yerli nökərlərinin mənafeyi ilə üst-üstə düşmür. Buna görə də baş redaktoru vəzifəsindən kənarlaşdırmağa, bununla da qəzeti öz mübariz siyasi kursundan uzaqlaşdırmağa çalışırlar. Bəhanə tez tapılır. Qaçqın və məcburi köçkünlərin yerləşdirilməsilə bağlı respublikanın bir qrup ziyalıları adından respublikanın o zamankı rəhbərliyinə ünvanlanmış açıq məktubun, “Ümid qapısı” körpüsünün açılışı ilə bağlı materialların, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin məlum qərarının və bunlara bənzər bir neçə digər materialların qəzetdə çap olunması “əsas” gətirilərək, Teymur Əhmədov, özü müzakirəyə dəvət olunmadan, vəzifəsindən uzaqlaşdırılır. Bu da bir tarixdir. Bundan sonra Teymur müəllim baş redaktorluq fəaliyyətini eyni əqidə ilə “Vətən həsrəti” qəzetində davam etdirir.

Teymur müəllim bir qayda olaraq heç kimin görmədiyi işi görmək istəyir. Başqalarının diqqət etmədiyi mövzuları araşdırır. Bu baxımdan “Füyuzat” jurnalının yüz illik bir fasilədən sonra öz fəaliyyətini davam etdirməsi üçün göstərdiyi təşəbbüs, jurnalın baş redaktorluğunu öz üzərinə götürməsi fədakar insanın məhz bu cəhəti ilə bağlı idi.

XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi-estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən, ciddi siyasi amala, ideoloji mərama, ədəbi-estetik prinsiplərə söykənən “Füyuzat” jurnalının yalnız Azərbaycanda deyil, bütövlükdə Yaxın və Orta Şərqin, xüsusilə türk dünyasının düşüncə tarixində misilsiz rolu hamıya məlumdur.

“Füyuzat”ın məramı “Türkdə, türklükdə, türk qövmünün fitrətində olan əsəri-dühanı və istedadi-fövqəladəni” yaşatmaq, inkişaf etdirmək və bu zəmində də türkləşmək, islamlaşmaq və müasirləşməkdən ibarət idi. Əli bəy Hüseynzadəyə görə bunlara nail olmaq üçün qüvvətli olmaq lazımdır. Qüvvətli olmaqdan ötrü isə ittihad - birlik olmalıdır. Bu ehtiyacı böyük həssaslıqla hiss edən Teymur Əhmədov böyük çətinliklərlə olsa da, “Füyuzat”ın nəşrini davam etdirməyə nail olmuşdur.

Baş reaktor jurnalın ilk nömrəsində jurnalın əsas istiqamətini belə müəyyənləşdirmişdir: Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsis etdiyi yeniFüyuzat” jurnalının səhifələrində Əli bəy Hüseynzadənin tövsiyə etdiyi ideyalara istinadən tarixi keçmişimizi, milli kökümüzü, türk qövmünün mənşəyini araşdıran tədqiqatçıların əsərləri özünə yer tapacaqdır. Bununla yanaşı, Azərbaycan xalqının əbədi müstəqil hakimiyyətə qədəm qoyduğu ilk illərdə elminmilli mədəniyyətin yüksəlişinin aynası olacaqdır”.

Jurnal fəaliyyət göstərdiyi dövr ərzində öz oxucularına verdiyi vədi yüksək səviyyədə yerinə yetirir. Onun artıq geniş oxucu auditoriyası vardır. Bu kütləviliyin səbəbi jurnalın əsas məramı, ideya-siyasi istiqaməti, yüksək poliqrafik tərtibidirsə, digər səbəbi də T.Əhmədovun baş redaktor kimi ilk nömrədən etibarən vətənpərvər Azərbaycan ziyalılarına müraciət edərək onları jurnalla əməkdaşlığa dəvət etməsindən sonra respublikamızın nüfuzlu elm və mədəniyyət xadimlərinin bu çağırışa cavab olaraq redaksiya ilə sıx əməkdaşlıq etmələridir. Jurnal keçmiş ilə bu gün, ziyalı təbəqə ilə geniş oxucu kütləsi arasında körpü yarada bildi. Bu isə mətbuat orqanının uğurudur.

T.Əhmədov baş redaktor kimi jurnalın hər nömrəsində baş məqalə ilə çıxış edir. Bu məqalələr tarixi keçmişimizimüasir həyatımızın ən aktual məsələlərinə həsr olunur və bütövlükdə jurnalın hər sayının ana mövzusunu müəyyənləşdirir. Məqalələrdə tezis şəklində irəli sürülən fikirlər ayrı-ayrı müəlliflərin yazılarında daha ətraflı şəkildə şərh edilir. Bu da öz növbəsində jurnala tematiklik səciyyəsi qazandırır. Vətənpərvərlik, türk birliyi, erməni təcavüzü və Qarabağ məsələsi, mədəni-tarixi irsimiz, müasir Azərbaycan və onun uğurları və s. belə mövzulardandır.

Teymur Əhmədov eyni zamanda, görkəmli alim-tədqiqatçıdır. Onun elmi fəaliyyəti haqda qısaca olaraq bəzi qeydlər etmək istəyirik. Doğrudur, alim-tədqiqatçı Teymur Əhmədovu jurnalist-publisist Teymur Əhmədovdan ayırmaq çətindir. Bu suala cavab vermək lazım gəlsə, o zaman akademik Cəmil Quliyevin sözlərini təkrarlamaq yerinə düşərdi: “Məncə o, (T.Əhmədov) jurnalistlik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçılıq fəaliyyətində isə yaxşı jurnalistdir”.

Həyatda ən böyük mürşidelmdir kəlamının hikmətini Teymur Əhmədov hələ lap gənc yaşlarında, orta məktəbdə oxuyarkən dərk etmişdi. O, hələ şagird ikən bioloq olmaq, bioloji aləmi öyrənib dərk etmək və bu aləmin sirlərinə yiyələnməyə qərar vermişdi... Lakin jurnalist-ədəbiyyatşünas oldu. Təbiət hadisələrilə deyil, cəmiyyət hadisələrilə məşğul olmağa üstünlük verdi. Çünki həm özü, həm ailəsi, həm soydaşları, həm də bütün milləti cəmiyyət hadisələrindən çox çəkmişdi. Gənc Teymur elm yolunu seçərkən, cəmiyyət hadisələrini elmin köməyilə dərk etməyə qərar verərkən yanılmamışdı. Elmin işıqlı yolu onu elm mərkəzi olan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna gətirdi. O, ehtirasla elmi biliklərə daha çox yiyələndikcə elmin işıqlı yolu onu filologiya elmləri doktoru, professor, “iztirablı-bəhərli ömür sahibikimi ünvanlara gətirdi.

Böyük elmi fəaliyyətə gedən yol elmi istiqamətin, elmi mövzunun seçilməsindən başlayır. Gənc Teymur elmi fəaliyyətə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasından başlayır. O, dissertasiya mövzusu seçimində müəyyən çətinliklərlə qarşılaşır. Təklif olunan “Azərbaycan-erməni ədəbi əlaqələri” mövzusu ürəyincə olmasa da, həmin mövzunu qəbul etməli olur. Burada bir haşiyə çıxmaq istəyirəm. Hər bir insan həyat yolunda müəyyən çətinliklərlə üzləşir. Bu çətinlikləri bəzən aşmaq mümkün olur, bəzən də olmur. Lakin Teymur Əhmədov bu məsələdə istisna təşkil edir. O, bütün həyatı boyu qarşılaşdığı çətinlikləri, özü gözləmədən belə, anidən bir təsadüf nəticəsində asanlıqla aşa bilmişdir. Mövzu məsələsində də belə olub. Bir gün təsadüfən Teymur görkəmli alim, yazıçı, ictimai xadim mərhum Şıxəli Qurbanovla tanış olur. Şıxəli müəllim Teymurun namizədlik dissertasiyası üçün Azərbaycan-erməni ədəbi əlaqələri olduğunu öyrənəndə, buna qəti etiraz edirdeyir ki, ədəbi əlaqələr elmi mövzu deyil, publisistikadır. Şıxəli Qurbanovun bu kəskin etirazından sonra mövzu axtarışı yenidən davam edir. Bu dəfə də gözlənilməz təsadüf baş verir. Akademik, böyük yazıçı Mirzə İbrahimovu ona elmi rəhbər təyin edirlər. Mirzə müəllim “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunu təklif edir. O zaman Nərimanovun əsərləri çap olunmadığı və Nərimanov millətçi kimi ittiham edildiyi üçün Teymur Əhmədov onun yaradıcılığı ilə tanış deyildi. Lakin Mirzə müəllimin qətiyyətli təkidi nəticəsində Teymur Əhmədov bu təkliflə razılaşır və o vaxtdan gənc alimlə böyük ədibin dostluğu başlayır. Sonralar T.Əhmədov Mirzə müəllimin həm yaxın köməkçisinə, həm də istedadı, zəhmətsevərliyi, işgüzarlığı, dürüstlüyü ilə ədibin rəğbətini qazanaraq onun yaxın dostuna çevrilə bilir. Teymur Əhmədov üçün Mirzə İbrahimovla bağlı hər bir xatirə, onun bütün ədəbi-ictimai fəaliyyəti bu gün də doğmadır, əzizdir, unudulmazdır!

Aspirantura illərinin gərgin elmi axtarışları, Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, Kazan, Tiflis şəhərlərinin kitabxana və arxivlərindən əldə olunan yeni-yeni materiallar, faktlar nəticəsində hazırlanmış “Nəriman Nərimanovun dramaturgiyası” adlı namizədlik dissertasiyası 1966-cı ildə görkəmli elm xadimləri, akademiklər M.C.Cəfərovun, Firudin Köçərlinin və Kamal Talıbzadənin yüksək elmi opponentliyi ilə qəbul olunur.

Böyük şəxsiyyətlərin xeyirxahlığı onların böyüklüyünü daha da artırır. Özünün ilk aspirantının istedadını yüksək qiymətləndirən Mirzə İbrahimovun qayğısı və təşəbbüsü ilə namizədlik dissertasiyası müdafiəsindən sonra “Azərbaycan” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsində müdir vəzifəsində işləyən Teymur Əhmədov Nizami adına Ədəbiyyat İnstitutunun əvvəlcə XX əsr Azərbaycan ədəbiyyatı, sonra isə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlayır. O, 1998-ci ildən indiyə kimi həmin şöbəyə rəhbərlik edir. Bu vaxt ərzində şöbənin elmi istiqamətinin günün tələbləri səviyyəsində müəyyənləşdirilməsi məsələsinə son dərəcə həssaslıqla yanaşır, həm ayrı-ayrı əməkdaşların fərdi planlarında, həm də şöbənin bütövlükdə elmi fəaliyyətində Cənubi Azərbaycan ədəbiyyatının ciddi ictimai-siyasi, sosial-mədəni problemlərilə bağlı cəhətlərinə üstünlük verir, oradakı ədəbi prosesin, ədəbi hərəkatın həm müasirlik, həm də ictimai-siyasi aktuallıq baxımından əhəmiyyətli məsələlərinin araşdırılması, dəyərləndirilməsi və təbliği işinə xüsusi diqqət yetirir.

Bu şöbədə T.Əhmədovun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanan və kollektiv əməyin məhsulu olan “XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı (2 cilddə)” monoqrafiyası hazırlanmış və çap olunmuşdur. Bu monoqrafiyada Cənubi Azərbaycanın ədəbi mühitinə istiqamət verən M.H.Şəhriyar, Səhənd, Sərraf, Sönməz kimi görkəmli şəxsiyyətlərin yaradıcılıq uğurları ədəbi-elmi, ictimai-siyasi baxımdan təhlil edilmişdir. XIX-XX yüzillikdə cənubi Azərbaycan ədəbiyyatının ümumi mənzərəsinin xarakteristikası verilmişdir.

Daha çox heç kimin görmədiyi işləri görməyə meyilli olan, kiçik elmi işçi pilləsindən başlayaraq filologiya elmləri doktoru, professor, şöbə müdiri, elmi şuranın və müdafiə şürasının üzvü, 1968-ci ildən indiyə kimi ictimai əsaslarla Elmlər Akademiyasının “Müasir dövrdə dünya ədəbiyyatının qanunauyğunluqları” problemi üzrə Əlaqələndirmə Şurasının elmi katibi kimi yüksək mövqelərə qədər inkişaf edən Teymur müəllim Nizami adına Ədəbiyyat İnstitutunun tarixini yazmaq kimi məsul işiöz üzərinə götürmüş və “Nizami adına Ədəbiyyat İnstitutu - 80” monoqrafiyasını yazmış və çap etdirmişdir. Bu monoqrafiya ilə o, elm ocağının keçdiyi böyük yolu işıqlandırmışdır. Ta qədim dövrlərdən bu günə qədər Azərbaycan xalqının ədəbi-bədii, fəlsəfi-estetik, ictimai-sosial fikir tarixini ümumiləşdirərək ona qiymət vermək heçasan deyildi. Ancaq Teymur müəllim bu işin də öhdəsindən uğurla gəlmiş, elmi-ədəbi ictimaiyyət üçün, hər ədəbiyyat maraqlısı üçün faydalı bir əsər yaratmışdır.

Bu və digər ədəbi prosesi küll halında öyrənmək, sistemləşdirmək və ümumiləşdirmək Teymur müəllimin elmi marağında təsadüfi hal deyil, bir sistemdir, prinsipdir. İndiyə qədər 250-dən çox müxtəlif səpkidə elmi-publisistik kitablar, məqalələr, albomlar çap etdirmiş, ədəbiyyat tariximiz üçün 20-dən artıq dəyərli kitab tərtib etmiş, onlarla elmi-nəzəri əsərin redaktoru olmuşdur. Onlarca dissertasiya işinin ya elmi rəhbəri, ya da opponenti kimiTeymur müəllim ədəbiyyatşünaslıq elminin və ədəbi tənqid sahəsinin inkişafına fədakarlıq və səxavətlə xidmət göstərmişdir.

Elmi maraq dairəsi geniş olan, həm də spesifik məsələlərə böyük maraq və həssaslıqla yanaşan görkəmli alim haqqında təsadüfən deyilməmişdir ki, “Teymur müəllimin yerini Azərbaycanda heç kim verə bilməz. Onun fəaliyyəti elədir ki, elə sahələri əhatə edir ki, bu sahələrdə xüsusi səriştə yalnız ona məxsusdur”. Bu baxımdam onun tərtib etdiyi və müəllifi olduğuKim kimdir”, “XX əsr Azərbaycan yazıçıları” kimi ensiklopedik kitablar tədqiqatçılar və bütün ədəbiyyat maraqlıları üçün əvəzsiz, etibarlı məlumat mənbəyidir. “XX əsr Azərbaycan yazıçıları” kitabı barədə tədqiqatçı O.Bayramlının belə bir mülahizəsini paylaşmamaq mümkün deyildir ki, “Bu kitaba yalnız mənbəşünaslıq, məxəzşünaslıq, lüğətşünaslıq kimi yox, Azərbaycan xalqının mənəvi zənginliyinin, mədəni qüdrətinin salnaməsi kimi baxmaq lazımdır. Çünki bu salnamə mədəniyyət abidəsidir”.

T.Əhmədov bu sahədəki işini böyük həvəslə indiki yaşında da davam etdirir. İki hissədən ibarət və təxminən 1500 səhifəlik “XX əsr Azərbaycan yazıçıları” kitabının daha da təkmilləşdirilmiş yeni variantını artıq çap olunmaq üçün nəşriyyata təqdim etmişdir. Teymur müəllimin bu sahədə gördüyü işin dəyəri hələ 2001-ci ildə nəşr olunan və görkəmli ədəbiyyat, incəsənət, elm xadimlərinin fikirlərinin cəmləşdiyi “İki əsrin salnaməçisi” kitabında öz əksini tapmışdır.

Ədəbi yaradıcılıq məhsullarının, eləcə də elmi nailiyyətlərin kütləviləşdirilməsi və ictimailəşdirilməsi bütövlükdə cəmiyyətdə intellektual səviyyənin yüksəldilməsi, ədəbi-estetik zövqün zənginləşməsi üçün çox vacib şərtlərdəndir. Bu baxımdan T.Əhmədovun ensiklopedik məlumat kitabları seriyasından hazırladığı soraq kitablarının böyük əhəmiyyəti var!

Görkəmli alimin elmi araşdırmalarının əsas sahələrindən birini, bəlkə də onun şah damarını N.Nərimanovun həyat və fəaliyyətinin tədqiqinə və onun əsərlərinin nəşrinə həsr etdiyi işlər təşkil edir. Dövlət xadiminin, ədibin çoxsahəli fəaliyyətinə konseptual baxış məhz T.Əhmədovun adı ilə bağlıdır. O, Nərimanovun həm tərcümeyi-halının, həm ədəbi yaradıcılığının, həm də ictimai-siyasi fəaliyyətinin demək olar ki, bütün məqamlarını elmi-tarixi planda dəyərləndirmək üçün bütün mümkün vasitələrdən, o cümlədən kitabxana, arxiv materialları, xatirələr və digər mənbələrdən istifadə etmiş, özünə qədər elmi ədəbiyyata cəlb olunmayan yeni məlumatlar üzə çıxarmış və Nərimanovşünaslığın yaranmasının elmimaterial bazasını işləmiş, eyni zamanda, ziddiyyətlərlə səciyyələnən bir ədəbi, ictimai-siyasi mühitdə bu şəxsiyyətin yerini müəyyənləşdirməyə çalışmışdır.

T.Əhmədov haqlı olaraq N.Nərimanovun inqilabaqədərki fəaliyyətini qiymətləndirərkən onu öz xalqının azadlığı, istiqlaliyyəti yolunda hər bir fədakarlığa qatlaşan, xalqın milli şüurunun oyanması, mədəni yüksəlişə nail olması üçün çalışan, xalqı çarizmə, milli əsarətə qarşı mübarizəyə səsləyən bir ədib, maarifçi ictimai xadim, milli ruhlu ziyalı kimi təqdim etmişdir. Bu, doğrudan da belədir. Nərimanovun böyük milli mərama xidmət etdiyinə, öz millətini, vətənini böyük məhəbbətlə sevən bir vətənpərvər olduğuna heç bir şübhə yoxdur. Təsadüfi deyildir ki, Nərimanovun məhz bu cəhəti onun siyasi rəqiblərini həmişə narahat etmişdir. Hətta ötən əsrin 50-ci, 60-cı illərində də Sov.İKP MK-da bütün səviyyələrdə Nərimanova qarşı kampaniyalar aparılmış, onun milli məsələdə leninizmə zidd mövqe tutduğu önə çəkilərək millətçilikdə ittiham edilmişdir. Sov.İKP MK aparatının müxtəlif bölmələrində N.Nərimanovun həm şəxsiyyətini, həm də ictimai-siyasi fəaliyyətini gözdən salmaq üçün mümkün vasitələrdən istifadə edilmiş, müxtəlif rəsmi partiya yığıncaqlarında, müşavirələrində ona qarşı haqsız ittihamlar səsləndirilmiş, hətta bu böyük şəxsiyyət haqqında Azərbaycanda yazılmış əsərlər təftiş belə edilmişdir. Məsələn, Sov.İKP MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri Snatsin “Nəriman Nərimanov - görkəmli partiya və dövlət xadimi” məqaləsinin müəllifi Cəmil Quliyevə o məqalədə Nərimanovun adının 12 dəfə çəkilməsinin yolverilməz olduğunu söyləməkdən belə çəkinməmişdir.

T.Əhmədov N.Nərimanovun həm şəxsiyyəti, həm ədəbi yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyətilə bağlı əsaslandırılmış obyektiv elmi fikirlər söyləmişdir. Lakin onun siyasi, milli-ideoloji portretinin müəyyən cizgiləri hələ də yarımçıqdır. Teymur müəllimin elmi obyektivliyinə, səmimiyyətinə, başladığı işi sona çatdırmaq əzminə inandığımız üçün onun tərəfindən məsələnin bu cəhətinin də tam aydınlaşdırılacağına şübhə etmirik.

Qarşıdan Teymur Əhmədovun, bu müdrik ağsaqqalın, elm, maarif cəfakeşinin, xeyirxah insanın anadan olmasının 85 illik yubileyi gəlir. Ona gümrahlıq, sağlam ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

Milli Məclisin deputatı

 

Allahşükür QURBANOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S. 7.