Ad günümdə öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz...”

 

Laçınlı məcburi köçkünlər Prezident İlham Əliyevlə unudulmaz görüşün xoş təəssüratını hələ də yaşayırlar

 

Ermənistan silahlı qüvvələri tərəfindən doğma elindən-obasından, isti yuvasından perik salınıb Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər üçün 24 dekabr 2011-ci il unudulmaz bir tarixə çevrilib. O gün Taxtakörpü obalarında əsl bayram idi. Respublika Prezidenti İlham Əliyev 50 yaşını laçınlı məcburi köçkünlərlə birlikdə keçirirdi.

Üstündən illər keçsə də, o unudulmaz görüş yaddaşların şirin xatirəsi kimi hələ də yaşayır. Dövlət başçısının “mənim ailəm, doğmalarım sizsiniz” deyə ortaya qoyduğu istidoğma münasibət bu gün də əvəzlənməsi mümkünsüz olan əsas mövzusudur. O görüşün yaratdığı xoş ovqatdan, yüksək əhvali-ruhiyyədən neçə-neçə könüllərə düşən sevinc payı bu gün də ürəklərə hərarət verir, duyğulara sığal çəkir.

Özünün dediyi kimi, Prezident ad günləri keçirməyi xoşlamır. Amma hər bir insan ömrü üçün əlamətdar hadisə olan 50 yaşını qeyd etməyə maraqlıdır. Ölkə başçısı bu xüsusi günü məcburi köçkünlər arasında keçirməyə qərar vermişdi. Bunun üçün dünyanın ən məşhur, gözəlliyi ilə göz qamaşdıran məkanlarını deyil, məhz Taxtakörpü qəsəbəsini seçmişdi, ömrünün unudulmaz anlarında istəmişdi ki, ətrafında özünə hər zaman doğma və əziz sandığı laçınlılar olsun...

İndi o unudulmaz görüşdən dörd il keçir. Qədirbilən Laçın camaatı aylar, illər ötüb keçsə də, o görüşün hər kiçik detalını ən əziz və qiymətli xatirə kimi qoruyub saxlayır. Dağlar qoynunda yerləşən Laçın öz saf təbiəti, mərd və qəhrəman övladları ilə hər zaman seçilib. Qədirbilən laçınlılar dördüncü ildi ki, rayonda gözəl, alqışa layiq bir ənənənin bünövrəsini qoyublar. Yaddaşlara həkk olunmuş unudulmaz görüşün tarixi hər il yeni çalarlarla təzələnir, həmişə aktual olur. Doğmalar, qayğıkeşlər, qədirbilənlər hər il dekabrın 24-də bir araya gəlir, laçınlıları özünün ailə üzvləri, doğmaları sayan sevimli Prezidentlərinin ad gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.

Bayram ovqatlı bu günlərdə Taxtakörpü qəsəbəsində olduq. Unudulmaz görüşün ayrı-ayrı iştirakçıları ilə görüşüb söhbətləşdik. Öyrəndik ki, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsi dövlət başçısının xüsusi qayğı və diqqəti ilə ötən dörd ildə sürətli və dinamik sosial-iqtisadi inkişaf yolu keçmiş, rayon mərkəzinə çevrilmiş qəsəbədə də, ayrı-ayrı obalarda da həyat şəraiti əsaslı şəkildə dəyişmiş, əhalinin güzəranı müqayisəedilməz dərəcədə yaxşılaşmışdır. Bu dövrdə 552 ailəlik yeni qəsəbə istifadəyə verilmişdir. Qəsəbədə sosial infrastruktur layihələri yüksək səviyyədə həyata keçirilmişdir. Dövlətin qayğısı ilə Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılıb istifadəyə verilmişdir. Tezliklə Ağbulaq obasında da belə qurğu əhalinin istifadəsinə veriləcəkdir. Alxaslı və Arduşlu obalarında içməli su xəttinin çəkilməsi üçün layihələndirmə işləri başa çatdırılmışdır. Tezliklə bu işin icrasına başlanacaqdır. Rayon mərkəzi xəstəxanasının binası, Ağbulaq, Ərdəşəvi, Mişni, Qarakeçdi-2, Vağazin-2 və 11 nömrəli orta məktəb binaları əsaslı, Qışlaq, Qarıkaha, Taxtakörpü, 23 və 44 nömrəli tam orta məktəblər, təhsil şöbəsinin inzibati binası, Mişni, Qarakeçdi kənd xəstəxanaları, poliklinika şöbəsinin binası cari təmir edilmişdir. Taxta-körpü və Qayğı qəsəbələrində 610 ailə fasiləsiz təbii qazla təmin edilmişdir. Abadlıq və quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir. Yeni yaşıllıqlar salınır. Təkcə bu il 3 mindən çox ağac əkilmişdir. Dövlət qayğısından güc alan, eyni zamanda ələbaxımlıqdan uzaq olan Laçın əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Respublika Prezidentinin təşəbbüsü ilə “Kənd təsərrüfatı ilielan olunmuş cari ildə 4.253 ton, yaxud əvvəlki ildəkindən 462 ton çox taxil istehsal edilmişdir. Rayon əhalisində, ayrı-ayrı fermer təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı artaraq 32.850 başa, qoyun-keçilərin sayı isə 197.200 başa çatdırılmışdır. Hazırda gələn ilin məhsul bolluğuna etibarlı bünövrə qoymaq məqsədi ilə kənd təsərrüfatı işləri uğurla davam etdirilir.

Ən başlıcası isə odur ki, Laçın camaatında xoş gələcəyə inam güclü, əhvali-ruhiyyə isə yüksəkdir. Burada hər kəs respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik və qətiyyətli siyasətə birmənalı şəkildə inanır. İnanırlar ki, bu siyasət onların tezliklə doğma yurd yerlərinə qayıdışını təmin edəcək. Laçınlılar elə bu inamla da Prezidentin ətrafında daha sıx birləşməyə üstünlük verir, xalq-Prezident birliyinin yenilməz gücünü hər zaman arzuladıqları, uğrunda fədakarlığa hazır olduqları qələbənin əsas şərti hesab edirlər.

Taxtakörpüdə laçınlı məcburi köçkünlərin dövlət başçısı ilə unudulmaz görüş haqqında xoş təəssüratları isə bitib-tükənmək bilmir.

Ağaxan Nəzərov, rayon ağsaqqalı, “Güləbird” kəndli-fermer təsərrüfatının rəhbəri:

- 24 dekabr 2011-ci il tarixini ömrümün ən əziz və unudulmaz günü hesab edirəm. Həmin gün Prezident İlham Əliyevin bizim camaatla çox səmimi bir görüşü oldu. Həmişə televizorda görürük ki, dövlət başçısı səfərə getdiyi rayonlarda yerli əhali ilə görüşür, söhbətlər edir. Əlbəttə, bunu bütün ölkə bilir və bəyənir. Amma Taxtakörpüdəki o görüş başqa heç bir görüşə bənzəməz. Bunun özəl məqamları var. Təbii ki, ölkənin bütün bölgələri dövlət başçısı üçün dəyərlidir. Amma onun 50 yaşını Bakıda, Gəncədə, Şəkidə, Qəbələdə, Qubada, ölkəmizin digər gözəl və yaraşıqlı bölgələrində deyil, məhz Taxtakörpüdə keçirməsi, ürəkaçıqlığı ilə “mən 50 yaşımı doğmalarımla, ailə üzvlərimlə keçirirəm, siz mənim ailəmsiniz” deməsi o görüşdə iştirak edən hər kəsin qəlbini riqqətə gətirdi. Ürəyimizdən xoş duyğular keçdi. Bir az da kövrəldik ki, kaş belə əziz bayramı doğma Laçında keçirəydik. O zaman sevincimizin, fərəhimizin dalğası dağları yerindən oynadardı. O unudulmaz anlarda biz özümüzü çox xoşbəxt sayırdıq. Prezidentin bizə nə qədər yaxın, doğma olduğunu bir daha yəqinləşdirdik.

Osman Həsənov, Mişni obasının sakini, təqaüdçü:

- Prezident İlham Əliyevlə unudulmaz görüşdə mən də iştirak edirdim. O an ürəyimdən keçən hissləri indi ifadə etmək mümkün deyil. Görüş zamanı dövlət başçısının bizim Laçın camaatına böyük hörmət və ehtiramının, qayğı və diqqətinin bir daha şahidi oldum. Bu isti münasibət bizə yaşamaq həvəsi verir. Prezidentin hər evə, hər ailəyə ünvanlanan qayğı və diqqəti həyatımızı, güzəranımızı gündən-günə yaxşılaşdırır. Yaşadığımız Mişni obasında dövlətin qayğısı ilə hər cür şərait yaradılıb. Obaya gedən yola çınqıl döşənib. Burada quraşdırılmış sudurulducu qurğudan minnətdarlıqla istifadə edirik. Obamızda orta məktəb, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir.

Prezidentlə görüşdə görüb inandım, bir daha özlüyümdə təsdiq etdim ki, dövlətimizə qayğıkeş və mehriban, eyni zamanda qətiyyətli və prinsipial, uzaqgörən siyasəti ilə dünyanı heyran qoyan müdrik bir sərkərdə rəhbərlik edir. Qarabağ münaqişəsində bir qarış torpağımızın da güzəşt edilməyəcəyini dəfələrlə bəyan edən respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bizi qələbəyə qovuşduracağına inanırıq. Əminik ki, bu müdrik siyasət sayəsində tezliklə doğma Laçınımıza dönəcəyik. Ali Baş Komandanın əmri olarsa, uşaqdan qocaya, qadından kişiyə qədər bütün Laçın əhalisi silaha sarılıb döyüşlərə atılmağa hazırdır.

Malik Vəliyev, rayon təhsil şöbəsinin müdiri:

- 24 dekabr 2011-ci ildə Taxtakörpü qəsəbəsində keçirilən unudulmaz görüş Prezident - xalq birliyinin möhtəşəm təntənəsi kimi yaddaşlara həkk olub. O görüş həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin Laçına və laçınlılara isti münasibətinin, xüsusi qayğı və diqqətinin gerçək davamı idi. O görüşdə Prezident rəsmi mövqedən uzaq, son dərəcə səmimi və mehriban, həm də məmnun idi. Çünki özünün dediyi kimi, doğmalarının, ailə üzvlərinin arasındaydı. Görüş zamanı dövlət başçısının verdiyi dəyərli tövsiyələr sonrakı fəaliyyətimiz üçün bir proqrama çevrildi. Yüksək bilik və bacarığa malik, vətənpərvər, xalqına, vətəninə sədaqətli yeni nəsil yetişdirməyə daha məsuliyyətlə yanaşmaq üçün bütün qüvvələri səfərbər etdik. Hər zaman üzərimizdə hiss etdiyimiz dövlət qayğısından güc alaraq təhsildə yeni uğurlara imza atdıq. Laçın Rayon İcra Hakimiyyətinin qaldırdığı “Hər ailədən orduya bir zabit” təşəbbüsü ölkədə böyük əks-səda doğurdu, qısa müddət ərzində özünə çoxlu tərəfdarlar qazandı. Təhsil müəssisələrində aparılmış məqsədyönlü işlərin məntiqi nəticəsi olaraq 2014-cü ildə 12 nəfər məzun ali hərbi məktəblərə, 3 nəfər məzun C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur. Bu il isə 3 məzun Heydər Əliyev adına Ali Hərbi Məktəbə, 5 nəfər C. Naxçıvanski adına Hərbi Liseyə, 5 nəfər isə xüsusi təyinatlı digər akademiyalara qəbul olunmuşdur. Hərbi məktəblərə qəbul olunmuş tələbələr və onların valideynləri ilə Bakı şəhərində geniş tərkibdə görüş keçirilmişdir. Fərəhlə deyə bilərəm ki, bu il laçınlı məzunlardan 303 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onların 54 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplamışdır. Qazanılan nailiyyətlər dövlət başçısının laçınlılara göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir. Bizə güc verən də Prezidentin isti münasibətidir.

...Taxtakörpüdə yenə xoş ovqat yaşanır. Prezident İlham Əliyevlə unudulmaz görüşün yaddaşlara həkk olan şirin xatirələri yenidən vərəqlənir. Baxışlardan fərəh yağır, könüllərdən xoş duyğular keçir. Laçınlılar həmişə olduğu kimi, yenə də öz dəyişməz mövqelərinə - xalqa sonsuz məhəbbət, dövlətə, Prezidentə yenilməz sədaqət ənənəsinə sadiqdirlər.

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S. 8.