Müstəqil xarici siyasət milli maraqlara xidmət edir

 

XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Müstəqillik əldə etdikdən sonra postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirmək məcburiyyətində qaldılar.

1991-ci ilin sonu - 1992-ci ildə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edilmiş və həmin il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. İlk gündən başlayaraq Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.

Müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin barışmaz maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu. Yalnız 1993-cü ildən başlayaraq, yəni Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli maraqların təmin olunmasına, beynəlxalq aləmlə sıx inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başladı. Balanslaşdırılan siyasətə söykənən bu strategiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerirolunun təşəkkül tapmasına xidmət edirdi. Özünün Prezident kimi ilk andiçmə mərasimində həmin məqama toxunan Heydər Əliyev demişdir: “...Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaqinkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir”.

Lakin həmin dövrün siyasi reallıqları fonunda buna birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti Azərbaycan ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazım idi. Sonra milli maraqlarımızı regionda maraqları toqquşan dövlətlərin mənafeləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Heydər Əliyev konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərindən təhlil etdi.

Həmin dövrdən etibarən Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirməyə başladı. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyiçoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.

Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq isə öz növbəsində siyasi münasibətlərin dərinləşməsi, etimadın güclənməsi yolunda mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Həmin gün dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Türkiyə, Norveç, Yaponiya, Böyük Britaniya, Rusiya və Səudiyyə Ərəbistanı kimi dövlətləri ilə Azərbaycan arasında “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi imzalanmışdır. Bu uğurlu sazişin reallaşması ümummilli lider Heydər Əliyevin siyasətçi və dövlət xadimi kimi müdrikliyinin və gərgin zəhmətinin sayəsində mümkün olmuşdur.

Düzgün xarici siyasət yürüdülməsi nəticəsində regionun aparıcı dövləti statusunu qazanan Azərbaycan AvropaAsiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən enerji dialoqunun, yeni nəqliyyat dəhlizlərinin yaradılmasına da nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının yaxın tarixində yeni inkişafın əsasını qoymuşdur. Xarici siyasətimizin uğurlu nəticələrindən birinin də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin olduğunu qeyd etmək lazımdır. Azərbaycanı strateji müttəfiqi olan Türkiyə ilə birləşdirəcək bu dəmir yolunun reallaşması rəsmi Bakının regional müstəvidə çəkisinin artmasına və Qərb-Şərq nəqliyyat infrastrukturunda yeni dəhlizin açılmasına şərait yaradacaq.

2011-ci il oktyabrın 25-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasət kursumuzun uğurla inkişaf etməsini bir daha təsdiqlədi. Səsvermə zamanı 155 ölkənin Azərbaycana dəstək nümayiş etdirməsi isə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun təntənəsi idi. Gənc dövlət üçün belə uğur əldə edilməsi, əlbəttə ki, böyük qələbədir və Azərbaycanın aktivinə yazılan mühüm beynəlxalq hadisə idi.

Əsası ümummilli lider tərəfindən qoyulan bu uğurlu siyasət sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Beynəlxalq Enerji Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, “Eurovizion” mahnı müsabiqəsi, “Tour d'Azerbaidjan” beynəlxalq velosiped yarışı, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və eyni zamanda, TŞ-yə iki dəfə sədrlik etməsi Azərbaycanın dünya arenasındakı nüfuzundanmühüm rolundan xəbər verir. 2015-ci il I Avropa Oyunlarının keçirilməsi də Bakıya həvalə olundu və ölkəmiz bu tədbiri Olimpiya oyunları səviyyəsində keçirdi.

Digər tərəfdən, Azərbaycanın iki kosmik süni peykinin orbitə buraxılması əlamətdar hadisə kimi tarixə düşmüşdür. Ölkəmizə qarşı göstərilən bu etimadın səbəbi isə dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardır.

Bütün sadalananlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində münaqişələrin yaşandığı bir vaxtda Azərbaycan sabittolerant mühiti ilə diqqət çəkir.

Lakin qısa müddətdə Azərbaycanın əldə etdiyi bu uğurları görmək istəməyən, müxtəlif dövlətlərin və təşkilatların maraqlarına xidmət edən qüvvələr ölkəmizə qarşı qara piar kampaniyası aparır, mövqelərimizi zəiflətməyə çalışırlar.

Həqiqəti isə nüfuzlu beynəlxalq təşkilatların, maliyyə qurumlarının Azərbaycan haqqında hesabatları və rəyləri təsdiqləyir. Azərbaycanın dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində qazandığı uğurlardandır. Ümumiyyətlə, son illər ölkəmizdə iqtisadi təhlükəsizliyin təmin olunması və həyata keçirilən uğurlu iqtisadi siyasət beynəlxalq reytinq agentliklərinin diqqətindən kənarda qalmayıb. Dünyanın üç nüfuzlu reytinq agentlikləri - “Fitch”, “Standard and Poors”, “Moodys” Azərbaycanın kredit reytinqini yüksək qiymətləndirib.

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın dövlətlərarası münasibətlərdə sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmışdır. Bu siyasət bundan sonra da milli maraqlara xidmət edəcək və beynəlxalq əlaqələrin güclənməsinə yönələcək.

 

Tuqay ASLANOV

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.11.