Xalqın milli sərvəti

 

“Azərbaycan Sovet Ensiklopediyası”nın nəşr edilməsi haqqında” qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik “Azərbaycan Sovet Ensiklopediyası (ASE)” və “Azərbaycan SSR” xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin birinci cildi buraxıldı. Bu nəşrdə xalqımızın qədim tarixinin obyektiv əks etdirilməsi, ölkəmizlə bağlı qəsdən gizlədilən tarixi xəritələrin verilməsi, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, etnoqrafiya üzrə bəzi materialların məzmunu, habelə görkəmli tarixi şəxsiyyətlərimizə həsr olunmuş məqalələr Moskvada S.Şaumyanın oğlunun çuğulluğu nəticəsində narahatlıqla qarşılandı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.

Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə “Azərbaycan SSR” xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də “yenidənqurma” başlayanda da “Azərbaycan SSR” xüsusi cildinin nəşri baş tutmadı. Lakin Azərbaycan Prezidentinin sərəncamında qeyd olundu ki, “1976-1987-ci illərin oncildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini əks etdirən fundamental əsər idi”.

Dövlət müstəqilliyinin bərpası, müstəqil Azərbaycan Respublikasının demokratik əsaslarla qurulub möhkəmləndirilməsi, mövcud siyasisosial şərait bütün sahələrdə olduğu kimi, “Azərbaycan Milli Ensiklopediyası”nın hazırlanması işinə də tamamilə yeni bir yanaşmanı gündəmə gətirdi. Milli Məclisin 2000-ci ildə qəbul etdiyi və həmin il mayın 30-da Prezident Heydər Əliyev tərəfindən təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin uğurla başa çatması yeni ensiklopediyanın nəşrinə də münbit şərait yaratdı. Dövlət əhəmiyyətli bu işin həyata keçirilməsi istiqamətində atılmalı növbəti addım özünü çox gözlətmədi.

Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası”nın nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə çoxcildli “Azərbaycan Milli Ensiklopediyası”nın nəşri qərara alındı. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan xalqının həyatında baş vermış mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikalı əlifba ilə nəşr edilməsi artıq günün tələbinə çevrilmişdir. Bu sərəncamla “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi AMEA-nın tabeliyinə keçirildi. “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya heyəti müəyyənləşdi və Prezident İlham Əliyevin sədrliyi ilə milli ensiklopediyanın nəşrinə start verildi. Daha sonra ölkə başçısının 2004-cü il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin bazasında Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi yaradıldı.

Ensiklopediya yaratmaq ümumi erudisiya, yüksək elmilik, müxtəlif elm sahələrindən baş çıxara bilmək qabiliyyəti tələb edir. Bu baxımdan dünyanın inkişaf etmış ölkələrindəki qabaqcıl təcrübəyə əsaslanmaqla hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nda xalqımızın tarixi, mədəniyyəti, iqtisadiyyatı, elmsiyasi arenada yerirolu, bu sahələrdə çalışan insanların, görkəmli azərbaycanlı mühacirlərin, mesenatların, neft sənayesi sahibkarlarının nailiyyətlərinə, ölkəmizin öyrənilməsində mühüm rolu olan əcnəbi tədqiqatçıların əsərlərinə yer verilir.

Akademik Tofiq Nağıyevin təbirincə desək, “Azərbaycan Milli Ensiklopediyası” mövcud ensiklopediya təcrübəsi əsasında, məzmun və mündəricəsi ilə dünya əhəmiyyətli ensiklopedik nəşrlərə qoyulan bütün tələb və standartlara uyğun hazırlanır. Eyni zamanda bəşəri və milli dəyərlər sisteminə əsaslanan, dünya xalqları, onların tarixi və mədəniyyətləri, müasir dövrdə dünya ölkələrinin inkişaf mənzərəsini olduğu kimi təqdim edən, nüfuzlu beynəlxalq təsisatlar haqqında da ətraflı məlumat verən mötəbər mənbədir.

Azərbaycana həsr olunmuş xüsusi cild yüksək səviyyədə hazırlanıb, təkrar-təkrar diqqətdən keçirilmişdir. Milli ensiklopediyanın xüsusi cildinin nəşrinin respublikamızda ilk dəfə həyata keçirildiyini nəzərə alsaq, bu işin nə qədər böyük məsuliyyət tələb etdiyi aydın olur. Azərbaycanda 50 il ərzində ensiklopediya yaradılması sahəsində xüsusi əməyi və öz sözünü deyən elm adamları və ziyalılar olub. Bu dövrün 2004-cü ildən sonrakı hissəsi yeni, müstəqil Azərbaycan ensiklopediyasının yaradıldığı tarix kimi şərəflidir. Müəllif heyətinin səyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi əməkdaşlarının gərgin əməyi sayəsində “Azərbaycan” xüsusi cildi qısa müddətdə nəfis tərtibatla hazırlanaraq Almaniyanın”Sigloch” nəşriyyatında (2007) yüksək poliqrafik səviyyədə nəşr edildi. İlk nəşri funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan köklü şəkildə fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı son dərəcə obyektiv əks olunmuş, başqa ölkələrlə əlaqələrinə böyük diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında işıqlandırılmışdır. Ensiklopedik əsər bütövlükdə ölkəmizin portretidirburada Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Bu nəşr cəmiyyətimizin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi olmaqla, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən sanballı elmi əsərdir. Nəşr tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəşrin kəmiyyət və keyfiyyətinə yüksək dəyər verərək demişdir: “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan” cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni və bu günü, qədim tariximüasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində nailiyyətləri kitabda öz ifadəsini tapmışdır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan tariximizin müasir dövrü yeni milli ensiklopediyanın nəşri zərurətini meydana çıxarmışdır. Respublikanın zəngin elmi potensialının yaxından iştirakı ilə hazırlanan xüsusi cild müstəqil dövlətçiliyimizin qazandığı uğurları obyektiv şəkildə əks etdirir.

Ümidvaram ki, belə mötəbər və sanballı nəşr hər bir azərbaycanlı üçün çox dəyərli töhfə olacaqdır. Bütün Azərbaycan vətəndaşlarını bu nəşrin işıq üzü görməsi münasibətilə təbrik edirəm”.

“Azərbaycan Milli Ensiklopediyası”nın beş cildi artıq kitabsevərlərin ixtiyarındadır, altıncı cild çapa tam hazırdır. “Azərbaycan Milli Ensiklopediyası”nın ilk 3 cildi, həmçinin “Azərbaycan” xüsusi cildinin Azərbaycan və rus dillərindəki nüsxələri 2013-cü ildə MoskvadaBolşaya Rossiyskaya Ensiklopediyaelmi nəşriyyatının keçirdiyiMüasir ensiklopediyaşünaslıq: təkliflər və perspektivlər” elmi-praktik konfransa təqdim olunmuş və beynəlxalq elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində bu on ildə görülən işlər ensiklopedik nəşrlərlə məhdudlaşmamış, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin əsərləri, Heydər Əliyev Fondunun təsisçiliyi ilə 2012-ci ildə sanballı sahə ensiklopediyası - “Azərbaycan muğamı ensiklopediyası” nəşrə hazırlanaraq rus dilində çap olunmuşdur. Kimya üzrə Nobel mükafatı laureatı, Kaliforniya Texnologiya İnstitutunun professoru Ə.H.Zevaylın həyat və fəaliyyətindən bəhs edən “Zaman içrə səyahət” kitabı ingilis dilindən tərcümə edilərək 2012-ci ildə “Şərq-Qərb” nəşriyyatında latın qrafikası ilə çapdan çıxmışdır. Bu illərin dəyərli nəşrlərindən biri də görkəmli kimyaçı alim, resirkulyasiya nəzəriyyəsinin banisi akademik Murtuza Nağıyevin 100 illiyinə həsr edilmişAkademik Murtuza Nağıyev. Həyat yolu - “fəlsəfə daşı”nın axtarışında” kitabıdır. Akademik Tofiq Nağıyevin tərtib etdiyi, Azərbaycan və rus dillərində işıq üzü görən bu kitab 2008-ci ildə oxuculara çatdırılmışdır.

Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində son 10 ildə “Azərbaycan Milli Ensiklopediyası” yeni inkişaf mərhələsindədir. AMEA-nın tərkibində fəaliyyət göstərən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ünvanını dəyişməsi, əməkdaşlarının yaradıcılıq uğurlarının artırılması, peşəkar fəaliyyətlərinin genişləndirilməsi üçün Şərq və Qərb memarlıq elementlərini özündə ehtiva edən yeni binaya köçmüşdür. 2014-cü il mayın 5-də bu binanın açılış mərasimində Prezident İlham Əliyev iştirak etmiş, ensiklopediyanın kollektivini təbrik etmiş, elmin inkişafına dövlətin bundan sonra da lazımi qayğı göstərəcəyini bildirmişdir.

Sona çatmaqda olan il “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivi üçün xüsusilə əlamətdardır. Çünki 1965-ci ildə təməli “Azərbaycan Sovet Ensiklopediyası” kimi qoyulan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılmasının və fəaliyyətinin 50 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev 24 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Milli Ensiklopediyası”nın 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Tarixi günə əsl bayram əhvali-ruhiyyəsi ilə hazırlaşan elmi mərkəzdə ötən 50 ili özündə əks etdirən eksponatlardan ibarət “Ensiklopediya muzeyi” yaradılmışdır. Muzey eksponatları ilə tanışlıq da göstərir ki, tarixin qızıl fondunda əbədiləşmək hüququ qazanmış milli ensiklopediyamızın ənənələri yaşayır, təkmilləşir, zənginləşir. Talelərini bu çətin və şərəfli işə bağlayan yeni, milli ensiklopediyaçılar nəsli yetişir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.13.