Turizm şəbəkəsi genişlənir

 

Dövlət müstəqilliyinin bərpasından sonra turizmin inkişaf tendensiyası ölkəmizin ali qanunvericilik aktlarında öz əksini tapıb. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilib. Həmin ilin 27 iyulunda ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalayıb.

Artıq XXI əsrin başlanğıcından Bakı, Gəncə, Naxçıvan və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Respublikamızın əksər bölgələrini əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçib ki, həmin hotellərdə yerlərin ümumi sayı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Diqqətçəkən faktlardan biriodur ki, artıq respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri keçib.

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Faunaflora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan - naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin - işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyadakı mövcud 11 iqlim qurşağından 9-nun ölkəmizin ərazisində olması yay və qış istirahətinin təşkilinə şərait yaradır. Buna görə də ekoloji turların təşkili çox geniş yayılıb.

Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edərək iqtisadiyyatın gəlir gətirən ən mühüm sahələrindən birinə çevrilir. Regionlarda fəaliyyət göstərən Qafqaz mehmanxanalar şəbəkəsi, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkı, Qusardakı möhtəşəm “Şahdağ” qış-yay turist kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malikdir. 15-dən çox Olimpiya idman kompleksinibura əlavə etsək, daha real mənzərə yarada bilərik. Çünki həmin komplekslərdə də mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar, təbii ki, turizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, eyni zamanda ölkənin iqtisadi inkişafı üçün böyük perspektiv deməkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”na uyğun olaraq, 44 turist şirkəti akkreditasiyadan keçirilib.

Azərbaycanın turizm potensialının Almaniyanın eyni sahənin bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism” şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir.

2015-ci il dekabrın 4-də “Four Seasons Baku” hotelində Azərbaycan Konqreslər Bürosunun 4-cü hesabat iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun ötən müddətdə fəaliyyəti barədə məlumat verərkən bildirib ki, ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda turizm sahəsində müsbət meyillərlə yanaşı, son zamanlar regionda baş verən proseslər fonunda müəyyən təsirlər də özünü göstərir. Qonşu Rusiyaqardaş Türkiyə arasında cərəyan edən hadisələr də bu qəbildəndir. Əbülfəs Qarayevin fikrincə Azərbaycan elə bir regionda yerləşir ki, bölgədə baş verən hər hansı müsbət və ya mənfi hadisə öz təsirini bütün sahələrdə hiss etdirir, o cümlədən turizm sahəsində. Bu baxımdan turizm sənayesi, xüsusilə Azərbaycan Konqreslər Bürosu bu məsələlərə günün reallıqları baxımından yanaşmalı, yeni şəraitə və şərtlərə uyğun fəaliyyətini qurmalıdır.

Nazir deyib: “Azərbaycanın turizm üçün əsas müştəri bazarı qonşu Rusiyaqardaş Türkiyədən formalaşmalıdır və biz bu bazarlarda kifayət qədər fəal təmsil olunmalıyıq: Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin potensialı dəyərləndirilməlidir. Çünki Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var”.

Ölkəmizin müalicə turizmi ilə bağlı potensialının da yetərincə təbliğ və təşviq olunması vacibdir. Bu sahədə müasir infrastruktur yaradıldığından, böyük perspektiv açılıb. Həmçinin müalicə turizmi ilə bağlı böyük işlər görülüb. Naftalan, Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir. Təsadüfi deyil ki, Azərbaycan bu yaxınlarda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil edilib.

İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinin Ekspo Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” adlı beynəlxalq sərgidə Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi təmsil edib. Həmçinin Almaniyanın ölkəmizdəki səfiri xanım Heindrun Tempelin Azərbaycan TurizmMenecment Universiteti ilə tanışlığı zamanı turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, eyni zamanda nəzərdə tutulan ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib ki, bu da adıçəkilən sahənin inkişafı və təbliğində mühüm amillərdən sayılır.

2016-cı ilin yanvar ayından etibarən Almaniyanın 200 turoperatoru üçün onlayn seminarın keçirilməsi planlaşdırılır. Bir sözlə, ölkəmizin turizm potensialından daha səmərəli istifadə edilməsi, şəbəkələrinin genişləndirilməsi yalnız onun iqtisadi inkişafında deyil, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində də mühüm məsələdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S. 6.