Yalnız hamının birliyi, həmrəyliyi Vətənə və xalqa xoşbəxtlik gətirər

 

Dekabr ayı Azərbaycan xalqı üçün önəmli ay kimi yaddaşlarda əbədi həkk olunub. Çünki bu ay Prezident İlham Əliyevin doğum gününün, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik bayramının təsadüf etdiyi bir aydır. Hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız milli həmrəylik gününü böyük təntənə ilə qeyd edirlər.

Qədim tarixə malik Azərbaycan xalqı bu əlamətdar bayramı uzun illərdən bəri yaranan, qorunub saxlanılan ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Bu bayramı, bu sevinci bizə bəxş edən Azərbaycan xalqının, bütün türk dünyasının daim ehtiramla yad etdiyi ümummilli lider Heydər Əliyev olub. Bu tarixi şəxsiyyət təkcə Azərbaycana yox, bütün türk dünyasına verilən Tanrı payı idi. Hər il yüksək səviyyədə keçirilən bu bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixində fundamental sənədlərdən biridir. Heydər Əliyev öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə də çalışırdı. O, hələ 1997- ci ildə ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısındakı çıxışında böyük mətləblərə toxunaraq deyirdi: “Siz düşünməyin ki, Azərbaycan bizim üçünedib, düşünün ki, biz Azərbaycan üçünetmişik. Onda Azərbaycan da irəlidə gedər, Azərbaycan diasporu da inkişaf edər. Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Nə olsun? Məgər Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə həmvətənimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrildi. Ulu öndər özünəxas uzaqgörənliklə hakimiyyətə gəldiyi ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək deyirdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəviyə qaldırılmasına nail olmaq mümkün deyil.

Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi oldu. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” -deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasıdır.

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verdi. Dövlət başçısı diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini də xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir.

1993-cü ilin iyununda dövlət müstəqilliyi təhlükə altında qalan Azərbaycan xalqı respublikanın idarə olunmasını Heydər Əliyevə tapşıranda bütün türk dünyası rahat nəfəs aldı. Ümummilli lider böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, ümummilli liderin coşqun siyasəti dünyanı heyran qoymuşdu. Bəli, bu tarixi şəxsiyyətin dəmir iradəsinə, yüksək potensialına, dünyagörüşünə və təcrübəsinə türk dünyası bələd idi.

Xalqlarımızın müəyyən dövrlərdə istəmədən bir-birindən ayrı yaşaması qismətimizin tale yazısı olub. Qardaş Azərbaycan xalqı ilə əlaqələrimizin zəif olmasına baxmayaraq, qəlbimizdə kök salmış məhəbbət, isti duyğular könüldən-könülə yollar açıb. Dili bir, qanı bir qardaşlarımızın həsrətini uzun illər çəksək də, ümidlər ölməyib, xalqlarımızın bir-birinə qovuşacağı günü səbirsizliklə gözləmişik.

Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini tanıyan ilk ölkə də Türkiyə oldu. Ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycan xalqlarının dostluq, qardaşlıq münasibətlərinə böyük diqqət yetirərək bu münasibətlərin yüksək səviyyədə inkişafına əvəzsiz töhfələr vermişdir. Hələ Naxçıvanda çalışdığı vaxtlar Heydər Əliyev bu torpağın türk dünyasına, islam aləminə bir qapı olduğunu bilərək, 1992-ci ilin mart ayının 22-də Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Ozalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə gedərək iqtisadi əməkdaşlıq barədə protokol imzaladı. Bu protokol əsasında Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin inkişaf etdirilməsi, Araz çayı üzərində körpünün salınması və s. məsələlərin həyata keçirilməsinə başlanıldı.

Mən o zamanlar Türkiyənin Qars vilayətinin polis rəisi vəzifəsində çalışırdım. Tale elə gətirdi ki, mənə Heydər Əliyev kimi tarixi bir şəxsiyyətlə yaxından tanış olmaq səadəti nəsib oldu. Ümummilli lideri yaxından tanıdıqca, onun qətiyyətinə, özünə inamına, diplomatiyasına, hadisələri qabaqcadan görmək və düzgün qiymətləndirmək bacarığına heyran olurdum. Bu dahi şəxsiyyətdən hər dəfə özüm üçün, gələcək həyat təcrübəm üçün yeni bir şey əxz edirdim. Hətta ən ağır vaxtlarda, blokada şəraitində yaşayan Naxçıvanın başının üstünü ciddi təhlükə alanda belə, təmkinini pozmayan ümummilli lider ətrafındakı insanlara böyük ruh yüksəkliyi bəxş edirdi.

O, Azərbaycanın parlaq gələcəyinə inanırdı və düşünülmüş, məqsədyönlü siyasəti ilə bu yolun başlanğıcında olduğunu bilirdi. Türkiyə ilə Azərbaycanı birləşdirən “Ümidkörpüsünün inşası və təntənəli açılış mərasimi ilə bağlı Heydər Əliyevlə tez-tez görüşürdük. Sərhəd zolağı və körpünün özü Ermənistanla tam sərhəddə yerləşirdi. On bir kilometrlik sərhəd zolağı başdan-başa qamışlıq və bataqlıqdan ibarət idi. İnsanlar həyatlarını təhlükə altında qoyaraq sərhədi qayıqla keçirdilər. Ermənilər Araz çayı vasitəsilə üzən minaları işə salaraq istənilən anda bütün əməyimizi məhv edə bilərdilər. Digər tərəfdən, körpünün təhlükəsizliyini qorumaq üçün xüsusi avadanlıqlar yox idi.

1992-ci ilin may ayında Araz çayı üzərində Türkiyənin Dilucu və Sədərək bölgələrini birləşdirən on bir aşırımlı “Ümidkörpüsü istifadəyə verildi.

Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitəsi nümayəndələri ilə Araz çayı üzərində qurulanÜmidkörpüsünün açılışında iştirak etmək üçün Naxçıvana gəldi. S.Dəmirəl hava limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdurolacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.

On minlərlə türkiyəli və azərbaycanlı qarşısında çıxış edən ümummilli lider Heydər Əliyev “Bu gün arzu və ümidlərimizin körpüsü açılır. Yetmiş ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi” - deyərək xalqlarımız arasında uzun müddət davam edən həsrətin sona çatdığını bildirdi. O vaxt Naxçıvan MR Ali Məclisinin Sədri işləyən ulu öndər Heydər Əliyev “Ümidkörpüsünün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə, dostluq əlaqələrinin möhkəmləndirilməsinə, qardaş xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarı ilə Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında rəsmi sərhəd, keçid qapısı elan etdi.

Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dili bir, dini bir, ruhu bir, kökü eyni tarixdən qaynaqlanan iki xalqın bir-birinə qovuşması tarixi hadisə idi. Hər iki xalq bu günü uzun illər gözləmişdi. Həmin gün körpü üstündə qucaqlaşan minlərlə insanın gözündən sevinc yaşları axırdı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, həmin gün uzun müddət davam edən həsrət sona çatdı, arzu və ümidlərimizin körpüsü açıldı.

Həmin dövrdə bütün Azərbaycan xalqı həyəcan içərisində Heydər Əliyevin hakimiyyətə gəlişini gözləyirdi. Yaxşı yadımdadır. 1993-cü ildə qanlı 20 Yanvar hadisələrinin anma günü münasibətilə Bakıda nümayəndə heyətinin tərkibində idim. Həmin ərəfədə Heydər Əliyevin qardaşı Həsən Əliyev rəhmətə getmişdi və sayğı əlaməti olaraq hüzr mərasimində iştirak etdim. Naxçıvana döndüyüm zaman Heydər Əliyevlə görüşdümona başsağlığı verdim. Azərbaycanın bu ağır günlərində Heydər Əliyev böyük narahatlıq keçirirdi. Mən Bakıda baş verənlər barədə ulu öndərə ətraflı məlumat verdimbildirdim ki, xalq Heydər Əliyevin təcrübəsinə və dünyagörüşünə böyük ümid edir və Azərbaycana rəhbərlik etməsini çox arzulayır. O, “Sən bunu haradan bilirsən” - deyə mənə sual verdi. Cavab verdim ki, Bakıda olduğum bir neçə gün ərzində ünsiyyətdə olduğum hər bir insandan: “Bizi bu fəlakətdən yalnız Heydər Əliyev qurtara bilər. Xalqın düşdüyü bu bəladan qurtuluş yolunu Heydər Əliyev göstərəcək” - sözlərini eşitdim. Xalq Sizi özünün şəksiz lideri hesab edir və Sizə inanır. Bütün türk dünyası Sizin Azərbaycana rəhbərlik etməyinizi istəyir. Bu, Azərbaycan xalqı ilə bərabər, bütün türk dünyasının istəyidir”. O zamanlar ümummilli liderə çox bağlanmışdım. Hər hansı bir sıxıntı və narahatlığım zamanı Naxçıvana gəlir, bu tarixi şəxsiyyətlə görüşürdüm. Hər görüşümüz məndə xüsusi ruh yüksəkliyi yaradırdı. Onun qurub-yaratmaq eşqi bitib-tükənmək bilmirdi. Həmin vaxtlar ölkədə vəziyyət gündən-günə ağırlaşırdı. Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi. Heydər Əliyev xalqının belə bir dar günündə onun təkidli dəvətini qəbul edərək yenidən böyük siyasətə qayıtdı.

Bu çətin, lakin şərəfli quruculuq yolunda xalq ümummilli liderin sadiq müttəfiqi oldu. Ümummilli lider Gəncədə qardaş qırğınının qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ölkəni parçalanmadan xilas edən Heydər Əliyev qısa bir zaman kəsiyində Azərbaycan həqiqətlərini bütün dünyada tanıda bildi. O vaxtlar mən təqaüdə çıxmışdım. Heydər Əliyev tərəfindən Bakıya dəvət olundum və 1993-cü ildən 1998-ci ilədək Türkiyənin Bakıdakı səfirliyində əmniyyət şöbəsinin müşaviri vəzifəsində çalışdım.

“Bir millət - iki dövlət” olan Türkiyə və Azərbaycanın bugünkü inkişafını dünyada istəməyən qüvvələr də var. Taleyin qismətindən Türkiyə və Azərbaycanın kökləri, maraqları bir olduğu kimi düşmənləri də eynidir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən və Dağlıq Qarabağı işğal altında saxlayan mənfur ermənilər Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edirlər. Onlar Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiasından əl çəkmək istəmirlər.

Bu gün xalqlarımız düşmənin planlarının ifşa edilməsi üçün birgə haqq səslərini ucaldırlar. Bakıda, Sumqayıtda, Gəncədə - Azərbaycanın müxtəlif yerlərində səslənən “Azərbaycanın torpaqları azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz” etirazlara Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verilir. Bu, xalqlarımızın çəkici eyni zindana vurmasına işarə edir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədin açılmasını unudun” - deyə Türkiyənin mövqeyini qəti bildirib.

Eyni kökə, mədəniyyətə, tarixə, mentalitetə malik olan türk xalqlarının coğrafiyası, iqtisadi və mədəni çevrəsi getdikcə böyüyür. Türk dünyasının böyük liderləri bizə əsrlər boyu həmişə bir yerdə olmağımızı vəsiyyət etmişlər. Bir neçə il öncə Türkiyədə baş verən zəlzələnin ağır nəticələri türkiyəliləri üzdüyü kimi, qardaş Azərbaycan xalqının da iztirablarına səbəb olub. Bütün türk dünyası bir olub, Türkiyənin bu ağır günündə ona dəstək verir. Türkiyənin Van şəhəri və Ergiz kəndində baş verən zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün ilk olaraq Azərbaycan dövləti yardım əlini uzatdı və hər bir dəstək verməyə hazır olduğunu nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini, milli birlik və azərbaycançılıq ideyalarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Azərbaycan Respublikası dünya azərbaycanlılarının doğma yurdudur. 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü strategiyanın uğurlu davamıdır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər birliyini zəruri edən amilləri bir daha diqqətə çəkərək deyirdi: “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaqbir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.

 

Osman GEZEKER,

Özkaya Group” şirkətinin prezidenti

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S. 6.