Gənc musiqiçilər həmişə diqqət mərkəzindədir

 

Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin prioritet istiqamətlərindən biri gənc bəstəkar və musiqişünasların, habelə ifaçıların milli musiqi mədəniyyətimizin müasir inkişaf prosesinə cəlb edilməsidir.

Ölkə Prezidentinin sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi yaradıcı təşkilatların, o cümlədən də Bəstəkarlar İttifaqının gənc musiqiçilərə olan diqqət və qayğısının daha da artmasına səbəb oldu. Məhz Bəstəkarlar İttifaqı bəstəkar və musiqişünasların təhsildən sonrakı taleyində onların peşəkar sənətkar kimi püxtələşib formalaşmasında, inkişafında və yaradıcılığının təbliğində müstəsna rol oynayır. Burada “Gənclərlə ” bölməsi fəaliyyət göstərir. Təşkilatın sədri Firəngiz Əlizadə gənclərin yaradıcılığına, o cümlədən “Gənclərlə ” bölməsinin fəaliyyətinə çox böyük önəm verir. Hazırda bu bölməyə ABİ-nin katibi, bəstəkar  Aliyə Məmmədova və musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva  rəhbərlik edirlər. “Gənclərlə ” bölməsinin iclaslarında Bəstəkarlar İttifaqının üzvləri ilə yanaşı, tələbə-bəstəkarlara da öz əsərlərini təqdim etmək imkanı verilir, mütəmadi olaraq onların əsərlərindən ibarət xüsusi plenumlar, baxışlar və müsabiqələr keçirilir.

Gənc bəstəkarların yaradıcılığı 2007-ci ildə “Gənc bəstəkarların yaradıcılığına baxış”da, 2009-cu ildə Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gənclər avanqardda” adlı konsertdə, 2011-ci ildə “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğamavanqard” adlı konsertdə, 2012 və 2013-cü illərdə keçirilmiş “Gənc bəstəkarların yeni yazılmış əsərlərinə həsr olunmuş Plenum”larda təmsil olunmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə hər il gənc bəstəkarlar, musiqişünaslar və ifaçılar Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülürlər. Son illərdə bu mükafatı alan gənclərdən bəstəkar Firudin Allahverdi, Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Səid Qəni, Tahir İbişov, Fərid Fətullayevin, həmçinin ifaçılardan - Fərhad Məmmədov, Ramiz Sevdiməliyev, Ümidə Abbasova, Tofiq Şıxıyev, Ceyla Seyidova və başqalarının adlarını çəkmək olar.

Firəngiz Əlizadənin təşəbbüsü ilə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində gənc musiqiçilərdən ibarət yeni yaradılmış kollektivlər - “Oazis” Simli kvarteti (2010), “Baku - Sinfonietta”  orkestri (2013) və “Trio-Classic”  ansamblı (2014) fəaliyyət göstərir. Bu kollektivlərin yaradılmasında əsas məqsəd müasir Avropa və Azərbaycan bəstəkarlarının əsərlərinin yüksək peşəkarlıq səviyyəsində ifası və təbliğ edilməsidir. Onların repertuarındakı musiqilərin əksəriyyəti Azərbaycanda ilk dəfə səslənir.

Bəstəkarlar İttifaqının “Oazis” Simli kvarteti ilk dəfə 2010-cu ildə Şəki -”İpək Yolu” I Beynəlxalq Musiqi Festivalında təqdim olunmuş və mütəmadi olaraq İttifaqın tədbirlərində iştirak edir. “Trio-Classic” ansamblı isə ilk dəfə 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Üzeyir bəy Hacıbəyli” VI Beynəlxalq Musiqi Festivalı günlərində təqdim olundu və Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalının “Muğam Mərkəzi”ndə keçirilmiş konsertində uğurla çıxış etdi.

Gənclərdən ibarət yeni “Baku-Sinfonietta” orkestri (bədii rəhbəri - beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə) ilk dəfə 2013-cü ildə L. və M.Rostropoviçlər Muzeyində keçirilmiş anım tədbirində təqdim olunmuşdur. Orkestr 2014-cü il dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş konsertdə və 2015-ci il  yanvarın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir bəy Hacıbəyli adına Konsert salonunda “20 Yanvar faciəsi”nin 25-ci ildönümünə həsr olunmuş tədbirdə maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqında gənc bəstəkarlarla yanaşı, gənc ifaçıların da təqdim edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə İttifaqın katibi, əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun təşəbbüsü ilə “Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında” adlı uzunmüddətli layihə həyata keçirilir. Gələcəkdə də davam etdiriləcək bu layihə üzrə 2013-2014-cü illərdə iki konsert təşkil edilmişdir. Bu konsertlərdə iştirak edən ən istedadlı ifaçılar Bəstəkarlar İttifaqının fəxri diplomları  ilə mükafatlandırılmışlar.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 1 fevral.- S.5.