“Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz:

 1903-cü il” xəritəsinin təqdimatı keçirilib

 

 

Fevralın 2-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizin ərazi bütövlüyünün, tarixicoğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafik saxtakarlıqların artdığını bildirib. Qeyd edib ki, məhz bu cür saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 2011-ci il 20 aprel tarixli “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və 2012-ci il 18 aprel tarixli “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli atlasların məkan məlumatları infrastrukturları üçün yeganə baza rolunu oynadığını bildirən AMEA-nın prezidenti Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının hazırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini qeyd edib.

Çıxışının sonunda “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşrini Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirən Akif Əlizadə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirib.

Ölkəmizin informasiya müharibəsində kartoqrafik saxtakarlıqlarla üz-üzə qaldığını vurğulayan Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın bu kimi təhdidlərə tutarlı cavab olduğunu bildirib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir” fikrini xüsusi vurğulayan Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını bildirib, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlaslarınatlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas funksiyalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Atlasın nəşri ilə bağlı aparılmış işlərdən, onun digər atlaslardan fərqindən, ölkənin sosial-iqtisadi kompleksinin inkişaf proqramlarının analizində, proqnozlaşdırılmasında və hazırlanmasında istifadəsindən, elmi tədqiqatlarla məşğul olanlar üçün əhəmiyyətindən, dərs vəsaiti kimi yararlılığından bəhs edən komitə sədri Milli Atlasın geoməkan məlumatlarının idarə olunması ideologiyası əsasında yaradıldığını qeyd edib, ölkəmizdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov deyib ki, dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşır, xəritəçəkmə fəaliyyətinə dövlət qayğısının artırılması istiqamətində təsirli tədbirlərin görülməsini təmin edirdi. Təsadüfi deyil ki, 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri də diqqətdən yayınmayıb, mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq Komitəsi ilə Dövlət GeodeziyaKartoqrafiya Komitəsinin bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılıb. Komitənin ictimaiyyətə açıqladığı məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna diqqəti və himayəsi sayəsində 2003-cü ildən indiyə qədər respublikada müxtəlif mövzularda 200-dən çox xəritə və atlas nəşr edilib. Bu sırada ana dilində çap olunmuş topoqrafik xəritələri, Azərbaycan Respublikasının ekoloji, torpaq, turizm, tarix, aqroiqlims. atlaslarını qeyd etmək olar. Bundan başqa, son 10 ildə milli maraqlarımıza uyğun olaraq dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri də ictimaiyyətə məlumdur.

“Xəritəçəkmə sahəsində indiyədək həyata keçirilmiş tədbirlərin əhəmiyyətini azaltmadan inamla qeyd etmək olar ki, kartoqrafiyamızın şah əsəri, şübhəsiz, Azərbaycan Respublikasının Milli Atlasıdır”, - deyən şöbə müdiri diqqətə çatdırıb ki, bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Nəşrdə Azərbaycanın tarixi, mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanıb. Atlasda qiymətli elmi məlumatların, 1000-ə yaxın xəritə, diaqram və cədvəlin, arayışların, qrafik və illüstrasiyaların yer alması redaksiya heyətinin və bu işə cəlb olunmuş bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılmış uğurların nəticəsidir. Cəmiyyətimiz üçün bir neçə aspektdən faydalı olacaq atlas Azərbaycanın milli maraqlarının qorunması, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfə verə bilər.

Professor Əli Həsənov bildirib ki, atlas tədqiqatçılar, o cümlədən, tarixçilər, iqtisadçılar və siyasətşünaslar üçün də mötəbər mənbə rolunu oynaya bilər. Nəşri diqqətlə öyrənən araşdırmaçı Azərbaycanın daxilixarici siyasəti, inkişaf meyilləri, prioritetləri, təhlükəsizlik və müdafiə konsepsiyası və digər məsələləri anlamaq üçün müəyyən imkanlara sahib olur. Atlas Azərbaycanın sosial-iqtisadi inkişafına, gənc nəslin maariflənməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə, xalqımızın tarixi irsi və zəngin mədəniyyəti barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına sanballı töhfə verəcək.

“Azərbaycan Respublikasının Milli Atlasının nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir” adlı məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Milli Atlasın nəşr edilməsi ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. Bu nəşr həm də xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir. Milli Atlasa daxil olan tarixi xəritələrin qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut etdiyini söyləyən Yaqub Mahmudov atlasa Azərbaycan tarixinə dair bütövlükdə 70 xəritənin daxil edildiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətindən və əhəmiyyətindən danışaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar.

 

Azərbaycan.-2015.- 2 fevral.- S.2.