Kəlağayılar

 

 

Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olmasını təsdiq edən müxtəlif sənətkarlıq nümunələri var. Onlardan biri də qadınların baş örtüyü kimi tanınan və dünya xalqlarının diqqətini cəlb edən kəlağayılardır. Bu qədim xalq sənəti nümunələrinin zaman keçdikcə daha çox sevilməsi və ən qiymətli hədiyyəyə çevrilməsi də məhz qocaldıqca cavanlaşmasından irəli gəlir.

Kəlağayının toxunması - ərsəyə gəlməsi müxtəlif, mürəkkəb texnikitexnoloji proseslərə, əsasən də əl əməyinə əsaslanıb. Zaman-zaman kəlağayılar da xalçalar kimi, yalnız ustad sənətkarların incə, zərif zövqündən sığal taparaq göz oxşayıblar. Xalçaçılardan fərqli olaraq, kəlağayı toxuyanların az olması da bu sənətin özünəməxsusluğundan irəli gəlir. Hər qız-gəlin istəsə, xalça toxumağı öyrənə bilər, lakin kəlağayını yox.

Kəlağayıçılığı bu baxımdan irsi sənətkarlıq da adlandıranlar az deyil. Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən və bitki növlərindən - sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağatbaşqa bitkilərdən istifadə edilir.

Kəlağayılara respublikamızın qərb bölgəsində çarqatda deyilir. Onun istehsalı ölkəmizdə qədimdən məlumdur. Vaxtilə Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Neçə-neçə xalq sənətinin təşəkkül tapdığı, formalaşdığı Naxçıvan torpağında kəlağayılara xüsusi hörmət, ehtiram bəslənib.

Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunub. Ümumiyyətlə, orta əsrlərdə Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən biri kimi tanınan Basqalda əhalinin əksəriyyəti əsasən ipək toxuculuğu ilə məşğul olub. Burada müxtəlif növlü kəlağayılar toxunarmış. 1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak edib ki, o zaman basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medalxüsusi diplomla mükafatlandırılıb.

Basqalda kəlağayılara bəzək vurmaq üçün istifadə edilən ornamental taxta qəliblər əsasən qoz və palıd ağaclarından hazırlanırdı. Basqallı Hacı Həmid Talıb oğlunun, Kərbəlayi Abdulxaliq Əşrəf oğlunun, həmçinin toxucu Əlabbas Cəbrayıl oğlunun adları XIX əsrdə yaşayıb yaratmış bəzəkvuran sənətkarların sırasında çəkilib. XVII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayıları Qafqaza səfər edən səyyahların da səfərnamələrində yer alıblar. 1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı P.Paşino Kafkazskiy vestnik qəzetində yazırdı ki, ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar, o cümlədən kəlağayılar öz bədii xüsusiyyətlərinə görə heçdövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmırdı.

Kəlağayılar tarixən naz-qəmzəli, şux yerişli Azərbaycan xanımlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr də qatıb. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənib.

Uşaqlıq və gənclik illərindən kəlağayı bağladığını, onu heç zaman yapon şalına dəyişməyəcəyini deyən, ömrünün 90-cı yaşını haqlayan Kəklik Məhərrəm qızı Əliyeva yaddaşında qalanları söyləyir: Yaşlı qadınlar - qarılar kəlağayını çalma, yaxud dingə bağlayar, gəlinlər, qızlar isə örpək kimi istifadə edərdilər. Qadınlar yas mərasimində qara, toyda isə əlvan naxışlı kəlağayılar örtərdilər. Gəlin gətirilərkən onun başına örpək örtmək, arabasının qabağına, ya da mindirildiyi atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq milli adətlərimizdən idi. Niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə pay vermək kimi adətlərimiz də var idi.

Nənəlik missiyası daşıyan, gəlinlik yaşlarından milli geyimlərimizə və kəlağayı örtmək həvəsi ilə tanınan Qüdrət xanım Kazımova isə belə deyir: Gəlinlər , gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılıb.

Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanıb. Şəki və Basqal kəlağayıları arasında Şah buta, Saya buta, Xırda buta çeşnilərindən daha çox istifadə olunub . Heyratı, Soğanı, İstiotu , Albuxarı, Abi, Yeləni adlı əlvan kəlağayılar böyük şöhrət qazanıb. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və ölkəmizə gələn turistlərin zövqünü bu gün də oxşamaqdadır. Bu sənət nümunələri yerli və beynəlxalq sərgi-satış yarmarkalarında nümayiş etdirildikcə onlara maraq gündən-günə artır.

Ölkəmizdə bu gün kəlağayı toxuculuğu ilə məşğul olan sülalələr təəssüf ki, çox deyil. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası hesab edilir. El arasında tanınmış və mərhum Şövkətziya Şamilov nəslinin odqoruyanları ata-baba sənətlərini uğurla davam etdirirlər. Oğlu Əmiraslanla nəvəsi Rəşadın xüsusi zövqlə toxuduğu kəlağayılar əl-əl gəzir, axtarılır və ən layiqli qonaqlara hədiyyə edilir.

Respublikamızın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikmək bacarıqlarını sübut edirdi. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsusluğuna ən tutarlı nümunədir. Buna əsaslanıb söyləyinilir ki, ipək məhsullarından hazırlanan qadın baş örtüyü - kəlağayı qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsidir.

Tarixçi-araşdırmaçı, etnoqraf Mais Cəfərov apardığı tədqiqatlara əsaslanaraq bildirir ki, kəlağayının orta əsrlərdə üzərinə buta formasında naxışlar vurulub. Bu da istehsalçının möhürü rolunu oynayıb: Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurmuş. Həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirmiş. Yumruqla vurulan buta zaman keçdikcə formalaşaraq təkmilləşdirilib və ənənə halını alıb. Erkən orta əsrlərin rəsm əsərlərinin üzərində buta forması olan kəlağayılar qadınların baş örtüyü kimi Azərbaycan xalqına məxsus geyimlər arasında xüsusilə seçilir.

Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə mənbələrdə əsaslı dəlillər az deyil. Bu səbəbdən Azərbaycanın mənəvi mədəniyyət nümunələrini islamın Azərbaycanda sosial aspektləri ilə əlaqələndirmək qətiyyən yolverilməzdir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin də Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapdı. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti Kəlağayı simvolizmi və ənənəvi sənəti adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.

Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərovun fikrincə, Azərbaycan dövləti qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq arenada məqsədyönlü siyasət aparır: Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi.

Bu gün Azərbaycan xalqı öz qeyri-maddi və mənəvi dəyərlərinə, mədəniyyət nümunələrinə sahib çıxır. Belə olmasa, tarixən Azərbaycana qarşı ərazi iddiasında olan mənfur ermənilər dünya ictimaiyyəti qarşısında qeyri-maddi mədəni sənət nümunələrimizə və milli-mənəvi dəyərlərimizə , o cümlədən kəlağayılarımıza da göz dikə bilərlər. Bütün tarixi faktlar kəlağayının azərbaycanlılara məxsus olmasını təsdiqləsə də, ermənilər özgənin malına sahib çıxmaqda daim maraqlı olublar, özlərində olmadığı üçün. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti Kəlağayı simvolizmi və ənənəvi sənəti adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilə bağlı qəbul etdiyi qərar ermənilərin bu mənfur niyyətlərini gözündə qoydu, desək, daha doğru olardı. Gah tariximizə, gah mədəniyyətimizə, gah etnoqrafiyamıza, eləcə də ərazilərimizə göz dikən ermənilər onları saxtalaşdırmağa çalışsalar belə, xalqımızın maddi-mənəvi sərvətlərindən sayılan geyimlərimizi, o cümlədən baş örtüyü olan kəlağayılarımızı özəlləşdirə bilməzlər. Ən azı, ona görə ki, kəlağayılar bizim xanımlarımızın gözəllik simvolu sayılan simalarına daha çox yaraşır.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 2 fevral.- S.7.