Qafqaz Müsəlmanları İdarəsinin sədri

Polad Bülbüloğlunu yubiley münasibətilə təbrik edib

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Xalq Artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 70 illik yubileyi münasibətilə təbrik edib, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın dini icmalarının rəhbərləri iştirak ediblər.

Allahşükür Paşazadə yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub. Məktubda qeyd edilir ki, P.Bülbüloğlu həmişə öz xalqına, ölkəsinə sədaqətlə xidmət edib, Azərbaycanın mənafelərinin keşiyində dayanıb, ölkəmizin mədəniyyətini xaricdə populyarlaşdırıb.

A.Paşazadə deyib: Bizim fəaliyyət sahələrimiz müxtəlif olub, lakin biz tez-tez görüşür, bizi maraqlandıran məsələləri müzakirə edirik.

P.Bülbüloğlu bu səmimi sözlərə və diqqətə görə təşəkkürünü bildirərək qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin başçısının və başqalarının bu cür ehtiramını görmək böyük səadətdir.

Mənim üçün böyük şərəfdir ki, Prezident məni təbrik etməyə gələn bütün qonaqları qəbul etdi, onların yanında mənə Şərəf ordenini təqdim etdi, - deyən P.Bülbüloğlu daha sonra əlavə edib ki, ulu öndər Heydər Əliyevin məktəbini keçdiyinə görə taleyindən çox razıdır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə səfir kimi fəaliyyətini davam etdirir.

Yubilyar 10 ildən artıq müddətdə əvvəlcə nazir kimi, daha sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi ölkə Prezidenti ilə birgə çalışmasından məmnun olduğunu bildirib.

P.Bülbüloğlu ölkəmizdə bərqərar olmuş tolerantlıq və konfessiyaların dinc yanaşı yaşaması, yaxın vaxtlarda ölkəmizdə Multikukturalizm Mərkəzi açılması məsələlərinə toxunaraq qeyd edib ki, Prezident də qonaqları qəbul edərkən bu məqamları vurğulayıb.

Görüşdə şeyx yubilyara müsəlmanların müqəddəs Qurani-Kərim kitabını hədiyyə edib. P.Bülbüloğlu hədiyyəni qəbul edərək, Qarabağ münaqişəsinin həlli gününü yaxınlaşdırmaq üçün əlindən gələni edəcəyinə and içib.

Dini konfessiyaların rəhbərləri də yubilyarı təbrik ediblər Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein səfiri Müqəddəs Apostol Varfolomey medalı ilə təltif edib, Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç isə yubilyara Menora şamdanı təqdim edib.

Polad Bülbüloğlu ona göstərilən diqqət və hörmətə görə dini icmaların başçılarına təşəkkür edib, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə minnətdarlığını bildirib.

 

 

Azərbaycan.-2015.- 6 fevral.- S.4.