Bakıda törədilən fevral hadisələrindən 110 il keçir. Həmin qırğınları o dövrün bir çox tərəqqipərvər ziyalıları qələmə alıblar. Bu baxımdan qanlı-qadalı illərin dəyərli abidəsi olan Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında Bakı hadisələrini əks etdirən parçanı oxuculara təqdim edirik.

 

Mir Möhsün Nəvvab: “Bu, millət davasıdır”

 

1904-cü ildə Bakıda ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə

 

Əvvəla bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki, bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu.

Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaqigid hesab edən həmin ermənilərdən biri bir müsəlman öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və gördüyü cinayətlə fəxr edirdi. Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qarşısına çıxıb deyir:

- O erməni qoçağı sənsən?

Erməni cavab verir:

- Qoduq, mənəm!

Oğlan bu cavabı eşidən kimi tapançanı çıxarıb erməninin bədəninə üç güllə yeridərək öldürür. Ermənilər həmin müsəlman oğlanı tutub, döyə-döyə gətirib divanxanaya verirlər. Divanxanada oğlanın üstünü yoxladıqdan və dəfələrlə danışdırdıqdan sonra zindana göndərirlər. Ermənilər divanxanada həmin oğlanı danışdıran məmura rüşvət verib razı saldıqdan sonra onu birdivanxanaya gətirib sorğu-sual edilməsini tələb edirlər. Onlar məmurun qarşısında belə bir şərt qoyurlar ki, oğlanı məmurun yanına erməni əsgərləri gətirsin. Elə ki oğlanı məmurun yanına gətirdilər, o dedi ki, “mən bütün həqiqətləri açıb danışmışam. Sən isə bunların hamısını yazdın. İkinci dəfə buraya məni gətirməyə nə ehtiyac vardı?” Məmur hirslənərək oğlanın boynuna yumruq vurub əmr edir ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş edir ki, onu erməni əsgərləri ilə göndərməsin. Çünki onlar yolda məni öldürəcəklər. Məmur ona qulaq asmayıb zindana aparmağı əmr edir. Həmin İrəvandan olan erməni əsgərlər isə oğlanı çəkə-çəkə aparıb bir dar küçədə yerə yıxdılar və süngü ilə dəlik-deşik edib öldürdülər. Sonra isə məmura bildirdilər ki, qaçmaq istəyirdi, bizöldürdük.

Əlavə: Karxana sahibi olan sabunçulu Ağa Rəzi adlı böyük bir şəxs faytonda küçə ilə gedərkən ermənilərin hücumuna məruz qalaraq öldürülmüşdü. Əhvalatdan xəbərdar olan Bakı əhli bundan çox təsirləndilər. Bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törəndiyinə görə xalq arasında böyük iğtişaş baş verdi.

Lalayevin Bakı şəhərində törətdiyi əhvalat

Bakı şəhərində erməni milliyyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, “sizə ar olsun, müsəlmanın adı gələndə titrəyirsiniz, müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da, özlərini yandıra bilməzlər”.

Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş zamanı hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və “ya Əli” sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni-quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evinin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq küçədən gəlib keçən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-baltalomla evin darvazasını açmaq əmrini verir. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb lom və külünglə darvazanı dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimiya Əli!” sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir tutur və evdə gizlənənləri də çağırıb cəzalarına çatdırırdı. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:

- Allah saxlasın, keyfin necədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər.

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir əsərək dedi:

- Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər pul lazımdır aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.

Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu, millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuqbu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.

Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda bir milçəkdir. Yarım milyon pul qoyub onların hamısını məhv edərəm.

Əlavə: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib özünün xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?

Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Sonra isə Lalayevə bir neçə güllə vurub öldürdü.

Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Birdən ev böyük partlayışlarla yanmağa başladı. Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş. Evdən qalxan gurultunun və partlayışın səsindən yanında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmirdi...

Əlavə: Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Onlar mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid verdi.

Ermənilərin Bakı qubernatorunu öldürməsi

Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernatoratlar oradaca ölmüşdülər.

Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişdilər. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmışdır.

Deyilənə görə, həmin beş nəfər erməni dar ağacından asılaraq cəzalarına çatmışlar.

Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək əllərinə düşən müsəlmanları gizlincə öldürürdülər. Bu növ ədavətlər xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi.

 

Mir Möhsün Nəvvab,

1905-ci il

Azərbaycan.-2015.- 6 fevral.- S.8.