Gözünlə duyduqların

 

Azərbaycanda ilk dəfə loqo sərgisi keçirilib

Azərbaycanda ilk dəfə olaraq Gözünlə duyduqların adlı loqo sərgisi keçirilib. Bakı Biznes Mərkəzində təşkil olunan sərgidə istedadlı gənc dizayner, MƏN Korporativ Brendinq şirkətinin təsisçisi Elçin Aşurovun müəllifi olduğu 80 loqo nümayiş olunub.

Bir çox dövlət qurumlarının, özəl sektor təmsilçilərinin, mədəniyyət və incəsənət nümayəndələrinin və ictimai sahədə fərqlənən QHT rəhbərlərinin iştirak etdiyi sərginin keçirilməsində məqsəd bir-birindən fərqli kreativ loqoları ictimaiyyətlə paylaşmaq və onların ifadə etdiyi məna, dəyərlərə aydınlıq gətirməkdir. Müəllif deyir ki, hər bir işarə bir heca, onun başqa işarələrlə işlənməsi bir söz, onun gözlə təması isə artıq bitmiş bir fikirdir.

Özündə yeni üslub və baxışları təcəssüm etdirən 80 loqo sərgidə iştirak edənlərdə böyük maraq yaradıb. Loqolar əsasən, dövlət və biznes strukturları ilə əməkdaşlıq şəraitində hazırlanıb. Günümüzün aktual üslub və baxışlarını müasir dövrün cizgiləri ilə əks etdirən loqoların mənaları da sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

Rəsmi hissədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxış edərək bu gün ölkəmizdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bildiriblər. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, ictimai-siyasi fəallıqlarının artırılması, dünyanın nüfuzlu universitetlərində təhsil almaları üçün yaradılan şərait, sosial problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının fəaliyyətinə verilən dəstək ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının ən mühüm göstəricisidir. Elnur Aşurov isə qeyd edib ki, bu sərgini keçirməklə cəmiyyətdə bu sahəyə maraq oyatmaq, yenilikləri və inkişafı göstərmək fikrində olub. Loqo hər bir qurumun təməl bünövrəsidir. O, istər peşəkar, istərsə də sadə vətəndaşın zehnində ilkin baxışda şirkətə etibar formalaşdırır.

Onu da qeyd edək ki, MƏN bir çox dövlət strukturlarının, forumların loqolarının müəllifidir. Azərbaycan Gənclər Fondu, Bakı Ali Neft Məktəbi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Təhsil Problemləri İnstitutu, Avtomobil Federasiyası, Sığortaçılar Assosiasiyası, ASAN xidmətin innovasiyalar mərkəzi, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün vətəndaşlardan ideyaların toplanması ilə bağlı yaradılan İdeya BANKI, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturlarının və nüfuzlu şirkətlərin, idman federasiyalarının loqoları məhz Elçin Aşurovun intellektininzövq harmoniyasının məhsuludur. Eyni zamanda gənc mütəxəssis Bakıda Azərbaycan hökumətinin, BMT-nin Əhali Fondunun (UNFPA), UNESCO və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən və Prezident İlham Əliyevin açılışında iştirak edib nitq söylədiyi Gənclər Siyasəti üzrə I Qlobal Forum, Beynəlxalq Təşkilatlarda Çalışan Azərbaycan Vətəndaşlarının I Toplantısı, Bakı Beynəlxalq Yaradıcılıq Festivalı və digər tədbirlərin loqolarını hazırlayıb. Futbol üzrə Azərbaycan kubokunun, ölkə kubokunun model, dizaynı da MƏNə məxsusdur. E.Aşurovun sözlərinə görə, onlar üçün ən qürurverici hadisə isə Azərbaycan Respublikası Prezidentinin Gənclər Mükafatının təsvirinin, eləcə də onun diplom və vəsiqəsinin MƏN tərəfindən hazırlanmasıdır.

R.BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 6 fevral.- S.11.