3. İki əsrlik savaşın ən qanlı 27 illik mərhələsi

 

 

Qarabağ: tarix olduğu kimi

 

Sovet hakimiyyətinin ilk illərindən, yəni Qarabağ ərazisində DQMV təşkil edildikdən sonra bölgənin erməniləşdirilməsi dövlət siyasətinə çevrildi. Ərazidə Azərbaycan adına bağlı olan toponimlər dəyişdirilir, birmənalı şəkildə erməni kadrları irəli çəkilirdi. Bir məqamı da vurğulayaq ki, SSRİ-nin 1936-cı ildə qəbul olunmuş Konstitusiyasına görə də Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi elan edildi. Azərbaycan SSR-in 1937-ci ildə qəbul edilmiş Konstitusiyası da Dağlıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq etdi; dövlət orqanları və idarələrini, seçki üsullarını, nümayəndəlik qaydalarını, onların səlahiyyətləri və fəaliyyət qaydalarını, hökumət strukturunu və onların digər dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirdi.

 

Kremldə Qarabağ avantürası

 

Bundan əlavə, Konstitusiyada göstərilirdi ki, dövlət orqanları aktları Muxtar Vilayətdə yaşayan əhalinin dilində - ermənicə və azərbaycanca dərc edilməlidir. Həmçinin, Azərbaycan SSR Konstitusiyasına görə Ali Sovetin Rəyasət Heyətinin sədr müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi. DQMV-nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində xüsusi hüquqlara malik idi. Bu hüquqlar ona rayon və ərazi bölgülərinin sərhədlərini yaratmağa imkan verirdi ki, bu da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməli idi. SSRİ və Azərbaycan SSR Konstitusiyalarında təsdiq və təsbit olunmuşdur ki, Azərbaycanın muxtar vilayəti müttəfiq Respublikanın ayrılmaz tərkib hissəsidir, onun iradəsi olmadan statusu dəyişdirilə bilməz.

Lakin Qarabağ uğrunda gizli savaş hələ də davam edirdi. Hələ 40-cı illərin əvvəllərində Moskvada erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizliQarabağ komitəsi” yaradıldı. Ermənilər SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışırdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə Dağlıq Qarabağı onlara vermək məsələsini sovet hökuməti qarşısında qaldırdı. 1945-ci il noyabrın 28-də Moskvadan Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova göndərilən məktubda bu məsələyə onun rəyi istənildi. M.C.Bağırov bu iddiaların heç bir elmitarixi əsasının olmadığını bildirdikdən sonra, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövrlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi torpaqlar Azərbaycana qaytarılsın. Şübhəsiz ki, nə sovet rəhbərliyi, nə də ermənilər buna razı oldular.

Qarabağ 99 sualda” kitabında bildirilir ki, 50-ci illərin ortalarında A.Mikoyanın və M.Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı. Ermənistanda antitürk təbliğatı yenidən qızışdırıldı. İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. Ermənistan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsi, Ermənistanda Azərbaycan dilində çıxan rayon qəzetləri, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı. Lakin ölkədə 30-dan çox milli münaqişə öcağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək problemi Azərbaycanın xeyrinə həll etdi.

1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı.

1960-cı illərin ortalarında növbəti dəfə Ermənistanda azərbaycanlılar əleyhinə hərəkat başladı. 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. Dağlıq Qarabağda erməni millətçiliyi dərinləşərək azərbaycanlıların açıq sıxışdırılması başlandı. Respublika rəhbərliyi bu hadisələrə seyrci münasibət göstərərək “xalqlar dostluğunu möhkəmləndirmək üçün tədbirlər görürdü. Hətta Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiqləmişdi. Lakin 1969-cu il iyulun 14-də Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi.

 

Dağlıq Qarabağda Azərbaycan dövrü

 

Ümumiyyətlə, Heydər Əliyev respublikaya rəhbər təyin olunan ilk gündən Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütməyə başladı. Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilinin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan Azərbaycana loyal Melkumyanla əvəzləndi, hüquq-mühafizə orqanlarında isə ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.

Buna baxmayaraq, ermənilər 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq Moskvaya, SSRİ mərkəzi orqanlarına kütləvi ərizələrlə müraciət etməyə başladılar. Bu zaman Krımda istirahətdə olan Sovet İttifaqı KP MK-nın baş katibi L.Brejnevlə görüşən Heydər Əliyev erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxartmış oldu.

1923-cü ildə Azərbaycanın altına qoyulangec partlayan bomba” - DQMV-də cərəyan edən və günü-gündən genişlənən ekstremist meyillər qısa müddət ərzində ölkənin yeni rəhbərinin fəaliyyəti nəticəsində neytrallaşdırıldı və bu inzibati subyektin müstəqilliyinə, Bakıya saymazyana münasibətinə 1987-ci ilə qədər tam son qoyuldu. Bu ərazidə Azərbaycanın milli-mənəvi irsinin daha geniş təşəkkül tapması üçün Heydər Əliyev xüsusi tədbirlər planı hazırlayaraq onları böyük müvəffəqiyyətlə həyata keçirdi. 1982-ci ildə Qarabağın ən uca zirvəsində Azərbaycan varlığının canlı təcəssümü kimi Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı. Lakin həmin ilin sonlarında o, Azərbaycanı tərk edərək Moskvaya rəhbər vəzifəyə getdikdən sonra erməni separatçılarının vilayətdə reabilitasiya mərhələsi başladı və Heydər Əliyev 1987-ci ilin oktyabrında bütün vəzifələrindən istefa verdikdən sonra isə ekstremizm ən qanlı formalarda təzahür etdi.

Heydər Əliyevin hakimiyyətdən uzaqlaşmasından dərhal sonra erməni separatizmi ilk hücuma keçdi. Ermənistan Elmlər Akademiyası DQMV və Naxçıvan Muxtar Respublikasının Ermənistan SSR-ə birləşdirilməsi üçün minlərlə adamın imzası ilə müraciət hazırladı. Ermənilərin ilk kütləvi etiraz aksiyaları da məhz 1987-ci ilin oktyabr ayının sonlarında oldu. Çardaqlı kəndinin erməni əhalisi azərbaycanlı sovxoz direktorunun namizədliyini qəbul etməyərək mitinq keçirdi. Tezliklə Çardaqlıdakı etiraz dalğası ətraf mühitlə bağlı - kimya zavoduMetsamor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən İrəvana gedib çatdı. Lakin ertəsi gün dinc ekoloji nümayiş DQMV-nin və Naxçıvanın Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çevrildi.

Bir qədər sonra, 1987-ci ilin noyabr ayında Qorbaçovun komandasına daxil olan, onun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, “mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim varonu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”. Bədnam akademik müsahibəsində M.Qorbaçovun 1987-ci ilin fevral plenumunda etdiyi çıxışın əsas tezisinə - “Milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır” fikrinə istinad edirdi. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.

 

İlk qığılcım

 

Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər. Artıq separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Bu vaxt Moskvadan qayıdan “Krunkun rəhbərləri bəyan edirlər ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin milli məsələlər üzrə şöbəsinin müdiri V.Mixaylovla görüşlərində onlara müstəqillik tələblərinin mərkəzdən müdafiə olunması ilə bağlı vəd verilib. M.Qorbaçovun köməkçisi D.Şahnazaryan isə bildirib ki, baş katib ermənilərin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır. Artıq bu ərəfədə Xankəndidə mitinqlər də başladı.

1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirirdi. Son mərhələ üçün qığılcım lazım idi. Bu isə Xankəndidən - Stepanakertdən başlamalı idi.

Çox gözləməyə ehtiyac qalmadı. Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə fevralın 5-də Xankəndidə ilk mitinq keçirilir. Cəmi 90 nəfərin iştirak etdiyi mitinqdə istənilən nəticə alınmadığından, həmçinin vilayət milisləri tərəfindən mitinqin dağıdılması tədbirin yarımçıq dayandırılmasını zəruri edir. Fevralın 9-da keçirilən mitinqə isə 150 nəfərədək adam gəlir. Bu mitinqdə əsasən sosial tələblər səsləndirilir və bəyan edilir ki, vilayət Ermənistana birləşərsə, bu problemlər öz həllini tapa bilər. Bu mitinqdə ilk dəfə olaraq “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də görünür. Onlar Ermənistandan gəldikləri ilk saatdan etibarən vilayətdəki vəziyyəti demək olar ki, öz nəzarətlərinə götürür və Azərbaycan əleyhinə açıq-aşkar şüarlar səsləndirərək əhali arasında özlərinə qarşı xof yaradırlar.

Bilavasitə saqqallıların zorakı səyləri nəticəsində fevralın 13-dəki mitinqə 300 nəfərə qədər adam toplaşır. Rəsmi Bakının baş verən bu separatist meyilləri neytrallaşdırmaqda tərəddüd göstərməsi, həmçinin vilayət rəhbərliyinin ictimai asayişi pozan hadisələri yatırtmağa xüsusi həvəsinin olmaması saqqallıların real güc mərkəzinə çevrilməsinə və Ermənistandan göndərilən tapşırıqlara uyğun olaraq vəziyyəti daha da gərginləşdirmələrinə münbit şərait yaradır. Elə bu ərəfədə Yerevandan qəti hərəkətə keçmək, eləcə də “miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəlir. Və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçir.

Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarılır. Vilayət deputatları arasında ciddi təbəddülat yaranır. Ümumi deputat kvotasının 33 faizinə malik azərbaycanlı deputatlar iclası boykot edir, əksər ermənilər isə Azərbaycanın göstərə biləcəyi iradədən hələ də qorxaraq sessiyaya gəlmirlər. Yenə də ümid qalır saqqallılara. Onlar erməni deputatların evlərinə hücum edərək onları zorakılıqla sessiyaya gətirirlər. Lakin vilayət Xalq Deputatları Sovetinin sədri Vladimir Osipov sessiyaya gəlməkdən imtina edir. Bu vaxt digər problem - yetərsayın olmaması da meydana çıxır. Beləliklə, rəyasət heyətində görünən vilayət XDS-nin sədr müavini Şmavon Petrosyan kvorumun olmaması səbəbindən sessiyanı açmadan bağlı elan edir. Həmin gün bölgəyə gələn Sov.İKP MK-nın şöbə müdiri M.Yaşin və Azərbaycanın rəhbəri Kamran Bağırovla Ali Sovetin sədri Süleyman Tatlıyev, eləcə də vilayət partiya komitəsinin rəhbəri Boris Gevorkov sessiyanın təxirə salınması ilə bağlı təkliflə çıxış etsələr də, onlar fit sədaları altında binadan qovulurlar.

...Altı il öncə isə bu ermənilərin Azərbaycan rəhbərinin qarşısında nəinki fit çalmağa, heç səslərini çıxarmağa cürətləri çatmırdı. 6 il öncə bu ermənilər Azərbaycan rəhbərinin qarşısında ikiqat təzim edərək onun adi göstərişini yerinə yetirməkdən belə xoşbəxt olduqlarını dönə-dönə bəyan edirdilər. 6 il öncə bu ermənilər Azərbaycan, Bakı adı gələndə ürəklərinə vəlvələ düşür, millətimizin hər hansı bir nümayəndəsinin qarşısında öz cılızlıqlarını etiraf edirdilər. 1982-ci illə 1988-ci il arasında dəyişən fərq isə yalnız azərbaycanlıların əzmkarlığında və ermənilərin cəsarətində deyildi, həm də Azərbaycanın xeyrinə işləməyən zamanın ziddiyyətli mahiyyətində özünü büruzə verirdi. Ən əsası, ən ümdəsi isə Azərbaycanın varlığını təcəssüm etdirməli olan rəhbər 6 il öncəki rəhbər deyildi...

Vilayət XDS-nin sessiyası kvorum olmadan işə başlayır. İclasın təşəbbüskarları olan Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət yazıçılar ittifaqının sədri Vardan Akopyanın təzyiqi ilə deputatlar gündəlikdə olan yeganə məsələnin müzakirəsinə keçirlər. Və nəhayət, gecə yarısı DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edilir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla yanaşı, həm də ittifaq miqyasında muxtar subyektin separatizm meyillərinin ilk qığılcımı idi.

 

Təklənmiş Qarabağ

 

Bu hadisənin səhəri gün vilayət partiya komitəsinin plenumu keçirilir. Siyasi Büronun üzvləri Razumovskinin, Demiçevin, eləcə də Azərbaycanın rəhbəri Kamran Bağırovun iştirakı ilə baş tutan plenumda DQMV PK-nın birinci katibi Boris Gevorkovun vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunur. Ən təəssüfedici məqam isə o idi ki, Azərbaycana tam loyal olan B.Gevorkovun yerinə ekstremistKrunk” təşkilatının rəhbəri, Xankəndidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V.Poqosyan təyin olunur. Mərkəzi rəhbərliyin, eləcə də Bakının razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verilir. Beləliklə, vilayətdə saqqallıların başladığı avantüra qısa zaman ərzində uğurla tamamlanır və Azərbaycan rəhbərliyinin məsələyə laqeyd münasibəti artıq erməni əhalisində olan xofu da tamamən dağıdır. Böyük fədakarlıqlar bahasına erməniyə göz dağı kimi qoruduğumuz tarixi ərazimizi - Dağlıq Qarabağ bölgəsini belə asanlıqla itirməyə başladıq.

1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluqlaqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməni əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. Hətta Ermənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də oranı yarımçıq tərk edirdilər. Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etmək istəsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerli azərbaycanlı əhalinin düşmənin müqavimətinə qarşı səfərbər olmasını təmin edə bilsəydi, separatçılığın qarşısını elə fevralın birinci həftəsində almaq olardı.

Bakı rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olurdu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əskəran üzərinə yürüşə çıxdı. Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib də edildi. İndiyədək 5 mindən artıq övladını vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.

Digər rayonların əhalisinin müdafiə dəstələrinin yaradılması barədə çağırışlarına da nəinki müsbət münasibət bildirilir, hətta adi ov silahları da azərbaycanlılardan yığılırdı. Qarabağlılar artıq öz tənhalıqlarını, bu müharibədə yalqız qaldıqlarını bütün aydınlığı ilə hiss edirdilər. Ən əsası isə Bakıda əyləşən manqurt rəhbərlik qarabağlılara Qarabağı xilas etməyə, qorumağa imkan vermir, hər cür maneə yaradırdı.

 

Kimdir günahkar?

 

Azərbaycan hər tərəfdən məngənəyə salınmışdı. Mərkəzdən ermənipərəst mövqe, beynəlxalq aləmdən antiazərbaycan münasibət, yerli rəhbərlikdən isə laqeydlik və saymazlıq görən azərbaycanlı əhalinin gücü öz etirazını mitinqlərlə bildirməyə çatırdı. Ancaq 1988-ci ilin birinci yarısında ölkədə mitinqlər hələ kütləvi xarakter almamışdı. Bu arada DQMV ətrafında siyasi vəziyyət gərginləşirdi.

1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak edirdilər. İttifaq rəhbərliyinin təmsilçiləri olan bu şəxslərdən biri - Y.Liqaçov Bakıda bəyan edir ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirir ki, demokratik prinsiplərə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva Qarabağı Ermənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə “tərəfkeşlik” etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə regionun ən böyük münaqişəsini hərbi müstəviyə keçirdilər. Bakıdakı plenumda iştirak edən DQMV partiya komitəsinin birinci katibi Poqosyan iclası yarımçıq tərk edərək Xankəndiyə qayıtdı və burada rəsmən bəyan etdi ki, o, nəinki bir də Bakıya getməyəcək, hətta DQMV ərazisində Azərbaycan qanunları, ümumiyyətlə, işləməyəcək. Beləliklə, vilayətlə Bakı arasında olan kövrək inzibati əlaqələr də tamamilə kəsildi.

1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verir. Fərmana əsasən Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə bu qərarın imzalanması barədə verilən bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqil subyektə çevrildi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdibunu qısa müddət ərzində həyata keçirdi.

Bu antiazərbaycançı fəaliyyətin reallaşmasında A.Volskinin ən fəal “köməkçisi” isə Azərbaycanın rəhbəri Əbdürəhman Vəzirov idi. Ümumiyyətlə, Vəzirov-Volski dueti Qarabağda Azərbaycan təsirinin minimuma endirilməsi üçün nə imkanları var idisə, etdi. Bu “missiyanı” Ayaz Mütəllibov da davam etdirərək Qarabağın Azərbaycandan təcridinə tam şərait yaratdı. Ölkədə baş verən siyasi kataklizmlər, AXC rəhbərlərinin və fəallarının malik olduqları silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi nəticə etibarilə Azərbaycanı məğlubiyyətə doğru aparırdı.

Dağlıq Qarabağı 1992-ci ilə qədər demək olar ki, artıq qarış-qarış itirmişdik. Vilayət ərazisində yerləşən və 58 min azərbaycanlının yaşadığı 53 kənd ermənilər tərəfindən tamam təmizlənmişdi. A.Volskinin Xüsusi İdarə Komitəsini əvəz edən V.Polyaniçkonun Xüsusi Təşkilat Komitəsi də sələfinin fəaliyyətini davam etdirərək DQMV-nin Azərbaycanın tabeliyindən ayrılmasına təkan verdi. Artıq münaqişə hərbi xarakter almış və terror mərhələsinə qədəm qoymuşdu. 1991-ci ilin 27 noyabrında Azərbaycan Ali Soveti Dağlıq Qarabağda muxtar vilayət statusunu ləğv edəndə isə vilayət tamamən Ermənistanın nəzarətinə keçmişdi.

Bir müddət sonra erməni təcavüzkarları dünyanın ən qanlı soyqırımlarından birini - Xocalı faciəsini törətdilər. Növbəti illərdə isə keçmiş DQMV ətrafındakı rayonlarımız da işğala məruz qaldı və beləliklə də Azərbaycanın qara təqvimi yarandı...

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2015.- 8 fevral.- S.6.