Prezident İlham ƏLİYEV: “Erməni əsgəri

ölmək istəmirsə, onda qoy Ağdama getməsin!”

 

Sürətli inkişaf yolunda olan, beynəlxalq birlikdəki yerini möhkəmləndirən, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa və yerləşdiyi bölgənin lider dövlətinə çevrilən Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya dünya miqyasında Ermənistanın ifşasına yol açıb. Bunun nəticəsidir ki, dünya birliyinin Ermənistanı işğalçı dövlət kimi qəbul etməsi ildən-ilə daha geniş miqyas alır. Son dövrlərdə 10-dan çox ölkə tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması göstərir ki, dünənə qədər susan bəzi dövlətlər və siyasi dairələr artıq həqiqəti deməyə özlərində cəsarət tapırlar.

Ötən dövrdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması, Avropa Şurasında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamənin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın mühüm diplomatik uğurlarıdır. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir və reallıq ondan ibarətdir ki, erməni diasporu beynəlxalq ictimaiyyətə əvvəllər olduğu kimi təsir göstərə bilmir. Düzdür, ikili standartlar aradan qalxmasa da, son dövrlərdə dünyada baş verən gərgin siyasi-hərbi qarşıdurmalar və toqquşmalar, Ukraynada cərəyan edən hadisələr diqqəti bir daha Azərbaycan ərazilərinin işğal olunması faktına çəkir.

Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsinin keçirilməsi də beynəlxalq ictimaiyyətin əsl həqiqətlərə bir daha nəzər yetirmək istəyindən irəli gəlirdi. Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə çıxış edən və sualları cavablandıran Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu, beynəlxalq hüququn normalarına məhəl qoymadığını, sülh danışıqlarındakı qeyri-konstruktivliyini və elə bu səbəbdən də səfalət içində süründüyünü diplomatik peşəkarlıqla diqqətə çatdırıb.

Bu gün Azərbaycanın ən ağrılı problemi torpaqlarımızın işğal altında olmasıdır. Bunun təəssüf doğuran tərəfi isə bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da, gözümüzün önündə baş verən reallıqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqisiyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan dünyanın gözü qarşısında buna məhəl qoymur. Münxendə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürükbu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir”.

Bəli, məhz ikili standartların və təcavüzkarın beynəlxalq miqyasda müxtəlif vasitələrlə dəstəklənməsinin nəticəsidir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə 27 ildir göz yumulur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma və separatçı rejim regionda təhlükə mənbəyi olaraq qalır. Beynəlxalq nəzarətdən kənar olan bu ərazilər Ermənistanın dəstəyi ilə terrorçuların hazırlanması, silah qaçaqmalçılığı, narkotik maddələrin becərilməsi və ticarəti məqsədilə istifadə olunur. Bütün dünya, xüsusən Avratlantik məkanda təmsil olunan dövlətlər, beynəlxalq təşkilatlar bunu bilirgörür. Lakin susmaqla erməni təəssübkeşliyini nümayiş etdirirlər.

Son vaxtlar qoşunların təmas xəttində baş verənlər, ermənilərin Azərbaycan Ordusunun mövqelərinə basqınları, hətta mülki şəxslərə atəş açması bir daha göstərir ki, terror və işğalçı ölkə olan Ermənistan region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin və xüsusən dünyanın aparıcı siyasi dairələrinin münaqişə ocaqlarının yaranmasına səbəb olan təhlükə mənbələrinə qarşı hansı sərt addımları atdığı yaxşı məlumdur. Bu, hərbi müdaxilə də ola bilər, siyasi-iqtisadi sanksiyaların tətbiqi də. Elə Avropanın özündə bununla bağlı zəngin praktik təcrübə var. Belə olan halda sivil Avropanın təhlükəsizlik prinsipləri ilə bir araya sığmayan siyasət həyata keçirən Ermənistana qarşı hansısa siyasiiqtisadi sanksiyaların tətbiq olunmaması, sadəcə, təəssüf doğurur. Ermənistanın beynəlxalq sənədlərə məhəl qoymadığını, eləcə də Azərbaycanın dünyanın və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərə mühüm töhfələr verdiyini bildikləri və gördükləri halda Qərb siyasi dairələrinin, ayrı-ayrı təşkilatların ikili standartlardan çıxış etməsi beynəlxalq səviyyədə etimadsızlıq mühitinin formalaşmasına, Ermənistanın işğalçılıq siyasətinin daha da ayaq açmasına səbəb olur. Ermənistanın hansı xisləti daşıdığını isə Ukrayna məsələsində tutduğu mövqe də təsdiq edir. “Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi bütövlüyü prinsipinə nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı digər nümayəndəsinin sualına cavabdır. Onlar hətta Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü siyasətin nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri qərar qəbul edə bilmirlər və həmişə başqalarının arxasınca gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz, cavab budur ki, dünyada Ermənistanı bütün potensialadekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq” - deyə Prezident İlham Əliyev bildirib.

Ötən ilin sonlarına doğru Dağlıq Qarabağ məsələsi ətrafında gedən son danışıq proseslərinə nəzər salanda belə təəssürat yaranırdı ki, problemin həlli istiqamətində bir hərəkətlilik var. Xüsusən Paris görüşündən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra bu təəssüratlar güclənmişdi. Hətta S.Sarkisyanxarici işlər naziri E.Nalbandyan son danışıqlardan sonra özlərini razı göstərirdilər. Lakin təcrübə göstərir ki, Ermənistan tərəfi məhz danışıqlar prosesinin müəyyən yaxınlaşma məqamlarında təxribatlara əl atır, bu cür vasitələrlə sülh danışıqlarını pozur. Daha dəqiq ifadə etsək, danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərliyi Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün təxribatlara əl atmağa vərdiş edib. Bununla da Azərbaycanın münaqişənin həllini guya istəməməsi ilə bağlı beynəlxalq ictimai rəy yaratmağa çalışırlar. Ötən ilin noyabrında işğal etdikləri Azərbaycan ərazilərində keçirdikləri hərbi təlimlər də indiki məqamda məhz təxribata, danışıqlar prosesini əngəlləməyə xidmət edir. Paneldə Ermənistan nümayəndəsinin bu mövzudakı sualına cavab verən Prezident İlham Əliyev ona hər şeyi başa salıb: “Əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixidini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamdaişi var? Əgər o, ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”

Göründüyü kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Ermənistanın işğalçı dövlət olduğunu təmkinlə, diplomatik məharətlə, hadisələrin bütün detallarına nəzər salmaqla bir daha sübut edən Prezident İlham Əliyev münaqişənin həlli yollarını da aydın göstərib. Digər münaqişələrdə mövqe ortaya qoyan Avropa ictimaiyyəti Dağlıq Qarabağ probleminin yoluna qoyulmasında da əsl həqiqəti deməli, təcavüzkara təzyiq göstərməkdən çəkinməməlidir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 10 fevral.- S.5.