Muğam zamanın aynasında

 

Bu yaxınlarda işıq üzü görən “Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti” kitabında muğam mədəniyyətimizin inkişafına təkan verən, xalqın müxtəlif təbəqələrini bir-birinə bağlayan qeyri-adi qüvvə, mükəmməl və müstəqil fəlsəfi konsepsiya kimi nəzərdən keçirilir.

Müəlliflərdən biri S.Veysova bu mövzuya müraciət etmələrinin səbəbini belə izah edir: “Məşhur xeyriyyəçi Mahmud Ağa mənim ulu babamdır. Folklorşünas S.Qəniyevlə birlikdə bu nəcib xeyriyyəçinin həyatını nəzərdən keçirəndə, topladığımız faktları araşdıranda daha incə məqamlar üzə çıxdı, muğamın tarixinə dövlətçilik prizmasından yanaşmaq zərurəti yarandı. Müstəqillik bizə xalq kimi özümüzü daha dərindən dərk etməyə, mədəniyyətimizi, milli şüurumuzu mükəmməlliyə doğru cilalamağa sonsuz imkanlar verdi. O cümlədən muğam dövlətin himayəsinə alındı. Heç vaxt muğam bu qədər nəciblik və sevgi ilə mədəniyyətimizin şah əsəri kimi dövlət səviyyəsində göylərə qaldırılmayıb. Muğam həqiqətən də bizi bir xalq kimi assimilyasiyalardan qoruyan amillərdən ən vacibidir. Ona görə biz kitabın üzərində çalışarkən muğam və xeyriyyəçilik tarixini xronoloji ardıcıllıqla yox, zaman müstəvisində müxtəlif əsrlərin baxış bucağından nəzərdən keçirməyə üstünlük verdik. Dahiləri və adi insanları, zənginləri və rəiyyəti, qəzəlxanları və xanəndələri, bir sözlə, xalqın bütün təbəqələrini qırılmaz tellərlə bağlayan muğamatı ilahi bir qüvvə kimi yenidən nəzərdən keçirməyimiz bu kitabın işıq üzü görməsinə səbəb oldu”.

Doğrudan da, kitabı vərəqləyəndə zaman sanki ovcunda sıxılır, əsrlər dəqiqələrə çevrilir, Şamaxının minillik tarixi bir film kimi göz önündən keçir, zəlzələlərdən dəfələrlə yerlə-yeksan olan şəhər muğam sədaları altında yenidən ucalır. Bu dünyada yüzlərlə yaşayış məskəni, püskürən vulkanların dumanında, tüstüsündə boğularaq dəniz kimi dalğalanan torpağın altına gedib. Müəlliflər şamaxılıları bu şəhərə hansı müqəddəs qüvvənin bağladığını araşdırmağa, əsrlər boyu insanların nədən güc aldığını və nəyə güvəndiklərini dərk etməyə çalışırlar. Və bütün suallara cavabı Şamaxının özündə, muğamın qeybin ucalıqlarından sızıb qonduğu küçələrdə, qədim məhəllələrdə, buralarda yaşayan dahilərin xatirələrində, daşın, yolların və binaların cizgilərində tapırlar. Zaman hər iki müəllif üçün ənənəvi - saat, gün, ay və il mənasını itirir. Oxucu da muğam adlı sehrli xalçanın uçan naxışlarından yapışıb qərinələrdən əsrlərə, əsrlərdən minilliklərə adlayır. Bu mürəkkəb, insan ağlının dərk etməsi mümkün olmayan zaman səyahətində bircə onu dərk edir ki, illəri əsrlərə və insanları bir-birinə bağlayan qüvvə muğamata məxsusdur: “Bütün ruhunuzla, varlığınızla bu şəhəri öpüb əzizləyən muğamı eşidəcəksiniz, onun ecazkar gücünü anlayacaqsınız. Qəlbinizdəki vətən, torpaq, bayraq sevgisi cilalanacaq”.

Hər bir xalq gələcəyini dərk etmək, inkişafını düzgün qurmaq üçün istinad nöqtələrini öz keçmişində, tarixində axtarır. Ruslar üçün 3 atlı araba, 3 quş, hətta ayı kimi rəmzlər xüsusi məna kəsb edir. Yaponlar inkişaflarında qədim yapon ənənələrinə söykənirlər. Türklər boz qurddan törəmələri barədə əfsanəni həqiqət kimi yozurlar. Xəzəryanı xalqlar üçün bu dənizdə suyun səviyyəsinin qalxmasını intibaha işarə kimi qəbul edirlər.

Müəlliflər belə qənaətə gəlir ki, muğamat ətrafındakı insanları və bütün xalqı birləşdirmək gücünə qadirdir. Söhbət utopik fərziyyədən yox, tarixi reallıqlardan gedir. Şamaxının keçmişində üç əsas amil diqqət çəkir: birincisi, bu şəhərdə bilik və elm əsrlər boyu inkişaf edir; ikincisi, musiqi və poeziya bu tərəqqidə öndə gedir; üçüncüsü isə varlılar ağıl və istedad sahiblərinə dəstək verir, onlara arxa durur. İnsanları bir-birinə və zamana bağlayan bu harmonik əlaqənin kökündə isə muğam və daha doğrusu Şamaxıda təşkil edilən musiqi məclisləri dayanır. Muğamatın ruhu, fəlsəfi tutumu və qüruru özünə hörmət və nəcib davranış tələb edir. Bu qənirsiz musiqi janrının dünəni sabaha, keçmişi gələcəyə, kiçik kəndləri böyük şəhərlərə, ayrı-ayrı zamanlarda yaşayan insanları bir-birinə bağlamaq kimi sehrli bir qüvvəsi vardır.

Kitabda UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamı yalnız həyatımızın ayrılmaz hissəsi yox, həm də özümüzün və ruhumuzun bir parçası olan unikal fenomen adlandırması qeyd olunur. Ölkənin birinci xanımının məhz muğamın özünəməxsus kamilliklə gələcək nəsillərdə kökə bağlılığı, milli ləyaqəti, emosional zənginliyi və mənəvi mükəmməlliyi yetişdirəcəyinə əmin olması təsadüfi deyil. Muğam bu gün qloballaşan dünyada xalqı özünə, soy kökünə qaytaran, keçmişlə gələcəyin vəhdətini yarada bilən, milli-mənəvi dəyərləri yad təsirlərdən qorumaq gücünə qadir olan milli inkişaf konsepsiyasının aparıcı ideyası kimi çıxış edə bilər.

Müəlliflər XI-XII əsrlərdə poeziya-sənət beşiyi olan Şamaxıda Xaqani Şirvaninin əmisi böyük filosof Ömər İbn Osman Kafiyyəddinin başçılıq etdiyi elm məbədinin fəaliyyət göstərdiyini qeyd edirlər. Burada bir çox elmlərin - tibb, fəlsəfə, astronomiya, kimya, riyaziyyat, dilçilik, ədəbiyyat, eləcə də musiqinin kamil biliciləri bir araya gəlir. Sonrakı əsrlərdə muğam sənəti Bakı, Qarabağ, Şamaxı və ölkənin digər bölgələrində geniş yayılır, muğam məktəbləri yaranır. XIX əsrdə Şamaxı, Qarabağ, Lənkəran, Şuşa, Bakı və Naxçıvandakı ədəbi məclislər bir-birinə zəncir kimi bağlanır. Muğam xalqın aparıcı qüvvəsi kimi bütün ədəbi proseslərin önündə getməklə yanaşı, şeirin, qəzəlin, bütünlükdə poeziyanın inkişafına təkan verir. Muğam xalqımızın milli şüurunu, mənliyini formalaşdırmaqla yanaşı, xalqın bütün təbəqələrinin uzlaşan vəhdətini təşkil edən ilahi bir qüvvə kimi təqdim edilir.

Müəlliflər kitabda muğamatı insanların şüurunda, əxlaqında və davranışlarında saflıq yaradan, qövmləri biliklərə, elmə istiqamətləndirən güc kimi nəzərdən keçirirlər. Türkmənçay müqaviləsi ilə 1829-cu ildə baş verən amansız zəlzələ üst-üstə düşərək, ümumxalq bədbinliyi üçün zəmin yarada bilərdi. Lakin nədənsə, məhz bu illərdə mədəniyyətin və musiqinin inkişafı vüsət alır. Şamaxıda XIX əsrin əvvəlindən sonuna kimi davam edən musiqi məclislərini araşdırarkən müəlliflər belə haqlı qənaətə gəlirlər ki, muğam əsrlər boyu mədəniyyətimizin bütün sahələrinin inkişafına təkan vermişdir. Kitabı vərəqlədikcə məşhur xeyriyyəçi Şirvanlı Mahmud Ağanın ətrafında olan istedadların, bilik və ağıl sahiblərinin surətlərinin yan-yana düzüldüyü bənzərsiz rəsm qalereyasından keçib gedirsən. Xalqımızın mədəniyyətinin, maarifinin, elminin və incəsənətinin inkişafı üçün heç kimdən mükafat gözləmədən, sonsuz bir eşq, vətən sevgisi ilə əzmlə çalışan saysız-hesabsız sənət fədailəri ilə rastlaşırsan. Söz və musiqi xiridarları ilə onlara arxa duran, himayədarlıq edən mülk, sərvət sahibləri ruhən bir-birinə bağlanıb, qəlbən əməkdaşlıq ediblər. Bu harmoniya bulaq kimi çağlayan muğamdan bəhrələnib.

Fəsildən-fəslə keçdikcə Şamaxıda XIX əsrin ortalarında yaşayan varlı adamların maarifə, sənətə xüsusi rəğbət bəsləmələrinin şahidi olursan. Mahmud Ağanın atası, özü, sarayları və həyat tərzi haqqında ətraflı məlumat verilir, musiqinin bu şəhərdə necə uca tutulduğu göstərilir. Mahmud Ağa muğamın fəlsəfəsini, onun emosional gücünü hiss edən və qiymətləndirən bir mülkədar kimi təqdim edilir. Onun məclislərində, keçirdiyi müsabiqələrdə sənətkarlarla yanaşı, tacir, mülkədar və eləcə də dövlət qulluqçuları da qonaq qismində iştirak ediblər. Mahmud Ağa böyük səxavətlə məşhur xanəndələrə, tarzənlərə, rəqqaslara, rəqqasələrə sarayında yer ayırmış, yaşamalarına imkan yaratmış, onların sənətin sirləri ilə məşğul olması, zirvələri fəth etməsi üçün kübar ziyalı mühiti qurmuşdu. İştirakçılara S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy, Aşıq İbrahim və digərləri muğam və klassik poeziyanın sirlərini öyrədərdi. Burada xüsusi təlimlər keçirilər, risalələr hazırlanardı. Nəticədə muğam müsabiqəsindən keçən qaliblər, iştirakçılar bütün Şərqdə məşhurlaşar, ad qazanardılar. Burada musiqi, muğamla həmahəng poeziyanın - şeirin və qəzəlin inkişafı üçün də münbit zəmin yaranmışdı. Müəlliflər Mahmud Ağa məclislərinin mədəniyyətimizin inkişafında danılmaz rolunu önə çəkir və çəkinmədən bu musiqi məclislərini universitetə bənzədirlər.

Kitabı maraqlı edən amillərdən biri də muğamın zaman müstəvisində araşdırılmasıdır. Ötən əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti süqut edir. Şura hökumətinin qələbəsindən bir xeyli keçəndən sonra ittifaq miqyasında yeni sovet insanının yaradılması ideyası ortaya atılır, sovet beynəlmiləlçiliyi proletariatın unikal kəşfi kimi tərənnüm edilir. Sovetlər ittifaqında körüklənən mədəni inqilab keçmişlə müasirlik arasında bütün bağları, əlaqələri qırmağı qarşısına məqsəd qoyur, bütün respublikalarda xalqların milli-mənəvi dəyərləri proletariatın dəmir relsləri altına atılır. Bu sırada muğam da fəhlə diktaturasının qəzəbinə tuş gəlir, ona qarşı təzyiqlər ayaq alır. Yeni ədəbiyyat, yeni musiqi, yeni poeziya nümunələri yaranır. Tara susmaq əmri verilir, qəzəlxanlara kolxozdan yazmaq həvalə olunur.

Lakin muğama nə qədər diş qıcasalar da, ona qalib gələ bilmədilər, onu xalqımızın mədəniyyətindən və tarixindən ayırmağa totalitar sistemin təbliğat maşınının gücü çatmadı. Hətta xalq yaradıcılığının ən qədim daşıyıcıları sayılan aşıqlarımız belə proletar kitelini əyinlərinə keçirib Stalinin kəməri ilə toqqalansa da, muğam yüksəldiyi ucalıqlardan aşağı yenmədi, rejimin tərənnümçüsünə çevrilmədi. Sovet Azərbaycanında çox şeylər dəyişsə də, Əliağa Vahid, Hüseyn Cavid, Mirzə Cəlil kimi muğam da zamanın hikkəsinə baş əymədən möhtəşəmliyini qorudu, xalqımızın genetik kodunu, istiqlal fəlsəfəsini əsrlər boyu qanadlarında müqəddəs rəmz kimi göylərə ucaltdı.

Müəlliflər ulu öndərin muğamı milli musiqimizin tacı kimi qoruduğunu xüsusi vurğulayır, müstəqillik illərində onun yenidən dövlətin himayəsinə alınmasını ayrıca qeyd edirlər. Ardıcıl muğam festivallarının, beynəlxalq muğam simpoziumlarının keçirilməsi, muğam ensiklopediyasının, jurnalının və radiosunun yaradılması milli-mənəvi dəyərlərin qorunması istiqamətində Azərbaycanın birinci xanımının atdığı nəcib addımlardır.

S.Veysova qeyd edir ki, biz kitabımızda muğamatın xalqın bütün təbəqələrini birləşdirmək gücünü üzə çıxara bildik və bunu müəllif tapıntısı kimi dəyərləndiririk. Keçmişini dərk edən, gələcəyinin uğur kodlarını öz kökündə, tarixində axtaran xalq təkamülündə ləngimir, əksinə, irəli sıçrayır, milyonlara, milyardlara nümunə ola bilir.

Azərbaycanın birinci xanımı muğamın Azərbaycan xalqına məxsus ən gözəl hisslərin daşıyıcısı olmaqla yanaşı, onun milli-mənəvi dəyərlərimizin zənginləşməsində də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir. Kitabı oxuduqca, xalqımızın tərəqqisi, elmin, mədəniyyətin inkişafı yolunda görülən işlərə diqqət yetirdikcə, ayrı-ayrı qərinələrdə yaşayan, müxtəlif peşələri təmsil edən, fərqli aqibətlərin sahibi olan şəxsiyyətlərin arasında qırılmaz bağlılığın məhz muğamdan keçməsinin şahidi olursan.

“Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti” kitabının rəyçilərindən biri kimi respublikanın xalq artisti, Milli Konservatoriyanın baş müəllimi Zabit Nəbizadə deyir ki, özüm muğamata arxalanıram, sadiq bir dosta, sirdaşa güvənən kimi. Sanki arxamda yenilməz bir ordu dayanıb. Ulu öndəri bir çox səfərlərində müşayiət edənlərin içində tar, kaman və bir də muğam ifaçısı olub. Müəlliflərin muğamın fəlsəfi incəliklərini, onun xalqımızın tarixində, mədəniyyətinin inkişafında, xalqla hakimiyyət arasında körpü rolunu oynamasını üzə çıxarması maraqlı və yeni yanaşmadır. Müəlliflər bu ecazkar sənət növünün kainatda canlı bir varlıq, düşünən beyin kimi mövcud olması qənaətinə gəlirlər. Əsrlər boyu muğam məhz Azərbaycanda cilalanıb, təmizlənib, saflaşıb bugünkü simasını formalaşdırıb. O həm də bizim şüurumuza ciddi təsir etmiş, millət, xalq kimi formalaşmağımızda müstəsna rol oynamışdır. Muğamdakı avazı adi səs, ifa tərzi kimi qəbul etmək sadəlövhlük olardı.

Dövlət başçısı ötən il Milli Konservatoriyanın yeni binasının açılışındakı çıxışında xalqımızın assimilyasiyaya uğramasının qarşısını alan, bizi xalq kimi tarixin sınaqlarından bütöv çıxaran dəyərlərin mədəniyyətimiz, ana dilimiz, musiqimiz və poeziyamızdan ibarət olduğunu bildirdi: “Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükədən özümüzü qorumaq üçün milli-mənəvi dəyərlər möhkəm olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi bizim milli musiqidir. Ona görə biz həm öz keçmişimizə hörmətlə yanaşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq bu müsbət meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan dəyərləri sarsılmasın, əriməsin, bizim həyat tərzimiz daim ənənəvi olsun və milli musiqimiz yaşasın”.

S.Veysova ilə S.Qəniyevin “Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti” kitabını da milli-mədəni irsimizin qorunması istiqamətində atılan vacib bir addım kimi dəyərləndirmək mümkündür.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 10 fevral.- S.11.